Paleontolog Jack Horner deyir ki, yaxın 5-10 ildə dinozavrlar yenidən canlandırıla bilər. People`a açıqlamasında Horner bildirib ki, Harvard və Yele-dən olan mütəxəssislərlə birlikdə, onlar gen mühəndisliyi yolu ilə müasir quşlardan dinozavr növləri əldə etmək üzərində işlər aparırlar.
“Əlbəttə ki, müasir quşlar, günümüzə gəlib çatmış dinozavrlardır. Bizim qarşımızda duran vəzifə isə, gen mühəndisliyi alətləri ilə onları daha çox əcdadları olan dinozavrlara bənzər hala gətirməkdir” – deyə Horner bildirib.
Qeyd edək ki, Dr. Jack Horner və onun komandası, əfsanəvi “Yura parkı” filminin hər dörd epizodunun məsləhətçiləri olublar. “Yura parkı”-nın ssenari müəllifi, Michael Crichton o zaman özü etiraf etmişdi ki, filmin əsas qəhrəmanı Dr. Alan Grant-ın prototipi Jack Horner-in özüdü.
Dr. Horner bildirir ki, adi toyuq embrionları üzərində apardıqları təcrübələr nəticəsində komadası artıq bu yolda xeyli uğurlar əldə edib.
“Biz bilirik ki, dölün inkişafı prosesində müxtəlif genlər müvafiq orqanların müəyyən şəkildə formalaşmasını idarə edir. İndi bizim başlıca məqsədimiz, hansı genin hansı orqanı və hansı mərhələdə, necə idarə etməsini müəyyən etməkdir. Bundan sonra biz çox asan deyək ki, dimdiyi formalaşdıran genləri lazım olan məqamda “söndürüb-yandırmaqla” nəhəng dişli çənəyə çevirə biləcəyik.”
Horner bildirir ki, təcrübələr nəticəsində əldə etdikləri nailiyyətlər, yaxın gələcəkdə dinozavrların yenidən canlandırılmasına böyük ümidlər yaradır.