ABŞ-ın The National Interest saytı Rusiya prezidentinin məqaləsini yayımlayıb
Vladimir Putinin Nasist Almaniyası üzərində Qələbənin 75-ci ildönümünə yazmağı söz verdiyi, İkinci Dünya Müharibəsi haqqında məqaləsi ABŞ-ın The National Interest jurnalının saytında dərc edilib.
“Vladimir Putin: II Dünya Müharibəsinin 75-illiyinin həqiqi dərsləri” başlıqlı, təxmini həcmi 50 min işarə olan məqalədə Rusiya lideri XX əsrin ən qanlı qarşıdurmasının səbəb və nəticələri barədə fikirlərini açıqlayır, həmçinin 9 May tarixinin Rusiya üçün əhəmiyyətindən danışır.
Müharibənin qaçılmazlığının səbəbləri haqqında
Putinin fikrincə, Böyük Britaniya və Fransanın qatıldığı Münhen Sazişi (1938); Çexoslovakiyanın sonrakı işğalı və bölünməsi müharibəni qaçılmaz etmişdi. Onun sözlərinə görə, bu gün Almaniyadan başqa digər Avropa ölkələrinin, xüsusən Polşanın liderləri bu hadisəni unutdurmağa, gizlətməyə çalışırlar.
Putin hesab edir ki, bu saziş Qərb ölkələrinin öz təhlükəsizlik məsələlərini həll edərkən Sovet İttifaqının maraqlarını nəzərə almaması demək idi. Sovet İttifaqını sazişlə bağlı danışıqlara cəlb etməmişdilər.
“Ölkələrin bir zamanlar öz öhdəliklərini pozaraq Münhen razılaşmasını dəstəkləməsi, bəzilərinin hətta mənfəət bölüşdürülməsində iştirak etməsi [hadisəni ört-basdır etməyin] yeganə səbəbi deyil. Başqa səbəb isə 1938-cü ilin həmin dramatik günləri qarşısında duyulan xəcalətdir, axı Çexoslovakiyanı dəstəkləmiş yeganə ölkə SSRİ idi” Putin yazır.
Putin İkinci Dünya müharibəsindəki qələbəni SSRİ-nin xidməti adlandırır
“Keçən ilin sonunda MDB liderlərinin sammitində hamımız [birlik ölkələrinin liderləri] razılaşdıq ki: nasistlərin ilk növbədə Sovet xalqı tərəfindən məğlub edilməsi xatirəsini gələcək nəsillərə ötürmək vacibdir” deyə Putin yazır.
Onun sözlərinə görə, bu (sammitdə danışılanlar – red.) “Avropada və dünyada çaşqınlıq yaratdı”. “Bu, o deməkdir ki, keçmişin dərslərinə yenidən baxmağın vaxtı çatıb” o, əlavə edir. – Bəzi siyasətçilər, adətləri üzrə Rusiyanın tarixi yenidən yazmağa çalışdığını iddia etməyə tələsdilər. Onlar bizim bircə faktımızı inkar edə, bircə arqument gətirə bilmədilər.
Adolf Hitler hərbi kampaniyanın sürətinə və uğuruna şübhə etmədiyi üçün SSRİ-yə hücum etmək qərarına gəlmişdi. “Sovet İttifaqının Avropada ona müqavimət göstərə biləcək əsas güc olduğunu bildiyi üçün Barbarossa planını təsdiqlədi”.
Müharibənin başlanmasında SSRİ-nin rolu barədə danışılanlar
Avropa Parlamentinin SSRİ-nin II Dünya Müharibəsindəki rolunun qiymətləndirildiyi qərarında, II Dünya Müharibəsinin başlanmasında Nasist Almaniyası ilə birlikdə SSRİ-nin də ittiham edilməsini Rusiya prezidenti qalmaqallı və təhlükəli hesab edir.
“Rusiya faktlara əsaslanaraq II Dünya Müharibəsi ilə bağlı tarixi həqiqəti qətiyyətlə müdafiə edəcək” deyə Putin yazır.
Putin, münaqişənin gerçək səbəblərinin tapılması üçün İkinci Dünya Müharibəsi ilə bağlı tarixi sənədlərin saxlanıldığı arxivlərin açılmasına çağırış da etdi.
Putin müharibənin səbəblərini dövlət eqoizmində və qorxaqlıqda görür
Putin müharibənin gözlənilməz başlamadığını yazır. “Bəşəriyyət tarixindəki bu ən böyük faciəni qaçılmaz edən əsas amillər dövlət eqoizmi, qorxaqlıq, təcavüzkarın artan iştahı və siyasi elitaların güzəştə getmək istəməmələridir”.
Rusiya lideri müharibənin başlanmasına görə dünyanın bütün aparıcı ölkələrinin məsuliyyət daşıdığını vurğuladı.
“Onların hər biri, ölümcül səhvlər buraxdılar. Onlar təkəbbürlə düşünürdülər ki, başqalarını aldada, özləri üçün birtərəfli imtiyazlar əldə edə, yaxud da yaxınlaşan faciədən yaxa qurtara bilərlər”.
Əsas xainlər və cəlladlar
Putinin fikrincə, II Dünya Müharibəsinin əsas xainləri fransız marşalı Filip Peten, Sovet hərbi komandiri Andrey Vlasov, Ukrayna millətçilərinin lideri Stepan Bandera və Norveç başçısı Vidkun Quislingdir. Dördü də kollaborasionist idi.
“Onların tərəfdarları, ardıcılları müstəqillik fədaisi, kommunizmə qarşı döyüşçü maskası altında gizlənən xainlər və cəlladlar idi.”
Bununla belə, Putin əmindir ki, bu siyasətçilərin, komandirlərin ardıcılları qeyri-insani rəftarda çox vaxt öz rəhbərlərini üstələyirdilər: “Babi Yar, Volın qırğını, Xatındakı edamlar, Latviya və Litvadakı yəhudi qətliamları kimi qanlı hadisələrə görə məhz onlar məsuliyyət daşıyır.”
Rusiya lideri ABŞ üçün vacib olan “böyük həqiqət” haqqında da yazıb
O, bu böyük həqiqətin 28 aprel 1942-ci ildə Amerika xalqına xitab edən Amerika Birləşmiş Ştatlarının 32-ci Prezidenti Franklin Ruzveltin söylədiyi sözlər olduğunu yazır: “Sovet qüvvələri düşmənlərimizin ordularını, qoşunlarını, təyyarələrini, tanklarını və silahlarını Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsində iştirak edən digər ölkələrin hamısından daha çox məhv edib.”
Putin, həmçinin, İngiltərənin Baş naziri Uinston Çörçilin 27 sentyabr 1944-cü ildə İosif Stalinə yazdığı məktubu xatırladır. Çörçill məktubda yazır ki, məhz Sovet ordusu “alman hərbi maşınının içalatını söküb çıxartmışdı.”
Putin Polşa və Almaniyanın gizli danışıqlarını da xatırlatdı
Putin məqalədə, 1938-ci ildə Polşa və Almaniyanın Çexoslovakiya ərazisini bölmək barədə əvvəlcədən razılığa gəldiyinə dair məlumatlara istinad edir. Putinin sözlərinə görə, 20 sentyabr 1938-ci ildə Polşanın Almaniyadakı səfiri Jozef Lipski xarici işlər naziri Jozef Beck-ə Hitlerə etibar oluna biləcəyini yazırdı.
Putin Lipskidən sitat gətirir: “Teşindəki maraqlarımıza görə Polşa ilə Çexoslovakiya arasında münaqişə baş verərsə, Reyx Polşanın tərəfini tutacaq.” Putinin sözlərinə görə, Hitler Polşaya”yalnız almanlar Sudeti işğal etdikdən sonra” hərəkətə keçməyi tövsiyə edirdi.
Hitlerlə Stalinin münasibətləri haqda
“O dövrün bir çox digər Avropa liderlərindən fərqli olaraq, Stalin Qərbdə nüfuzlu siyasətçi kimi tanınan və Avropa paytaxtlarında əziz qonaq kimi qarşılanan Hitlerlə görüşərək özünü rüsvay etməmişdi” məqalədə deyilir.
Putin, həmçinin Hitlerin Üçüncü Reyx, faşist İtaliya və militarist Yaponiya ittifaqına SSRİ-ni qoşmaq üçün son cəhdi 1940-cı ilin noyabrında etdiyini yazır. Bu, SSRİ Xarici İşlər üzrə Xalq Komissarı Vyaçeslav Molotovun Berlinə səfəri zamanı baş vermişdi.
Ancaq bu cəhd uğursuz oldu. “Stalinin göstərişlərinə çox ciddi əməl edən Molotov, 1940-cı ilin sentyabrında Almaniya, İtaliya və Yaponiya tərəfindən imzalanan və ABŞ ilə Böyük Britaniyaya qarşı yönəlmiş Üçtərəfli Pakta Sovet İttifaqının da qoşulması mövzusunda aparılan ümumi müzakirədə iştirak etməklə məhdudlaşmışdı.”
SSRİ və müttəfiqlərin itkiləri
Putin, İkinci Dünya Müharibəsində 27 milyona yaxın Sovet İttifaqı vətəndaşının öldüyünü yazır. “Sovet vətəndaşları cəbhədə, alman həbsxanalarında həyatları ilə vidalaşır, aclıqdan, bombardmandan ölür və nasistlərin konsentrasiya düşərgələrində sobada yanıdırılırdılar.” Putin yazır ki, SSRİ hər yeddinci vətəndaşını itirmişdi, Böyük Britaniya – hər 127-ci, ABŞ – hər 320-ci. Lakin bu rəqəmlər də son deyil, bütün ölənlərin adlarının və xatirələrinin bərpası üzərində əziyyətli işlər gedir. Təkcə Rjev döyüşündə Sovet ordusu yaralılar və itkin düşənlər bir yerdə 1,1 milyondan çox insan itirmişdi: “Mən ilk dəfə bu dəhşətli, faciəli rəqəmləri açıqlayıram, və onlar hələ son deyil.”
Baltikyanı ölkələrin SSRİ-yə qoşulması
Putin İkinci Dünya Müharibəsi başlayandan sonra Baltikyanı ölkələrin SSRİ-yə daxil olmasını əsaslandırır və bu prosesin qanuniliyində israr edir.
“1939-cu ilin payızında strateji, hərbi və müdafiə məqsədlərini həyata keçirən Sovet İttifaqı, Latviya, Litva və Estoniyanın birləşməsi prosesinə başladı. Onların SSRİ-yə girməsi seçilmiş orqanların razılığı ilə müqavilə əsasında həyata keçirildi. Bu, o dövrün beynəlxalq və dövlət qanunlarına uyğundur” deyə Putin yazır.
Onun sözlərinə görə, SSRİ tərkibindəki Baltikyanı respublikalar öz dövlət idarəetmə orqanlarını, dillərini qoruyub saxladılar və Sovet İttifaqının ali dövlət qurumlarında təmsil olundular. Yeri gəlmişkən, 1939-cu ilin sentyabrında Sovet İttifaqı “öz qərb sərhədini daha da qərbə, lap elə Varşavaya qədər irəlilətmək imkanına malik idi”. Lakin SSRİ rəhbərliyi buna razı olmadı.
Bu gün dünya birliyinin əhəmiyyətli hissəsi Baltikyanı ölkələrin tarixindəki bu dövrü Sovet işğalı hesab edir.
Dünya liderlərinə müraciət
Putin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə – ABŞ, İngiltərə, Çin və Fransaya müraciət ünvanladı. Putin “beşlik” liderlərinin tezliklə zirvə görüşündə toplanacağına ümid etdiyini yazdı.
“Rusiya, Çin, Fransa, ABŞ və Böyük Britaniyanın zirvə görüşünün müasir çağırışlara və təhdidlərə cavab tapmaqda mühüm rol oynaya biləcəyi şübhəsizdir”. Putin, həmçinin üzləşdikləri problemləri sadalayır: qlobal iqtisadiyyat, koronavirus pandemiyası və ətraf mühitin qorunması.
“Bizim hər bir maddə üzrə konkret təkliflərimiz var” deyə vurğulayan Putin dünya güclərinin bir-birinə güvənə biləcəyinə ümid etdiyini yazdı.
Putin müharibənin ailəsi üçün nə demək olduğundan bəhs etdi
Məqalə prezidentin doğmaları ilə bağlı xatirələri ilə başlayır. “Valideynlərim üçün müharibə iki yaşlı qardaşım Viktorun öldüyü Leninqrad mühasirəsinin dəhşətli sınağı demək idi. Anamın möcüzə kimi sağ qaldığı yer idi”.
Putin atasının ağır yaralandığını da xatırladır.
“Tez-tez düşünürəm: bugünkü nəsil olsaydı nə edərdi? Böhranda necə davranardı?” deyə sual edən Putin koronaviruslu xəstələrlə işləyən həkimləri, Qafqazda terrorizmlə mübarizə aparan və Suriyada döyüşən əsgərləri fədakarlıq nümunəsi kimi göstərir.
“Onların hamısı ölkəmizin döyüşçülərinin layiqli varisləri olduqlarını sübut etdilər”, – deyə Putin məqaləsini yekunlaşdırır.