23 iyulda Ağdamın işğalından sonra Azərbaycanda siyasi vəziyyət daha da pisləşdi. Lənkəranda 704-cü briqadanın dəstəyi ilə Talış-Muğan Muxtar Respublikasının qurulması, Naxçıvana qaçan Prezident Elçibəyin özünü legitim dövlət başçısı elan etməsi nəticəsində Azərbaycanda faktiki üç idarəetmə mövcud idi. Ağdamın işğalı dünya ictimaiyyəti tərəfindən pislənilsə də Qarabağdakı erməni bölmələrinin dayanmaq niyyəti yox idi. Həmin dövrdə “DQR” özünümüdafiə komitəsi sədrinin birinci müavini olmuş Samvel Babayan xatırlayır: “Ağdamın və Füzulinin “azad edilməsi” ilə bağlı siyasi qərarı “DQR” verirdi. Bəzən İrəvana yalnız işğal olunmuş ərazilərə nəzarəti həyata keçirdikdən sonra məlumat verirdik. Amma bu, “DQR” tərəfinin Ermənistan hakimiyyətinə məhəl qoymaması demək deyildi. Biz İrəvana edilən təzyiqləri yaxşı bilirdik. Bəzən düşmənin nizamsız olduğunu görürdük, ondan istifadə edirdik. Niyə biz bu fürsəti əldən verməliydik?”.
Həmin dövrdə “DQR” baş naziri olmuş Robert Koçaryan yazdığı avtobioqrafik kitabda hücum əməliyyatlarının Azərbaycandakı siyasi vəziyyətlə əlaqəli olduğunu açıq formada etiraf edib: “Gözləntilərim özünü doğrultdu. Ağdam alınandan sonra dünya ictimaiyyətinin diqqəti ona yönəldi və heç kim Kəlbəcəri xatırlamadı. İyulun 29-da BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi Ağdamın alınmasını pisləyərək qoşunlarımızın oradan dərhal çıxarılmasını tələb etdi. Biz bunu Dövlət Müdafiə Komitəsində müzakirə etdik və belə qərara gəldik ki, heç bir qətnamə o vaxt əsas vəzifəmizi yerinə yetirməyə mane olmayacaq. Düşməni məhv etməyə əlverişli şərait yaranmışdı. Mardakertdən Araz çayına qədər ərazidə ərazi üstünlüyümüzü qorumalı idik. Biz anlayırdıq ki, Azərbaycanda hakimiyyət qarşıdurması gec-tez bitəcək və qarşımıza daha mütəşəkkil düşmən çıxacaq.Məhdud qüvvələrimizlə təmas xətti boyunca uzunmüddətli döyüşlər davamlı təhlükəsizliyi təmin edə bilməzdi. Bu səbəbdən hücum əməliyyatlarını davam etdirdik. Ağdamdan sonra növbədə Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Horadiz var idi.” (Koçaryan, 2019:106).
Döyüşlər ərəfəsində hərbi vəziyyət
Erməni bölmələrinin Füzuli istiqamətində əməliyyatları hələ 1992-ci ilin yaz aylarında başlamışdı. Belə ki, martın 31-də Füzulinin Hoğa kəndi erməni bölmələrinin əlinə keçmişdi (Velimamedov,2021:325). Bu kənd Füzulinin işğal edilən ilk kəndi idi. Aprelin 11-də isə erməni bölmələri Füzulinin Cəmilli və Qacar kəndlərini ələ keçirsə də 1 gün sonra əks-hücum əməliyyatı zamanı kəndlərə nəzarət bərpa olunmuşdu. Bu əməliyyat zamanı 17 erməni əsgəri həlak olmuş, 1 “PDM” isə vurulmuşdu. Lokal toqquşmalar il ərzində davam etsə də Füzuli istiqamətində cəbhə xətində elə bir dəyişiklik baş vermədi. 1993-cü ilin əvvəllərində isə ərazidə gərginlik artmağa başladı. 1993-cü ilin qış hücumundan sonra müdafiə naziri Rəhim Qazıyev istefa verdi, onun yerinə isə general-mayor Dadaş Rzayev yeni müdafiə naziri təyin edilmişdi. Bu ərəfədə Azərbaycan bölmələrinin Qarabağdakı nəzarət zonası iki yerə bölündü. General-mayor Nəcməddin Sadıkovun rəhbərliyindəki 1-ci Ordu Korpusu Şimali Laçın, Kəlbəcər, Ağdərə və Tərtərə, general-mayor Rafiq Ağayevin rəhbərliyindəki 2-ci Ordu Korpusu isə Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilana nəzarət etməli idi. Bu istiqamətdə Füzuliyə nəzarət polkovnik-leytenant Heydər Piriyevin rəhbərliyindəki 702-ci motoatıcı briqadaya, Cəbrayıl istiqamətində isə polkovnik-leytenant Mahir Həsənovun başçılıq etdiyi 896-cı motoatıcı alaya həvalə edilmişdi (Velimamedov,2019:25). Orduda başlayan hərc-mərclik yaz aylarında ermənilərin Füzuli istiqamətində hücumu ilə nəticələndi. 1993-cü il aprelin 2-də erməni qoşunları Füzuli rayonunun Qacar, Divanalılar, Gövşatlı kəndlərini ələ keçirdilər. Azərbaycan bölmələri 1 gün sonra Gövşatlı kəndini geri alsa da hücumu dayandırmaq mümkün olmadı.
Aprelin 3-6-da hücumu davam etdirən erməni qoşunları Gövşatlı və Divanalılar kəndlərini, eləcə də Məngələnata və Üçtəpə yüksəkliklərini tutaraq Füzuliyə 2 km məsafədə yaxınlaşdılar. Şəhərin düşmən tərəfindən tutulması təhlükəsi var idi. Vəziyyət o qədər kritik idi ki, Ali Sovetin sədri İsa Qəmbərov şəxsən Füzuli rayonuna getdi. AXC-Müsavat hökuməti Füzuli istiqamətində hücumun Rusiyanın onları cəzalandırması kimi başa düşürdü. Bu səbəblə hökumət Rusiya ilə vasitəçilik edəcək şəxslərin köməyinə ehtiyac duydu. 1993-cü il aprelin 4-də Baş nazir Pənah Hüseynov Şəkidə olan Rəhim Qazıyevə zəng edərək təcili Binə hava limanına gəlməsini xahiş etdi. Hava limanında Rəhim Qazıyevi Pənah Hüseynov və Baş nazirin müavini Abbas Abbasov qarşıladı. Burada aparılan söhbət zamanı Hüseynov və Abbasov Qazıyevdən Qraçovla görüşmək üçün onun köməyinə ehtiyac olduğunu dedilər. Qazıyev təklifi qəbul etdi və həmin gün onlar Moskvaya getdilər. Rəhim Qazıyev Qraçovun köməkçisinə zəng edərək ona vəziyyət barədə məlumat verdi. 1993-cü il aprelin 5-də Qraçov nümayəndə heyətini qəbul etdi. Söhbətə başlamazdan əvvəl Qraçov onlara bildirdi ki, Rəhim Qazıyev müdafiə naziri təyin olunana qədər heç bir şəkildə Azərbaycana kömək etməyəcək. Lakin Qazıyevin kömək israrından sonra Qraçov öz kabinetindən Levon Ter-Petrosyana zəng edərək kobud şəkildə hərbi əməliyyatların dayandırılmasını tələb etdi (Velimamedov,2021:464). Qraçovun bu hədə-qorxusu erməni hücumunun səngiməsi ilə nəticələndi. Bu da Azərbaycana əks-hücum üçün imkan yaratdı. Şəhərin müdafiəsi üçün 704-cü briqadanın 2-ci batalyonu, həmçinin prezident qvardiyası Füzuliyə köçürüldü. Eyni zamanda Xocavənd və Ağcabədi rayonları sərhədində dislokasiya olunmuş 704-cü motoatıcı briqadanın bölmələri Füzuliyə təzyiqləri azaltmaq məqsədilə Xocavənd istiqamətində diversiya zərbəsi endirdilər. 1993-cü il aprelin 5-6-da 704-cü motoatıcı briqadanın 2-ci motoatıcı batalyonu, Prezident qvardiyasının bölmələri və Bakıdan ezam olunmuş 702-ci motoatıcı briqadasının keçirdiyi əks-hücum nəticəsində erməni qoşunları Füzuli yaxınlığında məğlub edildi və onlar başlanğıc xəttinə geri qayıtmağa məcbur oldular (İbrahimov,2011:15). Aprelin 8-də cəbhənin bu sektorunda vəziyyət sabitləşdi.
Füzuli uğrunda döyüşlər
Erməni bölmələrinin Füzuli istiqamətində hücumu 1993-cü ilin iyul ayında başladı. İyulun ilk günlərində erməni bölmələri Arış, Qoçəhmədli, Qaracallı, Xatınbulaq və Gorəzilli kəndlərini, iyulun 15-də isə Cuvarlı kəndini tuta bildilər. Lakin Azərbaycan qoşunları əks-hücumlarla erməni qoşunlarını bu kəndlərdən çıxarda bildilər. Erməni qoşunlarının bu hücumları Azərbaycan ordusunun Füzuli istiqamətində müdafiə xəttini yoxlamaqla yanaşı əsas döyüşlərin aparıldığı Ağdam rayonuna köçürülməsi imkanlarının aradan qaldırılması məqsədi güdürdü. Füzuli rayonundakı müdafiəni polkovnik-leytenant Heydər Piriyevin komandanlığı ilə beş motoatıcı batalyonun daxil olduğu 702-ci briqada, daxili qoşun bölmələri və milisdən ibarət dəstə müdafiə edirdi (Velimamedov,2019:144). Erməni mənbələri isə şəhərin 160-cı alay tərəfindən müdafiə olunduğunu qeyd etmişdi. Ağdamın alınmasından və qoşunlarının yenidən qruplaşdırılmasından sonra əsas qüvvələri Hadrut və Martuni rayonlarında cəmləşdirən erməni qoşunları 1993-cü il avqustun 3-də güclü artilleriya hazırlığından sonra Füzuli istiqamətində hərəkətə keçdilər. Hücum əməliyyatına Martuni müdafiə sahəsinin komandiri Movses Hakobyan və Nelson Soqomonyan[1] , Hadrut müdafiə sahəsinin komandiri Artur Ağabekyan və 83 nömrəli motoatıcı briqada komandiri Manvel Qriqoryan rəhbərlik edirdi. Əməliyyata 35 ədəd T-72 tankı cəlb olunmuşdu (Araslı,1995:26).
Əsas zərbələr Füzuli rayonunun Qacar – Yuxarı Yağlıvənd və Edilli – Axullu kəndləri istiqamətində endirildi. Ermənilər Ağdamın alınmasında istifadə etdikləri taktikanı Füzuli istiqamətində də təkrarladılar. 1993-cü il avqustun əvvəlində erməni qoşunları Azərbaycan ordusunun müdafiəsinə 10-15 km məsafədə yarmağa nail oldular. Bu hücum nəticəsində Füzulinin Qacar, Yuxarı Yağlıvənd, Aşağı Veysəlli, Qoçəhmədli kəndləri, Xocavəndin (keçmiş Hadrut DQMV) isə Edilli, Axullu yaşayış məntəqələri ələ keçirildi, Füzuli-Cəbrayıl yolu isə kəsildi. Avqustun 8-9-da Azərbaycan qoşunları əks-hücuma keçərək erməni qoşunlarını Füzulidən 5-10 km geriyə sıxışdıra bildilər. Bu əməliyyat zamanı Milli Ordu Qacar və Yuxarı Yağlıvənd kəndlərini öz nəzarətinə qaytarmağa nail oldu. Bu ərəfədə Azərbaycan komandanlığı Füzuli rayonuna 776-cı əlahiddə kəşfiyyat batalyonunu, xüsusi təyinatlı briqadanı, OMON və daxili qoşun hissələrini göndərdi (Velimamedov,2021:526). Füzuli istiqamətində Azərbaycan qoşunları ilk fürsətdə düşmən qoşunlarına əks-hücumlar edərək irəliləyən erməni qoşunlarına inadkar müqavimət göstərməkdə davam etdilər. Lakin Hadrut və Martuni rayonları ərazisindən çarpaz zərbələrdən sonra avqustun 15-də ermənilər Qacar ,Yuxarı Yağlıvənd, eləcə də Qarğabazar, İşıqlı, Dövlətyarlı kəndlərini işğal etməyə nail oldular. Əsas döyüşlər Müdafiə Ordusunun 21, 22 saylı motoatıcı batalyonu ilə 831-ci əlahiddə motoatıcı batalyonun yerləşdiyi Yuxarı Yağlıvənd kəndində baş verdi. Sürətlə irəliləyən erməni ordusu Azərbaycan bölmələrini Namazçala yüksəkliyi (348,5 metr) istiqamətində sıxışdırdı (Hovannisyan,2014:44). Həmin gün Martuni müdafiə sahəsinin 23-cü və 24-cü batalyonları Aşağı Veysəlli kəndini və Qobu-Dilağarda kəndindəki süd fermasını ələ keçirdilər. Namazçala yüksəkliyindəki Azərbaycan bölməsi mühasirə təhlükəsi səbəbi ilə ərazidən geri çəkilməyə məcbur oldu. Cənub istiqamətində hücumu davam etdirən erməni bölmələri Qərvənd kəndinin şimalındakı 317,9 yüksəkliyini tutdular (Harutyunyan, 2020:32). Avqustun 16-da Zərgər kəndini də işğal edən erməni qoşunları 2 gün sonra Füzuli şəhəri ətrafında yerləşən Məngələnata (720,3 metr) və Baxtıç (632,0 metr) yüksəkliyini ələ keçirdilər. Füzulinin taleyinin həll olunduğu dönəmdə Ağdamda olduğu kimi hakimiyyət uğrunda mübarizə başladı. 1993-cü il avqustun ortalarında “Yapon” ləqəbli Səfa Əliyevin başçılıq etdiyi bir qrup silahlı şəxs Füzuli rayon icra hakimiyyətinin başçısını devirərək Kazım İbişovu yeni rayon başçısı elan etdilər.[2] Rayondakı hakimiyyət uğrunda mübarizə orduya da öz təsirini göstərdi. Erməni bölmələrinin Füzuliyə yaxınlaşması ilə bu ölkəyə diplomatik təzyiq artmağa başladı. Erməni bölmələrinin Füzuli istiqamətində hücumuna 17 avqust tarixində İran hökuməti sərt etiraz bildirdi. İran XİN başçısı Əli Əkbər Vilayəti Ermənistanı aqressiyada günahlandırdı və bütün islam dövlətlərinə Azərbaycanın düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün müraciət etdi (Harutyunyan,1997:172).
Bu ərəfədə Azərbaycan hökuməti BMT-yə müraciət edərək Ermənistana sanksiya tətbiq etməyə çağırdı. Türkiyə isə Azərbaycana diplomatik dəstək verirdi. Baş nazir Tansu Çillər ABŞ hökuməti üzvləri ilə görüşündə bu ölkəni Ermənistana təzyiq etməyə çağırdı və əgər bunun baş verməyəcəyi təqdirdə qətiyyətli tədbirlər görəcəkləri ilə hədələdi. Bu diplomatik təzyiq öz təsirini göstərdi. Erməni hücumunu dayandırmaq üçün Prezident səlahiyyətini icra edən Heydər Əliyev avqustun 18-də Rusiyanın vasitəçiliyi ilə atəşkəsə nail oldu. Lakin Azərbaycanın ehtiyacı olduğu atəşkəsi elə Azərbaycan bölmələri pozdu. Heydər Əliyev həmin dövrdə vəziyyəti belə qeyd edirdi: “Təəssüflər olsun ki, son vaxtlar bizim ordu hissələri torpağımızı layiqincə qoruya bilmirlər və cürbəcür təxribatçı qrupların xalqa, millətə, dövlətə xəyanəti nəticəsində bəzi yaşayış məntəqələrimiz əldən getmişdir. Bir-iki kəlmə ilə sizə bildirmək istəyirəm ki, son dövrdə torpaqlarımızın müdafiəsindəki məğlubiyyətlər heç də Azərbaycan xalqının acizliyindən, yaxud da ki, bizim döyüşçülərin vuruşmaq qabiliyyətinin olmamasından irəli gəlmir. Bunun daha dərin səbəbləri var. Bir neçə gün bundan öncə, Füzuli və Cəbrayıl rayonlarında təhlükəli vəziyyət yarandığı zaman, ümumiyyətlə, o bölgədə əhali arasında böyük həyəcan hissi olduğunu bilərək biz müşavirə keçirdik. O bölgəyə Azərbaycan Respublikasının rəhbər vəzifəli şəxslərini göndərdik. Baş nazirin birinci müavini Vahid Əhmədov, baş nazirin müavini Abbas Abbasov, nazirlər, xalq deputatları, başqa məsul işçilər, inzibati orqanların işçiləri yerdə vəziyyətlə tanış olandan sonra aydın oldu ki, bizim bu məğlubiyyətlərimiz, bu bölgədə yaranan ağır vəziyyət birinci növbədə daxildəki təxribatların nəticəsidir. Füzuli rayonunda əvvəlki İcra hakimi getmiş, sonra bu proseslər vaxtı kimin tərəfindən, hansı qüvvələr tərəfindən, guya ki, hansı hərbi hissələr tərəfindənsə gətirilib ora İcra hakimi qoyulmuş, o da çox çirkin işlər görmüş və bunlar da Füzuli və Cəbrayıl rayonlarında vəziyyəti həddindən artıq gərginləşdirmişdir. Dünən xəbər verdilər ki, guya Füzuli rayonu Ermənistan qoşunları tərəfindən işğal olunubdur. Ondan bir gün qabaq belə məlumat gəlirdi ki, Ermənistanın silahlı qüvvələri ora daxil olurlar. Dünən mən Ermənistanın prezidenti Levon Ter-Petrosyanla telefonla daha iki dəfə danışmışam. Təəssüf ki, onun verdiyi və bizim sonra yoxlatdığımız məlumata görə, biz atəşin dayandırılması, sülh danışıqları aparılması haqqında saziş əldə etdiyimiz halda Ağcabədi tərəfdən bir batalyon heç kəsin göstərişi olmadan o tərəfə hücum edib, əldə olunmuş sazişi pozubdur. Nəticədə o tərəfə əsas verilib ki, bizi günahlandırsın ki, biz əldə olunan sazişi pozmuşuq – özümüz atəşin dayandırılmasını istəmişik, özümüz də atəşi davam etdiririk. Biz danışıqlar aparıb müəyyən bir sazişə gəlməyi qərara almışıq. Ancaq bu dövrdə yenə də içimizdə təxribatlar baş verir.”
Atəşkəs sazişinin pozulmasını bəhanə edən erməni bölmələri dərhal əməliyyatlara davam etdilər. 1993-cü il avqustun 19-da şəhəri şimaldan və cənubdan dövrələyən erməni qoşunları Füzuli ətrafındakı halqanı bağlamağa nail oldular. Füzulidə xüsusi təyinatlı taborun komandiri olmuş Tariyel Qəhrəmanov xatırlayır: “Hardasa avqustun 20-i olardı. Söhbət Füzulinin işğalının qarşısını almaqdan gedəndə o zamankı briqada komandirimiz Piriyev dilləndi. Dedi ki, bu qüvvə ilə 86 km ərazini saxlaya bilmərəm. Bir neçə batalyon olsa da hamısı yarımçıq idi. Silah təchizatı da yox idi. O zaman mən də çıxış etmək üçün əlimi qaldırdım və dedim ki, Füzuli işğal olunmayıb. Ona görə də dövlət silahla yaxşı təchiz olunmuş 2 batalyon göndərsin. Biri Füzuliyə daxil olan yolun sağını, digəri də solunu müdafiə etsin. O zaman Füzuli işğal olunmayacaq. Təbii ki, dediklərimə heç reaksiya da verən olmadı.”
1993-cü il avqustun 19-22-də erməni qoşunları Füzuli şəhərinə bir neçə dəfə hücum etsə də şəhəri ala bilmədilər. Azərbaycan qoşunları bir neçə gün mühasirəyə alınmış şəhəri nəzarətdə saxladıqdan sonra avqustun 22-dən 23-nə keçən gecə şəhərdən şərq istiqamətdə çıxdılar. Martuni müdafiə sahəsinin 21,22 saylı motoatıcı batalyonları, Hadrut müdafiə sahəsinin 13,14,15 saylı motoatıcı batalyonları və 83 nömrəli motoatıcı briqadanın bölmələri 3 istiqamətdən Füzuliyə daxil oldular. Azərbaycan bölmələri faktiki olaraq müdafiə qabiliyyətini itirmişdi. Xarici müşahidəçilərdən biri bu əməliyyatları “hərbi turizm” adlandırmışdı. Füzuli rayonunda yaşamış Qabil Əhmədov xatırlayır: “ Bizim əsgərlərimiz torpağımızı müdafiə etmirdilər. Ermənilər sadəcə onların tərk etdikləri mövqeləri tuturdular. Avqustun 18-də ermənilər 3-4 saat ərzində iyirmi kilometr irəlilədilər. Bizim rayon düzənlikdə yerləşir, döyüşmək asandır, lakin əsgərlər bizim kəndi xeyli əvvəl tərk etmişdilər. Dinc sakinlər lap axırda çıxdılar.” (De Vaal, 2008:250).
Şəhər ələ keçirildikdən sonra Martuni müdafiə sahəsinin bölmələri hücumu davam etdirərək avqustun 24-də Seyidmahmudlu, Mərdinli və Qaraxanbəyli kəndlərinə daxil oldular. Mərdinli kənd sakini 46 yaşlı Sümayə “Helsinki Watch”-a verdiyi müsahibədə xatırlayır: “Həmin səhər Azərbaycan əsgərləri bizə qaçmaq üçün xəbərdarlıq etdilər, lakin mən və qonşularımız bunu etmədik. Sonra saat 14:00 radələrində kəndin yaxınlığında “Qrad” raketləri düşməyə başladı, divarlar silkələndi, evin pəncərələrini sındı. Bir neçə saat sonra geri çəkilən azərbaycanlı əsgərlər erməniləri daha saxlaya bilməyəcəklərini deyərək kənddən çıxdılar. Saat 18:00 radələrində kənddən çıxmağa başladıq. Həmin axşam erməni tanklarının və BTR-lərinin Mərdinliyə yaxınlaşdığını gördük. İnsanlar arasında böyük panika var idi. Atışma başlamışdı. Ailəm bir maşına, qaynım Pəhləvan Əliyev başqa bir maşına minərək bizim arxamızca gəlirdi. Mərdinlidən təxminən iyirmi kilometr aralıda Əhmədbəyliyə aparan əsas asfalt yola doğru qaçdıq. Biz bu əsas yola təzəcə dönmüşdük ki, qaynımın olduğu maşından tüstü çıxmağa başladı. Biz dayanmadıq və hərəkətə davam etdik. Həmin gün qaynım olan maşının vurulduğunu öyrəndik. Ayağında, başında, sol qolunda xəsarət və yanıqlar var idi. Yaraları ağır idi və dünyasını dəyişmişdi.” (Helsinki Watch,1994:52-53).
Alxanlı istiqamətindəki döyüşlərdə ermənilər kəndin qoyun fermasını ələ keçirdilər. Erməni bölmələrinin hücumu Yuxarı Kürdmahmudlu kəndi istiqamətində dayandırıldı. Azərbaycan bölmələri itirilmiş mövqelərini qaytarmaq üçün 360,4 yüksəkliyindən Ələsgərli istiqamətində hücuma keçdi. Hücumu dəf edən Müdafiə Ordusunun 83-cü motoatıcı briqadası əks-hücumla Yuxarı Seyidəhmədli və Qorqan kəndlərini ələ keçirdi. Avqustun 28-də isə ermənilər Aşağı Əbdürrəhmanlı və Şükürbəyli yaşayış məntəqələrinə daxil oldular (Harutyunyan,2020:35). Azərbaycan Ordusu Yuxarı Kürdmahmudlu – Aşağı Seyidəhmədli – Zobucuq – Horadiz – Quycaq istiqamətində geri çəkilməyə məcbur oldu. İşğaldan sonra ermənilər Füzuli şəhərini tamamilə dağıtdılar. Füzulidəki evlərdən sökülən tikinti materialları Xankəndiyə aparıldı və bu şəhərin bərpasında istifadə edildi. Rayonun işğalı nəticəsində təsərrüfat subyektlərinə, fərdi şəxslərin mülkiyyətinə və tarix mədəniyyət abidələrinə 22.256.953.624 AZN dəyərində ziyan dəydi.
Cəbrayıl döyüşləri
Erməni qoşunları Füzuli ilə birlikdə Cəbrayıl istiqamətində eyni anda əməliyyat aparırdı. Cəbrayıl rayonunda müdafiəni polkovnik-leytenant Mahir Həsənovun komandanlığı ilə 896-cı motoatıcı alay həyata keçirirdi. Alayın tərkibinə daxil idi:
– 805-ci motoatıcı briqada – komandir Nazim Yusifov;
– 722-ci motoatıcı briqada – komandir Ruhulla Babayev[3];
– 704 nömrəli motoatıcı briqada
– “Ziyalı” batalyonu – komandir Vahid Alışov;
– “AXC” batalyonu – komandir Vaqif Əlisoy;
– milis bölmələri. (Velimamedov,2019:145; Araslı,1995:26)
İyulun 2-də Hadrut müdafiə sahəsinin komandiri Artur Ağabekyanın rəhbərlik etdiyi bölmələr güclü artilleriya zərbələrindən sonra hücuma keçərək Füzulinin Qaradağlı, Yuxarı Güzlək, Günəşli və Gorazıllı kəndlərini ələ keçirərək Cəbrayıl rayonunun ərazisinə girdi. İlk toqquşmalar Quşçular istiqamətində başladı. 2 gün sonra rayon əhalisi arasında erməni bölmələrinin Cəbrayıl şəhəri istiqamətdə hücum etməsi barədə xəbərlər yayılmağa başladı. Həmin gün Qaracallı kəndinin tutulması xəbəri əhali arasında panikanı artırdı. Əhali şəhərdən və ətraf kəndlərdən kütləvi şəkildə qaçmağa başladı. Vəziyyəti müəyyən etmək üçün batalyon komandiri Vaqif Əlisoy, rayon polis idarəsinin rəisi Vaqif Məhərrəmov Qaracallına yola düşdü və xəbərin yalan olduğu anlaşıldı. Erməni bölmələri Cəbrayıl sərhədində dayanmışdı və hərəkət yox idi. Buna baxmayaraq əhali arasında ciddi təşviş qalmaqda idi. Ağdamın işğalından sonra avqustda erməni bölmələrinin Cəbrayıl-Füzuli istiqamətində böyük hücum əməliyyatı həyata keçirməyə başladı. 15 avqustda rayon sərhəddi boyunca Azərbaycan mövqeləri güclü atəşə tutuldu. Hücumun əsas məqsədi Azərbaycan Ordusunun nəzarətində olan keçmiş Hadrut rayonlarına məxsus kəndləri ələ keçirərək Cəbrayıl ərazisinə daxil olmaq idi. Bu əməliyyata Müdafiə Ordusunun Mərkəz müdafiə sahəsinin komandanı Samvel Karapetyan rəhbərlik edirdi. Hücum üçün 4 tank, 3 PDM və müxtəlif sayda artilleriya və qumbaraatan təşkil edilmişdi. Hadrut istiqamətindən hücumda Müdafiə Ordusunun 11-ci motoatıcı batalyonu Daşbaşı kəndini, 1-ci və 6-cı motoatıcı batalyon isə Sor, Arakül və Binədərəsi kəndlərini ələ keçirdi. (Hovannisyan,2014:44). Hücum zamanı Müdafiə Ordusunun mərkəz bölmələri Binədərəsi kəndinin şimalındakı 1042.0, 1139.4, 1008.5, 1004.0, 1064.0 yüksəkliklərini tutdular. Şişdağ yüksəkliyindəki (1314,4 metr) erməni bölmələri Sor kəndinə daxil oldular (Harutyunyan, 2020:31).
Gorazıllıdan hücumda isə erməni bölmələri Cəbrayılın Quşçular kəndini işğal edə bildilər. İnadlı hücuma baxmayaraq Süleymanlı, Doşulu və Qışlaq üzərinə hücum dəf edildi. Axşam saatlarında əks-hücuma keçən Azərbaycan bölmələri Daşbaşı kəndini geri ala bildilər. Vəziyyət mürəkkəb olduğu üçün Azərbaycan erməni tərəfinə sülhlə müraciət etdi. Lakin atəşkəs təklifindən sonra avqustun 17-də bir qrup hərbçinin özbaşına Edilli istiqamətinə hücumu erməni hərbi komandanlığına hücumu davam etdirmək üçün bəhanə verdi. Həmin gün təmas xəttində vəziyyət tamamilə dəyişdi. Bütün cəbhə boyu hücuma keçən erməni bölmələri 2-3 istiqamətdə müdafiə xəttini yara bildi. Bu, əhali arasında ciddi panika yaratdı. Rayonun nümayəndə heyəti kömək istəmək üçün Bakıya yola düşdü. 1993-cü il avqustun 18-də daxili işlər nazirinin müavini, polkovnik Rövşən Cavadov da rayondakı ağır vəziyyətlə bağlı məruzə etdi (Velimamedov,2021:528). Avqustun 19-da erməni bölmələri Cəbrayılın Süleymanlı, Qışlaq, Doşulu, Balyand, Qaracalı yaşayış məntəqələrini və Daşkəsən kəndindəki quşçuluq fermasını ələ keçirdi. Həmin gün axşam saatlarında ağır vəziyyəti aradan qaldırma məqsədi ilə Daşkəsən dağındakı (602.1 metr) Azərbaycan bölmələri üç tank və artilleriya dəstəyi ilə hücuma keçdi. Lakin bu hücum uğursuzluqla nəticələndi, saat 21:25 radələrində erməni silahlıları kəndə nəzarəti tamamilə ələ keçirdilər (Harutyunyan, 2020:33).
Cəbhədəki uğursuzluq hərbçilərdə böyük ruh düşkünlüyü yaratdı. Bölmələrdə fərarilik kütləvi xarakter aldı. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Azərbaycan qoşunlarının nəzarətində olan Şahvələdli məntəqəsini bombaladı. Avqustun 20-də Şahvələdli istiqamətindən erməni tankının Cəbrayıla daxil olması xəbəri mülki əhalidə təşviş yaratdı. İnsanların qaçmasını öz gözü ilə görən amerikalı jurnalist Tomas Qoltz yazırdı : “Mənzərə ağır idi . Xalçalar, tavalar və qazanlarla yüklənmiş şinsiz maşınlar yolda gurultu salıb gedirdilər. Ağır döşəklər və dəmir çarpayılarla doldurulmuş tüstü verən yük maşınları pambıq daşımaq üçün nəzərdə tutulmuş, lakin paltarlar, çirkli uşaqlar və vaqqıldayan ördəklərlə dolu olan arabaların qoşulduğu traktorları ötməyə çalışırdılar. Karvanın axırında qatır arabalarını arxasınca çəkən və eşşəklərə minmiş kişilər gəlirdi. Ayaqyalın çobanlar qoyun, inək və öküzlərini yük maşınlarının altına düşməsin deyə yolun kənarına qovurdular.” (Goltz,2018:482)
Prezident səlahiyyətini icra edən Heydər Əliyev bu panikada Cəbrayıldakı hərbçiləri günahlandırdı: “Məsələn, biz dünən müşavirə keçirirdik. Elə bu gecə oradan gələn bizim vəzifəli şəxslər məlumat verdilər ki, Cəbrayıl rayonunda camaatı haya-küyə salıb qorxudub qaçırdan, təxribat edən yalnız və yalnız oranın İcra başçısı və onun ətrafında olan layiqsiz adamlardır. Onlar şəxsi məqsədlərinə nail olmaq üçün, öz şəxsi çirkin mənafelərini həyata keçirmək üçün xalqı da bədbəxt eləməyə, torpağı da, yaşadıqları dədə-baba yurdunu da dağıtmağa hazır olan adamlardır. Oradan mənə xəbər verirlər ki, bir batalyon döyüşdən çıxır, çünki bu, hansısa Əlisoyun batalyonudu. Xalq Cəhbəsinin; bir batalyon çıxır, deyirlər ki, bu, Rəhim Qazıyevin batalyonudur, müharibə eləmək istəmir; bir batalyon çıxır, deyir bu, nə bilim filankəsin batalyonudur, müharibə eləmək istəmir. Hərəsi bir tərəfə qaçır və bu əli silahsız, müharibəyə hazır olmayan sakinlər isə, əlbəttə ki, vətənindən ayrılmaq istəmir, torpağından, evindən-eşiyindən ayrılmaq istəmirlər, amma rəhbərlərin bu təxribatı nəticəsində haya-küyə düşürlər, qorxurlar, qaçırlar.”
Avqustun 21-də Zəngilan, Qubadlı və Bakıdan Cəbrayıla əlavə qüvvələr gətirildi. Artıq polis idarəsinin qarşısına mühüm qüvvələr toplaşdı. Zəngilandan gələn T-72 tankı olan bölmələr Qartal yüksəkliyini ələ keçirərək Arakül yolunu nəzarətə götürdü. Qalan qüvvələr isə parçalanaraq müxtəlif istiqamətlərdə müdafiə mövqelərini tutdular. Avqustun 22-də Arakül istiqamətində ermənilər böyük qüvvə topladı. 1 gün sonra güclü artilleriya zərbələrindən sonra erməni qoşunları hücuma keçdi. Günortadan sonra erməni bölmələri “Raypo” adlanan hissədən Cəbrayıl şəhərinə yaxınlaşdılar. Qartal yüksəkliyi istiqamətindəki bölmələr isə mühasirəyə alınma təhlükəsi səbəbi ilə mövqelərini qoyaraq Cəbrayıl şəhərinə geri çəkildilər. Avqustun 23-də 6-cı Müdafiə Ordusunun bölmələri 11 və 12-ci motoatıcı batalyonlarla birlikdə Cəbrayıl şəhərinə şimal və qərbdən daxil oldular. Bu əməliyyata Ağabekyanın rəhbərlik etdiyi Daşkəsən dağı – Çərəkən – Horovlu istiqamətində hücuma keçən 61-ci, 62-ci və 63-cü motoatıcı batalyonlar dəstək verirdi (Harutyunyan, 2020:35). Adı çəkilməyən Horovlu kənd sakini “Helsinki Watch”-a verdiyi müsahibədə xatırlayır: “Avqustun 23-də saat 13:00 və ya 14:00 radələrində kəndin kənarında erməni tanklarını gördük. Azərbaycan əsgərləri onları gördükdən sonra ərazidən qaçdıllar. Onların tankları dayandıracaq silahları yox idi, çox zəif təchiz olunmuşdular. Sonra ermənilər bizə atəş açmağa başladılar və panika başladı. Kənddən qaçarkən hər yerdə cəsədləri gördüm. Onlardan dördü qohumum idi. Altmışa yaxın yaşı olan Nənəxanım Pirəliyeva, ondan bir neçə yaş kiçik Narxanım Məmmədova, otuz yaşında Hacıxanım Məmmədova və 45 yaşlı Mahnisə Əmrahova qan içində yerdə uzanmışdılar.” (Helsinki Watch,1994:53-54).
Cəbhənin 2-3 istiqamətdə yarılması əsgərlərdə ciddi ruh düşkünlüyü yaratdı və ordu, eləcə də milis bölmələri şəhəri Minbaşılı istiqamətində tərk etməyə başladı. Minbaşılı yaxınlığında rayon icra hakimiyyəti başçısı Kərim Kərimov və Zəngilan alayının komandiri, polkovnik Firudin Şabanov onların qarşısını almağa cəhd etdilər. Lakin hərbçilər onlara qulaq asmadı. Qoşunların bir hissəsi şəhəri tərk edərək Mahmudlu və Zəngilan-Horadiz yolunda mövqeləndi. Həmin gün gecə erməni qoşunları Cəbrayıl şəhərini tamamilə ələ keçirdilər. Cəbrayıl əməliyyatında erməni bölmələri 10 nəfər itki verdilər. Azərbaycan isə mülki və milislərin də daxil olduğu 180 nəfər vətəndaşını itirdi. Bu amil müqavimətin zəifliyindən, faktiki olaraq döyüşün olmamasından xəbər verirdi. Bakı radiosunun 23 avqustda verdiyi məlumata görə, Azərbaycan bölmələri son 8 gündə 50 yaşayış məntəqəsi, 20 tank, 4 “PDM” itirmişdi. Ümumiyyətlə bu işğal nəticəsində rayona 5.346.654.240 AZN dəyərində ziyan dəydi. Füzuli və Cəbrayılın işğalından sonra Rusiya MN Ermənistanı atəşkəsi pozmaqda və hərbi aqressiyada günahlandırdı. İran hökuməti də Ermənistanın Araz çayı istiqamətində yaxınlaşmasından sonra sərhəddə ordu yığmağa başladı. (Harutyunyan,1997:180-187). Ciddi diplomatik təzyiqə məruz qalan erməni bölmələri cənub istiqamətində hücumu dayandırdılar. Avqustun 25-də cəbhə Zəngilan-Horadiz yolu boyunca sabitləşdi. Cəbrayıl və Füzuli işğal olunan gün Azərbaycan Ordusu cəbhə xəttindən çox uzaqda olan Lənkəranda TMMR qüvvələri ilə mübarizədə qalib gəldi. Cəbrayılın və Füzulinin müdafiəsinin zəif təşkil olunmasında cəbhə xəttindən çəkilən qüvvələrin Lənkəran əməliyyatında istifadə edilməsinin böyük rolu var idi.[4] (Araslı,1995:26). Cəbrayıl istiqamətində boşluq erməni bölmələrinin Qubadlı istiqamətində hücumu üçün əlverişli şərait yarandı. Növbəti hədəf isə Qubadlı idi.
İstifadə edilən ədəbiyyat
De Vaal, T. (2008). Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. İlay MMC.
Goltz, T. (2018). Azerbaycan Günlüğü: Savaşın Yaraladığı Petrol Zengini Bir Eski Sovyet Cumhuriyetinde Muzip Bir Muhabirin Maceraları. Teas Press.
Watch, H. (1994). Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh. Human rights watch.
İbrahimov R. (2011) Qədim insan məskəni – Füzuli-2, “Bizim yol” qəzeti.
http://www.anl.az/down/meqale/bizim_yol/2011/dekabr/218148.htm
Араслы, Д. (1995). Армяно-азербайджанский конфликт: Военный аспект. Баку-1995, Издательство” Эргюн.
https://www.ebooks.az/view/UxBTh4f2.pdf
Арутюнян, В. Б. (1997). События в Нагорном Карабахе: Хроника:[ пятая часть]. Изд-во Гитутюн.
http://karabakhcenter.com/files/file/sobitiya_v_nagornom_karabakhe_5.pdf
Арцрун, О. (2014). Некоторые аспекты военного искусства в период Арцахской войны 1993-1994 гг. 21-й век, (1 (30)), 33-59.
Велимамедов М. (2021) Карабахская война 1991-1994. Москва :Эдитус
Велимамедов, М. (2019), Очерки по Карабахской войне. ЛитРес: Самиздат
Жирохов, М. А. (2012). Меч и огонь Карабаха: Хроники незнаменитой войны. Центрполиграф.
Кочарян, Роберт (2019), Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха, Москва : Интеллектуальная Литература
Մհեր, Հ. (Арутюнян, Мгер) (2020). Արցախի պաշտպանության հարավային թևում 1993 թ. ամառային ռազմարշավի մարտավարական առանձնահատկությունների մասին. (В 1993 году в южном крыле обороны Арцаха. О тактических особенностях летнего похода) Լրաբեր Հասարակական Գիտությունների, (2), 25-46
[1] Monte Melkonyanın Mərzili kəndində öldürülməsindən sonra Martuni müdafiə sahəsi iki hissəyə bölünmüşdü.
[2] Kazım İbişov və “Yapon” ləqəbli Səfa Əliyev daha sonra həbs edildi.
[3] Vaqif Əlisoyun iddiasına əsasən həmin günlərdə ordudan uzaqlaşdırılmışdı.
[4] Lakin “xain” kimi qələmə verilən 704-cü briqada Cəbrayılın müdafiəsində iştirak etmişdi. Hətta bundan əvvəl şəhərin şimalındakı döyüşlərdə ərazi 3 dəfə əldən-ələ keçdiyi döyüşdə məhz Lənkəran briqadası mübarizə aparmışdı (Jiroxov, 2012:130-131).