Bir zaman bu, geniş yayılmış əhvalatlardan idi: restoranda masaya “Jalə” şirəsi gəlir. “Jalə”nin oliqarxlardan birinin şirkətinin istehsalı olduğunu əsas gətirən müxalif mövqeli müştəri şirəni içməkdən imtina edir. Oliqarxın məhsulundan imtina etmək həmin müxalif şəxs üçün vicdan, prinsip məsələsiydi.
Mən bunu “yarımçıq”, hətta “məzmunsuz vicdan” adlandırıram.
Həmin adam əlbəttə ki, hansısa bahalı restoranlarda toy məclislərinə də gedir, taksi xidmətindən, aptek və market məhsullarından da isifadə edir. Onun istifadə etdiyi məkan və məhsullar mütləq hansısa məmura, oliqarxa bir şəkildə necəsə bağlıdır. Məntiqlə həmin şəxs təsəvvüründəki vicdan anlayışına sadiq qalmaqdan ötrü dərviş həyatı sürməli, il uzunu oruc tutmalı, dərmansız və əyləncəsiz qalmalıdır. Ancaq necə deyərlər, “yoxdu belə söhbət”.
Natamam, məzmunsuz vicdana sahib adamlar hər yerdədir. Xüsusən, alternativ fikrə dözümsüz yanaşan, özlərini faşist kimi aparan liberallar arasında. Bir liberal filosof tanışım Ələkbər Əliyevin AzLogos-da məlum “solçu” yoldaş haqda məşhur məqaləsinə görə saytı oxumadığını və mənim də onunla əməkdaşlıq etməməyimi məsləhət gördü. Paradoks ondadır ki, həmin liberal filosofun əməkdaşlıq etdiyi layihənin rəhbəri, professor tez-tez facebook profilində konkret adamları təhqir edir, alçaldır.
Zamanla anladım ki, liberalların anlayışında özlərinin kimisə alçaltması normadır, məqbuldur, liberal dəyərdir, “demokratiya”nın mahiyyətidir.
Və həmin liberal filosof tanışım professorun alçaltma mətnlərinə rəğmən onu sorğulamır, əksinə, böyük bir layihədə rahatca onunla əməkdaşlıq edir. Çünki, layihədə yaxşı qrantlar, maddi təminat, qlamur restoranlarda şərab və kofe içmək lüksü varkən, dəyər, liberalizm, sorğulamaq puç və əfsanəyə dönür.
Əvvəllər, bu cür adamlarla polemikaya girirdim. Lakin zamanla anladım ki, intellektual konformistlərlə, klassiklərimizin Fatmanisə və Xudayar obrazlarının korrektə olunmuş bu versiyaları ilə ünsiyyət təkcə mənəvi yox, fiziki mənada da ürəkbulanma gətirir. İqnor, saymazlıq, onları hər yerdən, həyatdan belə bloklamaq, görməmək, eşitməmək, duymamaq ən yararlı mübarizə üsuludur.
Başa düşürəm ki, AzLogos-da yayımlanan “NoWar” – Qəhbəliyin bir başqa adı” məqaləsi liberallara – məzmunsuz vicdan daşıyıcılarına soyuq duş effekti verib. “NoWar” – Qəhbəliyin bir başqa adı” lakonik, səmimi, hədəfi dəqiq götürən məqalədir. Bugünün peşəkar və səviyyəli media standartlarına nəinki adekvatdır, hətta üstündür. 44 günlük müharibə müddətində Qərb mediasının Azərbaycana qarşı qərəzi, riyakarlığı, nifrəti bir daha göstərdi ki, dünya mediası maraqları naminə jurnalistika prinsiplərinə tüpürə bilər və tüpürür də. Elə Qərbin özündə mövzuyla bağlı sərt filmlər çəkilib: “Network”, “Ace in the Hole” və s.
“NoWar” – Qəhbəliyin bir başqa adı” məqaləsində ən azı demokratik anlayış adı altında riyakarlıq, alver getmir, hər şey öz adı ilə çağırılır. AzLogos elə buna görə diskomfort saytdır. AzLogos beyin partlayışıdır. AzLogos qəfil, hardansa sancılan oxdur. Kinoda da belə anlayış var: diskomfort kino. Müasir kinoda onun ən parlaq nümayəndələrindən biri avstriyalı Ulrix Zaydldır. Yeri gəlmişkən, onun “Animal Love” sənədli filmi elə diskomfort məzmununa və vizual həllinə görə, 1995-ci ildə Kann festivalına buraxılmayıb.
Zaydl bu haqda deyir: “Çünki filmdə təhqiramiz, hamya toxunan şeylər var və bundan sonra kimsə rahat yata bilməz. Göstərilən şeylər hamıya aiddir. Əgər sən özünə vicdanlı münasibət bəsləyirsənsə, boynuna almalısan ki, sən də bunun bir hissəsisən”. Bu mənada AzLogos da çoxunun görmək, haqqında danışmaq istəmədiyi, intimliyini narahat edən mətləblərdən danışır.
“Qəhbə” sözündən isə narahat olmaq lazım deyil. Əgər siz azad media adlanan kanalın əməkdaşının canlı efirdə tez-tez “blin” kəlməsini deməsinə normal yanaşırsızsa, “qəhbə” sözünə də normal yanaşmağa çalışın.
AzLogos-un guya Arzu Qeybullanın hədəf göstərməsindən də nigarançılıq keçirməyə dəyməz. Bir əhəmiyyətli yazısı, araşdırması olmayan Qeybulla müharibə zamanı amerika aksentli türkcəsi, iblisanə və fövqəladə “nepriyatnı” təbəssümü ilə erməni həmkarları ilə efirdə Azərbaycan əleyhinə tutarlı arqument tapa bilməyib böhtan atanda (hətta fikir verdim, erməni həmkarları belə onun böhtanlarına heyrətlərini gizlədə bilmirdilər) özünü hədəfə gətirmişdi artıq. Özünü hədəfə gətirmək Qeybulla üçün üstünlükdür: bu, əlverişli qrantlar və lüks həyat deməkdir.
Siz isə nigaran qalmayın. Öz qayğınıza qalın. Sosial məsafə saxlayın. Maskanızı taxın. Koronavisudan qorunun. Özünüzü yaxşı aparın.
AzLogos bir gün sizə də bata bilər, gözlənilmədən, beyin partlayışı yaradaraq.