Çox yaxın tarixədək Azərbaycan xalqı çox müdrik, uzaqgörən idi. Ağı qaradan seçə bilir, kimin kim olduğunu ayırd edirdi. Hər halda hakimiyyət tərəfdarları birmənalı belə deyirdilər.
Sonra internet deyilən fenomen ortaya çıxdı. Daha doğrusu, sosial media göz-görəsi üstünlük qazanmağa başladı. Onsuz da inandırıcılığını itirən, ya basqı, ya da şirnikləndirmə yolu ilə tamamilə hakim gücün nəzarətinə keçən ənənəvi informasiya resursları arxa planda qaldı. Sosial şəbəkələr, bloggerlər milyonlarla manatın xərcləndiyi telekanalların, yazılı KİV-in ucuz, bayağı, sovetdənqalma təbliğat şəbəkəsini göz qırpımındaca darmadağın etməyə, ələ salmağa başladı.
Hansı ki, o vaxtacan hər şey qaydasında gedirdi. Hakim siyasətin züytutanları, “qılverənləri” gedişatdan hədsiz dərəcədə məmnun idilər. Yuxarıda da yazdığımız kimi: xalqı tərifləyə-tərifləyə yerə-göyə sığdıra bilmirdilər. Onları qınamalı deyildi. Camaatın mütləq əksəriyyəti birtərəfli, rəsmi informasiyaların təsiri altında olduğundan həqiqətən də regionun lider dövləti olduğumuzu düşünür, analoqsuz inkişaf etdiyimizə inanır, Almaniyanın, Norveçin bizi qısqandığına, Ermənistanın sürətlə boşaldığına, bu gedişlə tezliklə İsa bulağında kabab çəkib Cıdır düzündə yallı gedəcəyimizə şübhə eləmirdi.
Qısası, xalq hökumətdəkilərin gözünün işığı idi. Çünki soruşmurdu, sorğulamırdı. Az.TV-yə qeyd-şərtsiz inanır, kütləyə “ziyalı” kimi sırınan mənasız şair-yazıçılara, akademiklərə gözüyumulu biət edir, padşahı allahın yerdəki kölgəsi sanır, hökumətlə hökumətlik etməyi günah sayır, allahın “JEK” müdirinə belə “mıkk” eləməyi ağlının ucundan keçirmir, “bir qismət çörəyə” şükür eləyib susur, ən xırda siyasi, ictimai etirazı “düşmən dəyirmanına su tökməklə” eyniləşdirir, Bakıda keçirilən “Formula” yarışına, yaxud “Avroviziya” müsabiqəsinə mız qoyanların damarında erməni qanı axtarırdı.
Zaman keçdi. İnternetin yaratdığı imkanlar bu mənzərəni xeyli dəyişdirdi. Hazırda bir yutuber 70 illik Az.TV-dən çox izlənir. KİV DF fondundan maliyyələşən qəzetlərin toplam tirajı ictimai rəyə bir blogger qədər təsir etmək iqtidarında deyil. Cəmiyyətdən hər hansı informasiyanı gizlətməyə çalışmaq artıq mənasız cəhddir. Hazırda heç bir zibili xalça altına süpürə bilməzsən. Gün o gündür ki, istənilən yalanın ömrü nəinki qırx gün, heç qırx dəqiqə də çəkmir.
Bir sözlə, kütlə üzərində xof və basqı yaratmaq cəhdləri əvvəlkindən daha böyük şövqlə davam etdirilsə də, nəticə istənilən kimi deyil. Bu gün yenə də keçəli çaya susuz apara bilərsən. Ancaq susuz qaytara bilməzsən.
Səbəb sadədir.
İnternetin, yeni texnologiyaların sayəsində artıq alternativ informasiya mənbələri yaranıb. Artıq kimsə Az.TV-lərə möhtac deyil. Artıq insanların neft pulları ilə satın alınan, 180 dərəcə dəyişən, tənqidçi tribunadan yalan, yaltaqlıq maşınına çevrilən KİV-lərə ehtiyacı yoxdur. Qəzet köşklərində qəzetdən çox saqqız, qazlı su satılması bunun işarətidir. “Jurnalist” sözünü camaat boş yerə “zurnalist” kimi tələffüz eləmir. Kütlə mətbuatın evini yıxaraq yerində jurnalistlərə ev tikilməsinin nə anlama gəldiyinin fərqindədir.
Elə bu səbəbdən də tədricən daha çox insan informasiya qəbuledicisindən informasiya ötürücüsünə çevrilib. Adamların qulağı bir xəbər çalan kimi televiziyaları yox, sosial şəbəkələri açır.
İnternetin, sosial medianın yaratdığı bu üstünlüklər ona gətirib çıxarıb ki, kütlə artıq böyük ölçüdə nəzarətdən kənardadır: o indi rəsmiləri də, rəsmi informasiyaları da ciddiyə almır, ya qəzəb, ya istehza ilə qarşılayır. İstənilən deputatın adı gələndə ya uğunub gedir, ya cin atına minir. Az.TV üslubuna ya qarnını tutur, ya da dişinin dibindən çıxanı deyir. Artıq adamlar asan aldanmır. Artıq adamlar əvvəlki kimi üzüyola, başıaşağı deyil. Artıq adamlar əvvəlki kimi sözəbaxan deyil. Artıq camaatın böyük hissəsi dünənəcən qeyd-şərtsiz inandığı yalanları və yalançıları məsxərəyə qoymağa başlayır, onlara şübhə eləməyə başlayır.
Çünki internet, sosial media sayəsində, o indi xəbərin sadəcə izləyicisi və dinləyicisi deyil. İştirakçısı və paylayıcısıdır. Yaradıcısı və yayımçısıdır.
Bu səbəbdən də hər gün daha çox adam mız qoyur, daha çox adam tənqid və rişxənd edir; hər gün daha çox adam şübhələnir və əsəbiləşir, hər gün daha çox adam sual verir, hər gün daha çox adam sorğulayır.
Son günlərdə hakimiyyət düşərgəsindən koronavirusla bağlı sadə, sıravi vətəndaşları “məsuliyyətsizlikdə” ittiham edən səslərin getdikcə artma səbəbi də budur.
Yəni dərinə getsək, məsələ pandemiyada deyil. Məsələ başqadır…
Əks halda, icazə versinlər, soruşaq: dünənədək “müdrik”, “uzaqgörən” adlandırdığınız xalqa niyə birdən-birə “məsuliyyətsiz” deməyə başladınız? Xeyirdimi, xanımlar və cənablar?!