Varis bəyin yenicə çap olunan “Qar yağmasın…” adlı hekayəsini oxudum. Oxudum deyərkən, əslində, əzab çəkdim, gözlərim qan ağladı, özümə zülm verdim. Belə olan halda qərara gəldim ki, bu qədər əziyyət boş yerə getməsin, hekayə haqqında bir yazı yazım.
Varis bəy ölkədə ən çox oxunan yazıçılardan biridir. Bu fakt nə qədər doğrudur, nə qədər yanlışdır, bilmirəm. Düzü, tanıdığım sadə oxuculardan soruşmuşam, onlar Varisi tanımır. Haqqında isə cürbəcür şayiələr gəzir ki, guya ilk kitabını 100 000 tiraj nəşr edib, yaxud 20 000 manat kredit götürüb kitabını pulsuz paylayıb-filan. Açığı, bu konspirologiyalara inanmıram. Özü təsdiq etsə belə inanmayacağam. Bəri başdan qeyd edim ki, heç kimə paxıllıq etmirəm, kim nə qədər pul qazanırsa özü bilər, kiminsə şəxsiyyətini alçaltmaq niyyətim yoxdur. Sadəcə adi oxucuya nəyin yaxşı, nəyin pis olduğunu göstərməyə çalışıram.
Hekayənin qısa xülasəsi belədir. Qəhrəman müharibədə qolunu itirib gəlib. Bir şirkətdə məktublara baxan adam kimi işləyir. Ailəlidir, bir oğlu var. Müharibədən qayıdanda sonra əsəbi və deyingən biri olub. Əvvəllər güləşçi imiş. Bir gün işdən “yasa gedirəm” adıyla icazə alıb, işğaldan azad olunmuş torpaqlara qayıdır və qəbiristanlıqda basdırdığı qolunu ziyarət etməyə gəlir. Bu arada da uğursuz fləşbəklərlə qardaşının müharibədə həlak olmağını, qolu olan vaxtlarda necə xoşbəxt olduğunu başa düşürük. Ortada isə bir əcnəbi jurnalist qadın var. Onu, ümumiyyətlə, başa düşə bilmədim ki, hekayədə niyə var? Bu jurnalist qadın mesajla qəhrəmanı bezdirir ki, qolunu niyə itirmisən? Peşmansanmı? Dəyərdimi? Gəl sənə bahalı protez qoyaq və s.
Qəhrəmanın adı N.İ.-dir. Gəlin əvvəlcə, bundan başlayaq ki, N.İ. nə deməkdir? Niyə məsələn, Nicat İsmayılov yox, N. İ. Xalq yazıçısı Elçinin xeyli əvvəl çıxan hekayəsində də (N.S.-nin ayaqları) həmin fenomen var idi. “N.S.”.
Dünya ədəbiyyatında da bunun misalları var. Orhan Pamukun “Qar” romanında “Ka”, Kafkanın “Qəsr” romanında “K”, Kutzenin “Maykla K-anın həyatı və zəmanəsi” romanında Maykl K., Yusuf Atılganın “Aylak adam” romanında “C.” və sair. Saydığım bu əsərlərdə qəhrəmanlarının adının olmamağı, yaxud hər hansı bir hərf olmağı həmin qəhrəmanın xarakteri ilə səsləşir. Başa düşürsən ki, nə üçün bu qəhrəmanın adı yoxdur. Kutzenin romanında, ümumiyyətlə, qəhrəmanın təsviri yoxdur. Bilmək olmur Maykl K.-nın dərisi ağdır, yoxsa qara, boyu bəstədir, yoxsa hündür, gözündə eynək var, yoxsa yox. Bir sözlə bu forma oyunu həmin əsərlərdə funksionaldır.
Varis və Elçinin bu hekayələrində isə qəhrəmanın adının olmamağı heç nəyə, bir daha qeyd edirəm, heç nəyə xidmət etmir. Varis çox güman ki, təsirlənə-təsirlənə gedib Elçindən təsirlənib.
Hekayənin üçüncü abzasına baxaq:
“İşdən birgünlük icazə almışdı. Müdirinə demişdi, “sabah rəhmətə gedənimin ildönümüdür, rayona gedib qəbrini ziyarət eləyəsiyəm”. Müdir bir kəlmə “Kimdir ki?” sualını verəndə: “Doğmamdır” cavabını ünvanlamışdı. Müdir də daha dərinə getmədən: “Get, Allah rəhmət eləsin” söyləmişdi. Amma hər halda, ardınca “Məktubları çox da nəzarətsiz qoyma” tapşırığını da vermişdi”.
“Cavabını ünvanlamışdı” nə deməkdir? Xahiş edirəm, başa düşən oldusa, mənə də başa salsın. Cavabı necə ünvanlayırsan? Guya bu təhkiyədaxili dialoqdur. Ümumiyyətlə, bu abzas başdan ayağa qondarma ifadələrdən, sünilikdən və yalançılıqdan ibarətdir. (Əlbəttə, bütün hekayə belədir) “Müdir söyləmişdi, o ünvanlamışdı, bu tapşırıq vermişdi, o eləyisiyəm demişdi”. Bu nə cümlələrdir? Sanki bu cümlələri yazıya həvəsi olan, böyüyəndə yazıçı olmaq istəyən bir yeniyetmə yazıb.
Ən maraqlı və təəccüblü hissə isə təhkiyəçinin eyni zamanda danışmamağıdır. Hekayə başlayır şühudi keçmiş zamanda, davam edir nəqli keçmiş zamanda, ortada keçir indiki zamana, yenə qayıdır keçmiş zamana və hansı zamanda bitir yalnız Allah bilir. Çünki o hər şeyi bilən və görəndir. Varisi də Allaha tapşırırıq.
Daha bir qeyri-adi abzas:
Həyat yoldaşı onun əsəbi olub, bəzən boş yerdən bomba kimi partlamasına vərdiş etdiyindən, kimin yas yerinə getdiyini soruşmadı, “əlbət, iş yoldaşlarından kiminsə nəyidirsə, ölən” düşünərək “sağ-salamat” söylədi. Və paltar dolabından ağ uzunqol köynəyi götürüb ona ütü çəkməyə başladı.
Müstəsna istedadsızlıq, total rəzillik fışqırır. Varis bəy adidən adi, heç bir dramatik situasiya olmayan vəziyyəti sadə və nəqli cümlələrlə ifadə edə bilmir. Fikir aydın başa düşülmür. Biz özümüzü sıxıb onun nə demək istədiyini aşağı-yuxarı, zorla başa düşməyə çalışırıq. Amma buna ehtiyac varmı? “Bomba kimi partlamaq” təsvirinə isə dünyanın ən bayağı, ən banal və ən mənasız bənzətməsi mükafatını vermək olar. Belə bənzətmələri nəinki özünə yazıçı deyib ortalıqda gəzən, heç adi oxucu belə danışıqda istifadə etmir. Bu ifadələr o qədər işlənib ki, onlara “fahişə ifadələr” deyirlər.
Həyat haqqında lazımsız məsləhətlər, müəllim ədası, mənasız əzələ nümayişlərindən bəzilərini sizə təqdim edirəm. Varis bəy bu “aforizmlər, “WhatsApp” statusları, soxucu sözlər”lə öz mənasız hekayəsinə məna yükləməyə çalışır. Lakin başa düşmür ki, ədəbiyyat pafoslu aforizm istehsal etmək sənəti deyil. O sanki idman salonuna iki həftə getmiş, hələ əzələləri nəinki çıxmaq, heç bərkiməmiş bir uşaqdır. İdman salonuna getməyi ilə fəxr edir və yeriyəndə çiyinlərini darta-darta, yalandan genələ-genələ yeriyib, əzələli görünməyə çalışır. Buyurun, bu mənasızlıq təntənəsi olan “hikmətli sözlər”i siz də oxuyun.
- Kədər bəzən insanın üzündə olur, bəzən içində. Üzdəki anidir, içdəkisə, daimi.
- Dərindən düşündükcə anlayırsan ki, sevdiklərindən başqa, hansısa bir canlı olmayan əşyanı, cismi də sevirsən.
- Arzu çox böyük olmalıdır ki, özünə də yetməsən, barı, həndəvərində daldalana biləsən.
- Bədbəxt olduğu düzəngahdan xoşbəxt olduğu zirvəyə baxmaq insanı çox incidər.
- Həyat deyilən nəsnə əslində ən böyük zordur, doğulanda da sənin istəyin nəzərə alınmır, öləndə də. Hər şeyi sənin əvəzinə həll edirlər. Birini valideynlərin, digərini əcəl.
- Fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Orada, hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.
Hekayədə başa düşə bilmədiyim, qondarma cümlələr və sözlər də kifayət qədər idi. Bir yazıçıya bağışlamayacaq səhvlər:
- İç yarışları da qazanmışdı, dış yarışlarda da uğurları az olmamışdı.
- Bir tərəfi bürüşmüşdü. (?) (Bürüşmüşdü nə deməkdir? Belə söz yoxdur)
- Bir kəlmə “Xeyr, qorxmuram” səsini atdı. (?)
- Minetik rəqabətin fəlsəfi-antropoloji kateqoriyaları arasında qurbanvermə təzahürü xüsusi çəkiyə malikdir. (Gülməyin, xahiş edirəm)
- Şosse yoluna çatdı. – (Vay vay vay, illərin yazıçısının yazdığı cümləyə bax. Şosse yolu nədir?)
Uğursuz keçidlər, söhbətdən söhbətə keçə bilməmək, ölü mətn, hekayət belə olmağı bacarmayan hadisə, süni dialoqlar, lazımsız təsvirlər və abzaslar, mənasız boşboğazlıq, saxta dramatizm, müəllifin hər abzasda görünməyi, korrektura səhvləri, sözləri düzgün yaza bilməmək, ən primitiv fikrin ifadə edilə bilməməyi Varisin bu hekayəsi və ümumi yaradıcılığı üçün xarakterikdir.
Hekayəni oxuduqca gözümün qabağına belə bir mənzərə gəlir və nə qədər ona baxmamağa çalışsam da gözümün qabağından getmirdi.
Varis bəy illərdir saçını qırxdırdığı bərbərə gedir. Bu illər ərzində onların arasında xətir-hörmət, dostyana bir münasibət yaranıb. Bərbərə deyir ki, qıraqları götür üstü qalsın. Bərbər isə öz bildiyini edir. Varis bəy son nəticədən dəhşətli dərəcədə narazı qalır. Amma xətir-hörmət saxladığı, dost olduğu bərbərə pis heç nə deyə bilmir. Çıxıb hirslənir, əsəbiləşir. Ağlında da belə bir hekayə var. Gəlir oturur kompüterin qabağında. Əsəbidir. Özünü sıxır. Bütün bəşəriyyətə nifrət edir. Gücənir, gücənir və ortaya bu hekayə çıxır. Həmin gərgin psixoloji vəziyyətdə heç redaktə də etmədən birbaşa atır sayta.
Bu hekayə deyil. Tullantıdır. Konkret desəm, yemiş qabığıdır. Təbii ki, Varis bəy kainatdakı ən zibil şeyi yazmaqda da azaddır. Biz ona müdaxilə edə bilmərik. Amma onun zibil yazdığını və standartlarının nə qədər aşağı olduğunu göstərə və sübut edə bilərik.
Vüqar Van







