Təzəlikcə Bakıda oğurlanan 3 yaşlı Zəhra tapıldıqdan sonra valideynləri onu öncə hansısa pirə aparmışdılar!
Halbuki oğurlandığı iki gün ərzində kim bilir, hansı dəhşətlər yaşayan qızcığazın aparılmalı olduğu ilk yer psixoloq yanı deyildimi?
Normal ölkədə, əlbəttə.
Ancaq biz Azərbaycandan danışırıq.
Burada həkim səhlənkarlıqdan əməliyyat masasında öldürdüyü xəstənin yaxınlarına “Allah verən can idi, allah da aldı”, doğuş zamanı ölən körpənin valideynlərinə “Allah bilən məsləhətdir” deyə bilir.
Milli (!) Elmlər Akademiyasının əməkdaşı Yerin düz olduğu barədə fətva verən ərəb müfisinə haqq qazandıra bilir.
Dünya şöhrətli (!) texnika elmlər doktoru (Rafiq Əliyev) “İndi UZİ-də baxıb deyirlər ki, doğulacaq uşaq qız olacaq, yoxsa oğlan. Ancaq Quranda bu, hələ 1300 il əvvəl tam açıq şəkildə göstərilib” söyləyə bilir.
Elə isə ömründə bəlkə də iki kitab üzü açmamış, normal təhsil görməmiş statistik vətəndaşın pirlərdən mədət ummasına niyə təəccüblənirik?
Bilirəm, taftalogiyadır, ancaq Azərbaycanda pirlərin yenidən, üstəlik, görünməmiş sürətlə dəbə minməsi ilk növbədə ölkədəki ədalətsizliyin, hüquqsuzluğun əsəridir: əli hər yerdən üzülən insanların lap elə o “Qaloş piri” mədəd, mərhəmət ummasından təbii nə ola bilər?
Səhiyyəsi rüşvətə, korrupsiyaya təslim olmuş, məhkəməsi məzhəkəyə çevrilmiş bir ölkənin insanlarının xəstələnəndə həkimin yox, mollanın, hüququ pozulanda hakimin yox, seyidin yanına qaçmasından təbii nə var?
Üstəlik, bir ölkənin təhsil sistemi sorğulayıcı, tənqidçi fərdlər yetişdirmirsə, biologiya müəlllimi Darvini “kafir” kimi təqdim edir, fizika müəllimi dünyanın ən şəfalı suyunun Zəm-zəm olmasından video-rolik çəkib fəxarətlə yayırsa, o ölkənin sıravi insanları pir-pir gəzməsin neyləsin?
Sözümün canı başqadır. Bilənlər bilir: bu günlərdə Goranboyda, Qurbanzadə adlı kənddəki pirin görüntüləri gündəmə, necə deyərlər, “bomba” kimi düşdü.
Sosial şəbəkələrdə “Qaloş piri” kimi təqdim edilən həmin pirdən görüntülərə üsyan püskürənin, bu görüntüləri ələ salanın, lağa qoyanın, geridəqalmışlığımızdan, cahilliyimizdən şikayətlənənin biri bir qəpik idi.
Adamı heyrət bürüyür: bir ölkədə xürafata, mövhumata arxasını dönmüş bu qədər insan varsa, “Seyidlər ocağı”, “Pir” kimi fenomenal incilər yaratmış Əbdürrəhim bəy Haqverdiyevin həmin hekayələrdən ibarət kitabı 1000 tirajla 3 ildir necə satılıb qurtarmır?
Nə etməli, bura da belə ölkədir: məsələn, hamı rüşvətə nifrət edir, ancaq aydın deyil ki, məmləkəti ağuşuna almış bunca rüşvəti kim alır, kim verir?
Hamı rüşvətxora nifrət edir, ancaq məlum olmur ki, niyə toyda-yasda ən hörmətli yerlərdə 1000 manatlıq maaşla 100 min manatlıq “inomarka” sürən, 2-3 milyon manatlıq villalarda yaşayan məmurlar oturdulur?
Cahilliklə, savadsızlıqla bağlı da həmçinin: kimi dindirsən, “Qaloş piri”ndəki görüntülərdən məyusdur, kədərlənib, axırımızın nə olacağından narahatdır. Ancaq cavab verən yoxdur: 10 milyonluq ölkədə niyə hələ də kitab bazarı ən yaxşı halda 3-4 min oxucunun sayəsində ayaqda dura bilir? Kitab mağazaları sökülüb supermarketlərə, ətriyyat dükanlarına, kitabxanalar dağıdılıb kababxabalara çevriləndə niyə beş-on nəfərdən başqa kimsənin səsi çıxmır? Mənasız idman yarışlarına milyonlar xərclənərkən kitab üzərindəki yüksək ƏDV-nin götürülməsi üçün kampaniyaya güc-bəla iki əlin barmağı qədər adam qoşulur?
Dediyim odur ki, xalq olaraq, nifrətlərimizdə də, sevgilərimizdə də qeyri-səmimiyik. Dildə başqa, əməldə başqayıq. Tiflisə gedib Mirzə Fətrəli Axundzadənin məzarı başında böyük bir fəxrlə şəkil çəkib facebook-da sevinə-sevinə paylaşan adamın bir həftə sonra Beşbarmaq pirində qurban kəsdiyi yerdə şəkil çəkdirib paylaşmayacağına heç bir təminat yoxdur.
Azərbaycandakı anti-demokratik rejimlə mübarizədə də, cəhalətlə, yobazlıqla mücadilədə də bizə uğur qazanmağa mane olan bax bu qeyri-səmimilikdir.
***
Yeri gəlmişkən: “Qaloş piri” ilə bağlı bəzi saytların “tanınmış ilahiyyatçı” qiyafəsində xeyli həcidən aldığı açıqlamanı da gülüşsüz oxumaq mümkün deyildi: həmin həcilər bir-birlərinin ağzına tüpürübmüşcəsinə deyirdilər ki, pirlərdən mədəd umanlar cahildirlər, dindən xəbərləri yoxdur, şeytana qulluq edirlər, kimlərincə cibini doldurmaqla məşğuldurlar və s.
6-7 min dollar xərc çəkərək gedib Ərəbistanda şeytanı daşlayıb gələn bu qardaşların burnumuzun ucundakı hansısa pirə gedib 5-10 manat nəzir verən, şəfa uman vətəndaşları “cahil” deyə damğalaması, yaş yuyub quru sərməsi də ayrı dərddir. Ərəbin cibini doldurmaq olar, Goranboydakı hansısa Əhmədin, Məmmədin yox?
***
Və sonda:
Azərbaycanın böyük aydınlarından biri Ömər Faiq Nemanzadə başqa bir görkəmli maarifpərvər, Azərbaycan Cümhuriyyətinin parlament üzvü olmuş Abdulla bəy Əfəndizadə ilə birlikdə Şəkiyə, Zəyzid kəndinə gedirmiş. Yolda “Öskürək” adlı bir pirlə qarşılaşırlar. Pirdəki ağacın üstünə niyyət edilərək bağlanan rəngbərəng parçaları görən Ömər Faiq cibindən kibrit çıxarır, həmin parçaları yandırır. Çox keçmir pir od tutub yanmağa başlayır. Alov getdikcə yüksəlir, işi belə görən Ömər Faiqlə Abdulla bəy camaatın məsələdən hali olub pirə axışacağından və onların qəzəbinə tuş gələcəklərindən qorxub qaçmağa üz qoyurlar.
Nəhayət, gəlib Zəyzid kəndinə çatırlar.
Bu vaxt onlara kəndin itləri hücum çəkir.
Canlarını birtəhər qurtardıqdan sonra iki dost bunu öz aralarında zarafatla “Öskürən” pirinin kəraməti kimi yozurlar.
Ancaq əminəm ki, ilk cümlədən bəri yazdıqlarımı diqqətlə oxuyub onun hər cümləsi ilə razı olanların içində belə, yazının bu yerində fikrini dəyişib, Nemanzadə ilə Abdulla bəyin zarafatını ciddi qəbul edənlər tapılacaq. Ən azından ürəyinə şübhə toxumu səpilənlər olacaq: “Bəlkə, doğrudan da itlərin hücumu təsadüf deyilmiş, bəlkə, Ömər Faiq həqiqətən “Öskürən” pirinin qəzəbinə tuş gəlibmiş?”.
Ən böyük dərd də elə budur…