İnsan bilgisizliyə meyllidir. Həyatın rahat, vərdişkar axışını pozacaq həqiqətlərdən və faktlardan xəbərsiz olmaq insana daha çox sərf eləyir, daha çox ürəyinə yatır. Yox, təbii ki, bu hamıya aid deyil, istisnalar da var. Ancaq əksəriyyət, kütlə haqqında əminliklə demək mümkündür: insanlar dəyişikliyi sevmirlər. Çünki dəyişikliklər (xüsusilə də inqilab kimi kəskin dəyişikliklər) alışılmış – çoxdan mənimsənilmiş, doğmalaşmış nizamın dağılması ilə nəticələnir.
40 yaşlı Ziqmund Freyd 1896-cı ildə Vyana psixiatrik və neyroloji cəmiyyətində araşdırmalarının nəticələri haqqında məruzə eləyəndə, məhz, belə bir dəyişiklik qorxusu ilə üz-üzə qalmışdı.
O araşdırmaların nəticələri dinləyicilərə qəbuledilməz təsir bağışlamışdı.
Freyd sakitcə, heç bir inqilabi pafos nümayiş etdirmədən, cəsarətlə iddia eləyirdi ki, nevroloji pozuntuların kökündə həmişə seksual istəklər yatır. Daha doğrusu, reallaşmamış seksual istəklər. Özü də adi yox, insanda hələ uşaqlıq dövründə meydana çıxan seksual istəklər…
Bəlkə də Freydin həmkarlarından çoxu insanın ruhi vəziyyətində seksuallığın oynadığı roldan qismən xəbərdar idilər (hərçənd, bu barədə ucadan danışmağa cəsarət eləmirdilər, nəinki elmi məruzə hazırlamağa), amma uşaq, ya da infantil seksuallıqdan həmin dövrdə söz belə gedə bilməzdi…
Uşaq, körpə rəsmi olaraq mələyə bərabər tutulurdu və onda “böyüklərə xas iyrənc duyğuların olduğu”ndan şübhələnmək ölümcül günah işləmək, ya da, ən azı, Tanrı evində küfr söyləmək kimi bir şey idi.
Müasir dünyada hər üç internet istifadəçisindən birinin uşaq seksuallığının mövcudluğundan xəbəri var, ancaq XIX əsrin sonlarında – Freyd öz psixoanalizini yaradanda bu, inanılmaz bir şey idi.
Lakin doktor Freydin iddiaları əsassız deyildi: o, kəşfini gün işığına çıxartmazdan əvvəl uzun illər israrla, fasiləsiz öz pasientlərinin xəstəliklərinin ən dərin səbəblərini araşdırmağa çalışmış, bununla həkim kimi karyerasını qurban vermişdi. Yalnız, həmin xəstəliklərin seksual xarakter daşıdığı və köklərinin uşaqlıq dövrünə qədər uzandığı barədə çoxlu təkzibolunmaz faktlar əldə eləyəndən sonra açıq məruzə eləmək qərarına gəlmişdi. Yəni o, gəldiyi nəticələrin doğruluğuna qətiyyən şübhə eləmirdi. Bəlkə də məruzəni çaşqın-çaşqın dinləyən Vyana elmi icması hər şey bitəndən sonra ona gözlənilmədən tabu mövzuya toxunan təhlükəli dəli kimi baxanda, Freydin sınmamasına elə həmin inam kömək olmuşdu: “Mən başa düşdüm ki, bu andan etibarən mən Gebbelin sözləri ilə desək, “dünyanı yuxudan oyadan”ların sırasına daxil olmuşam və obyektivlik, anlayış gözləyə bilmərəm. Amma mənim müşahidələrimin və çıxardığım nəticələrin tamamilə doğru olduğuna dair arxayınlığım günü-gündən artırdı. Buna görə də öz fərziyyələrimə inamım və mənəvi gücüm qətiyyən azalmırdı, bu vəziyyətin yekununu bilirdim. Mən son dərəcə əhəmiyyətli bir halı üzə çıxartmaq xoşbəxtliyinə nail olduğumu düşünməyə başladım və bu tapıntı nəticəsində dəyişəcək taleyimi qarşılamağa hazırlaşdım” (“Psixoanalitik hərəkatın tarixi” 1914).
Freyd artıq başa düşülməyən, öz zamanını qabaqlamış dahi rolu ilə barışmağa hazır idi. Bu dahinin işlərini onilliklər sonra tapacaqdılar. O vaxt ki, kimsə başqa biri dünyanı indi yersiz görünən bu yeniliklərlə tanış eləyəcək, onların rəğbətini qazanacaqdı. Bəlkə heç olmasa, onda Freydin adını da bərpa eləyəcəkdi…
Freyd hələ bilmirdi ki, qəbul olunmamağı əslində psixoanalizin inkişafına çox məhsuldar təsir eləyəcək.
Ona görə ki, birincisi, yaranmış vəziyyət kənar şeylərə diqqət ayırmadan öz araşdırmaları ilə daha dərindən məşğul olmasına imkan verəcəkdi. İkincisi isə elmi ictimaiyyətin bu müqaviməti onun “sıxışdırılma və müqavimət” nəzəriyyəsinin ən parlaq örnəklərindən biri olacaqdı.
“Hazırkı hərc-mərcliyin, təşvişin içindən həmin tənha illərə baxanda daha çox gözəl, şərəfli bir dövr görürəm; o möhtəşəm tənhalığın, ingilislərin sözü ilə desək, öz cəzbedici tərəfləri vardı”.
KATARSİS
Beləcə, tərifi də (hərçənd tərifləyən yox idi), tənqidi də eyni laqeydliklə qarşılayan Freyd işləməyə davam eləyirdi. Hərçənd buna tam laqeydlik demək olmazdı, çünki eyni vaxtda vəziyyəti araşdırmış, kəşfinin, müasirləri tərəfindən mənfi qarşılanmasının, ya da ümumiyyətlə, heç bir reaksiya doğurmamasının əsl səbəblərini analiz eləməyi unutmamışdı.
PSİXOANALİZ NƏ İDİ?
Burda məsələ sadəcə seksual istəklərin oynadığı vacib rol deyil (həzzə can atmaq, libido). Məsələ ondadır ki, bu istəklər şüurdan Freydin qeyri-şüuri adlandırdığı sahəyə sıxışdırılır. Qeyri-şüuriyə sıxışdırılmaq (məsələn, böyüklərin qoyduğu qadağaların təsiri ilə; ya da hansısa başqa sosial, mənəvi-etik səbəblərdən), ancaq orda yoxa çıxmamaq… Əksinə, öz gücünü qorumaq və sonra artıq böyümüş, yetişkin insanda özünü xəstəlik əlamətləri şəklində büruzə vermək… Üstəlik, bu əlamətlərin sıxışdırılmış arzularla əlaqəsi eyhamın, eyham olunan predmetlə əlaqəsi qədər olacaq. Yəni bu əlaqə – birbaşa olmayacaq. Və ya (Freydin məşhur misalı) heykəllərin (abidələrin) ithaf olunduqları hadisələrlə nə qədər əlaqəsi varsa, o qədər. Çünki əgər bu və ya digər abidənin nəyin şərəfinə ucaldıldığını bilməsək, bəzən o “nəyi” düşünərək də tapmaq mümkün deyil. Xəstəliklərin əlamətlərində də vəziyyət eyni ilə belədir…
Freyd bunu isteriyadan əziyyət çəkən şəxslərin müalicəsi ilə məşğul olanda tapmışdı. Məlum olmuşdu ki, onların hamısı, obrazlı desək, xatirələrdən əziyyət çəkirlər. Daha doğrusu, bir növ, daxili “abidələrdən”… Ancaq onların niyə yarandığı haqqında təsəvvürləri belə yoxdu. Səbəblər isə bir qayda olaraq aşağıdakılardı: belə pasientlərin bu və ya digər arzusu beynin qeyri-şüuri qatına sıxışdırılıb. Çünki həmin arzu xəstənin çevrəsində qəbul olunmuş mənəvi-əxlaqi normalara zidddir və belə arzunun gerçəkləşməsi, hətta sadəcə onu ağıla gətirmək belə, həddindən artıq ağrılı, naqolay, narahat olub, həmin xəstənin normal yaşamasına əngəl yaradıb. Buna görə də sıxışdırma baş verib, amma sona qədər yox. Bəzi şeylər üzə çıxmağı bacarıb.
Freyd bununla bağlı əyani nümunə də göstərir: mühazirə zamanı auditoriyada səssizliyi və nizam-intizamı pozan tələbə. Onun ucbatından mühazirəni rahat dinləyə bilməyən digər tələbələr intizamsız yoldaşlarının qolundan tutub qapıdan bayıra çıxardırlar (auditoriyadan- yəni şüurdan bayıra- yəni qeyri-şüuri qata). Sıxışdırılmanı həyata keçirirlər. Qapı asanlıqla açılmasın deyə stulları da arxasına dirəyirlər. Buna müqavimət deyilir. Ancaq intizamsız tələbə sakitləşmir, var-gücü ilə qapını döyəcləməyə, içəridəkindən daha böyük səs-küy salmağa başlayır. Nəticədə artıq mühazirəni dinləmək tamamilə imkansız olur. Bu, artıq əlamətdir. Razılaşma əldə eləmək lazımdır. Psixoanalitiklər, məhz, bununla məşğul olurlar.
Freyd müqaviməti dəf eləyib əlamətlərin gerçək səbəblərini üzə çıxartmaqdan ötrü ilk vaxtlar hipnozdan istifadə eləyirdi. Hipnoz olunan pasient öz xəstəliyi ilə keçmişdə olan hadisələr – sıxışdırılmanın baş verməsinə və hansısa namünasib bir arzunun yerdəyişməsinə səbəb olanlar – arasında çox asanlıqla əlaqə qura bilirdi. (Hipnoz vacib idi, çünki pasient müqavimətin gücü ucbatından normal, ayıq vəziyyətdə heç nə xatırlaya bilmirdi).
Hipnoz altında öz gizli arzularını yaşayan pasient, qədim faciələrin tamaşaçıları kimi katarsisdən keçərək sağalırdı. Freyd buna “katarsis müalicəsi” adını vermişdi.
HİPNOZDAN YUXULARA…
Lakin Freyd hipnozu “şıltaq və mistik üsul” hesab eləyirdi, buna görə də ondan imtina eləmək qərarına gəlmişdi. Və tədricən, yeni bir metod hazırlamağa başlamışdı. Sonralar həmin metod bütün dövrlərin və xalqların psixoanalitiklərinin fəaliyyətinin təməli olacaqdı: Sərbəst assosiasiyalar metodu.
Pasientə öz problemi haqqında fikirləşmək, daha sonra, ağlına gələn ilk şeyi gizlətmədən, tərəddüdsüz həkimə bildirmək təklif olunur. Həkim diqqətlə dinləyir, dəqiqləşdirici suallar verir, pasientin danışdıqlarını analiz eləyir və yavaş-yavaş söhbəti sıxışdırılmaya səbəb olan vəziyyətə yönləndirir.
Bir qayda olaraq, pasientin ağlına gələn ilk fikir sıxışdırılmaya eyhamdır, yəni xəstəliyin əlaməti kimi o da sıxışdırılmış arzunun əvəzləyəcisidir.
Burda ən vacib olan, pasientin heç nəyi gizlətməməsidir: “ O, tənqidi seçimdən tamamilə imtina eləməli və ağlına gələn hər şeyi danışmalıdır – onları mənasız, yanlış hesab eləsə belə. Xüsusilə də əgər həmin təsadüfi fikir onu narahat eləyirsə… Bu qaydaya əməl eləməklə bizi sıxışdırılmış komplekslərin izinə salacaq materialları əldə eləyirik. Müqavimətin təsiri altında olan xəstənin diqqət yetirmədiyi və özündən uzaqlaşdırdığı bu fikir materialı psixoanalitik üçün mədən rolunu oynayır. Həkim adi yozum sənətinin köməyi ilə həmin mədəndən qiymətli metal çıxarda bilər”.
Elə bu məqamdan sonra Freyd yuxuyozmalara gəlib çıxır və yuxuların açıq məzmunu ilə gizli anlamlarını bir-birindən ayırır: “Xəstəlik əlamətləri kimi yuxular da mənəvi güclərin mübarizəsi nəticəsində yaranır. Yuxuların üzdə olan məzmunu şüursuz fikirlərin təhrifolunmuş əvəzləyicisidir. Sözügedən təhrif Mən-in müdafiə güclərinin – yəni ayıq vəziyyətdə sıxışdırılmış istəkləri şüur qatına buraxmayan müqavimətin nəticəsidir. İnsan yuxuda olanda isə şüur zəifləyir, lakin müqavimət o qədər güclü olur ki, qeyri-şüuri fikirləri maskalayır. Bunun sayəsində yuxu görən də öz yuxusunun anlamını dərk eləmir. Ancaq yuxuları yozmaq mümkündür. Bu zaman sərbəst assosiasiyaların izahında tətbiq edilən üsuldan istifadə olunur.
Psixoanalizin əsasları haqqında bu qədər kifayətdir. Daha çox bilmək istəyənlər Freydin 1911-ci ildə ABŞ-da oxuduğu psixoanaliz haqqında mühazirələri ilə tanış olsunlar.
Bircə onu qeyd eləyək ki, biz Freydin təməl fikrinə çox yaxınlaşmışıq. Məhz, bu fikir psixoanaliz haqqında təkcə nevrotiklərin müalicə üsullarından biri kimi yox, həm də bəşəriyyətin bütün sonrakı mədəniyyətinə təsir edən dünyagörüşü kimi düşünməyə imkan verir. Yalnız xəstələr yox, sağlam insanlar da yuxu görürlər.
Yuxuların yozulması – Freydin sözləri ilə desək, beynin qeyri-şüuri qatının dərkinə gedən kral yoludur. Ki, o, təkcə nevroz xəstələrinin yox, istənilən insanın psixikasının ayrılmaz hissəsidi.
LAZIMSIZ ƏDƏBİYYAT VƏ ELMİ KÜFR
Hə, biz Ziqmund Freydi 1896-cı ildə möhtəşəm yalqızlığı ilə baş-başa qoymuşduq. O, son dərəcə vacib kəşfinin müasirləri tərəfindən niyə qəbul olunmadığı haqqında düşünürdü. Amma bu, o qədər də uzun çəkmir: “Psixoanaliz nəzəriyyəsi, mənə ətrafdakıların bu münasibətini psixoanalitik mühakimələrin zəruri nəticəsi kimi qiymətləndirmək imkanı verirdi”, – deyə Freyd həvəslə yazırdı: “Tapdığım əlaqələrin xəstə insanların şüurunda daxili affektiv müqavimət nəticəsində təcrid olunduğu fikri doğrudursa, deməli, sağlam insanlar sıxışdırılmış materialı kənardan məlumat şəklində alanda da eyni müqavimət yaranmalıydı”.
Başqa sözlərlə, Freyd həmkarlarının davranışında sıxışdırılmanın parlaq nümunəsini görmüşdü. Onun paylaşdığı informasiya həmkarlarına sərf eləmirdi, onlara lazım deyildi. Çünki dünyanın, onların təsəvvüründəki mənzərəsini dağıdırdı və insanları köhnə üsullarla sakitcə müalicə etmələrinə mane olurdu. Ümumiyyətlə, onlardan öz üzərlərində daha çox işləməyi, inkişaf eləməyi tələb edirdi. Dəyişiklik tələb edirdi. Üstəlik, artıq daşlaşmış ictimai fikirlərə və aktual əxlaqi dəyərlərə zidd idi.
Həmkarları olan mühafizəkar həkimləri xəstələrlə müqayisə eləyən Freyd deyirdi: “Yeganə fərq ondadır ki, xəstələri dərk eləməyə, müqavimətə qalib gəlməyə zorlamaq üçün məcburiyyət vasitələrindən istifadə eləmək mümkün idi. Özünü sağlam hesab eləyənlərə isə bu yolla komək etmək imkansızdır. O sağlam insanları obyektiv elmi yanaşmaya necə məcbur eləmək olar? Bu, həllolunmaz problem idi və onu zamana buraxmaq ən doğru çarə idi. Elm tarixində bu cür nümunələr çoxdur – başlanğıcda yalnız etiraz doğuran hallar bir müddət sonra qəbul olunurdu”.
Elə indi də elmə çoxlu bu tip örnəklər məlumdur.
Daşlaşmış stereotiplər üçün təhlükəyə çevrilən, xüsusilə də inqilabdan, mədəni normaların deformasiyasından xəbər verən hər şey başlanğıcda həmişə cəmiyyət tərəfindən rədd edilir. Lazımsız, qeyri-aktual, normal həyatla uzlaşmayan bir şey kimi.
Məsələn, mədəniyyət üçün yeni, inqilabi dəyişikliklərin sorağını gətirən sənət əsərlərinin ilk vaxtlar məşhur olmaq şansı çox azdır. Hətta, demək olar ki, heç bir şansı yoxdur. Çünki belə əsər cəmiyyətin mövcud mənəvi strukturunun müstəqilliyinə təhlükə yaradır. Ona görə də, “yersiz ədəbiyyat”, yersiz elmi nəzəriyyələr (fizikaçı Friman Dayson onları çox dəqiqliklə “elmi küfr” adlandırıb) və mövcud çərçivələrdən kənara çıxan, istedadlı yaradıcı şəxsiyyətlərin intellektual və mənəvi fəaliyyətinin nəticəsi olan digər hallar meydana çıxır.
Digər tərəfdən ilk dəfədən kifayət qədər böyük kütləvi uğur qazanan ədəbi nümunələr, musiqi əsərləri və s. hər zaman aktual mədəni stereotiplərə və publikanın tələblərinə cavab verir. Necə deyərlər, “zamanın ruhunu əks etdirir”. (Əslində bütün pop mədəniyyəti – kütləvi mədəniyyət – elə bunun üzərində qurulub).
İlk vaxtlar Freyd nə elmi cəmiyyətə, nə də geniş kütlələrə lazım deyildi. Onlara sərf eləmirdi, insanlar şüurlarının dərinliklərinə qovduqları problemlərini üzə çıxartmaq istəmirdilər. Onlar yüz illərlə yaşadıqları kimi yaşamağa alışmışdılar.
Lakin… Xoşbəxtlikdən, bütün canlı orqanizmlər kimi sosium da başlanğıcda “çətin həzm olunan” ideyaları mənimsəmək və həzm eləmək qabiliyyətinə sahibdir (əclaf insan hər şeyə alışır).
Buna görə də Freydin tamamilə real bünövrəyə malik olan virus ideyaları, tədricən, (20-30 il ərzində) tələbat yaratdı və elə bir meynstrimə çevrildi və artıq onları inkar eləmək daha böyük ayıb sayıldı.
Və Freydi qəbul elədilər. O məşhurlaşdı.
Bütün dünyada psixoanalitika cəmiyyətləri yaradılırdı. Freyd Amerikada mühazirələr oxuyurdu.
O, elə sağlığında elmi kəşfinin bəşəriyyətə lazım olduğunu, nəinki lazım olduğunu, hətta yeni mədəniyyətin və yeni sivilizasiyanın bir parçasına çevrildiyini gördü. Axır ki, zaman ona çata bilmişdi. Kütlələrin istəkləri, dövrün ab-havası və psixoanalizin əsasları üst-üstə düşmüşdü. Dahi rəssam Salvador Dali ona təzim eləməyə gəlirdi, salfetin üzərində portretini çəkirdi. Dahi pop-rəssam, pop-artın əsasını qoymuş Endi Uorholl onun portretini özünün məşhur “XX əsr yəhudilərinin on portreti” silsiləsinə daxil eləyirdi. Dahi pop-musiqiçi Cim Morrison məşhur “The end” mahnısında Edip kompleksinin əsaslarından danışır və bəyan eləyirdi ki, şüuriylə qeyri-şüuri arasındakı bütün sərhədləri yox eləmək istəyir. (Çox güman ki, psixoanalizin nə olduğunu anlamayıb)…
Aparıcı elmi ideyaların kütləvi mədəniyyətin bir parçasına necə çevrildiyini izləmək çox maraqlıdır. Bu labüd və kifayət qədər təbii hal əyləncəli olduğu qədər də, faciəlidir. Çünki o ideyaların müəllifləri ya həmin anda artıq dünyalarını dəyişmiş olurlar, ya da hələ sağdılarsa, kütlənin, onların ideyalarını necə təhrif elədiyinə baxıb dəhşətə gəlirlər…
Ya təhrif eləyirlər, ya da ən yaxşı halda anlamırlar. İnqilabi, avanqard ideyaları assimiliyasiya eləyəndə, onları özünün bir hissəsinə çevirəndə mədəniyyət (xüsusilə də kütləvi mədəniyyət) həmişə onları qabalaşdırır, sadələşdirir, hətta bəzən bayağı parodiyalarını yaradır.
Öz ixtirasının gələcəyini təxmin eləyən Freyd deyirdi ki, o, təkcə tibdə lazım olmayacaq, həm də insanın azad olmasına kömək eləyəcək. Ancaq Freyd, yalnız qismən haqlı idi. Əksər insanlar indi də qeyri-şüuri qat, sıxışdırılma və müqavimət mexanizmləri haqqında müəyyən təsəvvürlərə sahibdilər və hələ də onlara hər şeyin şüurun nəzarəti altında olduğunu düşünmək sərf eləyir. Belə daha rahatdı çünki… Psixoanalizin əsasları, mahiyyəti hələ də geniş publikaya aydın deyil.
Müqavimət mexanizmi sadəcə güclü deyilmiş. O, insan təbiətinin elə bir parçasıymış ki, ondan qopmaq imkansız imiş. İstənilən cəhd insanı öz quyruğunu dişləyən ilanın vəziyyətinə salır. İnsan öz Mən-ini nə qədər azad eləməyə çalışsa da, beynin qeyri-şüuri qatı bu və ya digər dərəcədə dərk olunmamış qalacaq və qəflətən özünü göstərmək üçün bir yol tapacaq.
Əlbəttə, Tomas Mannın sözləri ilə desək, “analitik bilgi dünyanı dəyişir; ona ruhun tələlərini ifşa eləyən əyləncəli güvənsizlik, şübhə gətirir. Elə bir şübhə ki, bir dəfə oyansa, daha heç vaxt yoxa çıxmayacaq”.
Ancaq bu dəyişikliklər çox yavaş, hiss olunmadan baş verir, nə vaxtsa Freydin nəzərdə tutduğu nəticəyə çatıb-çatmayacağı məlum deyil. Ümumiyyətlə, bu, bəşəriyyətə lazımdımı?
Qleb Davıdov