Minesota Ştatında 46 yaşlı afro-amerikalı Corc Floydun polis tərəfindən öldürülməsi nəticəsində Amerikada nümayişlərin başlaması və Avropanın bəzi ölkələrinə yayılmasından sonra dünyanın bir çox yerində irqçilik məsələsi yenidən müzarkirə mövzusuna çevrildi.
Əslində, Avropa və Amerikada irqçiliyin “yox olması”na inanmaq bir qədər sadəlövhlük olar, çünki cəmiyyətlər nə qədər demokratik və liberal olsa da, uzun müddət kök salmış fikirlərin (təhlükəli olsa belə) qısa zamanda dəyişdiyini və ya yox olduğunu görmək mümkün deyil.
Nasizmin müəyyən elementlərini (neo-nasist qruplar buna misaldır) hələ də alman cəmiyyətində hiss etmək mümkündür. İrqçi təfəkkürün də zaman-zaman haradasa özünü göstərməsi bu cür düşüncələrin hələ də yaşadığına əyani sübutdur. Yəni, hər hansı düşüncə tərzi, yanaşma, baxış bucağı və ya ideologiya, irqçilik də daxil olmaqla, bir neçə onillik içində əriyib yox olmur: ya formasını dəyişir, ya da daha üstün olanın təsiri nəticəsində əvvəlki gücünü itirir – lakin yox olmur!
Fransız inqilabından sonra millətçiliyin yayılmasına qədər “özgələşdirmə”nin, fərqli görmənin ana meyarı din idi. İnsanlar arasında birlik din anlayışı ilə mümkün olurdu, müsəlman, xristiyan, yəhudi və s. Düzdür, bu dinlər də öz aralarında bölünürdü, yəni eyni dinin fərqli məzhəblərinin olması həmin din altında bölünmələrə yol açırdı və bu, öz-özlüyündə daxili problemə çevrilə bilirdi. Ümumilikdə Avropa tarixində dini zəmində olan müharibələri görmək mümkündür, xüsusilə reformasiya hərəkatından sonra.
XIX əsrin əvvəlindən etibarən isə millətçilik düşüncəsi artıq Avropada hakim olmağa başladı. Millətçiliklə paralel pozitivizm, daha sonra isə yeni imperiyalizmin ortaya çıxması ilə məsələlərə baxış tərzi də dəyişməyə başladı. Belə ki, millətçilik, irqçilik, imperiyal dəyərlər elmi yanaşmalarla əsaslandırılırdı. Məhz bu dövrdən etibarən iqrçilik və irqi üstünlük də elmi “araşdırma”nın bir parçası oldu.
Avropa və Amerikadakı sosial darvinistlər öz fikirlərini məhz Çarlz Darvinin elmi fikirləri üzərində inşa etməyə çalışmışlar. Bəs Darvinin hansı fikirləri o dövrün sosioloqları üçün cəlbedici oldu?
Darvin inqilabi-elmi nəzəriyyəsini 1859-cu ildə yazdığı “Növlərin Mənşəyi (On the Origin of Species)” əsərində dilə gətirirdi: təbii seleksiya (seçmə) ilə təkamül prosesi. Darvin qısaca bunu demək istəyirdi: çoxalma zamanı kortəbii mutasiyalar və qida əldə etmək, öldürülməmək (sağ qalmaq), nəsil artırmaq üçün edilən mübarizə nəticəsində bitkilər və heyvanlar təkamül keçirir.
Tezliklə bu fikirlər sosioloqlar və digər fikir sahibləri arasında məşhurlaşdı, nəticədə bioloji dünyanı izah etmək üçün istifadə edilən ideya və nəzəriyyə, insanların sosial dünyasını izah etmək üçün uyğunlaşdırıldı. XIX əsrin sonu, XX əsrin əvvəllərində artıq sosial darvinizm təkamül “dili”ni istifadə edərək dünyadakı fərqli mədəniyyətlər və bu mədəniyyətlər arasındakı fərqləri izah etməyə çalışırdı. Bu səbəbdəndir ki, həmin dövrdə artıq üstün sivilizasiya, üstün irq anlayışı yüksəlişdə idi.
Sosial darvinistlərə görə iqtisadi və sosial cəhətdən uğurlu cəmiyyətlər bioloji və sosial baxımdan “təbiətən” ən uyğun olanlar idi. Əksinə, uğursuz olanlar isə “təbiətən” uyğun olmayan və zəif idi. Nəticədə, növlərin zəif olanına “çoxalmaq (törəmək)” şansının verilməsi yanlış qərar olardı.
Darvinin fikirlərindən ilhamlanan Herbert Spenser (Herbert Spencer) yeni yanaşma “ən uyğun olanın sağ (həyatda) qalması (survival of the fittest)” ortaya qoydu və bu yanaşmanı sosial darvinistlər müdafiə edirdi – yalnız ən uyğun olan həyatda qala bilər. İşin maraqlı tərəfi isə budur ki, bu cür düşünənlər Darvin kimi ixtisasca bioloq deyildi, onlar sadəcə Darvinin “dili”ni istifadə edərək öz fikirlərini siyasi, iqtisadi və sosial cəhətdən əsaslandırmağa – elmi göstərməyə çalışırdılar.
Sənaye inqilabının və müstəmləkəçiliyin maddi və texnoloji cəhətdən inkişaf etdirdiyi xüsusilə Qərbi Avropa cəmiyyətləri artıq öz sivilizasiyalarını da digərlərindən üstün görürdü. Buna görə də, dünya sivilazasiyalarını 3 kateqoriyada ələ alırdılar: mərkəzdə Avropa (üstün sivilizasiya), ikinci halqada yüksək sivilaziyalar və son halqada primitivlər (ibtidai olanlar). Məsələn, ikinci halqaya Osmanlı imperiyasını örnək verdikləri halda, üçüncü halqaya afrikalıları və bəzi asyalıları aid edirdilər.
Sosial darvinizm əsaslı fikirlər istər Avropa, istər Amerikada digər radikal yanaşmalarla birləşərək, yaxud fərqli hərəkatlara yol açaraq cəmiyyətdə irqçiliyi dərinləşdirirdi.
XIX əsrin 70-ci illərindən başlayaraq Amerikada sənaye yüksəlişi (ikinci sənaye inqilabı) baş verirdi, bu isə öz növbəsində maaşların yüksəlməsinə şərait yaradırdı. Yüksək maaşla yeni qitədə yaxşı yaşamaq istəyənlərin axını isə məhz bu dövrə təsadüf edir. Ağ, anqlo-sakson amerikalılar (ilk gələnlər – ingilis, irland, alman əsillilər) hətta Cənubi və Şərqi Avropadan gələn, ingiliscə danışmayan, katolik, bəzən yəhudi yeni immiqrantlara “avropalı” olmalarına rəğmən alt irqin nümayəndələri və “az təkamül (inkişaf) etmiş” insanlar kimi baxırdılar.
XX əsrin əvvəllərində isə Amerikada Yevgenika (Eugenics) hərəkatı geniş vüsət alırdı, belə ki, üstün hesab olunanların genetik keyfiyyətini artırmaq, sağlamlığını və intellektini qorumaq üçün aşağı statusdan olanlarla evliliyinə icazə verilmirdi. Çünki “qeyrilər” təbiətən uyğun olmayanlar idi. İmmiqrantlara, etnik qruplara və qadınlara qarşı bu cür ayrıseçkilik Amerikada 1970-ci illərə qədər davam etdi. Yevgenikanın ən pik və kəskin həddi isə Nasist Almaniyasının yəhudilər, qaraçılar, kommunistlər, homoseksuallar, əqli və fiziki qüsurlulara qarşı etdikləri dövrdə yaşandı.
XIX əsr Amerikan imperializmini dəstəkləyən sosial darvinistlər isə Amerikanın Kuba, Puerto Riko və Filippin adalarındakı imperialist siyasətini həmin yerlərdə yaşayan “geri” qalmış insanlara sivilizasiya aparmaq missiyasına görə alqışlayırdı. Eyni fikirləri məşhur “Cəngəlliklər kitabı”nın müəllifi Redyard Kiplinqin “Ağ insanın möhnəti: Birləşmiş Ştatlar və Filippin adaları (The White Man’s Burden: The United States and the Philippine Islands) şeirində də görmək mümkündür.
Amerikan cəmiyyətində 1940-cı illərə qədər “Ağ, Anqlo-Saskson, Protestant” insanın üstünlüyü fikri “yaşamışdır”. Hətta qeyri-rəsmi də olsa ABŞ prezidentinin “Ağ, Anqlo-Saskson, Protestant + Kişi” formulu da bilinən məsələlərdəndir.
Bu günün Amerikasında belə hüquqi baxımdan liberal dəyərlər, demokratiya və insan haqları təmin edilməyə çalışılsa da, tarixin dərinliklərindən gələn irqçi düşüncələrin hələ də insanları tərk etmədiyinin əfsuslar olsun şahidi oluruq.
Yuxarıda qeyd edilən fikirlər və yanaşmalar bəşər tarixində insanlar üçün ciddi maneələr və problemlərə gətirib çıxarmışdır. Xəyali “üstün irq” anlayışını nəyinki sadə insanlar, hətta elm adamları və siyasi xadimlər tərəfindən qəbul edilib dəstəkləməsi cəmiyyətdə bölünmələrə, irqçiliyin dərinləşməsinə rəvac verdi. XX əsrin sonlarına doğru insan haqlarının, demokratiyanın və liberal dəyərlərin aliliyinin qəbul edildiyi müasir dünyada təssüf ki, irqçilik hələ də qalmaqdadır.
İrqçiliyin yox olması ümidilə!