Siyasətdə sollar və sağlar, adətən, dövlətin iqtisadiyyata müdaxiləsinə münasibətə görə müəyyənləşdirilir. Bir qayda olaraq, sağlar istəyirlər ki, hökumət, onların həyatına mümkün qədər az təsir eləsin. Sollar isə dövlətin, sosial ədaləti qorumaq hüququnu müdafiə eləyir və proqressiv sosial dəyişiklikləri dəstəkləyirlər.
Real siyasi həyatda sol və sağ liberallar biri-birindən kifayət qədər fərqlənə bilərlər. Bu gün onları yalnız bir səbəblə qarışdırmaq mümkündü: onlar tarixən eyni terminlə adlandırırlar, öz növbəsində, bu da XIX və XX əsrlərdə liberalizmin mürəkkəb tarixi ilə əlaqəlidi. Bütün liberallar individual azadlığa dəyər verirlər, lakin hər biri üçün bu hədəfə çatmağın yolu çox fərqlidi. Əgər biz öz siyasi ideologiyalarımız üçün fərqli adlar fikirləşsəydik, qarışıqlıq da az olardı.
SAĞ LİBERALİZM
Sağ liberallar sözün geniş mənasında müqavilələrin azadlığı uğrunda mübarizə aparırlar. Onların nöqteyi-nəzərinə əsasən, insan azadlığı və digər dəyərlərlə bağlı istənilən söhbət, fərdi mülkiyyət statusundan, onun toxunulmazlığından və sahibkarın, qanuni yolla əldə olunmuş aktivləri ilə istədiyi kimi davranmaq imkanına malik olmasından başlamalıdı. Bu ənənə ən son həddə onu ehtiva eləyir ki, cəmiyyətin qarşısına qoyula biləcək yeganə layiqli hədəf – bütün dürüst və azad müqavilələrin maksimum dərəcədə dövlətin nəzarətindən kənar (derequlasiya) qalmasıdı. Bu məntiqlə, bazar münasibətləri dünyası – hər zaman can atmalı olduğumuz ən yaxşı cəmiyyətdi.
Sağ liberalizmi klassik liberalizm də adlandırırlar. Bu ənənə XIX əsrin ortalarında yüksəlməyə başlayıb. Növbəti yüzilliyin böyük hissəsində sağ liberalizm ideologiyası, qərb demokratiyalarında vətəndaşlardan ciddi dəstək görməyib. Bu, “bazarın iflası”, kapitalist iqtisadiyyatında baş verən çoxsaylı böhranlar, xüsusən də, Böyük Depressiya böhranı ilə izah olunur. Ki, keynsianizm ona cavab olaraq meydana çıxmışdı. 1970-ci illərin sonlarında, başqa tarixi dekorasiyalarda olsa da, klassik liberalizmin ikinci yüksəliş dövrü başlayır.
Həmin dövrdə “neoliberalizm” termini yaranır. Sağ liberallar özlərini heç vaxt belə adlandırmırdılar. Əvəzində onların soldakı tənqidçiləri bu yarlığı tələm-tələsik onlara yapışdırmışdılar.
Neoliberallar özlərini konservator, amerikan dəyərləri uğrunda mübarizlər, sağlam düşüncə və azad bazar tərəfdarları hesab eləyirdilər.
Neoliberallar bazarı derequlyasiya eləmək və iqtisadiyyatın bütün sferalarında dövlətin təsirini azaltmaq istəyirdilər və kütləvi özəlləşdirmə onların əsas alətinə çevrildi: 1980-ci illərdə nəqliyyat, səhiyyə, təhsil kütləvi şəkildə özəlləşdirildi. Bu siyasətin tipik örnəkləri kimi ABŞ-da Ronald Reyqan, Böyük Britaniyada isə Marqaret Tetçer hökumətlərini göstərmək olar.
LİBERTARİANLIQ
Libertarianlığı klassik liberalizmin bir qolu hesab eləmək olar. O, XX əsrdə, özü də real siyasi layihədən daha çox, nəzəri ideya kimi törəyib. Tez-tez bu siyasi fəlsəfənin əsasının məşhur yazıçı Ayn Rend tərəfindən qoyulduğu deyilsə də, zənnimcə, yazıçı, daha çox buna rəğbət bəsləyən publikaya ilham verən şəxs olub. Libertarianlığın gerçək intellektual kökləri Avstriya iqtisadi məktəbinə -Fridrix fon Hayek, Lüdviq Mizes, Mürrey Rotbard – bağlanır. Libertarianlar hesab eləyirlər ki, ən yaxşı cəmiyyəti sadə qaydalar toplusu ilə təsvir eləmək mümkündü: bütün azad müqavilələrə icazə verilməlidi, qəsdən törədilməmiş istənilən zorakılığın qarşısı alınmalıdı.
Bununla belə, libertarianlar sələflərindən daha radikal mövqe sərgiləyə bilirlər. Məsələn, XIX əsrdə klassik liberalizmin tənqidçiləri onu, dövlətə sadəcə gecə gözətçisi kimi baxmaqda ittiham eləyirdilər. Bu bənzətmə Con Stüart Mill kimi filosofların xoşuna gəlmişdi. Həqiqətən də, dövlət bizim təhlükəsizliyimizi təmin etməkdən başqa nəyə lazımdı? Məgər ağıllı insanlar hökumətə bu zəruri minimumdan əlavə funksiyalar verərlərmi?
Lakin müasir libertarian ənənələrində dövlətin istənilən şəkildə məqsədəuyğunluğu barədə müzakirələr gedir. Minimal dövlətin tərəfdarları anarxo-kapitalistlərlə mübahisə eləyirlər: sonuncuların fikrincə, bazar, təhlükəsizlik sferasını da tənzimləməyə qadirdi. (Bu süjetin ətraflı analizi Robert Nozikin “Anarxiya, dövlət və utopiya” əsərində təqdim olunub).
Klassik liberallar dövlətə heç vaxt qatı düşmən kimi yanaşmayıblar: o, məhdud və balanslaşdırılmış olmalıdı, vəssalam. Klassik liberalizmdə dövlət, mülkiyyət hüquqlarının müdafiəçisi kimi nəzərdən keçirilir. O, polis və ordu institutları vasitəsilə xarici təhdidlərə qarşı fiziki təhlükəsizliyi təmin eləyir. O cümlədən, dövlət müqavilə və razılaşmaların təhlükəsizliyinin təmini kimi əhəmiyyətli funksiyanı yerinə yetirir: tərəflərdən biri dürüst şərtlər əsasında, könüllü olaraq müqavilə bağlayıb, sonra da düşünülmüş şəkildə onu yerinə yetirməyəndə dövlətin, işə qarışmaq və həmin tərəfi müqaviləni yerinə yetirməyə vadar eləmək imkanı olmalıdı.
SOL LİBERALİZM
Sol liberallar üçün ən vacib məsələ – ədalətlə azadlıq arasında kompromiss axtarışıdı. Əgər hər kəs qeydsiz-şərtsiz azaddırsa və bundan daha yüksək qayda yoxdusa, bu, qeyri-bərabərlik və cəmiyyətin tənəzzülü ilə nəticələnməzmi? Əgər sabit zəngin azlıq varsa, o zaman onun, məsələn, siyasətçilərin və seçicilərin birbaşa satın alınması hesabına demokratik institutları məhv etməyəcəyinə kim zəmanət verir? Sol liberalların mövqeyi ikili xarakter daşıyır: onlar fərdi sahibkarlıq və bazarın əleyhinə deyillər, ancaq əmin olmaq istəyirlər ki, onların inkişafı müasir təhsilin vətəndaşların əksəriyyəti üçün əlçatmaz olması kimi yolverilməz nəticələrə gətirib çıxartmayacaq.
Sol liberalizm, klassik liberalizmə nisbətən gec yaranıb, buna görə də, onu “müasir liberalizm” də adlandırırlar.
Əgər sağ liberallar üçün əsas mövzu – azad bazardısa, sollar daha çox əzilən azlıqların dəstəklənməsindən danışırlar. Əgər siz liberalların ünvanına tənqid səsləndiyini – xüsusən də, hazırkı amerikan kontekstində – eşidirsinizsə, bir qayda olaraq, onların, məhz, bu cəhəti nəzərdə tutulur: guya onlar azlıqlar barədə həddindən çox düşünürlər və çoxluğu yaddan çıxarırlar. Radikal əhval-ruhiyyəli tənqidçilər sol liberalları sosialist, hətta kommunist də adlandıra bilərlər.
ABŞ-da Obama administrasiyası, sol liberal hökumətin bariz örnəyi idi. Sosial-demokratik baxışlar olmasaydı, son onilliklərdə skandinav hökumətlərini də sol liberallar kimi səciyyələndirmək olardı. (Sosial-demokratik mövqe deyiləndə – iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulur. Hərçənd sol liberallarla sosial-demokratlar arasındakı fərqləri hər zaman görmək mümkün deyil).
ƏSAS MÜBAHİSƏ PREDMETİ
Sol və sağ liberallar arasındakı polemikanı iki bənddə birləşdirmək mümkündü: vergi sistemi və pozitiv diskriminasiya.
Tarix boyu sol liberallar proqressiv vergi şkalasını və həddindən çox qazananlar, ya da həddindən çox mülkiyyəti olanlara məntiqli həddə yüksək vergilər tətbiq olunmasını təşviq eləyiblər. Hazırda bu diskusiya yenidən aktuallaşıb. Əsasən də, Tomas Pikettinin “XXI əsrdə kapitalizm” əsərinin təsiri ilə. Sözügedən əsərdə göstərilir ki, qlobal iqtisadi inkişafın tempinin azalması ilə birlikdə bütün dünyada qeyri-bərabərliyin səviyyəsi də artır. Sağ liberalların buna cavabı belədi: insanların, dövlətin onlara göstərdiyi xidmətlər müqabilində ödədikləri vergilərdən əlavə olaraq ödədikləri istənilən vergi – qarətdi. Mən o şərtlə yüksək vergi ödəyərəm ki, dövlətin bunun qarşılığını qaytaracağını bilirəm – məsələn, müasir ordu və ya effektiv polis qismində. Ancaq gəlirlərin pulsuz səhiyyə, təhsil və hansısa başqa sistemlərin köməyilə varlılardan alınıb kasıblara verilməsi sağ liberalların nöqteyi-nəzərindən əxlaqsızlıq hesab olunur. Biz yalnız özümüz istədiyimiz təqdirdə başqa insanlara kömək eləyə bilərik. Bu, dövlət tərəfindən qoyulan məcburiyyət olmamalıdı.
Sağ liberallar iddia eləyirlər: əgər siz dürüst bazarın tərəfdarısınızsa, şərtlərin, startdakı bütün fərdlər üçün eyni olduğunu düşünürsünüz. Ədalət və azadlıq üçünsə bundan başqa heç nə lazım deyil – istənilən müdaxilə vəziyyəti yalnız ağırlaşdıracaq. Buna görə də, sağ liberallar müxtəlif formalı pozitiv diskriminasiyanın əleyhinədilər: heç kimə xüsusi şərait yaratmağa gərək yoxdu. Hər kəs bərabər imkanlara sahib olarsa, pis məhəllədən çıxmış istedadlı insan da mütləq həyatda çox şey əldə eləyə biləcək. Hətta onun üçün bu, varlı yaşıdından daha çətin başa gəlsə belə. Bununla belə, sağ liberallar üçün xeyriyyəçilik mövzusu həmişə çox vacibdi. Əgər sən varlısansa və pulunu bölüşmək istəyirsənsə, bunu sənə heç kim qadağan eləmir. Bu sənin şəxsi seçimindi və sən ağıllı bazar agenti olaraq pullarını istədiyin kimi sərf eləyə bilərsən.
Sol liberalların bütün problemlərə “bazar həri şeyi tənzimləyəcək” tipli universal cavabları yoxdu. Onlar hesab eləyirlər ki, hər dəfə individual azadlıqlar və ictimai rifah arasında balans tapmaq lazımdı. Biz nəsə qərar qəbul eləyəndə – məsələn, qadınlar üçün parlamentdə kvotalarla bağlı – bu kvotaların necə təmin edilməli olduğu, onların həqiqətən lazım olub-olmadığı, gələcəkdə həqiqətən faydalı olub-olmayacağı barədə düşünməliyik. Sol liberal perspektivindən bizi əhatə eləyən sosial praktikaları tənqid eləmək daha asandı. Sol liberallar silah dövriyyəsinin məhdudlaşdırılması lehinə danışanda ona apelyasiya eləyirlər ki, dövlət bunu ümumi təhlükəsizlik naminə tənzimləməlidi. Sağ liberallar isə deyəcəklər ki, bu, sadəcə bazardı və müdaxilə eləmək lazım deyil: əgər hər kəs tapança ala bilirsə, o zaman şərtlər bərabərdi.
AMERİKAN SİYASİ SİSTEMİNİN ÖZƏLLİKLƏRİ
Liberalizmin növləri arasındakı qarışıqlıq amerikan siyasi sisteminin özəllikləri ucbatından yaranıb. Burda tarixən ikipartiyalı sistem təşəkkül tapıb. O, XX əsrin 60-cı illərində hazırkı vəziyyətində sabitləşib və bu sistemdə liberallar – bir tərəfdən fərdi azadlıqları, digər tərəfdən isə – ədalətin qorunması naminə dövlətin iqtisadi və ictimai həyata müdaxiləsini müdafiə edənlərdi. Amerikalı mühafizəkarlar – “ənənəvi amerikan dəyərləri” uğrunda mübarizə aparan şəxslərdi. Ki, bu dəyərlərə fərdi mülkiyyət və azad sahibkarlıqla yanaşı, silah sahibi olmaq hüququ, abortların yasaqlanması və cinayətkarlar üçün ölüm cəzasının tətbiqinə icazə verilməsi daxildi. ABŞ-da liberal deyiləndə sol liberallar nəzərdə tutulur, sağ liberalları isə mühafizəkarlar adlandırırlar.
Amerikanın siyasi sistemi son dərəcə səciyyəvi tarixi sayəsində bu səviyyəyə çatıb: Avropa siyasi sistemləri fərqli şəkildə formalaşıb. ABŞ-da qaradərili azlıqlar problemi vardı və dövlət mövzudan kənarda qalanda, sözügedən azlıqlar hətta quldarlığın ləğvindən sonra da diskriminasiya olunurdular. Odur ki, dövlət, azlıqlar və etnik çoxluqlarla bağlı vahid qaydalar tətbiq eləməkdən ötrü, xüsusilə, cənub ştatlarının işlərinə müdaxilə elədi. Respublikaçılar – Linkolnun keçmiş partiyası – dövlətin, ştatların işlərinə və böyük biznesə müdaxiləsinin əleyhinə çıxış eləyirdilər və tədricən, özlərini konservativ dəyərlərlə eyniləşdirməyə başladılar. Demokratik partiya isə “böyük dövlət” partiyasına çevrildi. Və elə alındı ki, partiyalılıq sistemi inkişaf elədi: XIX əsrdə respublikaçılar partiyası proqressiv idi, amma 1950-ci illərin ortalarında “dövlətin səlahiyyətlərinin sərhədləri” ilə bağlı yaranan mübahisə ucbatından vəziyyət dəyişdi. Respublikaçılar və demokratların keçdikləri tarixi yola əsasən, ABŞ-da sağ liberallar eyni zamanda həm də mədəni mühafizəkarlar sayılırlar.
NƏTİCƏ: LİBERALİZMİN KÖKLƏRİ
Liberalizmin hər iki qolu ortaq köklərə malikdi – fransız və amerikan inqilabları. Bu, zorakılığı yolverilməz sayan antiavtoritar və eqalitar ideologiyalardı. Hər iki ideologiya insan azadlığını ən mühüm şərt hesab eləyir. Ancaq sağ liberallar son dərəcə dəqiq səbəb-nəticə əlaqəsinə sahibdilər: mülkiyyət yoxdusa, azadlıq da yoxdu, azadlıq yoxdusa- ədalət də yoxdu. Siz kiminsə mülkiyyətini əlindən almağa başlayan kimi sosial həyat dağılır.
Sol liberallar isə hesab eləyirlər ki, şərti desək, sizin azadlığınız, bəşəriyyətin 1%-nin planetdəki bütün mülkiyyətlərə sahib olmasından ibarətdisə, əslində heç kim nə azad olacaq, nə də xoşbəxt.
Kirill Martınov
Fəlsəfə elmləri doktoru, Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin dosenti