Amerikan startapı olan OneWeb qiyməti bir neçə milyard dollar olan qlobal internet layihəsinə başlayıb. Belə ki, layihə çərçivəsində artıq 6 peyk yerətrafı orbitə çıxarılıb.
Bu əsnada ümumilikdə 2000 peykin istifadəsi nəzərdə tutulub.
Qlobal internet layihəsi üzərində Facebook, Google və digər iri transmilli şirkətlər də çalışırlar, lakin OneWeb hesab edir ki, onun rəqiblərindən üstünlüyü işlək sisteminin artıq mövcud olmasındadır.
Hal-hazırda əsas məsələ bütün dünya üzrə interneti maneəsiz yaymaq üçün bütün peykləri eyni tezlikdə sinxron işlədə bilməkdir. Əgər orbitə çıxarılmış ilk 6 peyk üzərində buna nail olmaq mümkün olsa, OneWeb qalan peyklərin də kütləvi buraxılışını təşkil edəcək və ilin sonuna kimi peyk şəbəkəsini quracaq.
Qlobal internet təminatını yaratmaq üçün orbitdə eyni anda 648 peykin olması lazımdı.
OneWeb peykləri arasında internet axınının sürəti saniyədə 1 terabayt nəzərdə tutulub.
Bu layihə baş tutsa, dövlətlərin internetə nəzarət imkanları xeyli azalacaq. Bundan başqa kasıb ölkələrdə yaşayan əhalinin də ümumdünya şəbəkəsinə çıxış imkanı yaranacaq.








