Bəri başdan deyim ki, fikrimcə, millətçilik etnik məfhum deyil, olmamalıdır və ümumiyyətlə etnikliyin siyasətə daşınması yolverilməzdir. Bununla belə, millətçiliyin, şübhəsiz ki, bir etnik kökə bağlı kulturoloji çərçivələri olur. Tamamən əlaqəsiz (dil, din, adət-ənənə, birgəyaşayış və s. bağları olmayan) xalqların ortaq millət formalaşdırması mümkün deyil.
Müstəmləkəçilik çağında Avropadan hər iki Amerika qitəsinə köçmüş və sonradan Afrikadan kölə şəklində oralara köçürülmüş qrupların çeşidli Amerikan dövlətləri yaratması faktı, söz etdiyim çərçivələr məsələsində istisna sayıla bilməz. Çünki həmin qruplar oraya xalq kimi deyil, mühacir, məcaraçı, sahibkar, dindar, hərbçi, cinayətkar, qaçqın və s. qismində getmiş, orada gəlmə olduğunu anlamış, bu anlayışla barışmış və bunun nəticəsində hər şeyi, belə demək olarsa, sıfırdan başlamışlar.
Çeşidli coğrafi (məsələn, Yaponiya) və ya siyasi (məsələn, Ermənistan) səbəblərdən təkköklü (monoetnik) toplumlara çevrilmiş ölkələrin təcrübələri də bizim üçün örnək ola bilməz. Biz, çoxköklü (polietnik) toplumuq. Bu halımıza bəzək-düzək verməyin tərəfdarı deyiləm. Buna bir gerçəklik kimi baxılmalıdır.
Çoxköklü toplumda etnik millətçilik çox təhlükəlidir. Əslində, mənim üçün “etnik millətçilik” deyilən anlayış yoxdur. Köklərə qayıdış, etnik özəlliklərə üstünlük verməyin adı millətçilik deyil, şovinizmdir. Bizim coğrafiyada əksər hallarda bu iki qavramın fərqi duyulmur. Qonşularımızda millətçilik adı altında çox zaman şovinistik görüşləri önə çəkirlər. Bunun ölkəmizə təsirsiz ötüşməsi mümkün deyildi, ona görə bizdə də bu yanlış qavramanın nümunələrini görə bilirik. Bu məsələdə Rusiyanın ziyanlı təsiri lap çoxdur – bir tərəfdən yanımızda Ermənistan kimi qurumu yaradıb, bizi tarixi torpaqlarımızdan qovub, soyumuzun və dilimizin adını zorla dəyişdirib. Digər tərəfdən də Leninin siyasi lüğətə gətirdiyi “millət” sözünün yanlış yozumu bütün işləri konseptual səviyyədə qarışdırıb. Rusiyadakı, Ermənistandakı, İrandakı və potensial olaraq Gürüstandakı şovinizmə qarşı bizdə, cavab olaraq, şovinistik görüşlərin önə çıxması təəccüblü olmasa da, yolverilməzdir.
Biz qonşularımız kimi şovinist olmamalıyıq. Birincisi, artıq yazdığım kimi, çoxköklü toplum olduğumuza görə. İkincisi, şovinizmin gerilikçi bir düşüncə tərzi olduğuna görə. Üçüncüsü, ölkəmizin şəraitində bunun mümkünsüzlüyü səbəbilə. Üçüncü səbəb heç gözəgəlimli deyil, əslində, onu yazmaya da bilərdim. Sadəcə biriləri şovinist olmağı seçmiş olarsa, uzaqbaşı kiçik bir sekta, marjinal bir qrup olaraq qalacaqlarını anlamalıdır.
Soyumuzun (etnik çoxluğun) adı nədir?
“Biz, türklər…” olaraq başlayan cümlələr çox vaxt ağır tənqidlə üzləşir. Çoxuna elə gəlir ki, bu ifadə ölkəmizin bütün əhalisini türkləşdirmək cəhdidir. Belə bir münasibət hətta çox hörmətli insanlar tərəfindən də sərgilənir. Halbuki, burada söhbət, özümü də aid etdiyim etnik çoxluqdan gedir. Mənim üçün aydındır ki, adımız türkdür. Dilimizin də adı Türk dilidir. “Biz, türklər…” ifadəsi, digər etnik qruplara əsla hörmətsizlik deyil, axı özünü türk saymamaq, türk hiss etməmək hər kəsin təbii haqqıdır.
Biz kişilikdən danışanda qadınlara qarşı ayrıseçkilik etmiş oluruqmu? Feministlərə görə oluruq, amma onlar marjinal qrupdur. Qadınların arasında belə nüfuz toplamaqda çətinlik çəkirlər. “Kişilik mövzusu” qadınlara qarşı hörmətsizlik, ayrıseçkilik olmadığı kimi, “türklük” də mövzu kimi etnik azlıqlara qarşı yönəlmir.
Etnik çoxluğun adını türk qoymaqla, etnik azlıqlara təhlükə yaratmış oluruqmu?
Əvvəlcə gərək bu təhlükənin adını qoyaq, onun nədən ibarət olduğunu müəyyən edək. Ölkəmizin türk olmayan etnik qrupları öz aralarında və öz dillərində bizi onsuz da türk adlandırmırmı? Elədirsə, niyə biz özümüzə Türk deyəndə qıcıq, ya da hətta təhlükə yaratmış sayılmalıyıq? Sualın bu cür qoyuluşu belə yanlışdır. Biz adımızı türk qoymuruq, biz türkük. Bu adı bizdən alıblar, biz onu özümüzə qaytarmaq istəyirik.
Bunun hansı suallar, narahatlıqlar doğurduğu da məlumdur. “Biz nə vaxtdan Türk olduq?”, “Bizim Orta Asiya’dakı xalqlarla nə əlaqəmiz var?”, “Özümüzü türk adlandırmaqla burada gəlmə olduğumuzu boynumuza almış olmuruqmu?”, “Bəs, onda Ermənilər haqlı çıxmış olurmu?”…
Məsələ burasındadır ki, bu sualları səsləndirənlər türk olmayan etnik qruplar deyil, məhz öz türklüyünü unutmuş, yaxud nədənsə şübhəsi olan sadəlöhv soydaşlarımızdır. Niyyətlərinin təmiz olduğunu güman edirəm (belə bir gümanın öz üstünlükləri var). Bu adamların xeylisi (amma, şübhəsiz ki, hamısı deyil) “Rus sektoru”nda təhsil almışlardır. Rus təbliğatı bizi bizdən tam almasa da, içimizə xeyli şübhə toxumu sala bilib. Rus sektorunda milli təəssübkeşliyin formaşalmasıyla bağlı çox ciddi problem və boşluqlar var. Lakin, problem əlbəttə ki, təkcə “Rus sektoru” ilə məhdudlaşmır. “Azərbaycan bölməsi”ni bitirənlərin də arasında bu sualların içində azmışlar var. Onları qınamaqdan çox uzağam. Bununla belə, onların yanlış düşündüyünü də deməliyəm.
Bu sulların nədən təmiz niyyətlə verildiyini güman edirəm? Aralarında olan bəzi suallar bunu aydın göstərir. Əsas məsələ yerli/gəlmə diskursundadır. Bəziləri qorxur ki, biz özümüzə türk deməklə gəlməliyimizi vurğulamış, bununla da ermənilərə arqumentativ üstünlük qazandırmış oluruq. Doğrusu, mövzunun belə dərinliklərinə varmağı qarşıma qoyduğum məqsədlər baxımından gərəksiz sayıram. Mən məsələyə faktoloji deyil, normativ yanaşıram.
Biz hər zaman türk olmuşuq, amma hər zaman burada olmamışıq. Mənim üçün bizim gəlməliyimiz qətiyyən problem yaratmır. Bir millətçi üçün işin bu tərəfinin heç bir dəyəri yoxdur. Amma şovinist üçün ola bilər. Millətçiliklə şovinizmin fərqləndirilməsinin önəmini yuxarıda vurğuladığıma görə, yenidən bu məsələyə qayıtmaq istəmirəm.
Gəlmə olmağın heç bir zəif, əksik, ya da başqa xoşagəlməz tərəfi yoxdur. Əksər xalqar əksər yerlərdə gəlmədir. Bəziləri digərlərindən öncə gəlib – tək fərq budur. Bunun üzərində siyasi arqument qurmaq millətçiyə yaraşmaz. Ayrıca, hər kəsin belə mövzularda özəl azadlığı var. Hətta BMT-nin Mülki və Siyasi Haqlar haqqında Anlaşmasının 27-ci maddəsi etnik kimliyi kollektiv haqq deyil, fərdi azadlıq sayır.
Beləliklə, buralara gəldiyimizdən bu yana ən azı min ildən çox zaman keçib. Bu qədər zamandan sonra “gəlmə” diskursu o qədər qeyri-ciddi səslənir ki, bu diskursa qoşulmağın özü insanın ətini ürpəşdirir. Üstəlik, biz elə-belə gəlməmişik. Biz dövlətlər, imperiyalar qurmuşuq. Amma bu, tamam başqa mövzudur, millətçiliklə heç bir əlaqəsi yoxdur.
Azərbaycanlı olmaq nə deməkdir?
Əslində, əsas problem buradadır. Bundan öncə yazdıqlarım giriş sayıla bilər.
Bir millətçi üçün “Azərbaycanlı” sözü heç bir etnik anlam daşımamalıdır. “Azərbaycanlı” deyilən soykök yoxdur. Azərbaycan – yer adıdır. “Azərbaycanlı” etnik deyil, milli kimlikdir. Bunu hər kəsin bilməsi gərəkdir. 1939-cu ilədək biz (etnik çoxluq) sovet pasportlarında Türk adlanırdıq. İkinci Dünya Müharibəsinin yaxınlaşdığını və bu müharibədə Türkiyənin Almaniyaya tərəf olacağını güman etmiş Sovet rəhbərliyi bizim adımızdan Türklüyü zorla götürdü və bizi “Azərbaycanlı” adlandırdı (etnik mənada).
Biz doğrudan da azərbaycanlıyıq. Amma bu, bizim etnik deyil, milli kimliyimizdir. Azərbaycanlı olmaq – Azərbaycan vətəndaşı olmaqdır. Bundan başqa bu sözün tutarlı anlamı yoxdur. Güney Azərbaycan mövzusu burada diqqətdən qaçırılmış kimi görünsə də, məqsəd başqadır. Yazdığım kimi, millətçilik siyasi kimlik üzərində qurulur. Paspostlarınıza baxın. Orada İngiliscə vətəndaşlıq bölümündə nə yazılıb? Nationality – yəni, milliyyət. Amma söhbət etnik kimlikdən deyil, siyasi kimlikdən (vətəndaşlıqdan) gedir.
Bizdə “Azərbaycanlı” sözü etnik mənada qavranıldığı üçün ortaya xeyli problem çıxır. Birisilə söhbətdə “mən azərbaycanlıyam” dediyiniz zaman, cavab yerinə, məsələn, “mənsə talışam/ləzgiyəm/kürdəm və s.” eşidəndə dərin bir çaşqınlıq yaranır. Bununla etnik azlıqlar öz etnik kimliklərinə sığınaraq (buna tam haqları var), “Azərbaycanlı” sözünü etnik kimlik səviyyəsinə endirmiş olurlar. Yaxşı, mən olum azərbaycanlı, birisi də olsun, məsələn, tat. Bəs, ikimiz bir yerdə nə oluruq? Yenə azərbaycanlı? Alınmır axı. Paradoksal şəkildə belə çıxır ki, ikimiz bir yerdə olanda örnək kimi götürdüyüm xəyali tat həmsöhbətim etnik kimliyindən imtina etmiş olur. Deməli, burada, ən azından diskursiv səviyyədə, dərin uyğunsuzluq var. Şovinistlər bu uyğunsuzluğu görməyə bilər, hətta ondan yararlanmaq da istəyə bilər. Amma millətçi belə yanlışı etməməlidir. Millətçi üçün “Azərbaycanlı” sözü etnik kimlikdən asılı olmamalıdır. Ayrılıqda biz türk, talış, tat, ləzgi, kürd və s. qruplarıq. Bu, bizim etnik kimliyimizdir. Amma birlikdə biz azərbaycanlıyıq. Bu da bizim siyasi kimliyimiz, millətimizdir. Mənim millətçiliyim budur.
Etnik azlıqlar bilməlidir ki, onların haqları etnik çoxluğun adı özünə qayıdandan sonra daha yaxşı qorunacaq (gerçəkləşəcək).
Dilimizin adı nə olsun?
Yenidən eyni mövzuya qayıtmış kimi görünsəm də, dilimizi Türk dili sayıram. Ruslar vaxtilə “турки” və “тюрки” bölgüsünü yaratmışlar (imperial məqsədləri üçün). Bizim dildə “ю” hərfi yoxdur. Bizim üçün bu bölgü anlamsızdır. Biz Türkük, dilimiz də Türk dilidir. Bəli, Türkiyədəki Türkçədən fərqlənir, amma tərcüməsiz ünsiyyətə mane olacaq bir fərq deyil. Dilimizi Türk dili adlandırmaqla dilimizdə olan ərəb və fars sözlərinə qarşı aşağılayıcı yanaşmaya varmağın da yeri yoxdur. Doğrudur, türk köklü söz olan yerdə, ərəb və fars sözündən istifadə edilməməsi arzulanır, amma bununla bağlı siyasət yürütməyi kimsə təklif etmir. Bizim dil, xüsusən Fars dilindən götürülmüş sözlərlə daha da zəngindir. Bununla belə, dilimiz Türk dilidir.
Baxın, İngilis dilinin təxminən 60%-i fransız mənşəli sözlərdən ibarətdir. Bunun tarixi səbəbləri var – Normanlardan başlamış, sonradan Plantagenet sülaləsinin 3 əsrlik hakimiyyəti nəticəsində İngilis dili Fransız dilinin güclü təsiri altında olmuşdur. İngilis dilinin yalnız 20% Anqlo-Sakson köklü sözlərdən ibarətdir. Digər 20% – Latın dilindən götürülmə sözlərdir. Bununla belə, kimsə İngilis dilinə Britaniya fransızcası deməyib heç zaman. Bizim dilin Türklüyü İngilis dilinin Anqlo-Saksonluğundan müqayisə olunmayacaq dərəcədə çoxdur. Niyə bizim dilə Azərbaycan dili, ya da Azərbaycan Türkcəsi deyilməlidir? Bu, dilçilik mövzusu deyil. Mən buna siyasi baxıram. Dilimizin çəkinmədən Türk dili adlandırılmasının tərəfdarıyam.
Bəlkə, başqa şərtlər altında bunları yazmazdım, amma məni “Türkün məsəli/sözü” kimi aşağılayıcı təqdimatlar çox üzür. Soxmaq, itələmək, basmaq, çalmaq və s. kimi sözlərin bədii, lüğəti mənasının aydın olmasına baxmayaraq, bu sözlərin söyüş mənasında qavranıldığını güman edərək, “Türkün məsəli/sözü” ifadəsini işlətməklə, hələ bir üzr də istəyərək, danışası hala niyə düşməliyik? Kimin ağlına söyüş gəlirsə, bu, onun düşüncə qüsuru, tərbiyə problemidir, dilin problemi deyil.
Hər işimiz düzəldi, qaldı bir türklüyümüz?
Belə bir irad da var. Şəxsən mənə burası çox gülməli gəlir. Əlbəttə, mən siyasi, iqtisadi, sosial problemlərin içində belə mövzuları açmağın çətinliyini anlayıram. Mən tələsmirəm, kimsəni də tələsdirmirəm. Mövzunun çox həssas olduğunu yaxşı bilirəm. Ehtiyatlı yanaşmanın önəmini də başa düşürəm. Bununla belə, bu iradı qəbul edə bilmirəm. Bütün problemlərlə eyni adamlar məşğul olası deyil ki. Yəni, bu iradın doğruluğunu güman etsək, belə çıxır ki, eyni adamlar, məsələn, öncə kanalizasiyanı düzəldəcək, sonra da dilimizi. Gülməlidir, deyilmi? Belə olmayacaq, təbii ki. Hər işin öz ustası olacaq və bütün işlər zamanında görüləcək.
Toğrul Altay