Praqa səfəri (2-ci yazı)
Praqada olarkən əlilliyi olan insanlara “seks assistent” təqdim edən təşkilatın rəhbərliyi ilə də görüşüm oldu. Bu işi quran və idarə edən 33-35 yaş arası iki gözəl qadın idi. Onlarla yerli kafelərdən birində görüşdük. Rəhbər qadınlar mənə gördükləri işlərdən, xidmət strukturlarından bəhs etdi.
Deməli, bu komanda sosial işi kommersiya şəkilində qurub və onların xidmətləri pulludur. “Seks assistent” xidmətlərinin içinə əsasən – fərdi və qrup şəkilində olan konsultasiyalar, terapiyalar daxildir. Konsultasiyada əlilliyi olan müştəriyə öz bədənini yaxşı tanımağı, özünə inamı, partnyoru necə tapmağı öyrətməklə yanaşı, həmçinin partnyorla bədənin əlillik dərəcəsinə müvafiq olaraq sekslə necə rahat məşğul olmağın yolları öyrədilir. Bu konsultasiya istək yarandığı təqdirdə həm də əlilliyi olan şəxsin partnyoru ilə də aparılır. Ona necə davranmaq, vəziyyəti daha əlverişli qiymətləndirməyin yolları aşılanır. Rəhbər qadınları həvəslə dinləyirdim. Onlar da təşkil etdikləri işdən yüksək entuziazm ilə danışırdılar. Açıq hiss olunurdu ki, gördükləri işdən necə məmnundular.
Sonra başqa bir təşkilatdan eşitdim ki, hökümət, əlilliyi olan QHT-lərlə birgə ölkədəki seks işçilərini sosial işə cəlb etmək istəyir. Yaxın gələcək üçün nəzərdə tutulan bu iş, seks işçilərinin əlilliyi olan insanların cinsi tələbatını ödəməyə xidmət edəcək addımlar sırasına daxil olacaq. Faktiki olaraq, dünyanın hər yerində əlilliyi olan insanların sevgili, partnyor tapmaq şansı elə də yüksək deyil. Bunu nəzərə alan qurumlar həmin insanların emosional və fiziki sağlamlığını başa düşərək, əlilliyi olan insanların işini yüngülləndirmək naminə seks partnyoru xidmətlərini departamentləşdirməyə qərara gəliblər. Bu təcrübə Avropanın bəzi inkişaf etmiş ölkələrində artıq uzun müddətdir sınaqdan keçirilir.
Misal üçün, Hollandiya höküməti ayda bir dəfə partnyoru olmayan əlil vətəndaşlarına seks xidməti təklif edir. ABŞ-dakı bəzi ştatlarda bu cür xidmətlər fərdi sahibkarlıq formasında da fəaliyyət göstərir. Həmin işçilər hökümətə vergi də ödəyirlər.
Bir anlıq Azərbaycanda Hollandiyada olduğu kimi əlilliyi olan insanlar üçün seks xidmətlərinin icra olunduğunu təsəvvür edin. Şübhə yoxdur ki, xidmətin başlaması ilə ölkədə əlilliyi olan kişilərin artmasının şahidi olacağıq. Ətrafda çoxsaylı əlilliyi olan insanlar gözə dəyəcək və əlil arabasından istifadə edənlərin sayında kəskin artım yaranacaq. Saxta yollarla əlillik kartı düzəldənlərin sayı, indikindən lap çox olacaq və hətta bəlkə də Azərbaycan dünyada ən çox əlilliyi olan kişilərin sayına görə ilk yeri tutacaq.
Orda hökümət və QHT-lər öz vətəndaşlarının seks tələbatının da ödənilməsinin qeydinə qalır, bizdə isə adi yolları belə onların müstəqil hərəkət etmələri üçün uyğunlaşdırmırlar. Ölkəmizdə çoxlu sayda əlilliyi olan şəxslərlə bağlı cəmiyyətlər var. Əksəriyyəti də korrupsiyaya bulaşdığı üçün, fərli-başlı xidmətdən uzaqdılar. İndi görün biz sivil Qərb ölkələrindən inkişaf cəhətdən nə qədər geridəyik…
Nə isə, bir az Praqanın özündən və ordakı camaat barədə yazım. Çexlər sağlam görünüşə malik olmaqla yanaşı, həm də estetik olaraq qəşəngdilər. Əsas da qadınları olduqca gözəgəlimlidir. Çex qadınlarda yüksək zərafət işarələri gözqamaşdırıcı şəkildə parlamasa da, onlarda məxsusi bir şarm var. Gənclərin çoxu idmanla məşğul olur və bu nümunəvi addım digərlərinə də sirayət edərək, aktiv tendensiyalar siyahısına daxil olub.
Bütün hallarda bunu da deməliyəm ki, əgər Azərbaycan Çexiyanın əvəzinə bu gün Almaniya kimi dövlət ilə həmsərhəd, qonşu olsaydı, o daha çox inkişaf etmiş olardı. Çexlərin əksəriyyəti mühafizəkardır. Onlar əllərindəki resurs ilə kifayətlənir, yeni təşəbbüslərə doğru isə çox meyilli olmurlar. Yerli olmayanlar ilə ciddi və ya flirt şəkilində olan münasibətlər az görünən hallardandır.
Bir-neçə dəfə əlil arabası ilə müəyyən çətinlik yaşayanda yaxınlıqdakı adamlardan kömək istəmişdim, onlar da imtina etmişdilər. Nədənsə oxşar laqeydlik ilə ard-arda qarşılaşmışdım və elə oldu ki, o ərəfədə bir məsələ ilə bağlı Seymur Baycan ilə zəngləşəndə, ona gileyləndim ki, bəs, burda soyuq, məsafəli adamlarla qarşılaşıram. Seymur da dedi ki, elə məsafəli olsalar yaxşıdır, yoxsa bizimkilər kimi istiqanlı olub bütün şəxsi həyatına qarışırlar.
Adam haqlıdır. Orda olduğum müddətdə hansı səbəbə görə əlil arabasından istifadə etdiyimi soruşanlar olmadı. Düzdür bu barədə söhbət etmək məni incitmir, ancaq başqaları üçün bu məsələ həssas mövzu sayılır. Bizdə hətta dəfələrlə qarşıma keçib, salam vermədən küçənin ortasında “sənə noolub” sualı verənlər olub.
Əlbəttə bununla bizim xalqın pis, çexlərin yaxşı olduğunu demək istəmirəm. Bu cür düşüncə absurd sayılır. Dünyanın hər yerindəki adamlar bioloji olaraq, pis-yaxşı eyni keyfiyyətlərə malikdilər. Onları fərqləndirən amillərin başında sistem və ənənələr durur. Nə isə bu söhbətlərə girməyək.
Bu günə kimi olduğum yerlərin içində Praqa hələ ki, ən sevdiyim şəhər sayılır. Praqa öz qədim tarixi və memarlıq abidələri ilə diqqəti çəkir. “Nağıllar şəhəri”, “şəhərlərin anası”, “qızıl şəhər” kimi adların sahibi fikirimcə bu şəhər ola bilərdi! Praqanın digər Avropa şəhərlərindən bəlkə də ən əsas fərqi onun İkinci Dünya Müharibəsi zamanı ən az zərər görməsi ilə bağlıdır. Buna görə də Praqada çox gözəl tarixi binalar və məkanlar indiyədək qorunub saxlanılıb.
Praqada gəzərkən elə bilirdim ki, nağıllar aləminə ya da keçmişə düşmüşəm. Ona görə də bu şəhərə “nağıllar şəhəri” də deyirlər.
870-ci ildən mövcud olan Praqa qəsri şəhərin ən uca nöqtəsində ucaldığına görə, onu şəhərin hər tərəfindən görmək mümkündür. Prezident Adminstrasiyasının da yerləşdiyi Praqa qəsri dünyanın ən böyük qəsri kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Bu şəhərdəki digər əzəmətli abidə Müqəddəs Vit kilsəsidir. Adam ilk dəfə bu abidəni görəndə, heyrətdən ağzı açıq qalır. Tikintisi 500 il çəkmiş bu nəhəng kilsə öz qeyri-adi memarlıq üslubu ilə görənləri heyrətə gətirir.
Siz, burda çoxlu sayda turistə rast gələcəksiniz. İlin bütün günləri bura turistlərlə qaynayır. Turistlər üçün burda çox yaxşı imkanlar və güzəştlər yaradılıb.
Praqa şəhərini ölkənin ən uzun çayı olan Vltava iki yerə bölür. Vltava çayının üzərində uzun və məşhur Karlov körpüsü yerləşir. Təxminən 600 il qabaq inşa olunan bu körpünün üzərində bir vaxtlar cəngavərlər döyüşmüş, düşmənləri edam edirlərmiş. Turistlərin ən çox axışdığı yerlərdən sayılan Karlov körpüsünün üstündə 30-a yaxın tarixi şəxsiyyətin heykəli ucalır. Körpünün üstü ilə hərəkət edərkən qəribə enerji hiss edir, həmin qanlı tarixi təsəvvürümə gətirirdim.
Bu gözəl şəhərin havası çox dəyişkəndir. Gün ərzində şıdırğı yağış yağa, ardınca günəş çıxıb səni yandıra, sonra da külək qopa bilər. Praqada yaşayan azərbaycanlılar deyir ki, payız və qış aylarında şəhər çox depressiv olur. Günəş gözə dəymir, səma öz tünd bənövşəyi-qara rəngi ilə adama melanxolik əhval aşılaylır. Praqa buradakılara elə ən gözəl çağını yayda, isti aylarda yaşadır.
15 gün Florencdə qalandan sonra, Vysherad adlanan əraziyə köçdüm. Burda mənə əlilliyi olan insanlara aid yatılı məktəbdə yer ayırdılar. Qaldığım otaq çox geniş və müstəqil hərəkət etməyim üçün olduqca əlverişli idi. Vysheradın ən çox təmiz havası və gözəlliyi məni cəlb eləyirdi. Yaşadığım ev ilə üzbəüz şəhərə gözoxşayan bir mənzərə açılırdı. Oranı balaca bağça da saymaq olardı. İşlərim olmayan günlər burada vaxt keçirir, gözlərimi gözəlliklə bəsləyirdim. Gündüzləri gecəsindən daha füsunkar olan bu məkanda yazılarımı yazır, mütaliə edir, tənəffüs və fiziki məşqlər edirdim. Bəzən meditasiya, bəzən təfəkkür, çox vaxt da sevdiyim musiqilərin notları ilə sevişirdim. Təbiətin enerjisi ruhumla ahənglik tapır və hüceyrələrimə qədər harmoniya duyurdum. Quşların göydə pərvaz vurması, kəpənəklərin çiçəkləri öpməsi, arıların duası könlümü xoş edirdi. Yağışda gəzişir, günəşin alovlu şüalarının bədənimi yalamasına şərait yaradırdım.
Hərdən arabadan durub həmin hündürlükdən atılmaq və quş tək uçmaq, azadlığın fantastik şəkildə dadını duymaq təsəvvürlərinə varırdım.
Praqada keçirdiyim iki ay çox səmərəli, həm də zövqverici oldu. Bu gözəllikləri görməyə dəyərdi.