Narsissizm – ruhsal həyata xas fenomendir və sağlam haldan patolojiyə qədər fərqli səviyyələrdə təzahür edə bilər. Müasir psixologiya şəxsiyyətin narsistik tiplərini fərqləndirir. “Narsist şəxsiyyət” termini ilk dəfə 1925-ci ildə Robert Uelder tərəfindən tətbiq olunub. Amerika Psixiatrlar Assosiasiyası “şəxsiyyətin narsistik pozğunluğu” məfhumundan 1968-ci ildən etibarən istifadə etməyə başlayıb və bu günə qədər də narsissizmin patoloji forması bu məfhumla tərif edilir. İstənilən şəxsiyyət pozğunluğunun yüngül, orta və ağır formaları var – bu, narsistik pozğunluğa da aiddir.
ŞƏXSİYYƏT POZUNTUSU VƏ “NORMAL” NARSİSSİZM
Şəxsiyyət pozğunluğu – insan davranışının dəyişməz xarakteristikası, özünüdərkin və şəxsiyyətlərarası münasibətlərin bir xüsusiyyətidir. O, gənc yaşlarda meydana çıxır və bütün həyat boyu sabit qalır. Sabit pattern (davranış örnəkləri) dezadaptasiyanı müəyyənləşdirir: insan artıq sosiumin daima dəyişən, çevik şərtlərinə uyğunlaşa bilmir. Bu baxımdan da psixi sağlamlıq sahəsi üzrə mütəxəssislərin – psixoloqların, klinik psixoloqların, psixoterapevtlərin, psixiatrların diqqətini çəkə bilər.
Dezadaptə olmuş insana “şəxsiyyət pozğunluğu” diaqnozu – paranoid, isterik, anti-sosial, obsessiv-kompulsiv və sair və ilaxır – qoyula bilir. Şəxsiyyətin narsistik pozğunluğu aşağıdakı meyarlara əsasən təsbit edilir.
ŞƏXSİYYƏTİN NARSİSTİK POZĞUNLUĞUNUN MEYARLARI
Narsissizm pozğunluğu özünü fantaziyalarda və davranışda hər şeyi əhatə edən təşəxxüs, heyranlığa tələbat və empatiya əskikliyi ilə büruzə verir. Sadalanan simptomları erkən gənclik yaşlarında fərqli kontekstlərdə aşağıdakı beş və ya daha çox əlamətlərə əsasən görmək mümkündür:
– Özü haqqında həddindən artıq yüksək fikirdə olmaq;
– Sonsuz uğur, hakimiyyət, möhtəşəmlik, gözəllik və ya ideal sevgi ilə bağlı fantaziyalara qapılmaq;
– Özünün “müstəsnalığına”, yalnız özü kimilərlə dostluq etməli olduğuna və yalnız özü kimilər – “müstəsna”, ya da yüksək vəzifələr tutan insanlar tərəfindən anlaşılacağına inam;
– Mədhiyyəyə həddindən artıq ehtiyac duymaq;
– Özünü hansısa xüsusi haqlara sahibmiş kimi hiss etmək;
– Öz məqsədlərinə çatmaqdan ötrü başqalarından istifadə etmək;
– Dərdə şərik olmağı bacarmamaq;
– Tez-tez başqalarına paxıllıq etmək və başqalarının onun paxıllığını çəkdiyinə inanmaq;
– Təkəbbürlü, kibrli davranış və ya münasibət sərgiləmək. (American Psychiatric Association. Diagnostic and Statistical Manual of Mental Disorders, Fifth Edition (DSM-5)
Normal narsist insanların özünüdərk və şəxsiyyətlərarası sferasında ambisiyalılıq, özgüvən, rəqabətlilik, perfeksionizm ön plana çıxır. Belə insanlar özlərinə yüksək hədəflər qoyurlar, onlar üçün özünə hörmət son dərəcə dəyərlidir və hər vəchlə onu qorumağa çalışırlar.
Bu şəxsi cəhətlər sayəsində “normal” narsistlər rəhbər vəzifələrin icrası üçün gərəkən bacarıqlara sahib olurlar. Onlar, başqa insanlardan pozitiv qarşılıqlı əlaqə almağa meyllidirlər, həmişə xidmətlərinin qiymətləndirilməsini gözləyirlər. Normal narsistlər üçün qarşılarına qoyduqları hədəflərə çatdıqlarını və uğurlu olduqlarını bilmək çox vacibdir. Belə insanlar kifayət qədər azdır. Onların cəmiyyətə adaptasiyası pozulmayıb, əksinə, həddindən artıq uğurludur.
Bəzi araşdırmalara görə, narsissizm – sadəcə şəxsiyyət tipi deyil, həm də xarakterin bir cəhətidir və hər kəsdə fərqli dərəcələrdə təzahür edir. Bu fenomeni elmi cəhətdən ilk dəfə Ziqmund Freyd araşdırmağa başlayıb. Freyd hesab edirdi ki, ilkin narsissizm bütün insanlarda var və o, xoşagəlməz şərtlərin təsirilə daha mürəkkəb nevroz formalarına, psixikanın digər patoloji hallarına keçir.
Şəxsiyyətin narsistik pozğunluğu müxtəlif dərəcələrdə müşahidə oluna bilər. Yüngül narsistik pozğunluq halında insanlar güclü adaptasiya çətinliyi yaşamırlar, sosial həyatın bir çox sferalarına uyğunlaşa bilirlər, hərçənd bəzilərində spesifik problemlər yaranır.
Söhbət ölçülü pozğunluqdan gedəndə problemli sferaların sayı artır və açıq simptomlar – hər şeydən əvvəl geniş təsvir olunmuş narsistik depressiya meydana çıxır. Bu, adi depressiyadır, lakin diqqətlə nəzərdən keçiriləndə aydın olur ki, onun yaranma səbəbi pozitiv qarşılıqlı əlaqə əskikliyidir. İnsan özünü son dərəcə məmnuniyyətsiz və zəif hiss edir, çünki öz xidmətlərinin etiraf edilməsinə və qiymətləndirilməsinə nail ola bilmir.
Şəxsiyyətin ağır narsistik pozğunluğu halına davranış pozulması xasdır: qalmaqallar, eyni işdə davamlı qala bilməmək, aqressiv impulslar və auto-aqressiya, intihar cəhdləri.
Bəzi araşdırmaların nəticələrinə əsasən, tranzitor, müvəqqəti narsissizm də mövcuddur. Şəxsiyyət pozğunluğunun başqa formalarında da narsistik özünümüdafiələr meydana çıxır: stress vəziyyətində öz “mən”inin bütünlüyünü qorumaqdan ötrü mahiyyətcə narsistik olmayan bəzi insanların narsistik müdafiə mexanizmləri büruzə verməsi mümkündür. Onların davranışları narsistik təsir bağışlaya bilər, amma bu, müvəqqəti müdafiə taktikasıdır və diqqətlə araşdırılanda sabit olmadığı müəyyənləşir.
ƏTRAFLA MÜNASİBƏTLƏR
Narsistik insanlar manipulyasiyaya meyllidilər. Belə insanlar, eqoları məmnun edilməyəndə, başqaları tərəfindən heyranlıq görməyəndə bunu qarşılıqlı əlaqəni manipulyasiya yolu ilə zorla almağa çalışırlar. Başqalarının onlara səmimi heyranlıq bəsləməyini istəyirlər, amma həmsöhbəti tutub birbaşa “məni təriflə” demək mümkün deyil, daha incə şəkildə manipulyasiya etmək lazımdır.
Narsist insanlar başqalarına həsəd aparırlar, onların daha çox şeyə nail olduqlarını düşünürlər. Narsistlər daima nəyinsə əskikliyini hiss edirlər, həsəd onların münasibətlərini korlayır. Onlar da öz mənfəətləri üçün başqa insanlardan istifadə edirlər.
Bir qayda olaraq, şəxsiyyətin anomal narsistliyi tipinə aid insanların yaratdığı ilk təəssürat – heyranlıqdır, çünki belə insanlar xoş təəssürat yaratmaqdan ötrü çox səy göstərirlər. Onlar yaxşı geyinirlər, yaxşı görünürlər, gözəl nitq qabiliyyətləri var. Onların özlərinə qarşı olan bütün tələbləri ətrafdakıları özlərinə heyran buraxmağa yönəlib və adətən, insanlar heyran qalırlar. Amma zamanla nələrinsə düz getmədiyi hiss olunur. Müasir psixoloqlardan biri – U.Kempbellin də dediyi kimi, narsist insanlar şokoladlı torta bənzəyirlər: tort əvvəlcə şirin və dadlı gəlir, amma çox yesən, ürəyini vuracaq, hətta sağlamlıq üçün də zərərlidir.
NARSİSSİZMİN FORMALAŞMASI
Psixologiya elmi patoloji narsissizmin səbəblərini kifayət qədər araşdırıb. Belə hesab olunur ki, onlar erkən uşaqlıqda – təxminən, üç yaş – gizlənir. Psixoanaliz nöqteyi-nəzərindən, sözün geniş mənasında erkən uşaqlıq travmaları – mütləq zorakılıq nəzərdə tutulmur, bura tez-tez laqeydlik və rəddetmə aiddir – ona gətirib çıxarır ki, insan onları kompensasiya etməyə can atır.
Erkən yaşlarda uşaq öz tərbiyəçilərindən, birinci növbədə ata-anasından ilk dəfə göstərdiyi təşəbbüslərin qarşılığında heyranlıq almalıdır: “Ana, bax, gör nə çəkmişəm”. “Və ananın gözlərində heyranlıq parıltısı görünməlidir”, – bu sahənin ən böyük nəzəriyyəçilərdən biri olan Hayns Koxut bildirir. Əgər parıltı yoxdursa, ana soyuq tənqidçidirsə, “Niyə qaçırsan? Nə mızıldanırsan? Bu, nədi belə?” deyirsə, onda uşaq harda səhvə yol verdiyini anlamır, onun daxili təriflənmək ehtiyacı ödənilmir. Bu duyğu insanın içində qalır və o, ömrü boyu onunla yaşayır – başqa insanlardan, erkən yaşında meydana çıxmış əskikliyi kompensasiya edə biləcək heyranlıq gözləyir.
Əksi də ola bilər: uşağın tələbatı anında ödənilir. O, bunu hiss etməyə, nəsə istəməyin yaratdığı ruhi gərginliyi yaşamağa macal belə tapmır. Nəticədə ana-atasının yanında olmadığı gerçək böyük həyatla üz-üzə qalanda insan, öz tələbatlarının maksimum ödənilməsini başqalarından gözləməyə davam edir. Həddindən artıq təriflənən insanların psixi və şəxsiyyət pozğunluqları klassik narsissizmdə olduğundan daha çoxdur – klassik narsissizmdə insan kompensasiya almaq üçün daima hansısa uğurlar qazanmalı, nəsə əldə etməlidir. Narsist insanlar, həqiqətən, uğurlu insan təəssüratı yaradırlar, eyni zamanda da təəccüb doğururlar: əgər onlar, demək olar, hər şeyə sahibdirlərsə, niyə bu qədər əzab çəkirlər?
Həddindən artıq təriflənən uşaqlar Sergey Mixalkovun “Mimoza” şeirindəki kimidirlər – onlar başqa cür qurulublar, uğurlu insan təəssüratı yaratmırlar, heyranlıq doğurmurlar. Belə insanları görəndə heyran qalmaq çətin olur.
NARSİSSİZM – PSİXOLOJİ FENOMEN
Bəzi araşdırmalar narsistlik əlamətlərinin irsi olduğunu bildirir. Belə araşdırmaların ən böyük silsiləsi şəxsiyyətin üç cəhətini fərqləndirən “qara triadaya” həsr olunub. Həmin cəhətlər narsissizm, makiavelizm və psixopatiyadır. “Qara triada”nın irsiliyi ilə bağlı genetik korrelyasiyalar tapılıb, lakin onlar xeyli azdır.
Hesab olunur ki, narsissizm – daha çox psixoloji fenomendir, onun formalaşmasında genetik və bioloji komponentlər az rol oynayır. Narsissizm əlverişsiz sosial-psixoloji şərtlərin – dar ailədaxili (ana-uşaq) şərtlərdən makromədəni, makrososial amillərə qədər – təsiri altında yaranır.
Qərbi Avropa mədəniyyətində narsist davranış modelləri təşviq olunur: “Uğur qazan, bərkgedən ol”. Xoşbəxt olmaqdan ötrü uğurun atributlarına – mobil telefon, avtomobil, kostyum, uğurlu nigah və sair – sahib olmaq lazımdır.
Narsissizmlə bağlı neyrofizioloji araşdırmalar azdır və onlar qeyri-səciyyəvi məlumatlar verir. Şəxsiyyətin narsistik pozğunluğundan əziyyət çəkən xəstələrdə beynin alın payının, bəzi qabıqaltı strukturların funksional defisitarlığı müşahidə oluna bilər; belə insanlarda özünənəzarət səviyyəsi aşağıdır və affektiv azalmalar müşahidə olunur. Neyrofizioloji disfunksiyaların bu profili bir çox şəxsiyyət və psixi pozğunluqlar üçün səciyyəvidir. Hələlik narsist insanların beyin quruluşunda spesifika tapmaq mümkün olmayıb.
NARSİSSİZMİN STATİSTİKASI VƏ DİAQNOSTİKASI
Şəxsiyyət pozğunluqlarına dair statistikanı toplamaq və interpretasiya etmək hər zaman çətindir. Hətta psixiatrik təlimatlarda təsvir olunmuş bütün kriteriyalara cavab verən insanlar belə, psixi sağlamlıq üzrə mütəxəssisin diqqətini cəlb etməyə bilər, çünki onlarda dezadaptasiya yoxdur: hərdən onlar müəyyən çevrələrdə adaptiv olurlar. Öz patologiyalarına rəğmən, narsist insanlar hakimiyyət strukturlarına, rəhbər vəzifələrə düşəndə çox uzun müddət, bəzən hətta ömürləri boyu orda qala bilərlər. XX əsrin ən böyük psixiatrlarından biri – Kurt Şnayderin sözləri ilə desək, onlar özləri o qədər də əziyyət çəkmirlər, daha çox başqa insanlara əziyyət verirlər.
Şəxsiyyətin narsistik pozğunluğu ilə bağlı statistik məlumatlar ziddiyyətlidir. Dünyanın bəzi bölgələrində ona, ümumiyyətlə, rast gəlinmir, digər regionlarda isə 10%-ə qədər rastlanır. Bu statistika orta hesabla maksimum 6% səviyyəsində sabitləşir, qəbul olunmuş statistik rəqəm isə – bütün dünya əhalisi arasında 1%-dir. Belə insanlar psixiatrik klinikaların xəstələri arasında, həbsxana kontingentində, xüsusən də sosial dezadaptasiyanı müşayiət edən depressiya, intihar cəhdləri, alkoqolizm, narkomaniya və psixi pozğunluqlarla daxil olanlar arasında xeyli çoxdur.
Müxtəlif ölkələrdə şəxsiyyət pozğunluqlarının diaqnostikası ənənələri fərqlidir. Məsələn, Rusiyada qəbul olunmuş Beynəlxalq Xəstəliklərin Təsnifatında (BXT-10) “şəxsiyyətin narsistik pozğunluğu” diaqnozu yoxdur, amma Amerika Psixiatrlar Assosiasiyasının təsnifatında (DSM-5) var. Çünki amerikan təsnifatı psixoanalizin güclü təsiri altında tərtib olunub, Rusiyada qəbul edilən beynəlxalq təsnifat isə Avropaya aiddir və klassik psixiatriyanın təsiri altında hazırlanıb. İş ondadır ki, klassik psixiatriyada psixoanalitik tendensiyalar nəzərə alınmır, daha çox biologiyaya istinad edilirdi. Amma, məsələn, şəxsiyyətin şizoid pozğunluğundan fərqli olaraq narsistik pozğunluğun bioloji kökləri yoxdur, şizoid pozğunluq genetika ilə şərtlənən bioloji xəstəlikdir. Buna görə də, Rusiyada narsissizm diaqnozu nadir hallarda qoyulur.
Həmçinin narsist mədəniyyətlər də mövcuddur, məsələn, Qərbi Avropa mədəniyyətləri və narsissizmin başqa şəkillərdə təzahür etdiyi Şərq və Afrika ölkələrinin mədəniyyətləri.
Mədəniyyətin özəllikləri, diaqnoz qoyulması ənənələri, uşaqları tərbiyə modelləri birlikdə ona gətirib çıxarır ki, bəzi yerlərdə narsissizmin diaqnostikası halları az olur, bəzi yerlərdə çox.
NARSİSSİZMİN FORMALARI
Xəstəlik təsnifatlarında təsvir olunan formada narsissizmə kifayət qədər az rast gəlinir. Özəl praktikada, psixiatrik stasionarda və böhran bölmələrində mütəxəssislər narsissizmin qarışıq formaları ilə üzləşirlər.
Özünüdərk və şəxsiyyətlərarası sferada fərqli uzlaşmaların bir neçə təsviri var. Böyük fransız psixoanalitiki Andre Qrinin “Həyatın narsissizmi, ölümün narsissizmi” əsərində yazır ki, narsissizmin bütün formaları həyatın bütün sferaların əhatə etmir, konkret hansısa bir sahədə cəmlənir.
Alim somatik narsistlər və serebral narsistləri fərqləndirir. Qrinə görə, somatik narsistlər – bütün diqqətlərini öz vücudlarına cəmləyən insanlardır, onlar bədənlərini kamilləşdirirlər, ona qulluq edirlər, fitnes salonlarına gedirlər, pəhriz saxlayırlar, cavanlaşdıran prosedurlardan keçirlər, yaxşı geyinirlər, yəni bütün diqqətlərini zahiri görkəmlərinə verirlər. İdeal bədən, zahiri görkəm, saçlar onlar üçün həddindən artıq vacibdir. Serebral tipə isə (lat. cerebrum – “beyin”) – intellektual xarakteristikaya, elm, incəsənət, mədəniyyət sahəsində uğur qazanmağa, qeyri-maddi nailiyyətlərə aludə insanlar aiddir.
Bundan əlavə, narsissizm çox vaxt başqa şəxsiyyət pozğunluqları ilə də qarışır. Bunun ən pis variantı, patoloji narsissizm sahəsi üzrə mütəxəssis Otto Kernberqin bədxassəli narsissizm, psixoloq Teodor Millonun isə prinsipsiz narsissizm adlandırdığı formadır – burda narsissizm şəxsiyyətin anti-sosial pozğunluqları ilə calaqlanır. Bu tip insanlarda vicdan əskikliyi müşahidə edilir, onlar əxlaqsız, dominant, yalana meylli, lovğadırlar, digər insanları sadəcə manipulyasiya etmirlər, onları istismar edirlər. Nəsə istədikləri kimi getməyəndə onlar qisas ala bilərlər. Daşürəkli, qəddar, aqressiv, amansız, nifrətə və qısqanclığa meylli olan bu insanlar təhlükə yarada bilərlər, hətta qətl törətməyə də qadirdilər.
Millon bir də “amur narsistlər”i ayırırdı – bu tipə isterik cəhətlər xasdır. Belə insanlar üçün flirtin, mazaqlaşmanın zahiri atributları daha vacibdir. Onlar öz cismani istəklərini bəsləyirlər, cəzb edirlər, həmçinin fırıldaqçılığa da – bir növ nigah aferistləri – meyllidirlər.
Millona görə, elitar narsistlər – Andre Qrinin serebral narsistləri – daima özlərini imtiyazlı hiss etmək istəyirlər və öz statuslarını saxta nailiyyətlərlə dəstəkləyirlər. Onların fasadı üzərinə yarlıqlar yapışdırılmış saxta fasadlardır. Elitar narsistlər hərbi rütbələr, elmi dərəcələr ala, üç akademiyanın akademiki ola bilərlər, əslində isə qətiyyən maraqlı deyillər.
Bir də kompensator narsistlər var – öz natamamlıqlarını hiss edənlər. Belələrinin özgüvəni aşağıdır və onu yüksəltməyə çalışarkən davranışlarını elə qururlar ki, daim diqqət mərkəzində və heyranlıq predmeti olsunlar.
NARSİSSİZM SEKSUAL DEVİASİYA KİMİ
Seksologiyaya daxil edildiyi ilk dövrlərdə “narsissizm” termini (onu klinik seksologiyanın banilərindən biri – Kraft-Ebinq istifadə etmişdi) altında masturbasiyaya patoloji meyl, güzgüdəki özündən həzz almaq nəzərdə tutulurdu. Təbii ki, Freyd narsissizmi öz nöqteyi-nəzərindən araşdırmağa başlayanda bu işlərdən xəbərdar idi, informasiyanı ordan götürmüşdü. Amma Freyd üçün narsissizm daha geniş, məhz şəxsiyyətlə bağlı bir fenomendir və indi bizim də anladığımız kimi, Freyd haqlı idi. XIX əsrin sonları XX əsrin əvvəllərində fəaliyyət göstərən seksoloqlar üçün narsissizm yalnız cinsi tələbatın təmini ilə əlaqəli olan dar anlayış idi. Əslində, bu, seksual deviasiyanın son dərəcə nadir formasıdır və onun şəxsiyyətin narsistik pozğunluğu ilə əlaqəsi aydın deyil.
NARSİSTİK POZĞUNLUĞUN TERAPİYASI
Müasir psixoterapiya bir elm kimi narsissizmin müalicəsinin terapevtik strategiyaları və taktikalarının hazırlanması üçün çox iş görüb. Təbii ki, narsissizm əleyhinə həblər mövcud deyil. Antidepressantlar, neyroleptiklər, əhval-ruhiyyə sabitləşdiriciləri – hazırda psixi pozğunluqların müalicəsində istifadə olunan əsas preparatlar qrupu – yalnız dezadaptasiya vəziyyətlərində simptomların götürülməsi üçün tətbiq olunur. Narsistik pozğunluqdan əziyyət çəkən insanlar psixiatriya şöbələrinə depressiya, qorxu-fobiya pozğunluqları, psixoaktiv maddələrdən asılılıq diaqnozları ilə daxil olurlar və psixiatrlar məhz adi gözlə görünən psixopatoloji təzahürləri həll etməlidirlər. Preparatlarla müalicədən sonra insan narsistik vəziyyətə qayıdır. Orda isə hər şeyin yenidən təkrarlanması riski böyükdür, çünki əsas simptomlar medikomentoz üsulla həll olunmur, onları təkcə psixoterapiyanın köməyilə həll etmək mümkündür. Freydin özü deyirdi ki, klassik psixoanaliz narsistik pozğunluqların müalicəsinə yaramır, onlar üçün xüsusi yollar axtarmaq lazımdır – o yollar Freydin ölümündən sonra tapıldı.
Psixoterapiyanın narsissizm istiqamətinin inkişafı 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərinə təsadüf edir. Bura, əsasən, Hayns Koxutla Otto Kernberqin işləri daxildir. Onlar narsistik pozğunluqlarla iş üçün iki fərqli strategiya hazırlamışdılar və hər iki strategiya öz effektivliyini göstərib.
Koxut – self-psixologiya və ya öz psixologiyanın banisidir.
Kernberq – obyektli münasibətlər nəzəriyyəsinin nümayəndəsidir.
Koxutun metodu daha çox yüngül narsistik pozğunluqlara, psixoterapevtlərə şəxsən müraciət edən və kənardan əsla narsist təsiri bağışlamayan insanlara uyğun gəlir: insan uğurludur, hər şeyi var, ilk baxışda əzab çəkmək üçün heç bir səbəbi yoxdur, amma yenə də bir az depressivdir. Bu tipin müalicəsi üçün Koxut yanaşmasını seçirlər.
Kernberqin metodu, əsasən, aqressiya ilə müşayiət olunan bədxassəli narsissizm üçündür.
Psixoanalitik psixoterapiya (geniş anlamda – psixodinamik psixoterapiya) hələlik narsistik pozğunluqların müalicəsi üçün ən effektiv üsul hesab olunur.
Emprik araşdırmalar koqnitiv psixoterapiyanın da effektivliyini isbatlayıb. Bu istiqamətin təməlində narsistik qənaətlərin – “Mən hər kəsdən yaxşı olmalıyam, hamı mənə heyran qalmalıdır, başqa insanlar mənim tələblərimi təmin etməlidirlər” – üzə çıxarılma texnologiyaları yatır. Bu qənaətlər şüurda mövcud deyil, amma insanın bütün davranışlarını onlar müəyyənləşdirir. Koqnitiv psixoterapiyada pasientin öz qənaətləri ilə üzləşməsi və dəyərləndirməsi baş verir – pasient üçün onlar nə qədər rahatdır, ona hansısa zərər vururmu, onları özü və başqaları haqqında daha funksional, yetkin, realist təsəvvürlərlə əvəzləmək mümkündürmü.
Koqnitiv psixoterapevtlə iş zamanı pasient, fikirlərinin dəyişdiyini görür, simptomlar gedir, həyat da qaydasına düşür. Elmi araşdırmaların isbatlanmış nəticələri psixoanalitik psixoterapiya və koqnitiv terapiyanın xeyrinə danışır.
Psixoterapiyanın başqa formaları da var, amma hələlik araşdırmalar onların effektivliyini sübut etməyib.
Pasientin psixoterapevtə müraciət etməsi üçün narsist olduğunu bilməsi vacib deyil. Peşəkar psixoterapevt diaqnozu müalicənin müəyyən bir mərhələsində səsləndirir, yəni pasient artıq diaqnozu qəbul etməyə hazır olur və kömək ala biləcəyini görür. Tez-tez həkimlər pasientlə sadəcə işləyirlər, çətin həyati situasiyaların öhdəsindən gəlmələrinə, simptomlardan, depressiyadan, təşviş hissindən, asılılıqdan qurtulmalarına yardım edirlər. İnsanın şəxsiyyətin narsistik pozğunluğundan qurtulmasının mümkün olub-olmaması böyük sualdır. Lakin dəqiq məlumdur ki, pasientin də, onun ətrafının da həyatını xeyli yüngülləşdirmək mümkündür.
İlya Plujnikov
Psixologiya elmləri namizədi, Rusiya tibb elmləri akademiyasının psixi sağlamlıq elmi mərkəzinin baş elmi işçisi
Postnauka.Ru