Azərbaycanda gənclərin üzləşdiyi problemlərdən danışılanda adətən işsizlik, xaricə getmək məcburiyyəti və s. göstərilir, lakin dünya üzrə artım göstərən və bir sıra inkişaf etmiş ölkələrdə yüksək səviyyədə müşahidə olunan psixoloji problemlərdən, xüsusilə yazının mövzusu olan depressiyadan az qala heç bəhs edilmir. Bunun əsas səbəbi psixi pozuntusu olsa belə, gənci psixoloji yardım almaqdan çəkindirən faktorlardır: “psixoloqa psixlər gedir”, “depressiya o qədər də ciddi bir şey deyil, şəxs özü həll edə bilər” və bunun kimi, xalq arasında güclü olan batil inanışlar.
Əslində, səbəbləri nəzərdən keçirərkən mövzunun nə üçün ictimai müzakirə olunmadığını başa düşməkdə çətinlik çəkirsən. Elin mövhumatı səbəbilə insanlar psixoloji müalicəyə üz tutmur və nəticədə artışın olub-olmadığını müəyyənləşdirmək imkansızlaşır. Yəni, bütün hallarda mövzunun ictimai müzakirəyə çıxarıldığını görmürük. Statistika əksikliyi ilə yanaşı, bu mövzuda nəinki akademik məqalələrin, hətta araşdırma yazılarının belə az olması, bizi öz vəziyyətimizə qlobal tendendasiyalar işığında baxmağa sövq edir.
Kobud hesabla 80-lərin əvvəli, 90-ların ortalarında doğulan və Qərbdə “Millennial” adlanan nəsil arasında depressiya, təşviş (anxiety), stress və digər psixoloji pozuntular daha sıx müşahidə olunur. Hərçənd 90-ların ikinci yarısından sonrakı bir neçə ildə doğulanları da bu fenomendən ayrı saymaq olmaz.
Psychology Today dərgisində çıxan yazıda, sözügedən generasiyanın depressiyada olmasının səbəbinin pul, iş imkanı və s. kimi məsələlərdən daha çox gələcəkləri barədə bilinməzlik olduğu qeyd edilir, habelə hazırda verəcəkləri qərarların nəticələri ilə ömürboyu üzləşəcəklərinə dair düşüncələrin də onlara təzyiqi daha da artırdığı əlavə olunur. Bu, millennial nəsil arasında depressiya ilə yanaşı, gələcəyə dair təşvişin də yüksəlişdə olduğunu açıqlayır.
The Economist jurnalının dərc etdiyi hesabata görə gənclər öz yaşıdları arasında ən yayğın problemin depressiya olduğunu bildirir. Həmçinin, akademik uğur ilə bağlı obsessiyaları onları hədsiz dərəcədə stresli hala salır. Hansı ki, müşahidə edildiyi qədərilə bu halın Azərbaycandakı gənclər arasında da yetəri qədər yayğın olduğunu düşünürəm. Xəbər saytlarında “şagird intiharı” axtarışı verəndə çıxan nəticələr, bu fenomenin bizdə də mövcud olduğuna dəlalət edir. Bu isə təhsil ilə bağlı stresin hələ universitetdən əvvəl, universitetə qəbul imtihanı ərəfəsindən başladığını və məktəblərin (əgər varsa) psixologiya şöbələrinin bu məsələ ilə başa çıxa bilmədiyini göstərir.
Digər yandan, xarici araşdırmalarda ən çox qeyd edilən faktlardan biri, indiki gənc nəsilin öncəki nəsillərlə müqayisədə ən pis ruhi sağlamlığa sahib nəsil olmasıdır. Bu fakt öz növbəsində nəsillərarası müzakirənin şiddətli şəkildə gündəmə gəlməsini qaçınılmaz edir. Qısa müddət əvvəl internetdə ingilis dilli çevrələrdə “OK boomer” memləri ətrafında yaşlı nəsilə qarşı başlayan trendin tez vaxtda bütün dünyaya sürətlə yayılması buna ən böyük sübutdur. Təbii ki, bizim kimi, mövcud vəziyyətin gənclər üçün çox da ürəkaçan olmadığı post-Sovet ölkəsi də bu trenddən özünə pay çıxarır. Bu trendə bir az daha yaxından baxanda, əsas hekayəni belə şərh etmək olur: yaşlı nəsilin keçmişdəki siyasi və ictimai qərarları səbəbilə hazırda gənclər çox ağır iqtisadi-siyasi şərtlər altında yaşayır və bununla belə, yaşlı nəsil hər şeyə görə gənc nəsili ittiham etmək üçün əsas tapır, bu da öz növbəsində gənc nəsilin yaşlı nəsilə qarşı aqressiyasını alovlandırır. Nəsillərarası aqressiyanın bizdəki təcəssümü Qarabağın itirilməsində az-çox rolu olmuş yaşlı nəsilin, məğlubiyyətdə yaşı səbəbilə heç bir rolu olmamış gənc nəsilə yönəlik olaraq: “Qarabağı bunlarlamı geri alacağıq?” tərzində deyingənliyi, istehzası və ölkənin hazırda içində olduğu vəziyyətdən özlərini çox da məsul saymamasıdır.
The Atlanticdə bir neçə il əvvəl çıxan “Millennials Didn’t Kill the Economy. The Economy Killed Millennials.” başlıqlı yazı problemə ABŞ konteksində yanaşır. İqtisadiyyatda son bir neçə ildə yaşanan çöküşlər, xüsusilə xarici valyutanın yüksəlməsi xaric ilə bağlı arzuların (məsələn, təhsil) üstündən xətt çəkərək, sözügedən fenomeni bizim ölkə üçün də yetəri qədər aktuallaşdırmışdır.
İnternetdəki mem kulturası da bir sıra mətləblərdən xəbər verir: depressiv gənclik və sosial mediadan istifadə. Gənclərdəki depressiyanın göstəricisi kimi, yüksək səviyyədə sosial media istifadəsi də vurğulanan səbəblər arasındadır. Depressiya ilə sosial media istifadəsi arasında güclü əlaqənin olduğunu düşünsəm belə, yaşlı nəsilin gənclərin üzləşdiyi hər problemə dair “hamısı kompyuterə/telefona o qədər baxdığına görədir” ritorikasının da çox haqlı olmadığı qənaətindəyəm. Buradakı əlaqə sosial media istifadəsinin depressiyaya səbəb olması deyil, əksinə depressiyanın sosial media istifadəsində artışa gətirməsidir (səbəb-nəticə əlaqəsini düzgün anlamağın zərurəti haqda bir nümunə daha).
Həmçinin, sosial mediada son dövrlər geniş vüsət almış mem kulturası da gənclərdəki depressiyanın təzahürlərindən biri kimi qeyd olunur. Vaxtilə Slateda gənclərin niyə ölmək arzusu barədə memlər hazırladığına dair dərc olunmuş məqalə sözügedən müzakirələrdə istinad nöqtələrindən biridir. Yazıda bu tendensiyasının arxasındakı əsas motivin, gənclərin daha yaxşı həyat gözləntilərinin puça çıxması olduğu bildirilir. Bu halı özlüyündə təhlükəli edən isə odur ki, bu cür zarafatlar elə-belə sıxıntıdan, yaxud əyləncə üçün edilməyə bilər, çünki intihar etmiş şəxslərin 80%-inin vaxtilə intihar barədə zarafatlar etdiyi qeydə alınıb.
Mem kulturasından savayı diqqətə layiq bir başqa gənclik subkulturası isə musiqidir. Gənclərin musiqi zövqünün tədqiqləri bu arqumenti gücləndirən amillərdəndir. Dinləyicilər arasında rəy sorğusu və mahnı sözlərinin metodolojik təhlili nəticəsində hazırlanmış araşdırmalar metal və müəyyən mənada rok janrında olan mahnıların adətən ümidsizlik, mental ağrı, depressiya, ölüm, habelə intihar kimi neqativ temalar ehtiva etdiyini aşkar edib. Hər nə qədər gəncləri yüksək kommersiya məqsədilə əyləndirmək, onlara zövq vermək üçün depressiv temalardan çox vaxt qaçan pop janrı belə getdikcə daha kədərli görkəm almağa başlayıb. “Yeni tənha gənc nəsil” tərəfindən Qərbdə böyük ölçüdə mənimsənən və popun dəyişən üzü sayılan Billie Eilish kimipop musiqiçinin bu il 5 Grammy mükafatı qazanması, bu tendensiyanın nə qədər populyar hal aldığının bariz göstəricisidir.
Janrın bizim gənclər arasında da pərəstişkar kütləsi var. Xüsusilə ad çəkmək lazımdırsa; ən məşhurlarından –mənim də sevdiyim– The Smiths, Radiohead, Pink Floyd, Joy Division və Linkin Park kimi qrupları sadalamaq olar. Ən məşhurlardan başlamağımın səbəbi bir məsələyə diqqət çəkməkdir: müəyyən qədər kədər mövzulu mahnılara qulaq asan hamını depressiv adlandırmaq məntiqli deyil, bununla belə depressiyada olan insanların adətən depressiv mahnılara qulaq asdıqları da məlumdur.
Yuxarıda qeyd etdiyim kimi, xarici gənclik arasındakı depressiya epidemiyasına aid olan simptomlar Azərbaycandakı gənclikdə də müşahidə edilir. Depressiyanın intihara gedən yolda çox sürüşgən yol olması, cəmiyyət olaraq təhlükənin fərqində olmağımızı zəruri edir. Odur ki, təhlükənin daha yaxşı anlaşılaraq gənclər arasında depressiya səviyyəsinin ölçülməsi və depressiyada olanların psixoloji yardımdan imtinasını şərtləndirən ictimai faktorların aradan qaldırılması məqsədilə mövzuya diqqət ayrılmalıdır.