Adətən, müxtəlif filmlər rus dilinə dublyaj edərkən, nəyə görəsə filmlərin adı da tam dəyişdirilir. Nəticədə adi “Boşanma” adlı film “Amerikansayağı boşanma”, ya da “Kriminal” filmi “Fransızsayağı oğurluq” adlarını alır. Buna əsasən, biz də Azərbaycanda 1-10 oktyabr tarixlərində keçirilmiş siyahıyaalma prosesini “Azərbaycansayağı” adlandırmağa qərar verdik. Çünki faktiki olaraq bu proses də Azərbaycan dilinə dublyaj olunaraq öz mahiyyətini itirib və belə bir prosesin başqa bir ölkədə təkrarlanması inandırıcı gəlmir.
2016-ci ilin sentyabrın 7-də növbəti siyahıyaalmanın keçirilməsi ilə bağlı (qaydalara görə bu proses 10 ildən bir keçirilməlidir) prezident fərman imzaladı. Eyni ilin dekabrın 16-da isə, Nazirlər Kabineti hazırlıq işləri ilə bağlı müvafiq qərar qəbul etdi. O zamandan bəri siyahıyaalma prosesinə hazırlıq başladı. 3 il keçdi və 2019-cu ilin oktyabrın 1-də siyahıyaalma prosesinə start verildi. Bu məqsədlə 2019-cu ilin dövlət büdcəsindən 21,8 milyon manat ayrılmışdı. Məlumata görə, Dövlət Statistika Komitəsi siyahıyaalma prosesinə tam hazır idi. Hətta dövlət satınalmaları reestrindən bunu müşahidə etmək olardı. Belə ki, 33 907 saycı və 6 777 təlimatçı üçün müxtəlif çanta, kağız və s. təminatı və hətta yaxa plastik kartları əldə edilmişdir. Müvafiq məqsədlər üçün 746,2 min manat xərclənmişdir. Hətta daha effektiv həyata keçirilməsi üçün 635 min manatlıq proqram təminatı da əldə edilmişdir. Qalan vəsait isə məntiqlə işçilərin əmək və xidmət haqqı idi.
Bu siyahıyaalma 10 gün davam etdi və oktyabrın 10-u saat 00.00-da bitdi. Amma müddətin bitməsinə baxmayaraq nə bizim evimizə, nə də ümumiyyətlə binamıza müvafiq tədbir barədə bildiriş, nə də ümumiyyətlə siyahıyaalan şəxslər gəlməyib. Bu barədə Facebook-da yazanda, məlum oldu ki, belə vəziyyət ən azı Bakı şəhərinin müxtəlif bölgələrində (Bayıl, Suraxanı, Sahil və s.) müşahidə olunur. Bakıda siyahıyaalınan bir-iki şəxs tapılsa da (keçirdiyim sorğulara görə belə insanların payı 15-25% arasındadır), rayonlarda vəziyyət bundan da pis idi. Bəzi rayonlarda ümumiyyətlə bu barədə heç bir şey eşitməmişdilər. Bəs bu prosesə cəlb olunan 44 min insan nə ilə məşğul idilər?
Bu barədə nəsə demək çətindir. Düzdür bəzən insanlar siyahıyaalmadan imtina edirlər. Bu da müəyyən qədər başa düşüləndir. Azərbaycanda bu proses könüllüdür (yeri gəlmişkən Avropa ölkələrində, ABŞ, Türkiyədə və s. adətən bu proses icbaridir. Amma siyahıyaalmada iştirak etmədiyinə görə kiminsə cərimələdiyinə dair məlumat tapmaq çətindir) və insan imtina etdiyi halda, onun məlumatları bütün açıq bazalardan yığışdırılır. Başqa tərəfdən, insanlar siyahıyaalmanı sadəcə bir demoqrafik hadisə kimi qəbul edirlər. Facebook-da tez-tez “ASAN Xidmətdən məlumatı götürmək olar”, “hökumət onsuz da bütün doğulub-ölənləri bilir” kimi şərhlərə rast gəlmək olar. Başqa sözlə insanlar buna çox da vacib proses kimi baxmırlar (misal üçün, ABŞ-da məhz siyahıyaalmanın nəticələrinə əsasən Nümayəndələr Palatasında və Seçicilər Kollegiyasında yerlərin sayı müəyyən edilir). Yəni, biz, onsuz da bilirik ki, “Azərbaycanda 10 milyon insan yaşayır”. Müvafiq olaraq bunu yoxlamaq lazım deyil.
Ümumiyyətlə siyahıyaalma nə deməkdir? BMT-ə görə bu, “zamanın müəyyən bir vəziyyətinə ölkədə olan bütün şəxslərə və ya ölkənin dəqiq müəyyən edilmiş hissələrinə aid olan demoqrafik, iqtisadi və sosial məlumatların toplanması, yekunlaşdırılması, qiymətləndirməsi, təhlili, nəşri və ya başqa şəkildə yayılmasının vahid prosesidir”.
Başqa sözlə siyahıyaalma yalnız demoqrafik prosesləri yox, həmçinin iqtisadi və sosial vəziyyəti tədqiq etməyə kömək edir. Yeri gəlmişkən, hətta demoqrafik proseslər barədə danışarkən, reallıq bəzən elan olunan rəqəmlərdən uzaq ola bilər. Misal üçün, 90-ci illərdə Azərbaycandan yüz minlərlə rus, erməni və yahudi xaricə köçmüşdür. Eyni zamanda 2 milyona yaxın Azərbaycanlı da Rusiya və ya Ukraynaya köçüb. Amma buna baxmayaraq rəsmi rəqəmlərə görə əhali artmaqdaydı. Bu necə baş verirdi – heç kimə bəlli deyildi. Siyahıyaalma adətən bu proseslərə aydınlıq gətirir. Misal üçün, Yaponiyada son siyahıyaalma zamanı məlum oldu ki, əhali 1 milyon insan azalıb. Amma “Azərbaycansayağı siyahıyaalma” nəticəsində bu, bir dəfə də baş vermədi. Elə təsəvvür yaranır ki, azərbaycanlılar nəsə başqa bir dünyada yaşayırlar (yeri gəlmişkən, post-sovet ərazilərdə artım Azərbaycan, Özbəkistan və Tacikistanda müşahidə olunur. Həm Azərbaycan, həm Tacikistanda artım nisbəti şübhəli görsənir). Ona görə 10 milyon rəqəmi həm reallıqdan uzaq ola bilər, həm real ola bilər. Siyahıyaalma da bunu müəyyən etməlidir.
Yeri gəlmişkən, “Azərbaycansayağı siyahıyaalma” həmçinin təzyiq ilə xarakterizə olunur. Adətən hər hansı demoqrafik hadisə ölkə həyatında vacib rol oynamır. Amma bizdə aprelin 7-də bütün ölkə üzrə “Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması” ilə əlaqədar bayram tədbirləri keçirilmişdir. Hətta aprelin 9-da prezident “ölkəmizin 10 milyonuncu sakini” sertifikatını təqdim etmişdi. Başqa sözlə Dövlət Statistika Komitəsi tam dürüst siyahıyaalma keçirsəydi bu rəqəmi əldə etmək çətin olacaq idi. Ona görə onlar da saycıların fəaliyyətinə çox da ciddi önəm vermirlər (internetdə saycıların fəaliyyəti ilə bağlı bir çox məlumatları tapmaq olar: kim anadan olmamış şəxsi siyahıya yazır, kim mövcud olmayan 2 nəfəri əlavə edir, kim isə bina üzrə siyahını götürüb onu təqdim edir və s.). Onsuz da inzibati resursdan istifadə edib, “lazım” olan rəqəmi əldə edəcəklər.
Amma qeyd etdiyimiz kimi, siyahıyaalmanın iqtisadi mənası da var. Bu barədə yeri gəlmişkən Dövlət Statistika Komitəsi də xəbər verir. Saytlarında siyahıyaalmadan əvvəl yazılmış materiallardan birində qeyd olunur ki, “sosial-iqtisadi və sosial-ekoloji xarakterli bütün məsələlərin həllini dərin statistik tədqiqat olmadan həyata keçirmək mümkün deyil. Burada əsas şərt tədqiqat obyekti haqqında tam və düzgün informasiyanın olmasıdır”. Bunu da siyahıyaalma təmin edir. Beləliklə, siyahıyaalma ölkənin iqtisadi vəziyyətinin müəyyən edilməsində çox vacib rol oynayır. O həm iqtisadi siyasətə təsir edə bilər, həm onu kardinal olaraq dəyişdirə bilər.
Siyahıyaalma cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi haqqında mühakimə yürütməyə, müəyyən problemləri daha effektiv şəkildə həll etməyə imkan verir. Məhz buna görə siyahıyaalma zamanı suallar arasında yalnız hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər haqqında suallar yox, həmçinin iqtisadi vəziyyəti (gəlir mənbələri, məşğulluq vəziyyəti və s.) müəyyən edən suallar da verilir.
İqtisadi və sosial siyasət üçün vacib olan göstəricilər, yoxsulluq və işsizliyin səviyyəsi, sosial proqramların effektivliyini, iqtisadi sahələr arasında bölgünü və s. müəyyən etməyə kömək edir. Bu məlumatlar əsasında hökumət məşğulluq siyasətini apara bilir (yəni işsizlərin sayını dəqiq müəyyən etmək imkanına malikdir), sosial yardımların həyata keçirilməsini müəyyən edir (hansı həcmdə vəsaitin ayrılmasını və s. müəyyən edir).
Nəticə etibarilə, siyahıyaalma iqtisadi və sosial siyasətin formalaşdırılması və planlaşdırılması, təhsil sahəsində tələbatın müəyyən olunmasına, yoxsulluqla mübarizə yollarını, əhalinin müxtəlif qrupları arasında iqtisadi vəziyyətdəki fərqləri aşkar etməyə; müxtəlif yaşayış məntəqələrində, region yaxud ölkə daxilində əmək bazarının vəziyyətinin təhlilini aparmağa kömək edir. Həmçinin hər bir yaşayış məntəqəsinin real əhalisi müəyyən olunur. Misal üçün, Sovet Bakısı maksimum 2 milyon insana hesablanmışdı, amma indi Bakıda 3-4 milyon insan yaşayır. Bu isə şəhərin bütün infrastrukturuna təzyiqi artırır. Siyahıyaalma nəticəsində real əhalinin sayı müəyyən olunur və infrastrukturun inkişafına dair müvafiq addımlar atılır.
Beləliklə, sosial-iqtisadi xarakterli bütün məsələlərin həllini dərin statistik tədqiqat olmadan həyata keçirmək mümkün deyil. Burada əsas şərt tədqiqat obyekti haqqında tam və düzgün informasiyanın olmasıdır. Tədqiqat deyəndə isə, biz, məlumatların toplanması, işlənməsi, qruplaşdırılması, ümumiləşdirilməsi və təhlilini başa düşürük. Əgər hər hansı addımda səhv edilirsə, o zaman düzgün nəticəni əldə etmək mümkün deyil. Yəni siyahıyaalma düzgün aparılmadığında hökumət yalnız əhalini yox (“Biz 10 milyonuq” və s. tipdə), həmçinin özünü də aldadır. Əgər işsizlərin və ya yoxsulların sayı çoxdursa, amma rəsmi statistika bunu görmürsa, o zaman gözləmədiyi anda cəmiyyətdə qərginlik ilə üzləşə bilər. Üzləşəndən sonra problemi həll etmək daha da çətin olacaq. Ona görə məhz siyahıyaalmanın düzgün aparılması vəd edilən “islahatların” ən azı birinci addımı ola bilərdi.
P.S. Yeri gəlmişkən, Facebook-da bu barədə yazandan sonra, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi mənimlə əlaqə saxladı və təxminən 2 saat ərzində evimə saycını göndərdilər. Amma burada başqa bir problem ilə üzləşirik. Yaxşı, əgər insan birbaşa şikayət etməsə, ya da onun müvafiq şəbəkəsi olmasa siyahıyaalmadan kənardamı qalacaq?