“Siyasi mübarizə”
Vərdiş elədiyimiz bütün normaların, dəyərlərin aşındığı, prinsiplərin ayaqaltı edildiyi bir dünyada yaşayırıq. Tanış şablondur, deyilmi? Bütün zamanların dəyişməz giley-güzarı: “Dünya hara gedir?” Bir yandan da şəxsi təcrübənin əhəmiyyətini inkar etmək olmur – əsas olan bizim, çağdaşların nə hiss etdiyimizdir. Azərbaycandan Avropaya qonaq gəlib burada köks ötürən dostlar danışır ki, “azərbaycanlıların sənin bildiyin bütün müsbət, işıqlı keyfiyyətləri də yoxa çıxır, sünilik kəllə-çarxa vurub, maddiyyat hər şey deməkdir artıq…”
Tək Azərbaycandamı?
Dünya pandemiya dövründə insan insanın canavarıdır deyimini haqlı çıxarmaqla, sürətlə qapanmaqla yadda qaldı. Covid-19 heç də bütün insanlığın birləşməsinə, qardaşlaşmasına, qucaqlaşmasına və birlikdə virusla mübarizəyə qalxmasına səbəb olmadı. İnsan göstərdi ki, ən xırda bir problemlə üz-üzə qalan kimi atavizm sivilizasiyaya üstün gələcək, hamı yorğanı öz üstünə çəkəcək və insan ən iyrənc simasını göstərəcək. Bu gün biz, bu iyrəncliyin hələlik ucunu görməkdəyik. Konsert hələ qabaqdadır. Farma sənayesinin gəliri və nüfuzu yanında neft şirkətləri semiçka pulu qazanır. Mövzumuz qanəmici əczaçılar olmasa da, bu qeydi zəruri bildim.
Bir yandan da ekspertlər maraqlı bir mülahizə irəli sürməyə başlayıblar, sən demə, “bütün karantin tədbirləri beyhudə” imiş. Bütün həngamə də mənasız. Hər halda, bu münasibətlə bir-birimizi təbrik edə bilərik. Həmçinin “Sarı jiletlər”in meydanlara qayıdışı münasibətilə də. Karnaval qaldığı yerdən davam etməlidir. ABŞ-la isə hər şey çoxdan aydındır – orada polis yüzlərlə qaradərilini qətlə yetirsə də Dövlət Departamenti illik hesabatında “Azərbaycanda vəhhabilərin qırxılan saqqalı”ndan yazacaq. İnsan şəxsiyyətinin alçaldılması, saqqalın zorla qırxılması iyrənc akt olsa da, bizə bu haqda Quantanamonu işlədən dövlətin departamenti dərs keçməyəydi kaş.
Buna səmimi opponentlik etmək istəyən də tapılar. Deyər ki, “Dünyanın da bir müdürü olmalıdır. Müdürlər isə səhv etmir.” Birbaşa, bərbəzəksiz, diplomatik taktdan uzaq – yəni Trumpın, Pompeonun açıq-aşkar dedikləri, etdikləri kimi.
Bizim şən qlobalistlərin, qərbçi romantiklərin “ay aqri vit yu” optimizmini çox yaxşı başa düşsəm də, aylardır üsyançıların əlində əsir-yesir qalmış; insanların öldüyü, yaralandığı, əmlakın məhv edildiyi ABŞ-da, Fransada hökumətlərin nə üçün istefaya getmədiyini anlaya bilmirəm. Paytaxtlarda aramsız mitinqlər keçirilirsə, üsyan ab-havası varsa, mağazalar uçurulur, maşınlar yandırılırsa hökumətlər bundan mütləq qorxmalı, istefaya getməli deyilmi? Post-pandemiya dövrünün “restart”lı Qərbi isə bizə deyir ki, bacaran qorxmasın, çəkilməsin, əksinə güc, dönməzlik nümayiş etdirsin. Ümumiyyətlə, Kollektiv Qərb rəngli inqilablar ənənəsinin ağ adamların ərazilərinə gəlişini heç gözləmirdi. Çox məyus görünürlər.
Ağ adamları bildik, bəs, Azərbaycanı özünə vətən bilənin planetdəki yerini qavrayışı nə vəziyyətdədir, əsas sual budur. Hər kəsin öz dünyagörüşünə uyğun xilas reseptləri ola bilər, hər kəs baş verənlərə səviyyəsinə uyğun izah da tapar, amma bir yerə – fərdi məsuliyyət anı yetişənə qədər. Həmin an, «Biz beləyik. Uzaqbaşı bu qədərinə qadirik. Qura biləcəyimiz dövlət, cəmiyyət də elə budur. Hələ yolun başındayıq. Siyasi xalq kimi formalaşmağımız gec başlayıb və yavaş gedir…» deməyə iradəsi çatmayanların cavabdeh, günahkar axtarışları başlayır. Linç etməyə vücud, əmməyə qan gəzirlər.
Dünyanın istənilən nöqtəsindəki kütləvi aksiyalar, siyasi çalxalanmalar müasir insanda idman yarışı marağı doğurur – tamaşa edir, tərəf tutur, finalı gözləyir. “Oxxay” deməsi üçün, – Qəddafi nümunəsindəki kimi – adama ağac soxsalar yaxşıdır, amma qonşu dövlətə qaçışının, evinin odlanmasının görüntüləri də bəs edər. Ən maraqsızı, sülh şəraitində istefaya gedən hökumətlərdir, onlar ciddi məyus edir. Heç getməyənlər, qorxmayanlar, geri çəkilməyənlər isə əsəbiləşdirir.
Onlara daha böyük “ağac” arzulayır popkornlu tamaşaçı.
Bığlı Rembo. Qəzəb epoxası
Belarusda bu gün baş verənlər həm də özünü itirmişliyin parlaq nümunəsi, Ukrayna maydanlarının dejavüsudur. Düzəməlli müxalifət yox, lider yox, konsepsiya yox, proqram yox, bir dənə şüar var: «Lukaşenko, istefa! Жыве Беларус!».
Siyasi nəticəsi ağır olsa da, Belarusda yaşananlar siyasi protest yox, itaətsizlik şənliyidir. Boş yerə gözünüz lider, proqram, aydın vizyon axtarmasın, Lukaşenko getdikdən sonra nə olacağını indidən bilmək, bu haqda indidən düşünmək, danışmaq heç lazım deyil. “Nexta” adlı kanalın Telegram əlavəsi vasitəsilə Polşadan yönləndirdiyi gözəl üzlü, əli uşaqlı, gənc və şən etirazçılara, yəni bezmiş adamlara “sabitliyin vacibliyi” haqda moizə oxumağa başlasan, gülməkdən ikiqat olarlar.
Rusiya kanallarında debatların əsas mövzuları Navalnıy və Belarus hadisələridir. Belarus haqda danışan ekspertlərdən bəziləri sual edir: “Nəinki bu günün krizis şəraitində, heç dünyanın düz vaxtında da Belarusda Lukaşenkonun siyasəti, ideyaları, planları haqda düzəməlli danışan siyasətçi, ictimai xadim yox idi. Haradadır ona inanan və narazı əhalini də inandıra biləcək ziyalılar?”
Rusiya ilə ittifaqı dəstəkləyən, lakin Lukaşenkoya müxalif olan Bolkunets soyadlı belarus politoloqdan eşitdiklərimi də paylaşmaq istəyirəm: “Dinc etirazçıları həbs edən, işgəncə verən adamı müdafiə etməyə, onun haqqında xoş söz deməyə heç kəsin cəsarəti çatmaz. Tək qalması normaldır. Çünki indiyəcən hər yerdə özü çıxış edirdi, bərq vururdu, kef eləyirdi, hamının üzünə televiziyaları qapatmışdı, heç kimə ulduz olmaq şansı tanımırdı. Əsla lider yetişdirmək barədə düşünmürdü. İndiki halda da əkdiklərini biçir…”
Lukaşenko o qədər köntoy adamdır ki, Rusiyanın az qala bütün propaqandaçı politoloq, jurnalist, ictimai xadimləri çıxışlarına mütləq belə bir ayaq verirlər: “Əlbəttə, Lukaşenkonu bəyənmirəm, romanımın qəhrəmanı deyil, amma…”
Doğrudan da ammasız olmur – söhbət Rusiya və Belarus münasibətlərindən, Rusiya sərhədlərinin 300 il geriyə dönməsindən, ümumiyyətlə Belarus və belarusların genezisindən, malik olduqları ərazilərin tarixindən gedirsə – bağ çox möhkəmdir.
Belarus hadisələri bizə nəsillərarası qarşıdurmanın qaçılmazlığını, onsuz da bildiyimiz aksiomanı bir daha xatırlatmış oldu. Bizə isə dərs çıxarmaq qalır.
Belarus Rusiyanın orbitindəmi qalacaq, yoxsa ağzını timsah ağzı kimi açıb gözləyən Polşa və onun timsalında impotent Avropayamı sığınacaq? – bunu deyə bilmirəm. Nə çoxdur dünyada failed state.
***
Madam ki, kütləvi aksiyalar, inqilab cəhdləri bir işə yaramır, hədəfə çatılmır; madam ki, bu rəngarəng dvijeniyalar Suriyada ilişdi, Fransada iflas etdi, ABŞ-da isə fatihələri oxundu, o zaman, necə deyərlər: “Hərənin öz yolu var”. Hərə öz başının çarəsinə baxsın. Universal resept yoxdur. Yox imiş.
Dünənə qədər, Sevda Sultanovanın ifadəsi ilə desək, “liberal-pederastiya” vardı, pis-yaxşı işləyirdi, ideya və institutların harmoniyası, ardıcıllıq, prinsipiallıq az-çox qaydasında idi. Psevdo-mənalarla yola verirdik, amma totalitarizmə aparan yolu da görmürdük. Elədir, “liberal-pederastiya”nın axırı “1984”-dür. Narahat olmayın, supermarketlərin bolluğu, hamburger, Zara, qadjetlər, instagram, Dubayda selfi öz yerində, amma “1984”.
“Liberal-pederastiya”nı bir qədər açmağa ehtiyac var, fikrimcə. Birincisi, burada pederastiya birbaşa, yəni kişinin kişi ilə cinsi əlaqəsi mənasında işlədilmir, ümumiyyətlə cinsi akt nəzərdə tutulmur. İkincisi, liberal-pederastlar həm liberal, həm mühafizəkar, həm solçu ola, hətta heç bir məzhəbə qulluq etməyə də bilərlər. “İctimai sektor” adlı dəqiq təyini olmayan, elastik subkulturada daha çox təmsil olunurlar. Sektor (sekta) liberal-pederastiyanın Azərbaycanda baş provayderidir. Üçüncüsü, “liberal-pederastlar” söz oyunu, məzəli birləşmə kimi də (məs. liberal-demokratlar) maraqlıdır.
Hər şeyin absurda atılması, qroteskə çatdırılması deyildimi çağın estetik tələbi? Soyuq müharibədən günümüzəcən bizə alternativsiz kimi göstərilən yol? Doymuş insan bundan artıq nə etsin indi? Özünüməhv anı yetişibsə, insanlıq ilə məntiq dilində danışmaq Sizif əməyidir. Deməli, hətta məqsədsiz yerə meydanlara axışmaq, qışqırmaq, dağıtmaq istəyənlər də, çox elə haqsız sayılmazlar. Onların bunu istəməyə, cəhd etməyə haqqı var. Aqibətdən agah olan ariflərin isə hiperaktiv qafillərə qarşı amansız olmağa haqqı.
Berlin, Stokholm, Paris, Amerikanın az qala bütün ştatları – heç birində dövlət hiperaktiv qəzəbli azlığın qabağından qaçmaq istəmir, yəni özünüməhvi gecikdirməyə çalışır. Dövləti zaman-zaman, ya da tez-tez üstümüzdə yük görə (bax: ailə institutu), bizi şəxsiyyət kimi əzdiyinə inana, ondan bezə bilərik, amma ona zərurət kimi dözürük. Çünki alternativi xaosdur. Dövlətin də, ailənin də.
Qəzəbli və şən (paradoks yoxdur) azlığın çoxluq üzərində hakimiyyəti; kreativ sinfin, ictimai sektanın kobud desək Ucarda Kürdəmirdə, Ağdaşda Naxçıvanda, Şamaxıda Bakıda yaşayan yüz minlərlə Rafiqin, Mahirin, Mafilənin, Qənirənin səsi olmaq iddiası bu günün şəraitində pis bir zarafat kimi səslənir.
Problem ondadır ki, canı çıxmaqda olan liberal-pederastik dünyanın paradiqmaları dağılıb, apologetləri isə yeni mənalar yarada bilmirlər. Bu gün, mənaların olmadığı, istehsal edilmədiyi bir dünyada yaşayırıq. Köhnə kitablar və mütəfəkkirlər artıq imdadımıza yetişmir. Yeni çağırışların intensivliyi, sürəti imkan vermir ki, onlara cavablar tapılsın. Hər şeyin absurda atılması anesteziyadır, bizi buna hazırlayırdı zaman.
Alarmistlərdən həmişə ehtiyat etmişəm. Fəlakət carçılığı artıq müstəqil bir sektor olub, yəqin həm də yaxşı pul qazandırır (unutmuruq ki, harada canfəşanlıq varsa, orada maraq var). Demək istədiyim odur ki, qəzəb epoxasında dövlətlərin zorakılıq monopoliyalarını itirməmək üçün qəddarlaşmaqları gözləniləndir. Müharibələr, inqilablar perspektivdə mütləq hansısa sıçrayışa, inkişafa gətirir, amma heç kim müharibələrin, inqilabların şahidi olmaq istəmir. Olmasın heç kim, olsun böyük əksəriyyət.
İnsanlar çox dərin düşünmək istəmirlər, heç düşünmək istəmirlər. Bəzilərində bu qabiliyyət anadangəlmə yoxdur. Günün qəhrəmanı təmiz ürəkli, yaxşı oğlandır. Heç bir hekayə bir yaxşı oğlanın draması qədər birləşdirə bilməz azərbaycanlıları.
Tofiqus Yaqubus. Pro pugna
İnfantil, bekar, indiyədək arxetipik klan davasını bitirə bilməmiş Azərbaycan hökumətinin qurduğu Tofiq Yaqublu draması sosial şəbəkə sosyetesi üçün ağır gərginlik mənbəyi oldu. Azərbaycan hökumətinin qeyri-ciddiliyi ondan görünür ki, hobbisi olan adamları da həbs etməyə başlayıb. Hobbilər müxtəlif olur, kimsə mənim kimi marka yığır, bir başqası da illərlə, hər gün, saatbaşı “İstefa!” yazıb, sosial şəbəkə dostlarının səsi olur. Dövlətin buna qeyri-adekvat reaksiya göstərməsi isə adama sadəcə və sadəcə what the fuck is going on dedirdir.
Tək Azərbaycan hökumətinin yox, ümumiyyətlə bütün azərbaycanlıların problemi – infantilizmdir. Və görməmişlik. Özü də elə axmaq, elə düşük infantilizm ki, adamın ürəyi bulanır. Sosial şəbəkə sosyetesinin “Tofiq Yaqublu gərginliyi”ni dedim, gərək onu da deyim ki, zalım balası ictimai sektor, zalım balası liberal-pederastiya, söhbətlərinizdə, mövzularınızda, planlarınızda bir qram da intellektual gərginlik yoxdur. Niyə? Aclıq edirəm, küçəyə çıxıb qışqırıram, ostururam, məməşimi göstərirəm, yəni başdan-ayağa sırf fizioloji aktdan ibarətəm – bunların harasındadır məna, harasındadır insan? Bircə qara-qışqırıq, həyasızlıq, “Europaaaa, Europaaaa” anqıran Breqoviç personajları.
Qayıdaq sualımıza – aqressiv, qəzəbli, rəngarəng ideyalarla dolu olan azlıq susqun çoxluğa hökm etməlidir, ya yox? Mənim üçün cavab aydındır – yox. Çünki harmoniya pozulur, çünki belə bir cəmiyyətdə heç zaman birgəyaşayış bərqərar ola bilməz. Eksperiment kimi cəlb edə bilər, amma bizim eksperiment keçirmək lüksumuz yoxdur. “İlham Əliyev tezbazar istefa versin” deyirsiniz, mən isə başa düşmürəm, sapına kimi xəlqi olan bu hökumət niyə istefa verməlidir? Hətta bir balaca bu xalq üçün çoxdur deyərdim. Təməli möhkəmdir hökumətin. Kollektiv həyəcan siqnalı çalındı, xalqın yaşamaq instinkti 93-də Heydər Əliyevi iqtidara gətirdi. Yadınıza gəlmir, azərbaycanlılar Elçibəyin gedişini necə rişxənd və fıştırıqla qarşıladılar?
Mən, nə demokrat, nə də liberalam. Bütün vətəndaşların 18 yaşdan başlayaraq hökumət, parlament seçməsini doğru hesab eləmirəm. Hər kəsin seçmək və seçilmək hüququnun olduğuna inanmıram. Fanatik olmamaq şərti ilə, bütün ağıllı adamlar, -izm hücrələrində olsalar belə, mənim üçün dəyərlidir. Hər şey qədərində gözəldir.
Mən, ağıllıların hakimiyyət imtiyazını və elitarlığını qəbul edirəm. Çoxluğun səssizliyini fürsət bilməyəcək, bundan sui-istifadə etməyəcək qədər əxlaqlı ağıl sahiblərinin hakimiyyətini. Buna merito-nookratiya miksi də demək olar. (Özünsən utopiya). Mənim üçün yaşın da heç bir fərqi yoxdur – əsas faktor kimi peşəkarlıq və adekvatlığı görürəm, “mütləq cavanlaşma” şərtlənmişliyini qəbul etmirəm. 70 yaşında peşəkar və adekvatsan? Sağlamsan? Onda xeyir gətirməyə davam elə. Bir şeydə çox ilişib qalmağın, qurdalamağın axırı Kino Akademiyasının Oskar üçün yeni lgbt, əlillik və dəri rəngi şərtlərinin diqtə edilməsi olur.
AzLogos və digərləri
Ona görə deyirəm, hər şeyin absurda atılması, qroteskə çatdırılması, əxlaqsızlığın dibinə gedilməsi narkotikdir, anesteziyadır çağdaş insan üçün. Dünyanın idarəedilən, nəhəng bir qəhbəxanaya çevrilməsinin qarşısında yalnız təmiz, insani düşüncə və sənət duruş gətirə biləcək. Liberal-pederastik dünyanın diqtəsi ilə yaşayan və yaradan sənət adamları isə quruyacaqlar, şirələri çəkiləcək, bütün yaradıcılıqlarını politkorrektliyə, “avropalılar”a və fondların tələblərinə qurban verəcəklər.
Bizim isə auditoriyamız, yol yoldaşlarımız birincilər – duruş gətirənlərdir. AzLogos budur. Biz burada dava eləmirik, biz eşidilmək və təsir eləmək istəyirik. Nədəndir bilmirəm, bəzilərinə məramımızı, məqsədimizi çatdırmaqda deyəsən çətinlik çəkirik. Bizi hədəf seçmək doğru deyil. Şəxsən öz payıma deyirəm ki, mənimlə söz güləşdirmək üçün möhkəm, qərarlı, faktiki, fundamental götə malik olmaq lazımdır. Sadəcə xatırlatmaq istədim.
AzLogos heç bir klişeyə, çərçivəyə sığmayacaq qədər nəhəng ideyadır. AzLogos-da olmaq şərəflidir, asan deyil, hərdən isə yorucudur, sağdan-soldan paranoyalar, mühakimələr, ittihamlar – aramızdan kimlərisə bezdirə bilər. Adımızın “paşayevlər”lə, bəstəkarlarla, mtn-lə, din-lə hallandırılması bizim üçün heç bir məna kəsb etmir, heç bir informasiya daşımır. Bizim dəyərlər koordinatlarımızda “işləmək”, “sifariş”, “filankəsin adamı” kimi sözlər havadır. İndi nə deyirsiniz, mənim nə etmək istədiyimi anlayacaq qədər üfüqləri geniş olan bir strateq azərbaycanlı çıxacaq, pulu da olacaq, vermək istəyəcək və mən ona “yox” deyəcəm? Kimsə AzLogos-a maliyyə ayıracaq qədər “psixodelik” səviyyəyə çatıbsa, buna yalnız sevinmək və onu təbrik etmək olar. Yoxsa həyasızlıq, qancıq ulaşması, intriqa olmayan bir sayt kimə lazımdır?
Fürsətçilik kimi çıxmasın, yuxarıda adı hallanan və hallanmayan hər kəsi AzLogos-u dəstəkləməyə səsləyirəm. Bizdən qorxmaq lazım deyil, ikicə şərtimiz var – hər şey şəffaf, rəsmi olacaq, sponsorun loqotipi sayta qoyulacaq; redaksiyanın siyasətinə müdaxilə olunmayacaq. Bilmirəm fondları, oliqarxları, klanları, idarələri niyə AzLogos-a calamaq istəyirlər, bizə maliyyə verdiyinizi iddia edirlər, amma oturan yerdə kompliment dalınca kompliment toplayırsınız, mənim isə bu işdən heç bir profitim yoxdur.
Bəzən şayiələrə uyğunlaşmaq lazım gəlir.