Fridrix Nitsşe XIX əsrin ən böyük filosoflarından biridir. Onun ortaya qoyduğu düşüncə sisteminin və fəlsəfəsinin dövrün Avropa mədəniyyətini ortaya çıxarmış bütün dəyərlərinə qarşı mübarizə apardığını görürük. Nitsşe məhz bu dəyərlərə qarşı çıxmaqla öz düşüncə sistemini formalaşdırır və ideyalarını məfhumlaşdırır.
İlk baxışda Nitsşenin ortaya qoyduğu ideyalar sistemli bir düşüncə şəklində görülmür, əksinə xaotik və müxtəlif şeylər üzərinə ifadə edilmiş bir çox fəlsəfi düşüncələr şəklində özünü göstərir. Filosofun üzərində durduğu əsas mövzulardan biri əxlaqın ortaya çıxışının təməlləri və onun sonrakı formalaşma mərhələləridir. Nitsşeyə görə əxlaq insanın yaşadığı mühitdə öz psixologiyasının və sosial həyatın onu məcburiyyət altına aldığı dəyərlərin tamamıdır.
Nitsşenin heç bir səmavi və mütləq əxlaqi dəyərin mövcudluğuna inanmadığını və xristiyanlığın düşməni olduğunu söyləmək olar. Ona görə əxlaq heç bir müqəddəs (ilahi) və mütləq əsasa dayanmır, yəni əxlaqi dəyərlər insanların özləri üçün yaratdığı dəyərlər sistemidir. Bu dəyərlər sistemi də insanların gücə olan həvəsinin əsasında formalaşmaqdadır. Həqiqətlərin insan qavrayış modelləri tərəfindən dəyərlənidirilərək formalaşması olaraq ortaya çıxan əxlaqi dəyərlər zamanla bu dəyərləri ortaya qoyan şərtlərdən qoparaq əhatə dairəsini genişləndirərək sistemləşir və köklü, kateqorik bir forma alır. Avropada sosial çöküşün başlıca səbəbinin xristiyanlıq olduğunu düşünən Nitsşe, bu cür sistematik əxlaq anlayışını sürü əxlaqı adlandıraraq kökündən rədd edir. Bu mənada Nitsşe qarşımıza bir immoralist olaraq çıxır.
Nitsşenin əxlaqi dəyərlər sistemini kökündən rədd etməsinin altında yatan ən böyük səbəb onun bu dəyərlərin insanı öz nəzarəti altına alaraq təbii təkamül prosesindən ayırması inancıdır. İstər fərdi, istərsə də sosial bir təkamül prosesi üçün insanlar təbii olaraq qavrayaraq mənimsəmədiyi, amma cəmiyyətin ona diqtə etdiyi bütün dəyərləri rədd etməlidir. Bu mənada Kantın “Maariflənmə nədir?” yazısında cəhalət və maariflənmə ilə bağlı ortaya qoymuş olduğu ideyalarla Nitsşenin insanların öz təhlillərinin, qavrayışlarının nəticəsi olmadan tamamilə eksternal dünyanın diqtəsi ilə mənimsəmiş olduğu dəyərləri rədd etməsi arasında bənzərlik qurmaq mümkündür.
Nitsşenin fikirlərini, ortaya qoyduğu fəlsəfəni araşdırarkən mütləq onun doğulub böyüdüyü, fikirlərinin formalaşdığı XIX əsr Avropasında davam edən sosial və siyasi konyunkturaya baxmaq lazımdır. Belə ki, o dövrdə Avropada davam edən sosial və siyasi çalxantılar Nitsşenin varlıqlar haqqında fikirlərinin formalaşmasına təsir etmişdir. Nitsşeyə görə əxlaqi çöküşdən xilas olmağın yolu Tanrının və dinin həyatın bütün sferalarından çıxarılmasından sonra yeni dəyərlər üzərindən yeni əxlaq anlayışının formalaşmasıdır. Belə bir əxlaq anlayışını isə yalnız sürü əxlaqından xilas olmuş “güclü insan” (“ubermensch” və ya “üst insan”) ortaya qoya bilər.
“Tanrının ölümü” problemi Nitsşenin üzərində durduğu digər təməl məsələlərdən biridir. Ona görə, xristiyanlığın önə sürdüyü dəyərlərin çökməsi ilə Tanrının da ölümü gerçəkləşmişdir. Maraqlı tərəfi budur ki, Nitsşe, Tanrı mərkəzli klassik təsəvvürləri rədd etdiyi kimi öz dövründəki modernizmin gətirmiş olduğu dəyərlərə də qarşı çıxır. Çünki xristiyanlığın insanlara diqtə etdiyi sürü əxlaqını modernist dəyərlər də diqtə edir. Nitsşenin əsas qarşı çıxdığı məsələ xristiyanlıq dəyərləri ilə bərabər bu dəyərlərin insanlara diqtə ediliş şəklidir.
“Dekadensiya” qavramı Nitsşe fəlsəfəsini formalaşdıran başqa əhəmiyyətli bir qavramdır. Çöküşü ifadə etməsinə baxmayaraq, Nitsşe bu qavramı insanın və kainatın təbii həyatının bir parçası olaraq görür. Filosofa görə belə bir çöküşün ortaya çıxması inkişaf, kamilləşmə və böyümə baxımından məcburidir. Tənəzzül prosesinin cəmiyyətdə hər zaman öz varlığını qoruduğunu, rasionallığın yerinə dogmatik qanunların mənimsənməsi ilə çöküş prosesinin başladığını müdafiə edən Nitsşe, Nihilizmin bu dekadensiyanın məntiqi nəticəsi olaraq ortaya çıxdığını müdafiə edir. Cəmiyyətdəki mövcud dəyərlərdəki çürümüşlük, fərdlərin bu dəyərlərə şübhə ilə yanaşması nihilizmi də öz bərabərində gətirəcəkdir. Tanrı və onun qoymuş olduğu qanunların aliliyinə, ümumiyyətlə var olub olmamasına qarşı şübhələrin qaynağında da bu ali sosial qanunların çürümüşlüyü dayanır.
Yuxarıda qeyd edildiyi kimi, Nitsşe düşüncəsinin əsasında mütləqiyyəti və mütləqiyyətçi dəyərləri rədd etmək yatır. Onun bütün düşüncələri əslində bu əvvəlcədən qəbul edilmiş nəzəri düşüncə ətrafında şəkillənir. Belə ki, nisbi və perspektivist yanaşma tərzi onun demək olar ki, ortaya qoymuş olduğu düşüncələrin tamamında görünür. Nitsşeyə görə mütləq xeyir və mütləq şər yoxdur, insanların perspektivlərinə, baxışlarına və onlarda müxtəlif faktorların (ətraf mühit, mədəni və sosial çevrə, təhsil və s.) təsiri ilə yaranmış qavrayış sxemlərinə görə yaxşı və pis kateqoriyalardakı dəyərlər dəyişir. O, insanların sosial fəaliyyətinin, cəmiyyətdə önə sürülən bütün qanunların hamısının təməlində gücə olan istəyin dayandığı qənaətinə gəlir (Will to Power). Gücü arzulamaq universal bir xüsusiyyətdir və gücü arzulamağın xarici dünyadakı ortaya çıxış forması kainatdakı hər şeyin özünü qorumağa çalışması şəklindədir və bütün kainat güc əldə etmək arzusu ilə dolu olan fərqli güc qaynaqlarından təşkil olunmuşdur.
Nəticə olaraq, Nitsşe fəlsəfəsi ontoloji həqiqətlərdən daha çox varlıqların insan zehnində qavranması üzərində dayanır (epistemologiya). Bu mənada Nitsşe fəlsəfəsi kainatı idarə edən güc və onun kainatla, insanla əlaqələrini araşdıran klassik varlıq fəlsəfəsinin nümunələrindən, eləcə də daha çox harmonik mütənasiblik qanunu üzərində dayanan Orta Əsrlər müsəlman filosoflarının düşüncə sistemlərindən yalnız önə sürdüyü fikirlərə görə deyil, araşdırmasının predmetinə görə də fərqlənir.