Təsadüfdür, zərurətdir, ya nədir, son günlər LGBT+ mövzusu yaşadığım Norveçdə də gündəmə gəldi. Özü də, təsadüfə bax, siyasətçilərin LGBT+-a münasibəti ilə bağlı. Yox, heç bir siyasətçi heç bir LGBT+ fərdini söyməyib, şəxsi həyatına qarışmayıb, qapalı iclasda ələ salmayıb. Məsələ bir az başqa olub.
Son günlər Norveçdə mətbuatda çıxan yazılardan bəzilərində fikir liderləri hakimiyyəti ittiham edir ki, onlar karantin dövründəki çıxışlarında ancaq qadın və kişilərin hüquqlarından danışıblar. Bununla da, karantin zamanı bütün günü evdə oturan məktəblilərə cinslərin ancaq qadın və kişilərdən ibarət olduğu təlqin edilib. Çünki ölkə əhalisinə müraciətlə danışan heç bir hakimiyyət nümayəndəsi LGBT+ fərdlərindən danışmayıb, cinslərdən danışanda ancaq “qadın” və “kişi” deyərək, digər cinsləri görməzdən gəlib. Bununla da, siyasətçilər uşaqlara pis nümumə olub.
Bu söhbətdən belə çıxa bilər ki, Norveçdə LGBT+ ilə bağlı hər şey əladır, heç bir problem yoxdur, Norveç cəmiyyəti bu məsələni həll edib. Yox. Əsla. Norveçdə hələ də homofobiya var, kvir fərdlərin sıxışdırılması və digər problemlər var. Xüsusən, yaşlı və dindar kəsimdən öz kvir uşaqlarına qarşı mobbinq edən valideynlər hələ də var, homoseksuallardan elələri var ki, hələ də öz orientasiyasını ən azından ailəsindən gizlədir və s.
Amma bütün bunlara qarşı böyük bir mübarizə sistemi də var. Hüquqi müstəvidə LGBT+ fərdlərin demək olar ki, heç bir problemi qalmayıb. Eyni zamanda, kvir fərdlərin, eynicinsli nigahda olanların uşaq övladlığa götürməsinə heç bir problem yaradılmır və bu təkcə kağız üzərində deyil, reallıqda da belədir. Ölkədə gələn mühacirlərə kvir haqları barədə geniş məlumat verilir, xüsusilə ölkələrində homofobiya dərəcəsi yüksək olan mühacirlərə müxtəlif təlimlərdə kvir fərdlərlə bağlı korrekt danışmaq öyrədilir.
Amma ən böyük və ciddi iş təbii ki, təhsil sistemində aparılır.
Ümumiyyətlə, cinslərlə bağlı stereotiplərdən uzaqlaşmaqla yanaşı, kvir mövzusu ilə uşaqların tanışlığı lap bağçadan başlayır. Bir-iki il əvvəl fərqinə vardıq ki, oğlumun bağçasında uşaqların oynadığı zalın mərkəzinə müxtəlif paltarlar, aksesuarlar və bəzək əşyaları da qoyulur. Və dəfələrlə vurğulanır ki, uşaqlar cinslərindən asılı olmayaraq, bu əşyaların hansından xoşu gəlirsə, geyinə, istifadə edə bilər. Mən bir neçə dəfə həmin bağçada iki oğlanın daima don geyindiyini və aksesuarlar taxdığını gördüm. Amma məni təəccübləndirən bu oldu ki, heç bir uşaq bu iki oğlana onlar nəsə qəribə bir şey edibmiş kimi baxmırdı. Heç bir uşaq ya tərbiyəçilər onlara “bu, qız paltarıdır” demir, uşaqları stereotiplərlə sərhədləmirdilər. Don geyinmiş iki oğlan öz yaşıdları ilə rahat oynayırdılar.
Belə baxanda xırda bir şey kimi görünən bu məsələ, əslində daha dərindir. Uşaqlar bağça yaşından qeyri-stereotipik düşünməyi öyrənir. “Başqa cür görünənlər” onlar üçün adiləşir, normal görüntü, normal davranış kimi qəbul edilir.
Bu münasibət evlərdə də davam edir. Gənc valideynlər homoseksual dostlarını, eynicinsli nikahda olan tanışlarını uşaqları ilə tanış edir, uşaq yaşdan onları bunun bir norma olduğuna alışdırırlar.
Homofobiya indi Norveçdə zaman məsələsidir. Uzaqbaşı bir nəsildən sonra kvirlər heç kim tərəfindən nəsə qəribə bir şey kimi qəbul edilməyəcək.
Mətbuatın, fikir liderlərinin hakimiyyət nümayəndələrinə kvirlərlə bağlı iqnor məsələsində ittihamları göstərir ki, cəmiyyət bu mövzuda nə qədər həssasdır və hakimiyyət nə qədər bu məsələdə sıxışdırılır.
Amma bu o deməkdirmi ki, Norveç küçələrində kvir fərdləri baş alıb gedir? Qətiyyən. Statistika göstərir ki, LQBT+ hüquqları yüksək səviyyədə qorunan ölkələrdə belə fərdləri sayı elə təqribən eyni səviyyədədir.
2020-ci ildə insanı cinsi orientasiyasına görə müzakirə, mühakimə etmək mağara təfəkkürüdür, luzer dünya görüşüdür.
Əslində, məlum və gerçək üzdəniraqlar toplantısında səsləndirilən fikirlərə cəmiyyətin reaksiyası da göstərdi ki, hətta Azərbaycan kimi mühafizəkar cəmiyyət üçün də bu, belədir.