Rusiyanın Kənd Təsərrüfatına Nəzarət Xidmətinin (“Rosselxoznadzor”)dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalını qadağan edən qərarı həm Azərbaycan, həm də beynəlxalq mətbuatda ciddi müzakirələrə səbəb oldu…
Dünyanın bir sıra nüfuzlu nəşrləri qərarın siyasi xarakterli olub-olmadığını araşdırmağa başladılar. Və bu məsələdə fikirlər haçalandı: bir qrup “Rosselxoznadzor”un sırf ölkənin aqrar sektorunu zərərvericilərdən qorumaq məqsədi güddüyünü, digər qrup isə məsələdə siyasi məqsədin daha həlledici olduğunu deyir.
Birinci qrupun şübhələnməsi üçün praktiki əsas var: Rusiya təcrübəsində iqtisadi əlaqələrdən siyasi təzyiq vasitəsi kimi istifadə halları kifayət qədər çoxdur. Yaxın tariximizdə Belarusun süd məhsullarına, Gürcüstanın şərab, meyvə və mineral sularına, Moldovanın şərab məhsullarına, Ukraynanın şokolad-konfet məhsullarına qoyulan siyasi məqsədli qadağalar var. Bu hallardan ən yaddaqalanı da elə məhz pomidorla bağlıdır: Türkiyənin timsalında. Lakin hazırda Rusiya ilə Azərbaycan arasında bu cür radikal qərarlara əsas olacaq qədər kəskin problemlərin olduğu hiss olunmur. Əksinə, hər iki tərəf münasibətlərin yüksək səviyyəsindən bəhs edir. Bundan əlavə, Azərbaycandan Rusiyaya pomidor idxalının əsas hissəsi mart-iyul aylarına təsadüf edir. Oktyabr-fevral ayları bu prosesin ən zəif olduğu dövrdür. Yəni siyasi qərar olsa belə, vaxt seçimi heç də uğurlu sayıla bilməz…
Buna rəğmən, ikinci qrupun da tam haqlı olduğunu söyləmək mümkün deyil. Düzdür, Rusiya tərəfi ötən il və bu il ərzində dəfələrlə müxtəlif zərərvericilər aşkarlandığına görə Azərbaycandan gedən yalnız pomidor deyil, gilas, albalı, çiyələk kimi məhsulları da geri qaytarıb. Bu ilin iyun ayında 103 ton belə məhsulu Dağıstan qurumları ölkəyə buraxmayıblar. Bu baxımdan, Rusiya tərəfinin kifayət qədər imkanı olub ki, zərərvericilər olan pomidorun Azərbaycanın hansı bölgəsindən, hansı şirkətlər tərəfindən gətirildiyini müəyyənləşdirsin. Və qərarı bütün Azərbaycan üzrə deyil, həmin bölgələr əsasında versin: hazırda Ermənistan, Özbəkistan, Mərakeş, Türkiyəyə münasibətdə olduğu kimi…
Yeri gəlmişkən, dekabrın 11-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə “Rosselxoznadzor” nümayəndələri arasında danışıqlar aparılıb. Danışıqlardan sonra “RİA Novosti”nin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Bakı Moskvaya pomidor tədarükü ilə bağlı problemlərin həlli üçün konkret sxemlər təklif edəcək. Məlumata görə, Azərbaycan Rusiyaya ölkə daxilində istehsalçıların regionlara görə bölünməsini təklif edib: “Müvafiq strukturlar Qida Agentliyi və “Rosselxoznadzor” arasında danışıqlar aparılır. Bakı problemin həlli ilə bağlı konkret sxemlər təklif edir. Buna əsasən ilk növbədə vicdanlı istehsalçılar vicdansızların qurbanı olmayacaq. Xüsusilə söhbət ölkə daxilində regionlar üzrə istehsalçıların bölünməsindən gedir. Azərbaycan coğrafi baxımdan çoxşaxəli ölkədir, pomidorlar praktiki olaraq hər yerdə becərilib, tədarük edilir. Müsbət nəticəyə ümid var. Zamanımız kifayət qədərdir. Belə ki, bizim ixracımızın əsas həcmi mart-iyul ayına düşür”.
Rusiya Meyvə-Tərəvəz Assosiasiyasının rəhbəri Mixail Qluşkovun verdiyi məlumata əsasən 2020-ci ildə(yanvar-aprel) Rusiyada örtülü qış istixanalarında tərəvəz istehsalı 2019-cu ilə nisbətən 17 faiz artıb. Bu zaman ən yüksək artım məhz pomidorda qeydə alınıb – 21 faiz. Lakin bu artım belə Azərbaycanın bazardakı payını qarşılamaq üçü yetərli deyil. 2019-cu ildə Azərbaycan 172,3 min tonla Rusiyanın pomidor idxalında birinci yerdə olub. Ondan sonra gələn Türkiyə Rusiya bazarında cəmi 93,9 min ton, üçüncü olan Çin isə 69,4 min ton məhsul satıb. 2020-ci ilin 10 ayında Azərbaycan Rusiyanın pomidora olan tələbatının 38 faizini qarşılayıb – 171 min ton.
Rusiya pomidor bazarının özəllikləri
Qeyd edək ki, Rusiyaya pomidor əsasən Mərakeş, Çin, Azərbaycan, Türkiyə, Belarus və Özbəkistandan idxal olunur. Son illərdə Çin və Mərakeşdən idxal xeyli azalıb. Çində məhsulun yetişdirilməsində pestisidlərdən ifrat istifadə olunduğuna görə tələbat azalıb. Mərakeşdə isə yerli istehsalın azalması baş verir.
Rusiya bazarında ən ucuz satılan Azərbaycan pomidorudur. Ən keyfiyyətli və bahalı pomidor Özbəkistandan gətirilir. Bahalı olsa da, özünəməxsus şirinliyinə görə Özbəkistan məhsuluna tələbat böyükdür, buna görə də öğzbəklər Rusiyaya ixracı sürətlə artırırlar. 2018-ci ildə Rusiyaya idxal olunan pomidorun 5 faizi Özbəkistan məhsulu idisə, 2019-cu ildə bu pay 9 faizə yüksəlib. Lakin Özbəkistan pomidorunun alıcısı əsasən varlı təbəqə, Azərbaycan pomidorunun alıcısı isə orta və aşağı təbəqələrdir. Azərbaycan məhsulu həmçinin restoran-kafelərin menyusunda üstün yerə malikdir.
Rusiya bazarına ixraca qoyulan indiki qadağa yumşaldılsa və ya aradan qaldırılsa belə, Azərbaycan ixracatçıları ixrac coğrafiyasını genişləndirmək üçün fəaliyyətləri aktivləşdirməlidilər. Çünki Rusiya daxili bazarı yerli istehsal hesabına təmin etmək, idxaldan asılılığı azaltmaq üçün çox ciddi addımlar atmaqdadır.
Rusiyanın “Rosselxozbank”ın Sənaye Ekspertiza Mərkəzinin proqnozlarına görə, yaxın 5 ildə bu ölkəyə idxal olunan tərəvəzin payı 16 faizdən 10 faizə düşəcək. Mərkəzin analitiklərinin fikrincə, 2025-ci ildə pomidor idxalı 347 min tona, xiyar idxalı 36 min tona qədər azalacaq. 2019-cu ildə Rusiyaya 558 min ton pomidor və 100 min ton xiyar idxal edilmişdi.
Rusiyaya idxalda gözlənilən azalmanın əsas səbəbi kimi istixana məhsullarının istehsalının artması göstərilir. 2015-ci ildə Türkiyə ilə siyasi böhran yarananadək qardaş ölkə Rusiyanın ən böyük pomidor təchizatçısı idi – bazarın 57 faizi. 2015-ci ildə qoyulan qadağadan sonra ümumilikdə Rusiyaya pomidor idxalında kəskin azalma baş verib. Belə ki, Türkiyədən idxalın qadağan olunması nəticəsində 2015-ci ildə 819 min ton olan ümumi idxal 2016-cı ildə 406 min tona düşüb. Daxili bazarda qiymətlərin sürətlə bahalaşmasından sonra hökumət cənub və Volqaboyu regionlarda istixana təsərrüfatlarının yaradılması prosesini aktiv dəstəkləməyə başlayıb. Bu ilin sentyabrına qədər bu istiqamətə 256 milyard rubldan artıq vəsait yatırılıb.
2020-ci ilin aprelindən Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında bu ölkənin dövlət və bələdiyyə ehtiyacları üçün idxal pomidorunun alınması qadağan olunub. Məqsəd “yerli istehsalçıların dəstəklənməsi və istixana tərəvəzçiliyinin inkişaf etdirilməsidir”.
2021-2022-ci illər üçün Rusiya qarşıya pomidora olan tələbatın 80 faizinin yerli istehsal hesabına təmin olunması məqsədi qoyub. 2016-cı ildə yerli istehsal 2 milyon 986 min ton təşkil edib ki, bunun 620 min tonu istixana məhsulu olub.
2019-cu ildə Rusiya özünün istixana pomidoruna olan tələbatının 51 faizini daxili istehsal hesabına təmin edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə daxili istehsal tələbatın 45 faizini təmin etmişdi. Rusiya Aqrar Bazar Konyukturu İnstitutunun hesablamalarına görə, 2018-ci ildə Rusiyada 434 min ton, 2019-cu ildə isə 530 min ton istixana pomidoru istehsal olunub. 2019-cu ildə Rusiyanın pomidor idxalı 4 faiz azalıb. 2018-ci ildə ümumi idxal 552 min ton təşkil etmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, 2020-ci ildə istixana tərəvəzlərinin istehsalı illik müqayisədə 6,1 faiz artaraq 1,25 milyon tona çatacaq ki, bu da rekord göstərici olacaq. Mərkəz istixana komplekslərinin yerli operatorlarının istehsalını ildə orta hesabla 7 faiz artırmağa davam edəcəyini gözləyir.
Qəribə də olsa, Rusiyada istixana təsərrüfatlarının yaradılması prosesində Azərbaycandan olan sahibkarlar fəal iştirak edirlər. Bu prosesdə bir sıra böyük Azərbaycan şirkətləri də var. Rusiya və Azərbaycan mətbuatında onların Rusiyanın cənub regionlarında yüz hektarlarla ərazidə müasir tipli istixanalar yaratdıqlarına dair məlumatlar yayılıb.
Rəsmi statistik məlumatlara əsasən bu ilin 9 ayında Rusiyada 410 min ton pomidor istehsal olunub, daha 416 min tonu isə idxal edilib. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, idxala qadağalar daxili bazarda pomidor çatışmazlığına səbəb olmayacaq: idxal getdikcə azalır. Bu ilin 3 rübündə xaricdən 394,6 min ton pomidor alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azdır.
M.Qluşkov isə bildirir ki, Azərbaycan pomidorlarının olmaması bazarda defisitə və qiymət artımına səbəb olmayacaq. Onun sözlərinə görə, bu il Rusiyada pomidorun qiyməti demək olar ki, dəyişməyib. Lakin Rusiya Statistika orqanı Qluşkovun dediklərindən fərqli rəqəmlər açıqlayıb. Belə ki, 2020-ci ilin noyabrında təzə pomidorun 1 kiloqramı 120,3 rubl təşkil edib ki, bu da ötən ilin eyni dövründən 5,7 faiz yüksəkdir. Assosiasiya rəhbəri qeyd edir ki, Azərbaycan pomidorunun gəlməsinə qədər olan müddətdə şirkətlər başqa ölkələrlə müqavilələr bağlayıb yetərli həcmdə idxalı təmin edə biləcəklər. Assosiasiya rəhbərini arxayın salan əsas məqam Türkiyədən idxalın sürətlə artırılması imkanının olmasıdır. Rusiya artıq Türkiyədən idxala qoyulan illik 200 min tonluq kvotanı ləğv etmək məsələsini gündəmə gətirib. Lakin Türkiyə hələ bu kvota həcmində idxalı təmin edə bilməyib. Digər tərəfdən, Azərbaycan pomidoru dad və qiymət baxımından Türkiyə pomidorundan daha üstündür.
Rusiyada istehsal olunan yerli pomidor isə qiymət baxımından bizim məhsula uduzur.
Qadağa ağır zərbə vurmaqla yanaşı, inkişafa da gətirə bilər
Aydın məsələdir ki, Azərbaycanın pomidor istehsalçıları üçün Rusiyaya ixracın dayanması çox böyük zərbədir. Çünki pomidor son illərdə qeyri-neft ixracatımızda şəriksiz liderə çevrilib. 2017-ci ildə 151,6 milyon dollar, 2018-ci ildə 177,4 milyon dollar, 2019-cu ildə 189,3 milyon dollar, bu ilin 10 ayında 173 milyon 19 min dollar dəyərində pomidor ixrac olunub. Bu o deməkdir ki, 2017-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracının 9,9 faizini, 2018-ci ildə 10,5 faizini, 2019-cu ildə 9,7 faizini, 2020-ci ilin 10 ayında isə 11,98 faizini pomidor təşkil edib.
Ölkə üzrə ümumi pomidor ixracının 98 faizə qədəri Rusiyaya reallaşır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ixrac olunan 174 min 548,17 ton pomidorun 172 min 876,67 tonu Rusiyaya aparılıb. Bu rəqəmlər Rusiyaya ixraca qoyulan qadağanın yerli istehsalçılara nə qədər böyük zərbə vura biləcəyini açıq göstərir. Bu, eyni zamanda ixracda bir ölkədən asılılığın hansı fəsadlar verə biləcəyini açıq sərgiləyir. Belə halların təkrarlanmaması üçün yerli istehsalçılar məhsulun keyfiyyət göstəricilərini qabaqcıl standartlara uyğunlaşdırmalıdılar.
Müşahidələr göstərir ki, Azərbaycan istehsalçılarının əsas problemi məhz keyfiyyətlə bağlıdır. Dövlət qeyri-neft, xüsusilə də aqrar istehsal və ixracatı çoxşaxəli mexanizmlər əsasında dəstəkləyir: aqrar istehsalçılar əksər vergilərdən azaddır, onlara əkinə və məhsula görə subsidiya verilir, texnikanın, gübrə və preparatların güzəştli satışı təşkil olunur, nəhayət, ixrac üçün təşviq ödənilir. Bundan əlavə, xarici bazarların öyrənilməsi üçün bazar araşdırmalarının aparılmasına, xarici bazarlara çıxış üçün zəruri sertifikatların alınmasına, xaricdən onlayn platforma üzərindəm sifarişlərin götürülməsinə, məhsulların xarici ölkələrdə tanıdılmasına da dövlət dəstəyi verilir. Digər tərəfdən, emal avadanlıqlarının istixanaların da idxalı vergi və rüsumlardan azad edilib, gətirilib quraşdırılmasına da dövlət dəstəyi təklif olunur. Bütün bu dəstək mexanizmlərinin qarşılığında yerli istehsalçılardan tələb olunan əsas amil məhz xarici bazarlarda rəqabətə tab gətirəcək məhsulun istehsalıdır.
Məsələ burasındadır ki, keyfiyyət problemi yalnız pomidor deyil, digər məhsullarımızın da Avropa və digər bazarlara çıxışına imkan vermir. Bir misal gətirək. 2014-2015-ci illərdən etibarən Azərbaycan dünya, xüsusilə də Avropa bazarlarına qabığı təmizlənmiş meşə fındığı ixracını sürətlə artırıb. Bir neçə il ərzində ixrac həcmləri mütəmadi olaraq artıb, özü də Avropa bazarının hesabına. Məsələn, 2017-ci ildə xaricə 20 min 754,4 ton fındıq satılıb ki, bunun 6363,47 tonu Rusiyaya, 3145,73 tonu Almaniyaya, 8961,7 tonu İtaliyaya reallaşdırılıb. Bundan əlavə, Polşa, Çexiya, hətta Tayvana da məhsul satılıb. 2019-cu ildə isə xarici bazarda satılan 22 min 23 ton qabığı təmizlənmiş meşə fındığının yarıdan çoxu – 11 min 39,98 tonu Rusiya Federasiyasına, 3402,72 tonu Almaniyaya, 5450 tonu İtaliyaya aparılıb. Səbəb isə çox sadədir: 2018-ci ildən etibarən Avropa Birliyi fındığın tərkibindəki aflotoksin adlı maddənin miqdarına dair tələbləri sərtləşdirib. Aflatoksin dünyada xərçəng xəstəliyinin əsas “yaradıcı”larından biri hesab olunur. Bu xüsusiyyətinə görə Avropa Birliyi onun ayrı-ayrı məhsullarda yol verilən həddini getdikcə azaldır. Bu maddə yaxşı qurudulmayan fındıqda meydana gəlir. 2018-ci ilin oktyabrında onun miqdarı çox olan 100 tondan yuxarı məhsulu İtaliya geri qaytardı. Bu zaman Azərbaycanın fındıq emalçıları asan yolu seçərək emalın keyfiyyətini artırıb Avropa bazarına çıxış imkanlarını genişləndirmək əvəzinə keyfiyyəti azaldıb məhsulu Rusiya bazarına çıxarmağa üstünlük verdilər.
Pomidora gəlincə, bir istehlakçı olaraq bu məhsulun keyfiyyətində son illərdə geriləmənin olduğunu əminliklə deyə bilərəm. Halbuki Azərbaycan, Zirə pomidoru keçmiş SSRİ-də ən dadlı, keyfiyyətli məhsul hesab olunurdu. Elə Azərbaycandan Rusiyaya istixana pomidor-xiyarının ixracı da Sovet dövründən başlanan prosesdir. Müstəqillik illərində bu proses Rusiya ilə Türkiyə arasında baş verən 2015-ci ilin təyyarə olayından sonra bir neçə dəfə sürətlənib. Ölkədə pomidor istehsalında da sürətli yüksəliş 2015-ci ildən sonra qeydə alınıb. Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, 2016-cı ildə 502,7 min ton olan pomidor istehsalı 2019-cu ildə 697 min 817 tona yüksəlib. Bu məhsulun ixracı isə qeyd olunan dövrdə 101,3 min tondan 175 min 159 tona çatıb. Lakin təəssüf ki, əsasən bir bazara baş verən bu ixrac indi çox ciddi problemlərlə üzləşib. Problemi dərinləşdirən amillərdən biri də budur ki, ixrac olunmayan həcmləri daxili bazarda reallaşdırmaq, yaxud emala yönəltmək də mümkün deyil.
Son illərdə Azərbaycanda emal sənayesində pomidordan istifadə həcmlərində ciddi artım nəzərə çarpır. Belə ki, 2016-cı ildə 16,8 min ton pomidor ərzaq məhsullarının istehsalında istifadə olunubsa, 2019-cu ildə bu həcm 31,4 min tona yüksəlib. Lakin emala yönəldilən açıq sahələrdə yetişdirilən pomidordur. İxraca yönəldilən isə bütünlüklə istixana məhsuludur. Bu baxımdan, satılmayan məhsulu emala yönəltmək də mümkün deyil.
Buna görə də pomidor, eləcə də bütün istehsalçılarımız keyfiyyəti artırıb, zəruri prosedurları keçməkdən qorxmayaraq ixracı şaxələndirməyə məhkumdurlar. Düzdür, son illərdə Pomidorun Şərqi Avropa, Ərəb ölkələrinə ixracı istiqamətində müəyyən addımlar atılıb. Məsələn, 2018-ci ildə 171 min 937,01 ton pomidor ixracının 170 min 331,49 tonu Rusiyaya edilsə də, 410,67 tonu BƏƏ, 292,96 tonu Gürcüstana, 296,23 tonu İraqa, 40,56 tonu Qətərə, 91,44 tonu Polşaya aparılıb. Bundan əlavə, az miqdarda məhsulun Estoniya, Qazaxıstan və digər ölkələrə də ixracı baş tutub. Lakin bu addımlar davamlı xarakter almayıb. Burada Rusiya bazarının açıq olması yəqin ki, əsas rol oynayıb. Hesab edək ki, indi yaranan problem istehsalçı və ixracatçılarımızı düzgün yola istiqamətləndirmək üçün yetərli olacaq..