“İnsanlar belə olmamalıdırlar!”
“Bu xalq belə olmamalıdır!”
“Bu ölkə belə olmamalıdır!”
“Bu maşın belə olmamalıdır!”
Sonuncu mülahizə digərləri ilə müqayisədə daha az iddialı görünür. Ən azından ekspertlərin ortaq məxrəcə gəldiyi texniki şərtlər var. Odur ki, əlçatan idealdır; maşın elə olmamalıdırsa, elə olanından alacağam, yaxud elə olanından düzəldəcəyəm və problem beləcə həll olunacaq. Məsələ “insanlar”, “xalq”, “ölkə” kimi mücərrəd anlayışlara gəldikdə işlər biraz qarışır; “İnsanlar belə olmamalıdırlar!” Kimlər? Ad çək!
Bu yazı onsuz da lap elə əvvəldən qarışıq olan işlərə aydınlıq gətirməyi deyil, daha da qarışdırmağı hədəfləyir. Ümid edirəm aydınlıq gətirmə iddiasında olan yazı və müəlliflərin kifayət qədər mövcudluğu fonunda bu yazı aydınlığa xələl gətirməyəcək.
İsrail əsilli davranış iqtisadçısı Daniel Kahneman bir kitabında hər insanın qərarvermədə istifadə etdiyi iki sistemin olduğunu irəli sürür və bunları “1” və “2”, yaxud “A” və “B” olaraq adlandırır1. Sistemlərdən biri (1) insanın impulsiv davranışlarını, hissiyatlarını, təəssüratlarını, niyyətlərini, digəri (2) isə şüurlu düşüncə və hərəkətlərini idarə edir. Gündəlik vərdişlərimizdə düşünmək üçün zaman və enerji sərfinə ehtiyac olmayan 1 sistemindən istifadə edərək qərarlarımızı verə bilirik; qırmızı işığı görəndə dayanır, izdihamlı küçədə insanlara toxunmadan hərəkət edirik, yaxud da küləyin sürəti və istiqamətini, o cümlədən topun hərəkət trayektoriyasını mürəkkəb düsturlarla hesablamadan onu basketbol səbətindən keçirə bilirik. 2 isə 1-in kifayət etmədiyi anlarda imdadımıza çatır. Gərgin diqqət və əmək sərf etdiyimiz işlərdə qərar vermək 2-in köməkliyi ilə mümkün olur. Bundan başqa 2 duyğu və təəssüratlarımızı sarsılmaz inanclara çevirməkdə də öz töhfəsini verir.
Bəs yaxşı bu sistemləri ayırd etmək bizə nə verəcək? Kahneman bu suala belə cavab verir: “Bu iki sistemin ayırd edilməsi göstərir ki, 1-ci sistemin illuzor effekti də var. Və biz bunu nəzərə alaraq 2-ci sistem vasitəsilə 1-i tez-tez yoxlamaq, ona düzəlişlər etməklə mümkün ilğımvari qənaətlərdən sıyrıla bilərik”. Qeyd etmək yerinə düşər ki, davranış iqtisadiyyatının metodologiyası və həmçinin ictimai nəticələri ilə bağlı ciddi və sərt tənqidlər də mövcuddur. Hər halda bu yazıda Kahnemanın mülahizələrindən istifadə edilib.
Gündəlik nitqimizdə doğruluğu ilə bağlı narahatlıq keçirmədən sayı-hesabı tutula bilməyəcək qədər mülahizə işlədirik. Misal olaraq elə bu yazının hər iki cümləsindən biri mülahizə ehtiva edir. Bəs əgər biz Sistem 1 tərəfindən yaradılmış total illuziya qəfəsinin içindəyiksə, onda necə?! Etdiklərimizdən, dediklərimizdən və hətta düşündüklərimizdən nə qədər əmin ola bilərik?! Ümumiyyətlə, total illuziya içində yaşamağın nəyi pisdir?! Bəs biz öz qarşımıza hər aktımızı yoxlamaq kimi bir tələb qoysaq, bu gərginlik bizə nəyin bahasına başa gələcək?! Ümumiyyətlə, buna dəyərmi?!
Yazının əvvəlində qeyd etdiyim kimi bu və ya digər suala cavab tapmaq, izah vermək niyyəti və iddiasından uzağam. Bunun əvəzinə iki amerikalı psixoloqun eksperimentindən danışacağam. İnsanların bu və ya digər bir məsələyə intensiv formada diqqət ayıran zaman normal şəraitdə nəzərlərindən qaçırmayacaqları cisimlərə qarşı “kor” olduqlarını araşdıran eksperimentin video keçidini aşağıda bölüşürəm2. İstəsəniz özünüzü yoxlamaq üçün indi videonu izləyə, sonra geri qayıdıb yazının davamını oxuya bilərsiniz.
Videoda ağ geyimli və qara geyimli iki qrup tələbənin basketbol topu ilə paslaşdıqlarını görürük. Eksperimentdə iştirak edənlərdən tələb olunub ki, qara geyimliləri görməzdən gələrək təkcə ağ geyimli oyunçuların neçə pas verdiyini saysınlar. Videonun ortasında isə qəribə bir şey baş verir; qorilla geyimində bir nəfər oyunçuların arasından sakitcə keçir. Araşdırmaya görə eksperimentdə iştirak edənlərin yarısı “qorilla”nı görməyiblər. Psixoloqlar eksperimentin gedişatı və nəticələrini “Görünməz Qorilla” adlı bir kitabda toplayaraq 2010-cu ildə nəşr etdiriblər.
İndi isə gələk yazının lap əvvəlində qeyd edilmiş mülahizələrdən birinə:
“İnsanlar belə olmamalıdırlar!”
Bu ifadə bütün dünyaya, bəşəriyyətə, insanlara, yaxud cəmiyyətə yönəlmiş əmr, arzu, istək formasında səsləndirilən mülahizələrin hamısının əsil mahiyyətini göstərən sadə bir nümunədir. Odur ki yazı boyu eyham vurulan əsas məsələ sadə bir ifadədən daha artığıdır; dünyagörüşüdür, ideologiyadır, düşünmə və yanaşma tərzidir. “Bilik bilmək üçün deyil, kəsib doğramaq üçündür” deyən Fuko yəqin ki əlinə “qayçı”, “mişar” alıb bəyənmədiyi insanları “kəsib doğrayaraq quş həddinə salmağa” çalışan adamları gördükdən sonra bu qənaətə gəlib.
“İnsanlar belə olmamalıdırlar!”
Dırnaq arasındakı ifadənin obyekti dünyada, yaxud Azərbaycanda bu an etibarilə məskunlaşmış bütün insanlardırsa, bu yerdə məşhur “bütün kritlilər yalançıdır” paradoksu yada düşür. Yox əgər özümüzü kritli hesab etmiriksə, adımızı cəsarətlə bağırmalıyıq. Bu halda mülahizəmizin ardı belə olardı; “insanlar belə olmamalıdırlar, mən isə insan deyiləm”, yaxud “azərbaycanlılar belə olmamalıdırlar, mən isə azərbaycanlı deyiləm”. Hə, bax bu daha səmimi yanaşmadır. Yox əgər o insanlar qrupunun içinə özümüzü də aid edəcəyiksə, o zaman “özünə rəva bilmədiyini, başqasına da rəva görmə” prinsipinə əsasən belə bir tövsiyə ilə rastlaşacağıq: “Mən belə olmamalıyam!”
Burada başqa bir məqam da var. Belə ki, “insanlar belə olmamalıdırlar!” ifadəsi özündə bir neçə premis gizlədir:
1. “Mən bütün insanları tanıyıram”. Bu qədər səfeh görünməmək üçün heç olmaya “insanlar belə olmamalıdırlar!” ifadəsinin əvvəlinə “bəzi” sözünü qoyma həssaslığını göstərmək olardı.
2. “Mən bütün insanların necə olmalı olduğunu bilirəm”. Universal pisdən çəkindirirəmsə, deməli, universal yaxşının nə olduğunu bilirəm. Bəs bundan necə əminəm? Kahnemanın sistemlərini yada salaq.
3. “Mən özümü bütün insanların necə olmalı olduğuna qərar verə biləcək pozisiyada hiss edirəm”. NO COMMENT!
Bu və ya digər fikiri irəli sürərkən mülahizəmizin birbaşa ifadə etdiyi mənadan başqa onun daxilindən çəkib çıxarıla biləcək birdən çox mənanın ola bilmə ehtimalını nəzərə alsaq, qızılımız düşər? Məncə, hə! Çünki bu zaman dini hökmlər kimi təsirli və sərrast səsləndirilə biləcək bir ifadəyə “məncə”, “bəlkə”, “ola bilsin ki” kimi modal sözlər əlavə edərək onun təsir gücünü azaltmış olacağıq. Bu isə “özünü bir şeyləri bilən subyekt” kimi hiss etmək həzzindən vaz keçməkdir. Çox ağır etik tələbdir, elə deyilmi?
Ədəbiyyat:
1. Daniel Kahneman. “Thinking, Fast and Slow”.
2. https://www.youtube.com/watch?v=vJG698U2Mvo