Qubadlı Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Ermənistanla sərhəd regionudur. Qubadlının strateji rolu bu ərazinin keçmiş DQMV rayonlarından Hadrut və Ermənistan arasında yerləşməsi idi Regionun əsas kommunikasiya mərkəzi Laçına yaxınlığı, eləcə də Ermənistanın digər əraziləri ilə əlaqəsini təmin edən yolun bölgədən keçməsi səbəbi ilə böyük əhəmiyyəti var idi. 1923-cü ildə Qubadlıdakı Tezxarab ərazisi[1] yeni yaradılmış Muxtar Vilayət Dağlıq Qarabağın (MVDQ) tərkibindəki yeganə eksklav idi. Həmin dövrdə Qubadlı Kürdüstan qəzasında tərkibində olmuş, 1933-cü ildən isə müstəqil rayona çevrilmişdir. 1988-ci ildə başlanan Qarabağ münaqişəsi zamanı ilk silahlı hücuma məruz qalan ərazilərdən biri Qubadlı oldu. 1988-ci ildə noyabrın 24-də Ermənistandan Eyvazlı kəndinə olan hücum zamanı 1 nəfər öldürüldü, kənd isə tamamilə yandırıldı. Həmin il Eyvazlının yaxınlığındakı Davudlu və Qədili kəndi də işğal edildi. Beləliklə, İrəvan-Meğri şossesi Ermənistanın əlinə keçdi. Sovet Ordusu əraziyə nəzarəti yenidən bərpa etsə də evlərin yararsız hala düşməsi səbəbi ilə yerli əhali kəndlərə qayıtmadı. 1989-1991-ci illərdə Qubadlının sərhəd kəndlərinə hücumların sayı artdı. Erməni silahlıların faəliyyətinin qarşısını almaq üçün Sovet Ordusu və Azərbaycan OMON-u 1991-ci ilin yaz-yay aylarında Halqa əməliyyatını həyata keçirdilər. Əməliyyat zamanı Qubadlının Aşağı Cibikli və Yuxarı Cibikli kəndləri xüsusilə ağır atəşə məruz qalırdı (“İzvestiya” qəzeti, 06.05.91:2). Belə hücumlardan birində erməni silahlıları Yuxarı Cibikli kəndində meşəbəyi Şahin Məmmədovu öldürdülər və onun əmisi oğlu Qərib Nəzərovu əsir aldılar (“Exo” qəzeti, 23.02.13:7).
Sakinlərin kömək üçün müraciət etdikləri Sovet hərbçilərinin müdaxiləsi ilə hücum dayandırıldı. Ancaq atışma zamanı qrupa rəhbərlik edən 3641 nömrəli hərbi hissənin 11-ci bölüyün leytenantı Oleq Babak həlak oldu.[2] Yay aylarında Sovet bölmələri Qubadlı istiqamətindəki sərhəddi tam olaraq erməni silahlılarından təmizlədilər. Lakin avqust ayında Moskvada baş verən hərbi çevrilişdən sonra Sovet İttifaqının dağılma prosesinin sürətlənməsi ermənilərin yenidən aktivləşməsi ilə nəticələndi. 9 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında dövlət qanunu qəbul olundu. Həmin qanun əsasında Qubadlı rayonunda 810 saylı özünümüdafiəetmə batalyonu təşkil edildi 1991-ci ilin sonunda regionda vəziyyət yenidən gərginləşməyə başladı.
1992-ci ildə Qubadlı
1992-ci ilin ilk ayları Qubadlı üçün ağır başladı. Fevralın 19-da Qubadlının bombalanması nəticəsində 5 nəfər mülki sakin həlak oldu, 20 nəfər yaralandı. Həmin gün Məlikəhmədli kəndində gedən döyüşlərdə Azərbaycan Ordusu Qubadlı istiqamətində ilk şəhidini verdi. Martın 1-də isə Qafan rayonundan Qubadlıya edilən hücumun qarşısı alındı. Lakin may ayında əvvəlcə Şuşa və daha sonra Laçının ermənilərin əlinə keçməsi ilə Qubadlı rayonu 3 tərəfli cəbhə xəttinə çevrildi. Laçının cənubu boyunca irəliləyən erməni qoşunları mayın 19-da Güləbird kəndinin önündə dayandırıldı. Müdafiə zolağı böyüdüyü üçün bu dövrdə Qubadlını 810, 843, 846 və 851 saylı hərbi hissə qoruyurdu. 1992-ci ilin yay ayında Qubadlıdakı cəbhə xəttində xüsusi bir dəyişiklik olmadı. 1992-ci ilin iyununda Azərbaycan hərbçiləri içərisində Ermənistan müdafiə nazirinin birinci müavini, general-leytenant Hraç Andreasyanın da olduğu helikopter qrupunu atəşə tutdular. Atəş nəticəsində iki helikopter zədələndi və onların biri Ermənistana təcili enişi həyata keçirə bildi. Digər helikopter isə zədələnmiş Mi-24 ekipaj üzvlərini və hərbçiləri evakuasiya edərək ərazini tərk etdi. Zədələnmiş helikopter daha sonra təmir edilərək Azərbaycan HHQ-nin istifadəsinə verildi.

Ermənistana məxsus Mi-24 helikopterini ələ keçirən Azərbaycan hərbçiləri – 1992-ci il, iyun.
1992-ci ilin avqustunda Milli Ordu Laçının Suarası kəndi istiqamətində əməliyyat başlasa da ağır itkilər verərək geri çəkilməli oldu. 1 ay sonra Qubadlıdakı hərbi hissələr birləşdirilərək 706 saylı briqada yaradıldı. Polkovnik-leytenant Nüsrət Namazov briqada komandiri təyin oldundu (Vəliməmmədov,2019:24). Oktyabrda Azərbaycan bölmələri Qubadlının Muradxanlı kəndi istiqamətindən Laçını azad etmək üçün genişmiqyaslı hücumlara başladılar. Döyüşlərin ilk günlərində ordu uğurla irəlilədi və bəzi istiqamətlərdə Laçına 2 km məsafədə yaxınlaşdı. Lakin 1-ci taborun komandiri, mayor Əliyar Əliyevin Şurumbaşı yüksəkliyində həlak olması hücumda koordinasiyanın pozulması ilə nəticələndi. Hücum planının uğursuz alınmasında polkovnik-leytenant Nüsrət Namazovun əməliyyatın məxfi hissəsi ilə bağlı məlumatı ictimaiyyətə sızdırmasının böyük rolu oldu. Bəzi əsgərlərin özbaşına mövqelərini tərk etməsi ilə boşluq yarandı və Hraç Andreasyanın rəhbərliyindəki bölmələr bundan məharətlə istifadə edərək sağ cinaha zərbə endirdi. 1992-ci il oktyabrın 9-12-də Azərbaycan ordusu Laçından geri çəkilməyə məcbur oldu. 12 oktyabr 1992-ci ildə hücumu davam etdirən erməni qoşunları Qubadlı rayonu sərhədinə çatdı və burada Muradxanlı kəndi yaxınlığında dayandırıldı. Hadrut istiqamətindən hücuma keçən “DQR” bölmələri isə strateji Topağac yüksəkliyini ələ keçirdilər. Azərbaycan Ordusunun Laçındakı uğursuzluğu erməni hərbi komandanlığını ürəkləndirdi. 1992-ci ilin noyabrında Ermənistan müdafiə naziri Vazgen Manukyan Qubadlının ələ keçirilməsi haqqında əmr verdi. Plana görə, Şurnux istiqamətdən general-polkovnik Qurgen Dalibaltayan, Kürdqulaq istiqamətdən isə general-leytenant Hraç Andreasyanın qrupu hücuma keçib Qubadlı rayonuna daxil olmalı idi. Dekabrın 10-da erməni qoşunları Gorus və Qafan istiqamətindən eyni zamanda Qubadlının Yuxarı Cibikli, Aşağı Cibikli, Novlu, Əyin Çardaqlı istiqamətində hücuma keçdilər. Gözlənilməzlik faktorundan istifadə edilsə də ərazidəki Azərbaycan bölmələri ciddi müqavimət göstərdilər. General Andreasyanın dəstələri sadəcə Əyindağ yüksəkliyini (1543,0 metr) tuta bildi, ərafdakı Aşağı Cibikli və Əyin kəndlərinə daxil ola bilmədi. Şurnuxdan hücuma keçən general Dalibaltayanın qrupları isə çətinlikdə də olsa Yuxarı Cibikli kəndini tutdu və yaşayış məntəqəsini yandırdı (Vəliməmmədov, 2021:409).
706 saylı briqada komandirinin müavini Aydın Şükürov həmin günü belə xatırlayır: “Səhər saat 6:30 radələri idi. Yuxarı Cibiklinin rayon mərkəzində yerləşən 2-ci batalyonun qərargahı ilə birbaşa xəttli rabitə kəsildi. 15 dəqiqə sonra ermənilərin hücuma keçdiyi xəbərini aldıq. Saat 7 radələrində Əyindağ yüksəkliyinin düşmən tərəfindən ələ keçirildiyi, Aşağı Cibiklidə qızğın döyüşün getdiyi, Həsən Qorxmazın yaralandığı, Rəfaillə Tərlanın şəhid olduğu və Yuxarı Cibikli kəndinin işğal olunduğu məlumatı gəldi. Qubadlı polisi və 2-ci batalyonun qüvvələri kömək üçün döyüşə atıldı. Saat 17:30 radələrinə qədər döyüş getdi. Polis rəisi Evarist Paşayevin və mənim baş nahiyyəmizdən snayper gülləsi sıyırıb keçdi. Əsgər Yaşar Sultanov üstümə atılaraq məni bir dəfə xilas etsə də, ermənilərin qumbaraatandan açdığı atəşdən sonra qəlpə sağ diz qapağımın yanına sancıldı. Axşama yaxın hər tərəfi qatı duman aldı, döyüş dayandı. Dekabrın 11-i səhər saat 11 radələrində duman çəkilər-çəkilməz qüvvələrimizin hücumu ilə Yuxarı Cibikli azad olundu. Əyindağ adlanan yüksəkliyi isə digər qrupumuz tərəfindən geri qaytarıldı.”
Beləliklə, erməni ordusunun Qubadlını almaq planları uğursuzluqla nəticələndi. Döyüşlərdən 5 gün sonra Azərbaycan Ali Soveti Qubadlıda fövqəladə vəziyyət elan etdi. 1993-cü ildə Qubadlının neytralda qalan Eyvazlı, Davudlu və Qədili kəndləri istisna heç bir kəndi işğal olunmamışdı. Qarşıda isə Qubadlını ağır günlər gözləyirdi.
Hadrut və Cəbrayıl istiqamətdən hücum
1993-cü ilin fevralında ordu və hökumət arasında qarşdurmanın başlanması ilə müdafiə naziri Rəhim Qazıyev vəzifəsindən kənarlaşdırıldı, Surət Hüseynov isə 2-ci Ordu korpusu komandiri vəzifəsindən istefa verdi. Həmin il fevralın 23-də Prezident Əbülfəz Elçibəyin də iştirak etdiyi Müdafiə Nazirliyinin genişləndirilmiş Hərbi Kollegiyasında general-mayor Rafiq Ağayev 2-ci Ordu Korpusunun komandiri təyin edildi, polkovnik Nüsrət Namazov isə korpusun qərargah rəisi oldu. 2-ci Ordu Korpusunun məsuliyyət zonası Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağcabədi və Ağdam rayonları müəyyən edilmişdi. Hökumətin orduda apardığı təmizlik dərhal cəbhədə də özünü göstərməyə başladı. Bu vəziyyətdən istifadə edən erməni bölmələri mart-aprel aylarında Ağdərənin böyük hissəsini geri qaytararaq üç istiqamətdən Kəlbəcərə hücum etdilər. Aprelin əvvəllərində Kəlbəcər işğal edildi. Bununla da Azərbaycanda yeni siyasi böhran yarandı. Kəlbəcərdəki fiaskodan sonra Prezident Elçibəy cəbhədəki komandanlığı yenidən təşkil etdi. 1-ci və 2-ci ordu korpuslarının əvəzinə Qarabağ cəbhəsinin komandanlığı yaradıldı, general-mayor Zadir Rzayev komandir, eyni zamanda müdafiə nazirinin 1-ci müavini təyin edildi. General-mayor Nəcməddin Sadıkov isə cəbhənin qərargah rəisi oldu. Bu struktur dəyişiklikləri Qubadlı rayonu və Laçın rayonunun cənubunda da həyata keçirildi. 706-cı briqadanın komandiri vəzifəsinə Rasim Muxtarov təyin olundu. Elçibəyin orduya müdaxiləsi, eləcə də Surət Hüseynova məxsus 709 saylı hərbi hissəni tərksilah etmək istəyi sonda onun devrilməsi ilə nəticələnən qiyama çevrildi. Ölkədə başlayan xaos sonrası ermənilər hücuma keçərək bir-birinin ardınca Ağdərə və Ağdamı ələ keçirdi. Avqustun ortalarında isə Müdafiə Ordusu cənubda üç istiqamətdən Füzuli, Cəbrayıl və Qubadlıya hücuma keçdi. Qubadlıdakı ilk toqquşmalar avqustun 15-də başladı. Füzuli və Cəbrayıldan fərqli buradakı bölmələr ciddi müqavimət göstərərək müdafiə xəttinin qırılmasına imkan vermədilər. Lakin Füzulinin faktiki olaraq müqavimətsiz, Cəbrayılın isə ciddi müqavimət olmadan ermənilər tərəfindən ələ keçirilməsi Qubadlıya təzyiqi artırdı. Qubadlıya hücumda Hadrut hərbi dairəsinin 51-ci, 52-ci, 53-cü və 16-cı batalyonları , həmçinin 2-ci və 4-cü hərbi dairələrin ayrı-ayrı bölmələri iştirak edirdi (Harutyunyan,2020:36).
İlk olaraq Köhnə Tağlar istiqamətdəki cəbhə yarıldı. Cəbrayıl işğal edilən gün, avqustun 23-də Hadrut istiqamətindən beş tank, iki zirehli transportyor və 200-ə yaxın əsgərdən ibarət erməni batalyonu Milanlı kəndinə daxil oldu. Ən faciəvi vəziyyət Milanlı-Hat kəndləri istiqamətində baş verdi. Döyüş zonasından qaçan kənd əhalisinin əksəriyyəti yaxınlıqda olan Hat kəndinə sığındı. Onların bir qismi mühasirə halqasından çıxıb cənuba doğru qaça bilsə də ermənilər Hat kəndində 5 kişi, 2 qadını əsir götürdülər. Onlardan biri – 80 yaşlı qoca kişi “Helsinki Watch”-a müsahibəsində ağlaya-ağlaya bunları danışırdı: “ Əsir düşənlər arasında qırx beş yaşlı qadın və iki günlük ölü körpəsini qucağında aparan gənc qadın var idi. Körpə xəstəxanada ölmüşdü və hücum başlayanda ailə körpəni basdırmaq üçün gəlmişdi. Qadınlar Hat kəndindən idi. Erməni əsgər və zabitlər əsirlərin saxlandığı otağa girərək gündə iki-üç dəfə qadınlara təcavüz edirdilər. Hücum edənlər nə qadınların qışqırtılarına, nə ağlamalarına, nə də bir neçə gün əvvəl ilk övladını yenicə dünyaya gətirmiş, sonra isə onu itirmiş 22 yaşlı gənc qadının yalvarışlarına əhəmiyyət vermirdilər.” (Helsinki Watch, 1994:57-59).
Erməni bölmələrinin Milanlıdan cənuba doğru hərəkəti zamanı Başarat kəndindəki batalyon çox ciddi müqavimət göstərdi. Bu kənddəki bölmələr 1 tank, 2 ZTR, 2 artilleriya vasitəsi ilə Hadrut ərazisinə girməyə çalşdılar, lakin hücum uğursuz alındı. Bununla belə, bu hücum Qubadlı rayonuna şərqdən həmləni zəiflətdi. Hadrut komandanlığına Şuşa müdafiə sahəsindən əlavə bölmələr cəlb edildikdən sonra ermənilər Başarat kəndini tuta bildilər (Harutyunyan,2020:37). Beləliklə, Qubadlının şərqi istiqamətində bütün cəbhə çökdü. Avqustun 26-da keçmiş Hadrut rayonu tamamilə ermənilərin nəzarətinə keçdi (Harutyunyan,1997:180). Cəbrayılın Qubadlıya bitişik kəndlərinin təcili evakuasiyasına başlandı. Qubadlının şərqdən mühasirəyə almaq üçün Hadrut müdafiə sahəsinin bölmələri Cəbrayılın Qazanzəmi kəndini və onun şərqindəki 1354 yüksəkliyini götürərək Tumas yaylasına çıxdılar. Avqustun 24-də isə 1322,8 yüksəkliyi və Dağ Tumas dağı (1580,5 yüksəkliyi) ermənilərin əlinə keçdi. 1 gün sonra axşam saatlarında Dağ Tumas kəndinin şimal-şərqində yerləşən 1079,8 yüksəkliyi və Dağ Maşanlı kəndi götürüldü (Harutyunyan,2020:35). Cəbrayılın Havuslu kəndindən həyata keçirilən əks-hücumun heç bir effekti olmadı və avqustun 26-da Qubadlının Cəbrayılla sərhəddini bağlayan erməni bölmələri Qubadlının daxilinə doğru hərəkətə başladı. Bu istiqamətdə manevr edə bilən zərbə qüvvəsi toplayan erməni qoşunları avqustun 29-da Xanlıq qəsəbəsi istiqamətində hücuma başladılar. Erməni qoşunlarının Xanlıq qəsəbəsinə çıxması ilə orduda nizamsızlıq tam olaraq özünü göstərdi. Hadrut və Cəbrayıl rayonlarının sərhədindəki mövqelər tutan 706-cı motoatıcı briqadanın iki taboru mövqelərini tərk edərək Qubadlı rayonunun cənubundakı Mahruzluya geri çəkildi. Beləliklə, Dağlıq Qarabağ tərəfdən, Həkəri çayının sol sahili boyunca bölgənin müdafiəsi tamamilə dağıldı (Vəliməmmədov, 2021:530). Həkəri çayının cənubu istiqamətində hərəkət edən ermənilərin nisbətən güclü müqavimətə rast gəldiyi yerlərdən biri Mahruzlu idi. Kəndə avqustun 29-da həyata keçirilən ilk hücum uğursuz alınmışdı. Lakin avqustun 31-də digər ətraf kəndlərin tutulması ilə Mahruzlunun süqutu yaxınlaşdı. Kəndin sakini Seli xatırlayır:“ İkinci hücum sentyabrın 1-də oldu. Hücum başlayanda mən nahar edirdim. Atışma və bombardmanlar oldu. Daha sonra, alaqaranlıqda bir neçə erməni tankı və ZTR kəndin kənarında peyda oldu və atəş açmağa başladı. Biz gizləndik və hava kifayət qədər qaraldıqdan sonra Həkəri ilə cənuba qaçmağa başladıq. Çayın kənarındakı hündür otların arasında qaçırdıq. Dəyirmana çatanda Cavanşir Rüstəmovun meyitini gördük.” (Helsinki Watch,1994:60). Mahruzlunun işğalı ilə şərqdən hücum dayandırıldı. Qubadlının taleyi artıq həll olunmuşdu.
Ermənistan və Laçın istiqamətindən hücum
Müdafiə Ordusunun Füzuli və Cəbrayılda cəbhəni yarması Qubadlının şimalında və qərbindəki Azərbaycan bölmələrini çox çətinə saldı. Ermənilərin fikrini yayındırmaq üçün avqustun 24-25-də “Boz Qurd” batalyonu Laçın dəhlizi istiqamətində hücuma keçdi (Harutyunyan,1997:180). Lakin bu batalyon ilk gün ərzində məğlub edildi, 6 nəfər əsir alındı. Hücuma davam edən ermənilər Laçının Güləbird və Qubadlının Muradxanlı kəndini tutaraq R-36 yolu boyunca cənuba doğru irəliləməyə başladılar (Vəliməmmədov, 2019:147). Bu əməliyyatda Müdafiə Ordusu ilə birlikdə Ermənistan Silahlı Qüvvələri də iştirak edirdi. Polkovnik-leytenant Norayr Danielyanın rəhbərlik etdiyi 5-ci Ordu bölmələri Muradxanlının cənubunda yerləşən Qarakişilər kəndində müqavimətlə rastlaşdılar. 2 günlük döyüşlərdən sonra, avqustun 28-də erməni bölmələri kəndə daxil ola bildilər (Harutyunyan,2020:36). Kəndin sakini 61 yaşlı Fikrət həmin günü belə xatırlayıb: “Hücumda təkcə Dağlıq Qarabağ yox, Ermənistan ordusu da iştirak edirdi. Avqustun 28-də gecə saat üç radələrində kəndimizi mühasirəyə aldılar. Bir az atışma oldu, sonra kəndə girib mənimlə birlikdə 3 nəfəri (Ələkbər Ələkbərov, Abdulla Ağayev, İdris Əhmədov) girov götürdülər.” (Helsinki Watch,1994:55).
Paralel olaraq Qafan və Gorus istiqamətindən də Qubadlıya hücum başlandı. Bu istiqamətdə 706-cı briqadanın 1-ci və 2-ci batalyonu çox güclü müqavimət göstərdi. Dörd gün ərzində mayor İlqar Məmmədovun komandanlığı ilə Azərbaycan qoşunları Ermənistan Silahlı Qüvvələrinin bir neçə güclü hücumunun qarşısını ala bildi (Vəliməmmədov,2021:529). Ermənistan bölmələri avqustun 27-də 8 tankla Yazıdüzü istiqamətində hücuma keçərək Qurbantəpə yüksəkliyini (1076,2 metr) tuta bildi. Lakin avqustun 28-i səhər saat 4 radələrində endirilən artilleriya zərbələrindən sonra mayor İlham Məmmədovun rəhbərliyindəki 1-ci batalyon Əliquluuşağı istiqamətindən əks-hücuma keçərək Qurbantəpə yüksəkliyini geri aldı. Bu döyüş zamanı 7 itki verən 1-ci batalyon iki tankı qənimət olaraq ələ keçirdi. Ancaq şərq və qərb istiqamətdə cəbhənin yarılması şimaldakı bölmələrin mühasirəyə düşməsi ilə nəticələnə bilərdi. Bu səbəbdən 1-ci batalyon Qurbantəpədən geri çəkildi. Avqustun 30-da Şurnuxdan hücuma keçən erməni qüvvələri Seytas kəndinə, Vorotandan hücuma keçən bölmələr isə Məzrə və Novlu kəndinə daxil oldular. Həmin gün Qubadlı ətrafındakı halqa daralmağa başladı. Avqustun 31-də Qurbantəpədəki 4-cü Ermənistan Ordusu bölmələri cənuba doğru hərəkət edərək Gümbəz yüksəkliyini (1004,0 metr), Abdalanlı və Ləpəxeyranlı kəndlərini, eləcə də 781 yüksəkliyini tutaraq Qubadlı şəhərinin şimalında dayandılar. Ermənilər hücum zamanı Mahmudlu və Qayalı kəndləri arasındakı ərazidə 1992-ci ildə onlardan qənimət kimi əldə edilən Mi-24 helikopterini vurdular. Ekipajın üzvləri Feyruz Cəlilov[3], Aleksandr Mizyak və Arif Mərəliyev həlak oldu (Vəliməmmədov, 2019:181). Xristofor Baqramyan adına batalyonun üzvləri isə Ermənistandan hücuma keçərək Məlikəhmədli, Əliquluuşağı və Xıdırlı kəndlərinə daxil oldular (Harutyunyan,2020:36). Avqustun 29-dan etibarən isə Həkəri boyunca hücuma keçən Müdafiə Ordusu bölmələri 2 gün ərzində Xəndək, Balasoltanlı, Xocik kəndlərini tutaraq Çaytumas kəndinə çatdılar. Ermənilər bu hücum zamanı qaça bilməyənləri, əsasən qocaları və əlilləri girov götürməyə davam edirdilər. Onların girov götürdükləri şəxslər arasında Çaytumas sakini Rövşən və həyat yoldaşı Leyla da var idi.[4] Rövşən “Helsinki Watch”-a müsahibəsində başına gələnləri belə nəql edib: “ Ermənilər avqustun 31-də gəldilər. Arvadım yerindən tərpənə bilmədi, qaça bilmədik. Sentyabrın 4-nə kimi evdə qaldıq. Həmin vaxt ermənilər evləri qarət edərək mal-qaranın böyük hissəsini şimala, İşıqlı kəndinə doğru apardılar. Sentyabrın 4-də Martunidə bir batalyon komandiri, qızı ilə bizim evə gəldilər. Dedi ki, arvadın burada qalacaq, amma sən bizimlə gələcəksən. Mən arvadımı sonuncu dəfə görürdüm. Martunidə olarkən süpürgəçiliklə, odun doğramaqla məşğul olurdum. Orda məni tez-tez döyürdülər. Sonra mənimlə birlikdə olan digər əsirləri Şuşaya apardılar. İlin sonunda məni erməni əsiri ilə dəyişdirdilər. Həyat yoldaşım hələ də əsirlikdədir, harada olduğu bilinmir.” (Helsinki Watch,1994:57).
Həmin gün cənuba doğru hücumu davam etdirən ermənilər şərqdən gələn Hadrut müdafiə sahəsinin qoşunları ilə birləşərək Xanlıq qəsəbəsinə daxil oldular. Bununla da Qubadlı rayonunun mərkəz və şimal hissəsinin 3 istiqamətdən mühasirəsi tamamlandı. Avqustun 30-dan 31-nə keçən gecə Azərbaycan qoşunları Qubadlı şəhərini tərk etməyə başladı. Şəhəri tərk edən “Qaranquş” kəşfiyyat-diversiya dəstəsinin döyüşçüləri Qubadlının satıldığı bəhanəsi ilə rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, polis şöbəsinin rəisi Evarist Paşayevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu və polis rəisinin sürücüsü Xanlar Nuriyevi girov götürərək Tarovlu kəndi ərazisində öldürdülər. Daha sonra dəstənin üzvləri İntiqam Qayıbov, Yaşar Şahmuradov, Rövşən Əsədov, Sahib Məmmədəliyev və Nadir Məhərrəmov ərazini tərk etdilər. [5] Qubadlı rayonundan geri çəkilən Azərbaycan qoşunları Çərəli-Mollalı-Ulaşlı-Mahruzlu-Muğanlı xətti boyunca müdafiə mövqelərini tutdular. Sentyabr ayında Qubadlı rayonunun Zəngilanla sərhəddə yerləşən 20 kəndi Azərbaycan qoşunlarının nəzarətində qalmışdı (Vəliməmmədov, 2021:530-531).
İranın münaqişəyə hərbi müdaxiləsi
1993-cü ilin avqustunda erməni ordusunun cənub istiqamətindəki hücumu İran və Türkiyənin kəskin reaksiyasına səbəb oldu. Münaqişənin beynəlmiləlləşməsi üçün ilkin şərtlər yaranmışdı. Türkiyə hərbi komandanlığı 3-cü səhra ordusunun 12-ci və 13-cü mexanikləşdirilmiş briqadalarını Ermənistanla sərhəddə yerləşdirdi. İran isə Azərbaycanla sərhədinin qərb sektorunda nizami ordunun 21-ci piyada diviziyasını, İslam İnqilabı Keşikçiləri Korpusunun 31-ci piyada diviziyasını və jandarmeriya hissələrini gətirdi. İran Ordusu tam tam döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. Avtomobil, dəmiryolu və hava yolu ilə yerləşdirilən qüvvələrin cəmləşməsindən sonra İran komandanlığı döyüş bölgəsinə yaxın ərazidə Səhənd adlı təlimlərə başladı (Araslı,1995:26.) İranı ən çox narahat edən regiondakı humanitar fəlakət idi. Döyüş bölgəsini tərk edə bilməyən insanların çoxu Araz çayını keçərək İrana sığınırdı. Əfqanıstan və İraqdan milyonlarla qaçqın qəbul edən respublikada iqtisadi vəziyyət yaxşı deyildi. Buna baxmayaraq, humanitar fəlakətin qarşısını almaq üçün İran hökuməti Azərbaycan daxilində qaçqın düşərgələri qurub maliyyələşdirdi (Cornell,2005:91). İranın xarici işlər naziri Əli Əkbər Vilayəti münaqişədə Azərbaycana dəstəyini açıq şəkildə ifadə etdi. Avqustun 25-də erməni ordusunun Kənd Horadizə çatmasından sonra İranın reaksiyası daha da şiddətləndi. 1 gün sonra Rusiyanın “İzvestiya” qəzetində İranın erməni bölmələrinə məhdud miqyaslı hava hücumuna qərar verə biləcəyi haqqında xəbər yayımlandı (“İzvestiya” qəzeti, 26.08.93:1). Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı rəhbəri Andre Piko deyirdi: “Vəziyyət yüz minlərlə insan üçün tamamilə dözülməz hal alıb. İran bu münaqişəyə cəlb olunan başqa bir ölkə ola bilər və qorxuram ki, bu baş verərsə, Türkiyə və Rusiya da susmayacaq.” Qubadlı istiqamətində böyük qaçqın karvanının formalaşmasından sonra sentyabrın 2-də İran ordusu Azərbaycan ərazisinə hərbi müdaxilə etdi. 1000-ə yaxın İran əsgəri Arazı keçdi və humanitar dəhliz formalaşdırdı. (Cornell,2005:92).
İran sərhədçiləri Cəbrayılın Xudafərin kəndi ərazisindən şimala doğru 3 kilometr irəlilədi. (“Manila Standard” qəzeti, 09.09.93:17) Eyni zamanda bir qrup İran hərbçisi Horadiz şəhərinin şimalında erməni bölmələrinin qarşısını kəsdi. Sentyabrın 5-də “LA Times” qəzeti İran və Azərbaycanın 12 mil dərinlikdə təhlükəsizlik zonası ilə bağlı razılaşma əldə etdiyini bildirdi. Rəsmi Tehran bu məlumatı təkzib etsə də hadisələrin növbəti gedişi belə bir razılaşmanın ola biləcəyindən xəbər verirdi. İranın hərbi müdaxiləsi və Ermənistana təzyiqi öz nəticəsini verdi. Ermənistan Prezidenti Levon Ter-Petrosyan sentyabrda verdiyi xüsusi bəyanatla Müdafiə Ordusu qoşunlarını Qubadlı rayonundan çıxmağa çağırdı. “DQR” Baş naziri Robert Koçaryan rəsmi açıqlama verərək Qubadlıdan geri çəkiləcəklərini təsdiqlədi. Sentyabrın 6-da Ermənistan xarici işlər naziri Vahan Papazyan İran xarici işlər naziri Əli Əkbər Vilayəti ilə təxminən yarım saat davam edən telefon danışığı apardı və mövcud vəziyyət müzakirə olundu. Bu telefon danışığında da İran XİN rəhbəri ölkəsinin on minlərlə azərbaycanlı qaçqının taleyinə biganə qala bilməyəcəyini və vəziyyəti düzəltmək üçün lazımi tədbirlər görəcəyini bəyan etdi. Nəticədə sentyabrın 7-də İslam Respublikası Xarici İşlər Nazirinin şəxsi nümayəndəsinin İrəvana səfəri qərarlaşdırıldı. Qarabağ ermənilərinin Qubadlıdan çıxmaq haqqında bəyanatı vaxt udmağa yönəlmişdi və real deyildi. Buna baxmayaraq, təzyiq altında Qubadlının cənubundakı qoşunları Xocik, Xanlıq və Çərəli istiqamətində geri çəkdilər (Harutyunyan,1997:185). Bununla da Qubadlının cənub əraziləri müvəqqəti olaraq işğaldan qurtuldu. İranın Azərbaycan ərazisinə girməsi region dövlətlərində fərqli reaksiyalara səbəb oldu. Türkiyə rəsmiləri İranın Azərbaycan ərazisinə girməsinə haqq qazandırdılar: “Erməni hücumlarından bilavasitə və ya dolayısı ilə təsirlənmiş region ölkələrinin Azərbaycanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət etdikləri halda, özlərinin və regionun təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdikləri tədbirləri görmələri təbii qarşılanmalıdır.”(Geukjian, 2016:200).
Ən sərt reaksiya isə Rusiyadan gəldi. Sentyabrın 7-də Rusiya XİN sözçüsü Qriqori Karasin Tehrana xəbərdarlıq etdi : “İran tərəfinin bu cür hərəkətləri səbəblərdən asılı olmayaraq, bizim tərəfimizdən təsdiqlənə bilməz. Bu tipli müdaxilələr müharibənin beynəlmiləlləşməsi təhlükəsi ilə nəticələnə bilər. Biz İranı təmkinli olmağa çağırırıq”. ABŞ-nin Kipr və Dağlıq Qarabağdakı münaqişələrin həllində vasitəçiliyə görə xüsusi nümayəndəsi Con Mareska Rusiyanın bu diplomatiyasını sülh üçün səylərə maneçilik kimi qiymətləndirmişdi (Geukjian, 2016:201).
Nəticə
Qubadlının işğalı Azərbaycanda formalaşan siyasi böhranı daha da dərinləşdirdi. Həmin günlərdə Füzuli, Cəbrayıl və Qubadlıdan olan məcburi köçkünlərin ölkənin daxilinə doğru ucsuz karvanları uzanırdı. Qaçqınların kuratoru Nağı Qədirov deyirdi: “ Yaxşı ki, yay idi. Qış olsaydı, qat-qat pis olardı. Bəziləri hətta öz sənədlərini götürməmişdilər”. (De Vaal, 2008:253). Tomas Qoltz yazırdı: “Qaçqınların içindən bir kişi mənə yaxınlaşdı. Kolxozda qaynaqçı işləyirdi. Hökumətə qəzəbli olan bu adam parlamentdəki hər kəsin güllələnməsini təklif etdi. Mən şəxsən bu fikirlə razılaşdım. O, çox əsəbi idi : “Bizi Bakıdakı oğrular, əclaflar satıblar. Mən artıq bu allahsız ölkədə heç kimə və heç nəyə inanmıram.” (Goltz, 2015:400). Azərbaycan hökuməti qaçqınların paytaxta qəfil toplanmasının siyasi gərginliyi artıracağından ehtiyat edərək Bakıdan 100 km aralıda yol blokları qurmuşdu. Bu, döyüş bölgəsinə yaxın pambıq tarlalarında yüzlərlə düşərgənin yaradılmasına səbəb oldu. Paytaxtda isə həmin gün Prezident Elçibəyə etimad haqqında referendum keçirilirdi. Referendum nəticələrinə əsasən, Elçibəy hüquqi olaraq dövlət başçısı vəzifəsindən kənarlaşdırıldı (“Nezavisimiya qazeta” qəzeti, 31.08.93:1). Prezident vəzifəsini icra edən Heydər Əliyevə isə ölkədəki siyasi stabilliyi formalaşdırmaq üçün vaxt lazım idi. O, bu səbəblə Qubadlı işğal edildikdən sonra Azərbaycan və Dağlıq Qarabağ arasındakı 10 günlük atəşkəs razılaşmasını təsdiqlədi. Sənədi “DQR” xarici işlər naziri Arkadi Qukasyan, “DQR” özünümüdafiə qüvvələrinin komandanı Samvel Babayan, Azərbaycan tərəfdən isə Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və müdafiə naziri vəzifəsini icra edən Səfər Əbiyev imzaladılar. Ermənistanda isə Qubadlının alınması böyük sevinclə qarşılandı. Artsrun Hovhannisyan rayonun 3 minlik ordu və 50-60 tank vasitəsilə ələ keçirildiyini qeyd edirdi (Hovannisyan,2014:45). Müdafiə naziri Serjik Sarkisyan isə qələbəni Azərbaycanın böyük itkiləri əsaslandırırdı: “Yazın gəlişinə qədər Azərbaycan böyük itkilər verdi. Azərbaycanın Qarabağ qüvvələri üzərində tank üstünlüyü yoxdur. Hərbi hava qüvvələri isə heç vaxt ciddi hərbi ziyan vura bilməz, o, yalnız mülki şəxslərə zərər verir. Azərbaycanlılar qüvvələrini yenidən bərpa edə bilərlər, lakin buna bir neçə ay lazımdır” (Cheterian,2008:139). Ermənistan Ordusu Qubadlı döyüşlərində 50, Azərbaycan Ordusu isə 54 nəfər hərbçi itirdi. Qarşıda isə Azərbaycanı Zəngilan faciəsi gözləyirdi.
İstifadə edilən ədəbiyyat
Cheterian, V. (2008). War and peace in the Caucasus: ethnic conflict and the new geopolitics. Columbia University Press.
Cornell, S. (2005). Small nations and great powers: a study of ethnopolitical conflict in the Caucasus. Routledge.
De Vaal, T. (2008). Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. İlay MMC.
Geukjian, O. (2016). Ethnicity, nationalism and conflict in the South Caucasus: Nagorno-Karabakh and the legacy of Soviet nationalities policy. Routledge.
Goltz, T. (2015). Azerbaijan Diary: A Rogue Reporter’s Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic: A Rogue Reporter’s Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic. Routledge.
Watch, H. (1994). Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh. Human rights watch.
Араслы, Д. (1995). Армяно-азербайджанский конфликт: Военный аспект. Баку-1995, Издательство” Эргюн.
https://www.ebooks.az/view/UxBTh4f2.pdf
Арутюнян, В. Б. (1997). События в Нагорном Карабахе: Хроника:[ пятая часть]. Изд-во Гитутюн.
http://karabakhcenter.com/files/file/sobitiya_v_nagornom_karabakhe_5.pdf
Арцрун, О. (2014). Некоторые аспекты военного искусства в период Арцахской войны 1993-1994 гг. 21-й век, (1 (30)), 33-59.
Велимамедов М. (2021) Карабахская война 1991-1994. Москва :Эдитус
Велимамедов, М. (2019), Очерки по Карабахской войне. ЛитРес: Самиздат
Մհեր, Հ. (Арутюнян, Мгер) (2020). Արցախի պաշտպանության հարավային թևում 1993 թ. ամառային ռազմարշավի մարտավարական առանձնահատկությունների մասին. (В 1993 году в южном крыле обороны Арцаха. О тактических особенностях летнего похода) Լրաբեր Հասարակական Գիտությունների, (2), 25-46
Qəzetlər
“Exo” qəzeti, 2013-cü il.
“İzvestiya” qəzeti, 1993-cü il.
“LA Times” (LA tayms) qəzeti, 1993-cü il.
“Manila Standard” qəzeti, 1993-cü il.
“Nezavisimaya qazeta” qəzeti, 1993-cü il.
“The Christian Science Monitor” ( Krisçen Sayens Monitor) qəzeti, 1993-cü il.
“The New York Times” (Ze Nyu York Tayms) qəzeti, 1993-cü il.
[1] Ermənilər buranı Amutak adlandırırdı.
[2] Oleq Babak ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Haqqında sənədli film çəkilib.
[3] Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.
[4] Adlar şərtidir.
[5] Bu dəstənin üzvlərindən Mais Məhərrəmov polisin apardığı əməliyyat nəticəsində öldürülür, sağ qalanları isə ömürlük həbslə cəzalandırılır. 2022-ci ilin oktyabrında həmin dövrdə Qubadlı rayon icra hakimiyyəti başçısı olmuş Elxan Nuriyev Polşada saxlanılıb.







