Frensis Fukuyama, Berlin divarı yıxılandan sonra dərc olunan bir məqaləsində iki sistemin qarşıdurmasının bazar və demokratiyanın qələbəsi ilə başa çatdığını iddia etmişdi. Lakin çox tezliklə üfüqdə ilk buludlar peyda oldu.
Əvvəlcə hələ yaxın vaxtlara qədər sosializmin qurulduğu Yaxın Şərqdə və Afrikada qəflətən güclü islamçı hərəkatlar meydana çıxdı; sonra Latın Amerikasında seçkilər oldu – artıq SSRİ tərəfindən heç bir subsidiya verilmirdi – və uqo çaveslər, evo moraleslər qalib gəlməyə başladılar; sonra Baltikyanı ölkələr və Ukraynadan başqa bütün MDB respublikaları demokratiyadan uzaqlaşdı. Amma ən böyük problem solçular Böyük Qərbin KİV-lərində, universitetlərində və seçki mühitində dominantlığı ələ alanda başladı.
Böyük Qərb bu problemlə bir dəfə 1930-cu illərdə – sol düşüncə sahiblərinin sovet təcrübəsinə valeh olduqları dövrdə üzləşmişdi.
Böyük Qərb bu problemi 1968-ci ildə – tələbə qiyamları dövründə də görmüşdü. Onda müharibədən sonra yaranan, o vaxta qədər görülməmiş azadlıq və firavanlıq şəraitində yetişmiş ilk nəsil birdən-birə həmin burjua azadlığının əslində köləlik olduğunu deyərək ona qarşı çıxmışdı. O qiyamçıların nə istədiklərini söyləmək çətindir, çünki qiyamın kökləri siyasətdə yox, fiziologiyada gizlənirdi.
1960-cı illərin qiyamları tipik “gənclik köpükləri”, təminatlı, qarnıtox övladların öz atalarına qarşı üsyanları, bu üsyanların əsas cəhəti isə infantillik idi. Bunu tələbələrin əbədi uşaq qalmaq haqqı uğrunda qiyamı adlandırmaq asan olar. Və elə həmin 1968-ci illərin qiyamçılar nəsli böyüyüb universitetlərə gəldilər və orda sol atmosfer yaratmağa başladılar.
Hərçənd 1991-ci ilə qədər qeyri-rasional solçu narrativlər adi sağqalma məsələsi ilə üz-üzə qalmışdılar. Əgər 1980-ci ildə Qərb sülh uğrunda mübarizə aparanların bütün tələblərini yerinə yetirsəydi, SSRİ o mübarizləri bir anda yer üzündən silərdi. Amma düşmən yoxa çıxanda konvergensiya (uyğunlaşma) prosesi vüsət aldı, ağlasığmaz bir sürətlə Böyük Qərbin niyə pis olduğu ilə bağlı bir neçə yeni narrativ meydana çıxdı və inkişaf etməyə başladı.
______________ ______________ ____________
BÖYÜK QƏRB NİYƏ PİSDİR?
Qlobal istiləşmə haqqında narrativ
Bu narrativ kapitalistlərin Yer kürəsini sözün hərfi mənasında məhv etdiyini deyir. Əgər Marks kapitalistlərin izafi dəyəri aldıqlarını söyləyirdisə, indi narrativ onların CO2 istehsal edərək planeti öldürdüklərini bəyan edir. Bürokratlar, İPCC-nin 1990-cı il üzrə hesabatının ilkin mətnindən alimlərin iqlim dəyişikliklərinin nədən asılı olduğunu bilmədiyimizlə bağlı tezisini çıxararaq, bundan sonra iqlimin CO2-dən asılı olduğunu yazdılar və bunu barəsində elmi konsensus olan həqiqət elan etdilər. Bu, elmi kommunizmin mövcudluğu ilə bağlı SSRİ-də mövcud olan tezis qədər sarsılmaz bir konsensus idi.
Artıq bu konsensusa şübhə ilə yanaşan heç bir iqlimşünas qrant gözləyə bilməzdi, o, təqiblərə, şər-böhtana məhkum idi. Qlobal istiləşmə ilə mübarizə aparanlar öz məqsədlərini gizlətmirdilər.
“Qlobal istiləşmə elmi başdan-ayağa saxta ola bilər, amma bu, vacib deyil, – hələ 1998-ci ildə Kanadanın ekologiya naziri Kristin Stüart demişdi. – İqlim dəyişiklikləri bizə dünyaya ədalət və bərabərlik gətirmək kimi nəhəng bir fürsət verir”.
Antimüstəmləkəçi narrativ
Əslində, antimüstəmləkəçi narrativi 1927-ci ildə Brüsseldə keçirilən ilk antimüstəmləkəçi konqressin təşkilatçısı, baş qırmızı təbliğatçı Villi Myünsenberq tapıb. Sözügedən narrativə əsasən, qorxunc qərb sivilizasiyası Yaxın Şərqin, Afrikanın, Cənubi Amerikanın və s. gözəl, özünəməxsus sivilizasiyalarını mənimsəyərək məhv edib.
“Ağ irq, bəşəriyyət tarxinin xərçəngidir, – Syüzen Zontaq öz essesində yazırdı. – Bu irq, onun ideologiyası, ixtiraları yayıldığı hər yerdə avtonom sivilizisayaları məhv edib, planetin ekoloji balansını məhz ağ irq pozub və indi həyatın özünü təhlükə altında qoyub”.
Üstəlik, “müstəmləkəçilik” sözü yalnız ağ irqə aid edilir. Əgər müstəmləkəçiliklə mübarizə aparanlara inansaq, əvvəlki sivilizasiyaların heç biri işğallarla məşğul olmayıbmış. Qədim Şərqin bütün şəhərlərində – Troyadan Xatsora qədər – aparılan soyqırımı, Əfqanıstan və İraqın monqollar tərəfindən işğalı müstəmləkəçilik deyilmiş. Təkcə texnologiya və tərəqqinin yayılması müstəmləkəçilik hesab olunur.
Ancaq yeni solçulardan heç biri özünə sadə bir sualı vermir: Yaxın Şərq öz dövründə Roma imperiyasının ən zəngin, ən mədəni və ən çiçəklənən hissəsi idi; ərəblərin işğalından sonra (solçulara görə, bu, müstəmləkələşdirmə hesab olunmur) onun iqtisadiyyatı və ekologiyası çökdü, Liviya imperiyanın taxıl anbarından səhraya, Efes kimi liman şəhərləri xarabalığa çevrildi. İmperiyanın o çiçəklənən hissəsinin başına nə gəldi, o, niyə Avropadan geri qaldı? Necə oldu ki, Avropa Yaxın Şərqi müstəmləkəyə çevirdi, niyə bunun əksi baş vermədi?
Bu sualı şərqli maarifçilər də özlərinə verirdilər. Bu sualı Atatürk də özünə verirdi. Ancaq yeni solçular üçün bu sual mövcud deyil. Onların düşüncəsində istənilən tarixi luzer qurban, istənilən qalib isə cinayətkar kimi qəbul olunur.
Feminist narrativ
Feminist narrativ deyir ki, ağ seksist kişilər qadınlara zülm edirlər. Əslində, texnoloji tərəqqiyə qədərki bütün cəmiyyətlər kimi qərb mədəniyyəti də, həqiqətən, patriarxal olub. Lakin hətta ən qaranlıq dövrlərdə – orta əsrlərdə belə, Qərb monoqamiyaya inanırdı, onun elitasının isə Gözəl Xanım kultu vardı. Hətta o zamanlar belə, Qərbdə qadınların vəziyyəti erkəyin qadın üzərində total hökmranlığının hakim olduğu, hüquqi baxımdan qadını kişinin yarısı qədər görən şəriət qanunlarıyla idarə olunan müsəlman ölkələrindəki qadınların vəziyyətindən daha yaxşı idi. Nəhayət, Qərbdə heç vaxt nə poliqamiya, nə də qadın sünnəti olmayıb. Ancaq islamda qadın hüquqlarından söz düşəndə feminizmin qızğın tərəfdarları səslərini kəsirlər. Bu mühitdə islamda qadınların hüquqlarından danışmaq ədəbsizlik, islamofobiya və müstəmləkəçiliyin qalığı hesab olunur.
______________ ______________ ____________
KÖLƏLİK ƏLEYHİNƏ NARRATİV
İlk baxışda bu, tamamilə maarifçilik ənənənlərinə xas bir narrativdir. Çünki bəşəriyyətə məlum olan, demək olar, bütün mədəniyyətlərdə kölələr olub və yalnız Böyük Qərb köləlikdən imtina eləyib. Vaxtilə amerikalı ictimai xadim, yazıçı Ayan Hirsi Əlinin də qeyd etdiyi kimi, ABŞ – Yer üzündə yeganə ölkədir ki, köləliyi yasaqlamaqdan ötrü vuruşub. Böyük Britaniyada köləlik 1833-cü ildə qadağan olunub. Odur ki, rasizm əleyhinə mübarizə aparan yeni nəslin Uilyam Uilberforsun və Avraam Linkolnun iziylə getdiklərini güman edə bilərdik. Əfsus ki, bu yeni narrativ abolisionistlərin narrativindən xeyli fərrqlənir. Birinciyə əsasən, istənilən ağ adam – hətta köləlikdən imtina etsə, ya da onun ləğvi üçün döyüşmüş olsa belə – rasistdir. Ağların irqçiliyi ilkin günah kimi əbədidir. Yəhudilər İsanın çarmıxa çəkilməsində necə günahkardılarsa, ağlar da öz rasizmlərində ömürlük günahkardılar. Bibliyanın tanrısı təqsirkarları dördüncü arxa-dönənlərinə qədər cəzalandırırdı, amma sözügedən narrativin müəllifləri ağları mininci arxa-dönənlərinə qədər cəzalandırırlar.
Hər bir ağ adam sistemiçi rasist və ağ imtiyazların daşıyıcısı sayılır. “Rasist olduğunu inkar edən ağ adam sadəcə inkarçılıq vəziyyətində olur”, – professor DiAncelo “Ağ kövrəklik” əsərində izah edirdi.
Bu, absurd bir narrativdir. Belə ki, ABŞ-da 4,2 milyona yaxın qaradərili mühacir yaşayır. Onlar qaradərili əhalinin, təxminən, 9%-ni təşkil edirlər. Məsələn, hazırda ABŞ-da məskən salmış etnik qruplar arasında ən uğurlusu nigeriyalılardır. Bütün ABŞ üzrə orta hesabla götürülən 1%-lə müqayisədə, nigeriyalıların 4%-i Ph.D-ə malikdir. Nigeriyalı bir ailənin orta gəliri ildə 62,3 min dollar təşkil edir (bu, ABŞ üzrə orta hesabla 57,6 min dollardır).
Qaradərili nigeriyalıların kütləvi rasizm ölkəsinə niyə gəldikləri, üstəlik ABŞ-da ağlasığmaz uğurlara necə nail olduqları qətiyyən aydın deyil. Digər tərəfdən, biz qaradərili əhalinin islaholunmaz rasist ABŞ-dan ağ rasistlərin olmadığı CAR-a, Nigeriyaya, ya da Zimbabveyə kütləvi mühacirəti barədə də eşitmirik.
Bu absurd narrativ solların qərb sivilizasiyasının yeni mənzərəsini – rasist, seksist, təbiəti və digər daha ləyaqətli mədəniyyətləri məhv edən – yaratmasına kömək edir.
Sadalanan narrativlərin absurdluğu onların məqsədyönlülüyü qarşısında sönük qalır.
… VƏ ANTİSEMİT NARRATİV
Təbii ki, bu narrativlər arasında antisemitizm və İsrailə qarşı kəskin nifrət ayrıca yer tutur. Sözügedən narrativə əsasən, İsrail ərazisindəki bütün yəhudiləri qırmağı arzulayan orta əsr terrorçuları israilli təcavüzkarın qurbanları olublar. Yəhudilərin, özlərinin məhv edilməsi ilə razılaşmamaları isə qanlı aqressiyadan və kompromisə getmək bacarığının yoxluğundan xəbər verir.
Bu narrativin əsas təkanverici qüvvəsi fələstinlilər üçün pul toplayan “sülhməramlı” insanlardan ibarət böyük bir korpusdur. Əgər siz pul toplayırsınızsa, bunu totalitar sekta üçün etdiyinizi özünüzə belə etiraf edə bilməzsiniz! Özünüz daxil hamıya pulu qurbanlar üçün topladığınızı söyləməlisiniz. Yüksək texnologiyalara, tibbə və demokratiyaya sahib olan İsraildən ötrü pul toplamağa ehtiyac yoxdur.
Hazırda bu hərəkatlar öz kulminasiyalarına çatıblar.
Əlbəttə, ABŞ-da baş verən hər şeyi yaxınlaşan seçkilərin ayağına yazmaq son dərəcə cəzbedicidir, amma əfsus ki, burda söhbət daha böyük sistem dönüşündən gedir. Daha doğrusu, sol inqilabından və infantil sosializm quruculuğunun başlanmasından. Bu – humanizm maskası altında təqdim olunan yeni totalitarizmdir. Yoxsulların və fərsizlərin haqları uğrunda aparılan bu mübarizə bir nəfər də uğurlu və varlı insan qoymayacaq.
BELƏ İNQİLAB ÜÇÜN NƏ LAZIMDIR?
İnfantil elita
Hər şeydən əvvəl özünü uzaqlaşdırılmış hiss eləyən elita lazımdır. Heç bir inqilab elitanın dəstəyi olmadan baş vermir. Onsuz yalnız qiyamlar ola bilər.
Hazırda ABŞ-da belə elitanın kifayət qədər nümayəndəsi var. Bura həm sol professura, həm demokratik partiyanın sol qanadı və KİV-in böyük hissəsi, həm də, təbii ki, milleniallar daxildir.
Böyük Qərbin millenialları çox maraqlı bir fenomendir. Bir tərəfdən, bu insanlar bəşər tarixindəki ən azad və inkişaf etmiş ölkədə yaşayırlar. Onlar üçün uşaqlıqdan elə imkanlar verilib ki, hələ 30 il əvvəl onların yalnız xəyalını qurmaq mümkün idi. Biz 15-20 yaşında milyonçu olan insanlar tanıyırıq. Mənim tanışlarım tez-tez fəxrlə deyirlər ki, oğulları universiteti bitirəndən sonra “başlanğıc üçün ildə 200 min dollar qazanır”.
Amma maraqlı orasıdır ki, bu imkanlardan hər kəs istifadə eləmir. Əksinə, bu qeyri-adi, çiçəklənən, hər kəsə açıq olan cəmiyyətdə millenialın orta əmək haqqı yaşıdı olan bebibumerin analoji məvacibindən 20% aşağıdır.
Millenial daha gec evlənir, daha gec uşaq dünyaya gətirir, daha gec daşınmaz əmlak sahibi olur. ABŞ-da millenialların 58%-nin qənaətləri 5 min dollardan azdır, 21-37 yaşarası millenialların 53%-i pulun bir hissəsini valideynlərindən alırlar. Onların 37%-i isə hər ay bu şəkildə pul alır.
Millenialların borclarının həcmi çox böyükdür. Gənc ailələrin 81%-nin ümumi borcu 2 trilyon dollar həcmindədir. Bu məbləğin 1,5 trilyon dolları təhsil borclarının payına düşür, üstəlik, bu xərclərin böyük hissəsi heç vaxt özünü doğrultmayacaq.
Bunun tərcüməsi odur ki, Amerikanın təhsil bazarında 1,5 trilyon dollar həcmində nəhəng və heç nə ilə ödənilməyən bir köpük yaranıb. 1,5 trilyon dollar – substandart ipoteka bazarındakı köpükdən daha böyükdür.
Əgər bir insan gender araşdırmaları sahəsi üzrə mütəxəssis olubsa, bu, o deməkdir ki, onun ixtisası üçün bazar yoxdur. Hətta onun mühəndis diplomu olsa belə, bu, hələ o diplomun təminatı olduğu anlamına gəlmir. Amerikan korporasiyası hinduları, ya da nigeriyalıları işə götürməyə üstünlük verir, çünki onlar iki dəfə ucuz başa gəlir və üç dəfə çox işləyirlər.
Bir mənada ABŞ-da baş verənləri bu anlamsız təhsilə təminat vermək cəhdi kimi də qiymətləndirmək olar.
Gender, irqi və digər araşdırmalar üzrə mütəxəssislər korporasiyalara izah edirlər ki, onların mütləq “ağ kövrəklik” üzrə kursları və diversity (müxtəliflik) üzrə məsləhətçiləri olmalıdır – necə ki, SSRİ də hər zavodun öz partkomu vardı.
Mən artıq professor DiAncelonun hər ağ amerikalının rasist olduğu barədə fikrini dilə gətirdim. Amma professor sadəcə nəzəriyyəçi deyil. Onun kitabı seminar təcrübələri əsasında ərsəyə gəlib. Həmin seminarlarda DiAncelo ağlara öz rasistliklərini dərk və qəbul etməyi öyrədirdi. Professorun dediyinə görə, buna etiraz edən ağlar, hədəfi “rasizmin üzərini örtmək, ağların üstünlüyünü müdafiə etmək və ağ tarazlığı geri qaytarmaq” olan bullinqlə məşğul olurdular. Yox, əgər ağlar peşman olub ağlayırdılarsa, onları əhatə edənlərin qarşısında günahlarını etiraf edirdilərsə, bu da rasizm sayılırdı: ağ adamın qaradərililərin yanında ağlamağa, öz rasistliyinə görə peşman olmağa haqqı yoxdur, çünki onda bütün diqqətlər qara adama yox, ona yönəlir.
Bu – elm dili deyil, destruktiv mədəniyyətin dilidir. Bu mədəniyyətin nümayəndələri get-gedə özlərinin günahkar və miskin olduqları duyğusuna dalırlar, onlara alçaldılma seansları təşkil edən müəllimdən psixoloji baxımdan daha çox asılı olurlar. Bu – maoçu Çində keçirilən ictimai özünücəzalandırma və partiya sıralarının təmizlənməsi senaslarının dilidir. Amma hər şeydən əvvəl bu – qırmızı komissarlıq dərsi almış lümpen intellektualların – müxtəliflik, gender və irq üzrə komissarların bacarıqlarının monetizasiyasıdır. Tezliklə, heç bir amerikan şirkəti – Hollivud studiyalarından tutmuş xırda yoqa salonuna qədər – bu dəyərli mütəxəssislərin xidməti olmadan keçinə bilməyəcək – necə ki Qırmızı ordu siyasi komissarlarsız döyüşə bilmirdi. Abolisionistlər irqləri ləğv etmək istəyirdilər. Bu yeni növ mübarizlər isə irqçiliyə qarşı irqi əbədiləşdirmək istəyirlər.
Başqa sözlərlə, qərbli millenial və solçu hər şeydən əvvəl infantildir. Zəngin və ərköyün körpə üçün valideynlərinin sonsuz güzəştləri nədirsə, yeni dünyanın fantastik imkanları da ona çevrilib. O, bazarı olmayan ixtisas seçir, işdə oturmaq əvəzinə instaqramda oturur. Güldən-gülə pərvaz eləyir, öz dzenini təkmilləşdirir və öz uğursuzluqlarının səbəbi haqqında düşünməyə başlayanda istənilən infantil insan kimi, dərhal özündən başqa hər kəsin- kapitalistlər, təbiəti çirkləndirənlər, Uoll-strit və nəğd pul dünyası – günahkar olduğu qənəatinə gəlir.
Bütün yayı mahnı oxumaqla keçirən cırcırama neynəyəcək? Təbii ki, o, qarışqanı milliləşdirmək istəyəcək!
Əgər qaradərili polis bu ağ komissarlara etiraz etməyə çalışsa, ona necə davranmalı olduğunu başa salacaqlar.
______________ ______________ ____________
YENİDİL
Uğurlu inqilab üçün lazım olan ikinci şey – yenidildir. Hə, bir də dünyanın yeni mənzərəsi.
Təsəvvür eləyin ki, siz məsələn, Efes şəhərində yaşayan dinc əsnafsınız, ilahə Afroditaya çələng aparırsınız, heykəllər düzəldirsiniz. Qəflətən yanınıza bir adam gəlir və sizə deyir ki, bütün elədikləriniz günahdır, bir azdan İsa Məsih gələcək, səni qızıl taxta oturdub əbədi həyat bəxş eləyəcək. Siz də tiyənizi bir kənara tullayırsınız, bütün pullarınızı həmin vaizə verirsiniz və qızıl taxtı gözləməyə başlayırsınız.
Ya da mənim ulu babam kimi doğma Latqalita bataqlıqlarından Piter şəhərinə gəlmisiniz, zavodda işləyirsiniz, toy eləmək, ev almaq üçün pul yığırsınız. Qəflətən bir təşviqatçı yaxınlaşıb deyir ki, sizə iş verən adam əslində sizin izafi dəyərinizi oğurlayır, siz işçi yox, qurbansınız. Və Sizin dünyaya baxışınız 180 dərəcə dəyişir. İndiki vouk-sosializmdə də eyni şey baş verir (ing: woke – “oyanmaq” felinin keçmiş zaman forması. Amerikalı qaradərililərin jarqonundan götürülmüş siyasi termindir, sosial, irqi və cinsəl ədalətlilik məsələlərinə diqqətin artırılması anlamına gəlir).
Müasir Qərbin sakini bilməməzlikdən elə düşünə bilər ki, bəşər tarixində nə vaxtsa mövcud olmuş ən yaxşı dövrdə və ən yaxşı cəmiyyətdə yaşayır. O, həyatın orta davamlılığı orta əsrlərdəki kimi 30 yox, 80-84 il olduğu bir dünyada yaşayır. O, Avropadan ABŞ-a səfərin Kolumbun zamanındakı kimi iki ay yarım yox, 6-8 saat çəkdiyi dünyada yaşayır. O, xəstə ürəyin ölüm hökmü olduğu yox, əməliyyat istədiyi bir dünyada yaşayır. O, vəbanın, suçiçəyin olmadığı, COVİD-in ABŞ-da bütün işləməyən insanlara həftədə 600 dollar ödənilməsinə imkan verdiyi bir dünyada yaşayır.
Müharibə və onun yoldaşları – soyqırımı və köləlik – ən qədim dövrlərdən bəşəriyyətin taleyi olub (bax: Lawrence H. Keely. War Before Civiliziation).
Hətta dinc hesab olunan müasir arxaik qəbilələr (məsələn, Kalaxari buşmenləri) arasında belə, qətllərin səviyyəsi 1960-cı illərin sivil Avropasındakı qətllərin səviyyəsini 20-80 dəfə keçir.
Müharibədən və vəbadan daha pis şey yalnız aclıq olub. Aclıq istənilən dövrdə, hətta inkişaf etmiş cəmiyyətdə belə bəşəriyyət üçün endemik, lokal xarakter daşıyıb. 1692-1694-cü illər arasında Fransada aclıq 2,8 milyon insanı və ya əhalinin 15%-ni məhv edib.
Delhi və Mərkəzi Hindistan 1812 və 1824-cü illərdə, şimal-qərbi əyalətləri isə 1832-1834-cü illərdə aclığa məruz qalıb. Hindistanda aclığın öhdəsindən bazar da daxil olmaqla heç nə gələ bilmirdi, çünki hətta öküzü olan ən zirək alverçi belə, Hindistanın bərbad yollarında öküzlərin yüz mildən çox yol gedə bilməsi üçün lazım olandan artıq qida tapmırdı. O aclığa, ingilis hökumətinə on minlərlə ton taxıl daşımağa imkan verən dəmiryolları son qoymuşdu.
Böyük Qərbdə daha bunların heç biri yoxdur. Noel Yuval Hararinin də kitabında qeyd elədiyi kimi, indi Böyuk Qərbin əsas problemi aclıq yox, piylənmədir. Artıq McDonalds-ı qarət edəcək hunlar yoxdur. Və bu, tərəqqi, elm, individualizm, demokratiya və məsuliyyət sayəsində mümkün olub. Bəşəriyyətin üzərindən asılmış Damokl qılıncı yoxa çıxıb. Onun yerini təyyarələr, kosmik gəmilər, internet, stentlər və insulin, supermarketlər və sosial müavinətlər, robotlar və göydələnlər, akvalanq və “Taxt-tac oyunları” tutub.
Amma yox! Sən demə, bütün bu sivilizasiya Günahdır. Onun ucbatından dünyanın sonu gəlmək üzrədir. Sənayeçilər heç də hamının istifadə elədiyi yeni şeylər yaratmırlar, onlar atmosferi çirkləndirirlər.
Qərb, dünyanın hər yerində daha mükəmməl mədəniyyətləri məhv eləyirdi. İnsan qurbanları verən asteklər, adamyeyən maorilər ona çatmazlar. Ən qorxunc sivilizasiya Qərbdir. Sən demə, Amerikanı da o, kəşf etməyib!
“Afrikalılar, – gənc Nikol Hanna-Cons bizə məlumat verirdi, – Amerikaya Kolumbdan xeyli əvvəl gəliblər… İkisi arasındakı fərq odur ki, afrikalılar əxlaqlı idilər, insan həyatına hörmət edirdilər, yerli amerikalılardan nələrsə öyrənib onlarla texnologiya mübadiləsi aparırdılar. Asteklərin ehramları və olmeklərin nəhəng daş başları bu iki xalqın dostluğuna qoyulmuş əbədi abidələrdir”.
Sən demə, tərəqqi qadını azad eləməyib, əksinə, bütün qadınlar patriarxal ağ erkəklərin əlindən zülm çəkirlər. Və təbii ki, ağ amerikalılar heç vaxt köləliyin ləğv olunması uğrunda döyüşməyiblər. Onlar “ağ imtiyazlarda” və “institusional rasizmdə” günahkardılar.
“Ağ adamlar təbiətən iblis olaraq doğulurlar”, “ağ irq müasir dünyanın ən böyük qatili, təcavüzkarı, soyğunçusu və oğrusudur”.
Biz, bu gələcək utopiyada məktəb dərsliklərinin necə görünəcəyini sadəcə təsəvvür edə bilərik – afrikalılar Amerikanı Kolumbdan əvvəl kəşf eləyəcəklər və öz yüksək texnologiyalarını olmeklərlə bölüşəcəklər, bu gözəl yeni dünyada rasizmin iyrənc qalığı – “söz azadlığı” analayışı harasa yoxa çıxacaq.
Əgər yenidilə tərcümədə “ağ imtiyaz”ın nə olduğunu bilmək istəyirsinizsə, cavab sadədir: Bu – öz şekspirləri və nyutonları, kosmik gəmiləri, interneti və Müstəqillik Deklarasiyası ilə birlikdə bütün qərb sivilizasiyasıdır.
Sizə bir əhvalat danışacağam.
______________ ______________ ____________
ELİZABET FRİMEN
Bu əhvalat 1742-ci ildə Massaçusetsdə kölə kimi dünyaya gəlmiş Elizabet Frimen haqqındadır. O, Eşli ailəsinə məxsus idi. Sahibləri onunla çox pis rəftar edirmişlər. Bir dəfə missis Eşli qızğın xəkəndazla onun qızına hücum edibmiş. Elizabet sahibəsi ilə qızının arasına giribmiş və bədənində ömürlük yara izi qalıbmış. İnqilab başlayıb müstəqillik deklarasiyası qəbul olunanda Elizabet 34 yaşında imiş. Oxumağı bacarmırmış, amma eşidibmiş ki, Deklarasiyada bütün insanların “bərabər, azad olduğunu, bir-birindən asılı olmadığını, öz həyatlarından, azadlıqlarından və əmlaklarından maneəsiz istifadə etmək haqları olduğunu” deyən sətirlər var.
Elizabet Eşlilərin evini tərk edib və Con Adamsın dostu Tomas Secvikdən kömək istəyib. Eşli ailəsi öz əmlakının (köləsinin) geri qaytarılmasını tələb edəndə Secvik və Elizabet Frimen məhkəmədə bəyan ediblər ki, Müstəqillik Deklarasiyasına əsasən, insan sahibi olmaq konstitusiyaya ziddir və beləcə, məhkəmədə qalib gəliblər. Sonralar həmin məhkəmə Massaçusetsdə, ardınca da qalan digər şimal ştatlarında köləliyin yasaqlanmasına əsas verib. Elizabet azad qadın, uğurlu dayə olub, nəvə-nəticələrinin əhatəsində 83 yaşına qədər yaşayıb (onlardan biri də U.E.B. Dyübüa idi).
İndi isə Səudiyyə Ərəbistanına – infantil sosialistlərin radarında olmayan ölkəyə keçək.
Səudiyyə Ərəbistanında köləlik formal olaraq 1962-ci ildə ləğv olunsa da, indi də davam edir, amma bunun çox üzrlü bir səbəbi var: çünki şəriət köləliyə icazə verir. Hətta Səudiyyə diplomatları hərdən kölə qadınlarını özləriylə Londona da gətirirlər. Mən “kölə qadın” sözünü metafora kimi istifadə eləmədim. Əslində, Sudanda doğulmuş kölə Mende Nazerin əhvalatını nəzərdə tuturam. Ərəb qul tacirləri 1994-cü ildə onun kəndinə basqın ediblər, böyükləri öldürüblər, uşaqları isə qul kimi satıblar. Mende Nazer də istisna olmayıb. Ümumiyyətlə, 1983-2005-ci illər arasında Sudanda 200 minə yaxın insan tutularaq qula çevrilib. Onların böyük əksəriyyəti dinka, nuer və nuba xalqlarından nümayəndələridir və rəsmən elan olunmuş cihad zamanı ərəblər tərəfindən əsir götürülərək qul çevriliblər. Cihad o qədər uğurlu, qullar da o qədər çox imiş ki, qiymətləri qul başına 50 dollara düşübmüş.
Ərəblər qul ticarəti ilə məşğul olmağa XX əsrdə başlamayıblar. İş ondadır ki, şəriət qanunları yalnız müharibə zamanı və yalnız kafirləri qul eləməyə icazə verir. Afrikanın bütün sahillərindən milyonlarla qul oğurlanıb, onların kəndləri yandırılıb, valideynləri öldürülüb. Basqınların miqyası o qədər böyük imiş ki, bütöv sahilyanı bölgələr boş qalırmış. İslam ölkələri tarixboyu afrikalı qulların ən böyük istehlakçıları olublar və bu hal on üç əsr davam edib, XXI əsrdə də davam edir.
Biz gözləyərdik ki, hətta Nike-ın idman ayaqqabılarında belə, rasizmi üzə çıxartmağı bacaran ayıq-sayıq vouk-komissarlarımız, heç olmazsa, azacıq müasir quldarlığa qarşı da mübarizə aparar, min ildən çox müddətdə Məğrib ölkələrində milyonlarla afrikalının qula çevrilməsini dəstəkləyən şəriət qanunlarını qınayarlar.
Ancaq mən Afrika və Yaxın Şərqdə müasir qul ticarəti əleyhinə etirazları görmürəm. Mənim gördüyüm yalnız ABŞ-da kapitalizm əleyhinə, “ağ imtiyazlar” əleyhinə etirazlardır. Bundan da belə bir qənaətə gəlirəm ki, “ağ imtiyazlar” – Elizabet Frimeni qızğın xəkəndazla döyən missis Eşli deyil, Tomas Secvikdir.
Bu yaxınlarda Vaşinqtondakı afroamerika tarixi muzeyi xarakterin “ağ cəhətlərini” təsvir edən təlimat kitabçası buraxıb. Kitabçada sadalanan cəhətlər arasında individualizm, rasional təfəkkür, səbəb-nəticə əlaqəsini aydınlaşdırmaq qabiliyyəti, gələcəyi planlaşdırmaq və uzunmüddətli hədəflər naminə ani istəkləri təxirə salmaq bacarığı da var.
Doğrudan, cənablar? Siz, həqiqətən, individualizmi və elmi metodu ləğv etmək istəyirsiniz? Bu necə əcaib, tərs rasizmdir ki, digər irqlərə gələcəyi planlamaq, uğurlara və uğursuzluqlara görə məsuliyyət daşımaq bacarığını qadağan edir?
Rasizm əleyhinə mübarizlərin buraxdığı bu təlimat kitabçasının “ağ adama” yox, yetkin insana xas cəhətləri sadaladığını görmək çətin deyil. Bu kitabçanın nöqteyi-nəzərindən baxanda 11 yaşından biotiblə məşğul olan nigeriya mənşəli amerikalı qadın “ağ adamdır”, otuz yaşında valideynlərinin puluyla yaşayan fərsiz WASP isə “qaradır”.
“Ağ imtiyazlar”, həqiqətən, mövcud olub və XIX əsrdə böyük imtiyaz sayılırdı – ABŞ-ın harasındasa ağ adam və kişi olmaq hansısa türk hərəmində qadın olmaqdan daha yaxşı perspektiv idi.
Eyni şəkildə indi də amerikalı olmaq imtiyaz sayılır. Amma imtiyazları ləğv eləmirlər, onları yayırlar. Böyük Azadlıqlar Xartiyası baronlar üçün imtiyaz idi. Onu ləğv etsəydilər, İngiltərə Çinə çevrilərdi.
İndividualizm, rasional düşüncə və müstəqillik, həqiqətən, XIX əsrdə yaşayan ağ kişinin imtiyazları idi. Amma qadınlar öz hüquqlarını individualizmin və kişilərin müstəqilliyinin ləğv olması sayəsində qazanmayıblar, özləri müstəqil olduqları üçün qazanıblar. Gözəl iqtisadçı və mütəfəkkir Tomas Souellin də (yeri gəlmişkən, qaradərilidir) “Diskriminasiya və Bərabərsizlik”( “Discrimination and Disparities”) əsərində qeyd etdiyi kimi, nə vaxtsa mövcud olmuş insan cəmiyyətlərinin heç birində, o cümlədən ABŞ-da individual iqtisadi mənfəətlər heç vaxt individual imtiyazlara tam uyğun şəkildə paylaşılmayıb. Problem ondadır ki, bu ədalətsiz cəmiyyətin mənfi cəhətləri infantil sosialistlərin qurmaq istədikləri utopiyanın mənfiliklərindən daha azdır.
Bu məsələdə biz ruslara inana bilərsiziniz. Biz ekspertik, həmin utopiyada yaşamışıq.
İCTİMAİ FƏALLAR
İnqilabın uğurlu alınması üçün vacib olan üçüncü şey – cəmiyyətə sağlam düşüncə nöqteyi-nəzərindən absurd olan, amma özlərinin fəal statusunu möhkəmləndirən dözümsüz ictimai fəallardır.
İnsanlar ağlabatan şeylərin ətrafında nadir hallarda birləşirlər. İnsanlar daha çox destruktiv memlərin ətrafında birləşməyi seçirlər. “Səma mavidir” desəniz, ətrafınızda ardıcıllardan ibarət sekta qura bilməyəcəksiniz. Amma “səma sarıdır və əksini deyən hər kəs rasistdir” desəniz, çox gözəl şansınız olacaq.
“Polisi vəsaitdən məhrum etmək” (defund the police) və “polisləri buraxmaq” (cancel the police), ya da konqressə təqdim olunmuş, federal həbsxanaların qapadılmasını və narkomanlarla fahişələrə təzminat ödənilməsini tələb edən “BREATH Act” bu cür destruktiv memlərin tipik örnəkləridir.
Sağlam düşüncə nöqteyi-nəzərindən, yuxarıda sadalanan tələblər absurddur. Əgər daxili şəhərlərin, gənclərin 25%-nin kriminal təcrübəyə malik olduğu qara məhəllələrindən polisi yığışdırsan, bu məhəllələrdə hakimiyyət quldur dəstələrin əlində olacaq. Bu isə insanların vəziyyətini qətiyyən yaxşılaşdırmayacaq. Polis pis işləyirsə (məsələn, Rusiyadakı kimi), onu ləğv etmək yox, islahat aparmaq lazımdır. Gürcüstanda polis çox pis idi, amma Saakaşvili onu ləğv etmədi, islah etdi. Əgər o, polisi ləğv etsəydi, Gürcüstan oğruların idarəsinə keçərdi.
Polisin ləğv olunması tələbi sağlam düşüncəyə əsaslanmır. O, infantil psixikaya appelyasiya edir – heç vaxt öz əməllərinə görə məsuliyyəti üzərinə götürməyən, onu hər zaman başqalarına yükləyən insan psixikasına. Bu tələbin nöqteyi-nəzərindən, Mayklın balaca köşkü qarət etməsində hər kəs – mühit, cəmiyyət, müəllimlər və onu həbs edən polislər – günahkardılar. Bircə adamın heç bir təqsiri yoxdur – o da Mayklın özüdür. O – qurbandır, polislər – cinayətkar.
Digər tərəfdən bu tələb onu irəli sürən təşkilata öz liderlik mövqeyini möhkəmləndirmək imkanı verir.
ABŞ-da müasir qaradərili icmanın üç ən vacib cəhətləri bunlardır: atasız böyüyən uşaqların yüksək nisbəti -75% (1965-ci ildə velfer sistemi peyda olana qədər bu nisbət 25% idi); velfer hesabına yaşayan insanların yüksək nisbəti – 41%; sərbəst oxumağı bacaran insanların nisbətinin aşağı olması – səkkizinci siniflərin 18%-i. Sonuncunun səbəbi daxili şəhərlərin özünəməxsus mədəniyyəti ilə əlaqəlidir. Belə ki, onlarda şagirdlər məktəblərdə tez-tez nəinki “ağ elmləri” öyrənməkdən imtina edirlər, bunu etmək istəyənlərə də imkan vermirlər.
Əgər qara məhəllələrə quldurlar tərəfindən nəzarət olunsa, sadalanan cəhətlərin hamısı güclənəcək. Qaradərililərin karyera imkanları azalacaq, irqi bərabərsizlik – artacaq.
“Ağ elmlər” öyrədilmiş sosial qruplarla quldur dəstələri tərəfindən idarə olunan sosial qruplar arasındakı münasibətlər yəhudilərlə fələstinlilərin münasibətinə bənzəyəcək, eyni zamanda BLM (Black Lives Matter) də HAMAS-ın yerini tutacaq.
Bu baş-ayaq olmuş dünyada cinayət törədənlər – qurban, onlara mane olmağa çalışanlar isə – cinayətkardılar.
Bu mövqe o qədər böyük ağılsızlıqdır ki, Tomas Souellin sözlərini dəyişsək, ona inanmaq üçün intellektual olmaq lazımdır. Ki, zatən ona inanan yoxdur.
Güclü təbliğat aparılmasına baxmayaraq, polisin maliyyədən məhrum edilməsini əhalinin yalnız 29%-i dəstəkləyir. Amerikalıların 70%-i BLM-in irqi münasibətləri yaxşılaşdırdığını düşünmür.
İngilislərin üçdə ikisi diz çökməkdən imtina eləmiş baş nazir Consonu dəstəkləyir. Amma bu yeni ortodoksiyanın əleyhinə olanların səsləri eşidilmir. Köhnə “irqçi” söz azadlığı konsepsiyasını əvəz eləmiş yeni totalitar politkorrektə əsasən, söz azadlığı yalnız doqmaya inananlara verilir. Sözügedən doqma isə bütün ortodoksiya kimi, partiyanın xətti ilə birlikdə dalğalanır, dünən meynstrim olan şey bu gün qorxunc küfrə çevrilir.
Kolin Kapernik ayıqlıq göstərərək, Nike-ın idman ayaqqabılarında təsvir olunan Betsi Ross bayrağındakı irqiçiliyi üzə çıxarıb. Soğruların nəticələrinə görə, əhalinin cəmi 3%-i onunla razılaşır. Amma Kopernikin ayıq-sayıq donosu Nike-ın məhsulu geri çağırmasına kifayət eləyir. Ardınca dərhal MSNBС kanalında professor Daysonun deyir ki, amerikalıların altında öz müstəqillikləri uğrunda döyüşdükləri bayraq – nasist svastikası və ku-kluks-klanın yanar xaçının analoqudur.
Respondentlərin 71%-i öz baxışlarının ifadəsi kimi “Bütün həyatlar əhəmiyyətlidir” şüarını seçirlər və yalnız 29% “qara həyatlar əhəmiyyətlidir”ə üstünlük verir. Buna rəğmən, yeni hunveybinlərin (“qrımızı keşikçilər”, “qırmızı qvardiyaçılar”; 1966-1967-ci illərdə Çində yaradılmış tələbə və gənclərdən ibarət dəstələrin adıdır) təzyiqi altında üzərində “Bütün həyatlar əhəmiyyətlidir” yazılmış idman köynəkləri Wallmartlarda satışdan çıxarılır.
Firavan Amerikada fiziki zorakılığa ehtiyac yoxdur, pul kisəsi ilə hədələmək kifayətdir.
Birinci düzəlişdə qeyd olunmuş söz azadlığı anlayışı artıq havaya çevrilib. Amerikalıların 62%-i öz siyasi baxışlarını açıq şəkildə ifadə etməkdən çəkinir. Onların 49%-i afroamerikalılardır.
“Corc Floydun ölümünün intiqamı qismində polisi maliyyədən məhrum etmək” kampaniyası totalitar humanizm adlandırdığımız şeyin klassik nümunəsidir. Lap bu yaxınlarda Rusiyada da bənzər kampaniya olmuşdu: mən Dima Yakovlevin ölümü və “əclaflıq qanunu” ucbatından rus uşaqlarının amerikalılar tərəfindən övladlığa götürülməsinin yasaqlanması uğrunda aparılan kampaniyanı nəzərdə tuturam.
Bu kampaniya da tamailə real bir fakt üzərində qurulmuşdu: Qəyyum ata balaca, məsum körpəni avtomobilin arxa oturacağında qoyub boğulmasına səbəb olmuşdu. Fakt gerçəkdir, amma kampaniyanın özü dəhşətli yalan idi. Çünki Dima Yakovlev hadisəsi səciyyəvi deyildi, amerikalılar övladlığa götürdükləri uşaqları mütəmadi olaraq öldürmürlər. Tamamilə tərsinə, onlar həmin uşaqları tərbiyə edirlər, onlara Rusiyada heç vaxt ala bilməyəcəkləri təhsil və sevgi verirlər. “Əclaflıq qanunu” uşaqları xilas eləyən yox, öldürən qanun idi.
O kampaniya bir də ona görə yalan idi ki, onun təşkilatçıları tamamilə başqa məqsədlər güdürdülər. Uşaqlar onları, ümumiyyətlə, maraqlandırmırdı. Onlar “Maqnitski siyahısı”nıı qisasını almaq istəyirdilər.
BLM-in tələbləri ilə bağlı da tamamilə eyni şey baş verir. BLM – təsisçilərinin özlərini açıq-aşkar “marksist təçkilatçılar” adlandırdıqları və öz saytlarında məqsədlərini təsvir edərkən kapitalizmin və nuklear ailələrin ləğvi yazan təşkilatlardır.
Corc Floydun ölümü də səciyyəvi hal deyil. Qaradərili cinayətkarın həbs zamanı öldürülmək şansı ağdərili cinayətkarın eyni situasiyadakı şansından, demək olar, iki dəfə azdır. Və bu şans daima azalır (son altı il ərzində 26,6%). Obamanın ikinci müddəti ilə müqayisədə Trampın prezidentliyi dövründə polis əməkdaşının qaradərili cinayətkar tərəfindən güllələnmək şansı 18% artıb.
Yuxarıda sadaladığımız bütün digər nümunələr kimi bu şüar da məntiqə yox, insan xarakterinin infantil cəhətlərinə, yetkin insana yox, uşağa appelyasiya edir.
İnsan öldürülüb! Buna mübahisələndirməyə cəsarət edən hər kəs rasistdir!
Bütün o fəallar və təşkilatlar fələstinli terrorçular üçün uğurlu olan alqoritm üzrə fəaliyyət göstərirlər. Onların hamısı – özünü qurban kimi qələmə verən aqressorlardır. Onların hamısı hədəfi cəmiyyəti parçalamaq olan ağılsız və gülməli ittihamlar irəli sürürlər. Onların hamısı özlərini təməllərə qarşı çıxan cəsur etirazçılar kimi təqdim edirlər, amma maraqlı orasıdır ki, onların real statusları hunveybinlərin statusuna daha yaxındır.
Hansısa xoşbəxt təsadüfdən, BLM-ə dəstək xarakteri daşıyan etirazlar və talanlar sol merlərin talançıları müdafiə etdikləri şəhərlərdə olurdu. Sol mətbuat isə onlardan qəhrəmanlar kimi bəhs edirdi. Biz də o talanlarla bağlı aşağıdakıları eşidirdik: birinci, belə şeylər yoxdur; ikinci, onları etirazları diskreditasiya etmək istəyən ağ suprematistlər təşkil edir; üçüncü, baş verənlər federalların zorakılığına qarşı haqlı cavabdır. Elə təəssürat yaranır ki, sol amerikan KİV-lərinin jurnalistləri Rusiya DİN-də təcrübə keçiblər.
Heç bilirsiniz, AP bu yaxınlarda nümayişçilərin məhkəməni yandırmasını, polis idarəsinə hücumu necə təsvir eləmişdi? “Peaceful demonstration intensified” – “Dinc nümayiş intensiv hal aldı”. Heyrətdən Medinski və onun “Litva, Latviya və Estoniya korporasiyası”nın gözləri bərəlib.
İnfantil sosialistlərin vacib cəhətlərindən biri odur ki, onlar həmişə hər şeyi yalnız başqalarından tələb edirlər. Günahkar həmişə başqalarıdır, digərləri – rasistlər, ətraf mühiti çirkləndirənlər və patriarxal ağ erkəklərdir. Onlar təzminat ödəməlidilər. Gözəl yeni vouk-sosializm dünyası başqalarının hesabına qurulmalıdı. Yəhudilər dünyanın ən çox zülmə məruz qalan xalqı olublar. Onları Vəbanın, suçiçəyinin yayılmasında ittiham ediblər. Hitler 6 milyon yəhudini qaz sobalarında yandırıb. Amma yəhudilər II Dünya Müharibəsindən sonra polisin ləğv olunmasını tələb etməmişdilər. Onlar sadəcə xahiş etmişdilər ki, özlərinə aid, öz istədiklərini qura biləcəkləri əraziləri olsun.
İlk baxışda infantil sosialistlər də eyni şeyi tələb edə bilərdilər: çirkli energetikanın, polisin və irqçiliyin ləğvi ilə bağlı bütün ideyalarını reallaşdıra biləcəkləri, yalnız onlara məxsus olan bir ərazi. Onsuz da əksər amerikan şəhərləri və ştatları onların həmfikirlərinin əlindədir. Amma bunun əvəzinə onların tələbləri hər zaman total xarakter daşıyır.
Dünya Qərbin infantilliyinin bədəlini çox baha ödəyir. Hələ bu yaxınlara qədər sekulyarizm yolu ilə əmin addımlarla gedən Türkiyə yenidən Osmanlı imperiyasına çevrilir. İraqda, İranda, Əfqanıstanda, Suriyada – 60-cı illərdə qızların qısa donlarda gəzdikləri hər yerdə indi qadınlar hicabda gəzirlər. Niyə də yox? Əgər infantil sosialistlər özləri Qərbin qorxunc tərəqqisi və insan hüquqları ilə Yaxın Şərqə ağır tarixi zərər yetirdiyini deyirsə, onda niyə islamçı fanatiklər bununla razılaşmasınlar?
Misirdə qadınların 97%-i qadın sünnətinə məruz qalıb və bu, infantil feministlərin vecinə də deyil. Çünki misirli, qızın dizinə toxunmaqla onun bütün həyatını məhv eləyən ağ erkək deyil!
Ağ erkəyin əleyhinə mübarizə aparmaq asan və təhlükəsizdir. Başqasının gözündəki tir heç kimi maraqlandırmır – qabaqcıl bəşəriyyətin ən yaxşı güclərin öz gözlərindəki qılla mübarizə aparmaqla məşğuldur.
Tarix təkərrür edir. Rusiyada hakimiyyəti ələ keçirən kommunistlər soyuq müharibədə uduzdular, amma zəngin və infantil Qərbdə yeni şansları yarandı. Bu yeni totalitarizm kapitalizmi köklü sürətdə məhv etməyə can atmır. O, ağır tarixi təcrübədən dərsini alıb və bilir ki, əgər bazar istehsal etməsə, onun paylaşacağı heç nə olmayacaq.
O, bazarda öz yerini almağa can atır. O, yeni hakim partiya, ya da kilsə olmağa can atır. Bütün korporasiyalarda bu kilsənin komissarları olacaq. Sağa doğru atılan bir addım (sola yox) iflasla nəticələnəcək. Velferin (təbii ki, onu yeni kommunist kilsəsi və quldur dəstələri bölüşdürəcəklər) yaratdığı nəhəng getto sosial gərginliyin əbədi mənbəyinə çevriləcək. Gərginlik isə hər dəfə yeni-yeni sədəqələrlə yatırdılacaq.
Sol universitetlərdə sistemin silsilə qurbanları tərəfindən mənimsənilən lazımsız bacarıqlardan ibarət nəhəng şar nəhayət, kifayət qədər real maddi vəsaitlə dolacaq.
Bəs demokratiya? Bu, çox sadədir. Demokratiya – yəni seçkilər anlamında demokratiya (insanın öz fikrinə sahib olmaq haqqı anlamında yox) qalacaq. Məsələn, İranda demokratiyadır. Və kafirin seçilmək şansı yoxdur.
Yuliya Latınina
Новая Газета