Mədəniyyət Nazirliyinin kino şöbəsinin sabiq müdiri Cahangir Məmmədovun ziyanlı siyasətini daha pis şəkildə davam etdirən Rüfət Həsənov tutduğu vəzifədən (Audiovizual və İnteraktiv Media Şöbəsinin müdiri) azad olundu. Amma bir kinotənqidçi kimi məni qayğılandıran məsələ (düşünürəm ki, həmçinin, kino ictimaiyyətini də bu, narahat edir) sabiq mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi dövründə kinoya ayrılan vəsaitin səmərəsiz xərclənməsinə (və ya necəsə yoxa çıxmasına), Hesablama Palatasının məlum hesabatında qeyd edilən maliyyə xətalarına görə Rüfət Həsənovun və digərlərinin hüquqi müstəvidə məsuliyyət daşıyıb-daşımayacağıdır. Mövzudan dəfələrlə yazdığımdan, təfərrüatlara girməyi artıq hesab edirəm. Bununla belə, bəzi sualları yenidən xatırlatmağa ehtiyac var:
– 2020-ci ilin dövlət büdcəsindən Azərbaycan kinosunun inkişafına ayrılan 7,5 milyon manata hansı işlər görülüb?
– Tendersiz reallaşan, 485, 568 min manat büdcə ayrılmış “Qarın qulu” animasiya filminin taleyi necə oldu?
– Rüfət Həsənovun “Debüt” studiyasına rəhbər olduğu dönəmdə (bu 2019-2020-ci ilin avqustunu əhatə edir) quruma ayrılmış 300 min manata hansı işlər görülüb?
– 2022-ci ildə tammetrajlı film istehsalına pul xərclənmədiyi təqdirdə hansı əsasla 385 min manatlıq “İnteract” təlim layihəsi keçirilib və maliyyə necə xərclənib?
– Bir mənbədən satınalma metodu tətbiq edilməklə, Türkiyənin “Bozdağ Film” şirkətinə, İkinci Qarabağ Müharibəsi haqqında 8 seriyalı bədii filmin istehsalı həvalə olndu. Hələ də ortalıqda olmayan layihəyə dövlət büdcəsindən ayrılmış 1 milyon 700 min manat vəsaitin taleyi necə oldu?
Suallar çoxdur, yalnız vacib saydıqlarımı yazdım.
…Bu ilin ikinci yarısında isə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyi film layihələri müsabiqəsi elan elədi. Bu, kinoya ayrılmış büdcənin böyük bir hissəsini (5500000 manat) əhatə eləyən və tamamən istehsalata xərclənəcək ilk layihədir. Üstəlik, layihədə dövlət sifarişli filmlərdən tutmuş kommersiya, sənət, debüt, tələbə film-layihələrinə də büdcə ayrılması nəzərdə tutulur. Yeri gəlmişkən, kino adamları ilə görüşlərdən birində nazirlik tərəfindən filmlərə ayrılan vəsaitin müəyyən hissəsinin büdcəyə qaytarılması da təklif edilib. Layihəsinə investisiya qoyulan istehsalçı, məhsuldan əldə edəcəyi gəlirin bir hissəsini büdcəyə qaytarır. Və layihənin təyinatından (kommersiya, sənət, dövlət sifarişli və s.) asılı olaraq pulun qaytarılma şərtləri dəyişir. Yəni, kommersiya layihəsi dövlət pulunu tam qaytarmalıdırsa, sənət filminə bu mənada güzəşt tətbiq edilir. Düşünürəm ki, belə bir bölgü ədalətlidir; istehsalçının, yaradıcı heyətin üzərinə rəflərdə tozlanacaq, keyfiyyətsiz yox, maraqlı, istehlaka yararlı film çəkmək məsuliyyəti qoyulur.
Nazirliyin sabiq rəhbərliyi dövründə (2021-ci ilin noyabrında) tammetrajlı bədii film layihələrinə dəstək məqsədilə elan edilən 300 minlik müsabiqədə hər prodüser mərkəzinə ən çox üç layihə ilə iştiraka icazə verilirdsə, yeni müsabiqədə qurumlar altı layihə təqdim edə bilər. Eyni prodüser mərkəzi, tutaq ki, dövlət sifarişi üzrə iki tammetrajlı bədii film layihəsi təqdim edə bilməsə də, əvəzində bu istiqamət üzrə tammetrajlı və qısametrajlı bədii, sənədli, animasiya layihələri ilə qatılacaq. Yaxud istehsalçı şirkətin, eyni zamanda bütün istiqamətlər üzrə (yəni həm kommersiya, həm sənət film layihələri və digər) ssenarilər təqdim etməsi mümkündür.
Müsabiqədə debüt və xüsusən, tələbə filmlərinə diqqətin ayrılması təqdirəlayiqdir. Nazirliyin indiyədək keçirdiyi azsaylı film müsabiqələrində bu, bir ilkdir.
Sadaladıqlarım müsabiqənin müsbət tərəfləridir.
…Layihə müsabiqəsinin reqlamentində deyilir ki, debüt filmləri istiqaməti üzrə müraciət edən iştirakçıların hər biri müsabiqə elanı tarixinədək azı bir tammetrajlı və ya iki qısametrajlı film istehsal etmiş olmalı, təqdim etdiyi film layihəsindəki quruluşçu rejissorunun kinematoqrafiya ixtisası üzrə ali təhsili, tammetrajlı film kateqoriyası üzrə müraciət etdikdə isə – əlavə olaraq azı bir qısametrajlı filmin quruluşçu rejissoru təcrübəsi olmalıdır. Adından göründüyü kimi debüt ilk çıxış deməkdir və bu halda onlardan film tələb etmək doğru deyil. Sözügedən bənd yeni potensialın, istedadın, tendensiyanın gün işığına çıxmasına maneə törədən yanaşmadır. Elə şəxslər var ki, layihəsinə maliyyə tapa bilmədiklərindən (bunda nazirliyin sabiq rəhbərliklərinin də rolu böyükdür) film çəkə bilməyiblər və indi dövlət tərəfindən verilən dəstək onlar üçün bir fürsətdir.
Bunun əvəzində, debütantların qarşısına azbüdcəli tammetrajı film tələbinin qoyulması daha məntiqliydi. Bundan başqa, debütantdan kino üzrə ali təhsil tələb etmək də doğru deyil. Bu məntiqlə razılşasaq, gərək İncəsənət Universitetinin rejissor məzunları kinoda istisnasız keyfiyyət göstərcisi olsun. İstər xaricdə, istər öz ölkəmizdə ali kino təhsili olmayan, kinonu praktikada, qısamüddətli kurslarda öyrənən istedadlı müəlliflər yetişib. Kinonun hər şeydən əvvəl duyum, yaradıcı münasibət, abstrakt düşüncə tələb edən sahə olduğunu nəzərə alsaq, debütantlarla bağlı rahatlıqla müəyyən güzətşlər etmək mümkün idi.
Müsabiqənin qaydalarında layihə müəlliflərinin pitçinqini qəbul edən Ekspert Şurası belə səciyyələndirilir: layihələrin məzmunlarının mili mənəvi dəyərlərə, cəmiyyət və dövlətin maraqlarına, sahə üzrə qabaqcıl təcrübəyə və keyfiyyət meyarlarına uyğunluğuna dair rəy verilməsini həyata keçirəcək komissiya.
Düzdür, Ekspert Şurasının tərkibi hələ ki məlum deyil. Yəqin ki, pitçinq zamanı kimlərdən təşkil olunduğunu biləcəyik. Amma Şuranın layihələri “milli mənəvi dəyərlərə, cəmiyyət və dövlətin maraqlarına” uyğun olaraq dəyərləndirməsi subyektivliyə, qərəzə yola aça bilər. Ki, əvvəlki təcrübələrdə bunun şahidiyik. Analoji problemin ortaya çıxmamasından ötrü, yaxşı olardı ki, agentlik layihələrin dəqiq qiymətləndirmə mexanizmini təklif etsin. Çünki çox ola bilər ki, mühafizəkar dünyagörüşlü ekspert liberal dəyərlərə söykənən əhvalatı qəbul etməsin və təsəvvüründəki, özünün inandığı dəyərlərə zidd saysın. Əks halda dramaturgiya qanunlarını (məsələn, hər bir əsərdə konfilktin zərurətini ) gözardı edən Şura üzvünü Pedro Almodovar da ideyasına inandıra bilməz. Ona görə “milli mənəvi dəyərlərə zidd” qərəzinin ortaya çıxmaması üçün fikirlər arqumentləşdirilməli, elə qiymətləndirmə kriteriyaları secilməlidir ki, yersiz senzuraya yol açıb əsəri şikəst eləməsin.
Hərçənd, meyarlar bölümündə layihədə nələrə önəm veriləcəyi yer alır: ideyanın orijinallığı, mövzunun aktuallığı, ssenarinin dramaturji keyfiyyəti, layihənin iqtisadi əsaslandırılması,rejissor yanaşmasının orijinallığı, layihənin bədii təsvir keyfiyyəti və s. Bunlar daha çox ümumidir və yenə də qərəz üçün imkanlar var.
Ümumən, əksər meyarlar məqsədəuyğun sayılsa da, ideyanın və rejissor yanaşmasının orijinallığı məsələsində müəlliflərə yüklənmək, plankanı çox yüksək götürmək vacib deyil. Çünki müasir dünya kinosunda, nüfuzlu festivallarda nümayiş olunan filmlərdə belə orijinal ideya və yanaşmalara çox az rast gəlinir. Əsas odur ki, təsirli, ideyalı, uyğun ifadə vasitələrinin əks olunduğu film çəkilsin.
2023-cü ilin sonuna yaxınlaşırıq və məlum oldu ki, bu il də dövlət büdcəsi ilə tamamlanmış tammetrajlı bədii film yoxdur. Əvəzində layihələrin istehsalata buraxılması prosesi başlanacaq. Çünki hazırlıq, çəkiliş prosesi, postprodakşn mərhələləri uzun müddət tələb edir. Halbuki ilin birinci yarsında 300 minlik müsabiqədə və “Azərbaycanfilm”in keçirdiyi ssenari müsabiqələrində qalib gəlmiş bəzi layihələrin bir neçəsini istehsalata buraxmaq mümkün idi…
Bütün hallarda nazirliyin kino siyasətində yaxşı tərəflər nəzərə çarpır. Prodüserlər Gildiyasının rəhbəri Fikrin Bəktaşinin aşağıdakı fikirlərini mən də bölüşürəm:
“Düşünürəm ki, müsabiqə daha çox diaqnostik xarakter daşıyır. Müsabiqə kino sahəsindəki vəziyyəti daha düzgün qiymətləndirərək prodüserlərin təcrübə və imkanlarını, ssenarilərin ümumi vəziyyətini və mövzu və janrların tərkibi ilə bağlı daxili bazardakı müəyyən bir hesabatını ictimaiyyətə verəcək. Sözün açığı müsabiqənin mənə görə bu formada keçirilməsi, dövlət vəsaitinin istehsalçılara mümkün edilməsi və şəffaf şəkildə xərclənməsi gözlənilməz oldu. Həmçinin, kino cameəsi üçün. Çünki öncəki rəhbərliklərin dövründə dövlətin verdiyi vəsaitə keçirilən müsabiqələrə inamsızlıq yaranmışdı, üstəlik, uğur əldə etmiş layihələrin maliyyələşdirlməsi belə uzadılırdı. Amma indiki müsabiqəyə qədər, dövlət müəyyən borcları bağladı və müsabiqəyə addım atdı. Bu isə dövlətlə istehsalçılar arasında bir körpüdür və üstəlik, kinoya əlavə maliyyənin qoyuluşunu stimulyasiya edəcək, yatırım qoymaq istəyən şəxslərlə əlaqələrin qurulmasına da xidmət edəcəkdir. Amma bu sahədə islahatları davamlı şəkildə aparmaq lazımdır. Bu gün keçirilən müsabiqənin nəticəsində dövlət maliyyəşdirmə mexanizmi təkmilləşdiriləcək; bu da gələcəkdə investisiyaların qaytarılması risklərini azaldacaq, biznesmenlər bu təcrübələri görərək müəyyən qərarları mütləq verəcək və kinoya maliyyə axını artacaqdır. Nəticədə isə, bu sahədə istehsal artacaq, rəqabət güclənəcək və daha keyfiyyətli və fərqli janrlarda kino və animasiyalar istehsal olunacaqdır”.