Yuriy Borisoviç Norşteyn (15 sentyabr 1941, Andreyevka, Rusiya), Rus multiplikator. “Kirpi dumanda” və “Nağılların nağılı” kimi məşhur cizgi filmləri ilə SSRİ-də tanınmışdır.
Bir dəfə mənə balaca bir oğlanın çəkdiyi qısa film göstərmişdilər. Çox sadə film idi: ekranda uşaq əliylə çəkilmiş ağac görürük, sonra mişarın səsini eşidirik. Kəsilmiş ağac yerə düşür. Uzun bir pauza – və qəflətən ağacın ağ silueti səmaya doğru süzür. Ağacın ruhu. Yəqin, indi o filmin müəllifinin otuz yaşı olar. Həmin film ömürlük yaddaşıma həkk olunub. Hərdən, düşünürəm, görəsən, o oğlanın taleyi necə oldu?..
Məndən tez-tez həyatda ən vacib şeyin nə olduğunu soruşurlar. Mənə elə gəlir ki, həyatda ən vacib şey elə HƏYATIN özüdü. HƏYATDA isə ən vacib şey, məncə, sonsuz diqqətdi.
Kainatda, insanın biganə yanaşa biləcəyi, ötəri heç nə ola bilməz. Həyat bunu qəbul eləmir, bu anlamda o, hər cür biganəliyin əvəzini verir – xüsusən də, xırdalıqlara qarşı biganəliyin.
Uşaqlara təbiətən detallara qarşı diqqətlilik xasdı. Uşaqlıq – həyatın xırdalıqlarıdı. Əgər bu duyğu basdırılmazsa, uşaq şəxsiyyət kimi böyüyər. Sonra olanlar bunun tərkib hissələridi. Bu, həm də anadangəlmə bir qabiliyyətdi, təbiətin saysız qatlarının – ki, onlardan biri də nəsil qatlarıdı- birgə fəaliyyəti sayəsində bizdə birləşən hər şeydi. Nəsil qatlarının zirvə nöqtəsi isə konkret insan – artıq mövcud olan və daima böyüyən şəxsiyyətdi.
Nə olsun ki uşaq bir yaş yarımındadı, nə olsun ki sadəcə anasına baxıb süpürgəni döşəməyə sürtür, onda artıq həyatın fəal iştirakçısı olmaq arzusu oyanıb. Bu dünyada hər şey təqlid, oyun, hər şeyi özündə təcrübədən keçirmək üzərində qurulub. Və hansısa məqamda təqlid başqa bir keyfiyyətə – yaradıcılığa çevrilir.
Sən baxırsan və qeyri-ixtiyari bu gözəgörünməz gözəlliyə vurulursan. Sən sevdiklərin kimi olmaq istəyirsən. Odu ki, naqolaycasına da olsa, onların hərəkətlərini, işlərini öyrənməyə başlayırsan.
Heç bir iş əhəmiyyətsiz deyil. Deyəsən, on iki yaşındaydım. Xarrat Vanya əminin həyətdə böyük taxta lövhəni necə rəndələdiyini izləyirdim. Vanya əmi artıq lövhəni hamarlayıb ondan mükəmməl bir masa düzəltməyə girişmişdi ki, rəndə oxumağa başladı. Usta bütün səthi o qədər hamarlamışdı ki, alətin ağzından qopan yonqarlar son dərəcə incəlmişdi – rəndədən də zərif, qeyri-adi, nəğməyə oxşayan bir səs çıxırdı.
Onda mənim bircə arzum vardı – həmin səsi təkrarlamaq. Rəndəni özüm düzəltdim. Bir dəmir parçası tapdım, sonra onu niyə tulladıqlarını anladım: heç nəyə yaramırdı, amma mən onu itilədim. Tutacağını özüm hazırladım, mən Nəsnə Yaratmaq istəyirdim. Heç kimdən xahiş eləmədim – özüm damda oturdum, iskənə ilə yondum. Mənim üçün vacib idi ki, bu işi özüm görüm.
İkonaçı rəssam ilahi obrazların oxşarını çəkir, balaca oğlan olan mən isə rəndə düzəldirdim. Düşünmürəm ki, həmin anda bizim gördüyümüz işlər arasında nəsə fərq vardı – ikonaçının, çəkdiyi simaya göstərdiyi diqqətlə mənim, əlimdəki ağaca göstərdiyim diqqət, mahiyyətcə eyni idi. Hansısa mənalar çıxartmaq, sirlər – artıq başqa mövzudu. Burda artıq tamamilə başqa məsələlər ortaya çıxır – sənə təkan verən nədi, sən nə demək istəyirsən, öz fəzanda başqalarından fərqli nə hiss eləmisən, nə eşitmisən. Mən – rəndə səviyyəsində, rəssam – sima səviyyəsində. Ancaq bizim diqqətimiz tamamilə eynidi.
Bunu ona görə deyirəm ki, əhəmiyyətsiz iş yoxdu. Bütün böyük rus ədəbiyyatı, sənətkarların dəruni fikirləri hamısı buna gəlib-çıxır. Ola bilsin ki, müəyyən məqamlarda daha kəskin anlayırıq ki, “Öldürmə!” əmrinin, bütün ruhani mədəniyyətlərdə ən əsas ehkam olmağı təsadüfi deyil.
Həyat – həddindən artıq dəyərlidi, ona hökm eləmək mümkün deyil və o öz daimiliyi vasitəsilə bizimlə bitmək bilməyən bir söhbət aparır.
Zənnimcə, bu gün ən vacib şey həyatın təzahürlərinə – onun səsinə, sükutuna qarşı diqqət, varlığımızın və məişətimizin hər anının dürüstlüyü və keyfiyyətidi. Hər şey burdan başlayır.
Həyata münasibətin iki fərqli prinsipi var. Hər şeyi canlandıran, hər ana yaradıcılıq qatan quruculuq, idrak prinsipi, güvən və fəal iştirak yolu.
Kobud, destruktiv prinsip – sənin mənfəətpərəstliyin ucbatından canlı bir aləmin məhv olduğunu anlamadan qoparmaq, zorla almaq, başqasının yerini tutmaq.
İkinci prinsip qətiyyən yararlı deyil, amma aldadıcı şəkildə tez başa gəlməsi, dairəvi zəmanəti ilə bütün dövrlərdə daha populyardı.
Ancaq dərindən nəfəs alıb kənara çəkiləndə və gözlərini qaldırıb baxanda görürsən ki: ağac baharda addım-addım çiçəkləyir. İlk baxışda cansız olan budaqda tumurcuq peyda olur, ardınca da çiçəklər, yarpaqlar, meyvələr, quşlar gələcək. Hələ onu demirəm ki, ağacın özü bapbalaca bir toxumdan, bir damla sudan və günəşin şüasından yaranıb.
Mədəniyyət xərc tələb eləyir
Mədəniyyət həyatın çox məsrəfli bir parçasıdı, ancaq düşünürəm ki, dövlət ona pulu tendersiz-filansız verməlidi. Çünki mədəniyyətdən gələn “gəlir”, konkret relslərdən, ya da məsələn, poladəritmə zavodundan gələn vəsaitdən daha böyükdü. Ondan gələn “gəlir” – maariflənmiş cəmiyyətdi. Elə bir cəmiyyət ki, orda biz uşaq evlərinin, həbsxanaların, tənha qocalığın, korlanmış təbiətin yerinə inkişaf eləyən, insana layiq bir həyat yaradacağıq.
MƏNİM SİRRİM
Əslində mənim sirrim çox sadədi. Mən hər şeyin necə qurulduğunu anlamaq istəyirəm. Necə olur ki, dünyada, təbiətdə, kainatda hər şey harmoniya yaradır? Məsələn, alimlər böyük hadron kollayder inşa eləyiblər, materiyanın ilkin səbəbini, ilk hissəciyi axtarırlar. Onların nə tapacaqları mənə çox maraqlıdı.
İndi anlayıram ki, şəxsən mən bütün həyatım boyu hansısa anlarda hər şeyi bir-birinə calaşdıran o gizli qanunu axtarmışam. Təbiət mövcudluğuna harmonik tarazlıq sayəsində davam eləmir. Ona inkişaf eləmək, müəyyən bir zirvəyə, nöqtəyə çatmaq və hərəkət istiqamətini dəyişmək imkanı verən, məhz, dəngəsizlikdi. “Mükəmməllik”, “mütləq gözəllik” kimi ifadələr – təhlükəlidi. İstənilən aşılmaz sərhəd kimi onlar da başqa canlı varlıq üçün zəruri olan təkanı vermir.
İndi başa düşürəm ki, uşaqlıqda, ağır fikirlərdən, narahatlıqlardan qaçan “Mən” incəsənətə – ona baxmaq və ona dalmaq – üz tutanda həyat məni ruhlandırırmış. Bu, izaholunmaz bir duyğudu. Bu dünyada hər şeyin, bütün canlı varlıqların hər zaman vahid iplə bir-birinə bağlı olduğu duyğusu.
Bizim həssaslığımız, diqqətimiz, səmimiyyətimiz həyatı hiss edərək, anlayaraq, bu dünyada hər şeyi və hamını eşitmək və onlarla danışmaq imkanı yaradır.
Uşağın güvəni – insana bəxş olunmuş ən gözəl hədiyyədi
Bilirsiniz, bizim studiyamıza gələn uşaqlara həmişə nə deyirəm? Əllərində rəsmləri, gözlərində iş mühitini, filmlərin “daxili aləmini” görməyin verdiyi sevinclə gəlirlər. Onlara “Xəyal qurun!” deyirəm. Özünüz xəyal qurun, dostlarınızı, doğmalarınızı öz xəyalınıza çağırın. Valideynləriniz çətinliklərdən yorulub səssizləşiblərsə, onların uşaqlığını, həyata vurğunluq duyğusunu oyadın. Dünyaya diqqətlə baxın, onun sirlərini, yaşam bağlarını öyrənin.
Dünyanın ən yaxşı peşəsini – dənizçi, rəssam, aşpaz, kim olur-olsun – seçmək qərarına gələndə isə işinizə incəsənət kimi yanaşın və onu sevin. O zaman həm sizə qədər heç kimin yaratmadığı, kəşf eləmədiyi şeylərə nail olacaqsınız, həm də sadə işləri bacaracaqsınız.
Qoy sənin əlinin əməyi, gördüyün ən adi işlə (məsələn, ananın sənin üçün şorba bişirməyi – elə də qeyri-adi bir iş deyil) qarşılaşan insanlar, səni görəndə elə sevinsinlər, elə bil sən bu kainatın güvən, istinad nöqtəsisən. Və həyata davam eləmək üçün səndən güc alsınlar.
Tərtib və tərcümə etdi: Aygün Aslanlı