Tərcüməçidən önsöz əvəzi
Məni qınadılar ki, «oxuduğun kitab, baxdığın filmlər haqda danışmamağın səni pis tərəfdən xarakterizə edir».
Bu «xəsisliyin» bir açıqlaması var – bədii ədəbiyyatdan xeyli uzaqlaşmışam, bədii ədəbiyyat məni cəlb etmir. Yazmamağım da bu səbəbdəndir, artıq bəsdir. Filmlərə baxıram, daha çox retro filmlərə, seriallara. Bugünün multimediya tiraniyası şəraitində kiməsə film tövsiyə etməyin mənasız iş olduğunu hesab edirəm. Kinoya baxan, kinonu bilən adam mənim baxdığım retro filmlərdən də, seriallardan da, meynstrim-dən də xəbərdardır, mənə ehtiyacı yoxdur.
Son illər daha çox müasir filosofların monoqrafiya, məqalələrini oxuyuram, onlar da paylaşılası şeylər deyil. Məsələn, filosof, media nəzəriyyəçisi, siyasi aktivist Maurizio Lazzarato oxuduğum müəlliflərdən biridir. «Koqnitiv kapitalizm» problematikasının adını qoyan adamdır. Müasir incəsənət və kinematoqrafiya materiallarına da müraciət edir. Hətta «Groupe Knobotic Research» mediaqrupu ilə birgə Venesiya Bienalle-si üçün bədii proyekt də hazırlayıb. Sözü çox uzatdım.
Lazzaratonun «Qeyri-maddi əmək» məqaləsi iyirmi il əvvəl yazılıb («kibernetika» kimi sözlərdən bəllidir) və dövrümüzün intellektual diskursunun məhək daşlarındandır. Oxuduqca «bizim dildə necə səslənərdi, necə oxunardı?» sualı beynimdə fırlanırdı. Böyük zövqlə tərcümə etdim. Məqalə, necə deyərlər, kütləvi oxucu üçün nəzərdə tutulmasa da, zövqlə oxuyan azsaylı xiridarlar tapılacaq.
Onlar üçün tərcümə etməyə dəyərdi.
Ələkbər Əliyev
Qeyri-maddi əmək
Əməyin təşkilinin yeni formaları problematikasına dərin nəzəri analizlərlə möhkəmləndirilmiş, kifayət qədər empirik araşdırmalar həsr olunub və bunlar yeni, müasir şərtlərə adekvat iş konsepsiyasının və bunun nəzərdə tutduğu yeni hakimiyyət/güc münasibətlərinin formalaşmasına təkan verib.
Bu konsepsiyanı müasir işçi sinfinin texniki və subyekt-siyasət xarakterini təsvir edə biləcək bir sintetik terminə sığdırmaq istəsək, «qeyri-maddi əmək» anlayışına müraciət edə bilərik, çünki məhz qeyri-maddi əməyin nəticəsində əmtəənin informasiya və kültür məzmunu hasil olur. Bu anlayış, müasir iş kodeksinin iki fərqli aspektinə yönəlib. Bir tərəfdən, əmtəənin «informativ kontent»inə apellyasiya edərək böyük sənaye şirkətlərində və günü-gündən daha çox kibernetika, kompüter idarəsi (hətta üfüqi və şaquli kommunikasiya) tələb edən xidmət sektorunda işləyənlərin əmək prosesində baş verən dəyişiklikləri əks etdirir. Başqa tərəfdən isə, əmtəənin «kültür məzmunu»nu istehsal edən qeyri-maddi əmək, adətən «iş» sayılmayan bir çox prosesi də ehtiva edir: mədəni və bədii standartların, dəbin, zövqün, istehlak qaydalarının yaradılması, eyni zamanda, strateji nöqteyi-nəzərdən – ictimai fikrin formalaşdırılması kimi. Bir zamanlar, sözügedən proseslər burjualar tərəfindən idarə olunurdu, lakin 1970-lərin sonundan «intelligensiya kütləsi» adlandıra biləcəyimiz zümrənin komptenesiya sahəsinə köçdü. Adıçəkilən strateji sektorlarda baş verən əhəmiyyətli dəyişikliklər sadəcə əmək gücünün tərkib, idarə və nəzarətinə, yəni istehsalın təşkilinə radikal təsir göstərmədi, eyni zamanda ictimai struktur içərisində intellektualların rol və funksiyalarında və onların fəaliyyətində də dərin dəyişikliklərə səbəb oldu.
1970-lərdə başlayan «böyük transformasiya» əməyin təbiəti haqqında sualın qoyuluşunu belə, dəyişdirdi. Fiziki əmək, «intellektual» adlandıra biləcəyimiz əməliyyatlara daha aktiv çevrilməkdədir, həm də yeni kommunikasiya texnologiyalarının mürəkkəbləşməsi subyektivliyin qarşısında daha yüksək kompetensiya tələbləri qoyur. Nəticədə intellektual əmək sadəcə kapitalist istehsalın normalarına tabe olmur, həmçinin özünü elan edən yeni «kütləvi intellektuallıq» həm kapitalist istehsalın yeni ehtiyaclarından, həm də işçi sinfinin işə müqavimət ənənələrindən – «valorizasiya» fromalarından doğur. «Əqli və fiziki əməyin» və ya «maddi və qeyri-maddi əməyin» köhnə dixotomiyası, bu müxalifliyi özündə ehtiva edən və dəyişdirən istehsal fəaliyyətinin yeni təbiətini təsvir etməkdə acizdir. Planlaşdırma və icra, əmək və yaradıcılıq, müəllif və kütlə arasındakı qopmalar həm «əmək prosesi»nin içində transendent ərimə keçirir, həm də «valorizasiya prosesi» vaxtı siyasi göstəriş kimi özünü sırıyır.
Restrukturizasiyadan keçmiş işçi
Son iyirmi ildə iri istehsalçıların strukturunda baş verən dəyişikliklər çox maraqlı bir paradoks doğurub. Müxtəlif «postfordist» istehsal modellərinin yaranması «fordist» əmək növünün köhnəlməsi və istehsal prosesinin mərkəzində indi məhz (get-gedə intellektuallaşan) canlı əməyin dayandığının təsdiqi ilə mümkün olmuşdur. Bu gün, böyük şirkətlərdə müxtəlif səviyyələrdə işləyən əməkdaşların qəbul olunan qərarlara görə məsuliyyət artımını nəzərdə tutan əmək fəaliyyətinin növünü seçmək imkanları da çoxalır. Kommunikasiya sosiloqlarının istifadə etdiyi «interface» konsepsiyası bu işçi tipinin fəaliyyətinin təfsilatlı təsvirinə imkan verir. Bu yeni işçi tipi müxtəlif funksiyalar, müxtəlif əməkdaş qrupları, müxtəlif hiyerarxik səviyyələr və s. arasında interface-ə çevrilir. Müasir idarəetmə texnikaları «işçinin ürəyini istehsalın bir parçası»na çevirməyə can atırlar. Bunun üçün işçinin şəxsiyyəti və subyektivliyi təşkilat və idarəetməyə qarşı həssaslıq qazanmalı, əməyin keyfiyyət və kəmiyyəti isə qeyri-maddinin ətrafında qurulmalıdır. Beləlikə, əməyi – məhsuldar əməkdaşlığın təşəbbüskarlıq və idarəolunması kimi də tərif etmək olar. Bütün bunlar əməkdaşı sadəcə əmrlərə tabe olan yox, əksinə istehsalın müxtəlif funksiyaları ilə uzlaşan «aktiv subyektə» çevirir. Bu gün, kollektiv təlim və təhsil istehsal prosesinin tam mərkəzində dayanır və sadəcə mövcud iş funksiyalarının uyğunluğu və təşkilinin müxtəlif üsullarını yaratmaqla kifayətlənmir, həmçinin yenilərini də axtarır.
Lakin bu yeni subyektivlik, onun kollektiv forması, onun formalaşması və inkişafının qanunauyğunluğu əməyin təşkili daxilində ictimai siniflərin toqquşmasına səbəb oldu. Kapitalist, bu günün yeni şərtlərində gərək subyektivliyin birbaşa idarəolunmasının üsullarını tapsın; əvvəllər vəzifələrin müəyyən edilməsi və yazılması ilə həll olunan şeylər, indi subyektivliyin özünün müəyyən edilməsinə çevrilib. Qərb cəmiyyətlərinin ortaq şüarı belədir: «hamımız subyekt olmalıyıq». Həm də ki, «partisipativ menecment» – güc texnologiyasıdır, «subyektivlik prosesləri»nin yaradılması və idarəolunmasıdır. Madam ki, subyektivliyi icra vəzifələri ilə məhdudlaşdırmaq artıq mümkün deyil, deməli idarəetmə, kommunikasiya və kreativlik sahələrində subyekt, «istehsal uğruna istehsal» şərtlərini qəbul etməlidir. Ona görə də «subyekt olun» şüarı hiyerarxiya və əməkdaşlıq, avtonomluq və idarəetmə arasındakı antaqonizmləri inkar etmir, sadəcə bu antaqonizmləri daha yüksək səviyyəyə qaldırır, çünki bundan sonrası işçinin konkret şəxsiyyəti ilə əlaqə və onu cəlbetmə mərhələsidir.
Əslində biz burada avtoritar diskursla qarşı qarşıyayıq: hamı özünü ifadə etməlidir, hər kəs danışmalı, kommunikasiya qurmalı, əməkdaşlıq etməlidir və s. Bu qaydalar da imperativ tonla səsləndirilir, eynilə «teylor iqtisadiyyatı» epoxasının aparıcı menecerlərinin tonu kimi; təkcə göstərişlərin məzmunu dəyişib. İkincisi isə, bir zamanlar əməyin «elmi» tədqiqatlarında mümkün olan «vəzifə borclarının dəqiq təyin və təsviri» artıq imkansız olub, iş subyektdən əməkdaşlıq və kollektiv koordinasiya tələb edir, ona görə də bu cür istehsalat proseslərinin subyektləri kommunikasiya qabiliyyətli olmalı, işçi qrupunda aktiv iştirak etməlidirlər. Kommunikasiya münasibətləri (həm üfüqi, həm şaquli) həm formaca, həm məzmunca bütövlükdə əvvəldən məlumdur; onlar «informasiya dövranı»na tabedirlər və onlardan başqa heç nə gözləmək də olmaz. Subyekt kodlaşdırma və dekodlaşdırmanın adi ötürücüsü rolunu oynayır, onun ötürdüyü məlumatlar «aydın və birmənalı» olmalıdır, kommunikasiyanın konteksti isə bütövlüklə menecmentlə razılaşdırılmalıdır. Gücə müraciəti və güclüyə xas qəddarlıq nümayişini zərurət kimi qəbul etsək, təsvir etdiyimiz situasiyada bu zərurətin normativ kommunikasiya formasına keçdiyini görərik.
Beləliklə, idarəçilərin verdiyi «kommunikasiyanın subyektləri olun» əmri – əmək «zehni» və «fiziki»yə (ideya və icra) ayrıldığı zamanlardan – daha totalitar forma alacaq, çünki kapitalizm qiymətin yaradılma prosesinə işçinin şəxsiyyət və subyektivliyini cəlb etmək istəyir. Kapital arzulayır ki, idarəetmə subyektivliyin özü ilə, həmçinin kommunikasiya prosesi ilə «interior»laşsın. Nəzarət və həvəsləndirməyə görə məsuliyyəti də işçinin özü daşıyır, çünki komanda üzvüdür, deməli nəzarətçi qarışmasa da olar, artıq onun vəzifəsi prosesi kurasiya etməkdir. Bir yandan da işəgötürənlər ikibaşlı problemdən narahatdırlar: onlar həm əməyin avtonomluq və azadlığını istehsalat prosesinin yeganə mümkün kooperasiya forması kimi tanıyırlar, digər yandan isə, onlar əməyin yeni keyfiyyət və təşkilini nəzərdə tutan hakimiyyəti «bölüşmək» istəmirlər, daha doğrusu bölüşməməyə borcludurlar (kapitalist üçün əksini etmək ölümə bərabərdir). Çağdaş menecment nəzəriyyələri işçinin subyektivliyini yalnız istehsalat tələblərinə müvafiq olaraq kodlaşdırma kontekstində nəzərə alır. Transformasiyanın bu mərhələsində işçi və şirkətlərin şəxsi və kollektiv maraqlarının üst-üstə düşməməsi faktını yenə uğurla gizlətmək mümkün olur.
Mən, işçi sinifinin əməyini, bu gün özündə subyektivliyin istehsalını ehtiva edən mücərrəd fəaliyyət kimi təyin etdim. Səhv başa düşülməyim deyə, əlavə etməliyəm ki, sözügedən istehsalat fəaliyyəti forması sadəcə yüksək kvalifikasiyalı mütəxəssislərlə məhdudlaşmır; söhbət bugünkü əməyin istehlakçı nöqteyi-nəzərindən qiymətləndirilməsindən, ya da daha ümumi desək, postsənaye cəmiyyətinin hər bir istehsalat subyektivliyinin fəaliyyət formasından gedir. Demək olar ki, yüksək kvalifikasiyalı işçi artıq «kommunikasiya model»inə malikdir, özündə onu əridib və bütün potensiallıqlar artıq müəyyən olunub. Yeni başlayan, yaxud mövsümi işçilər təmiz virtuallıq, aşkarlanmamış potensial olsalar belə, onlar da postsənaye istehsalat subyektivliyinin bütün səciyyələrinə malikdirlər. Bu potensialın virtuallığı boş, ya da tarixlə şərtlənmiş deyil; burada açıqlıq ve potensiallıq var, bunların da tarixi kökləri və sələfləri fordist işçilərin «işlə mübarizə»sidir, sonrakı dövrdə isə – sosyallaşma prosesləri, təhsilləşmə və mədəni özünüqiymətləndirmədir.
Əmək dünyasının təsvirolunan transformasiyası istehsalın ictimai dövriliyinin tədqiqində daha bariz üzə çıxır: «pərakəndə» və desentralizasiya olunmuş istehsalat bir yandan və cürbəcür xidmət industriyası formaları obiri yandan. İstehsalatın qlobal təşkilində qeyri-maddi əməyin dövriliyinin strateji rolunun bu gün nə qədər mühüm olduğunu, buradan anlaya bilərik. Müxtəlif araşdırmalar, konseptuallaşdırmalar, idarəetmə, kadrlar şöbələri və başqa xidmət növləri – hamısı vahid kompüter, multimedia şəbəkələrində təşkilatlanıblar. Məhz bu terminlərlə biz, istehsalın və əməyin təşkilinin dövriliyini dərk edə bilərik. Elmi əməyin sənayə və xidmət sektoruna inteqrasiyası bu gün effektivliyin vacib mənbəyinə çevrilib və onu təşkil edən istehsalat dövriliyi üçün daha böyük əhəmiyyət kəsb etməyə başlayıb.
«Qeyri-maddi əməyin» klassik tərifi
Postsənaye iqtisadiyyatının bütün xarakteristikaları (sənayedə və ümumiyyətlə cəmiyyətdə) «qeyri-maddi» istehsalatın klassik formalarında asanlıqla tanınırlar: audio-vizual məhsul, reklam, dəb, kompüter proqramlarının istehsalı, fotoqrafiya, kültür sahəsinə aid işlər və s. Belə qeyri-maddi əmək formaları işin və iş gücünün özündə müxtəlif əmək vərdişlərinin nəticələrini ehtiva edən klassik definisiyanı sual altına qoymağa vadar edir. Kültür-informasiya məzmununu yaratmaq üçün – intellektual vərdişlər şərtdir; özündə kreativliyi, təxəyyül gücünü, texniki və fiziki əməyi cəmləşdirmə qabiliyyəti isə əl işi vərdişlərini tələb edir; ictimai münasibətləri idarə etmək və bu münasibətlərin tərkib hissəsi oduğu sosiyal əməkdaşlıq növlərini struktura salmaq qabiliyyəti isə, sahibkarlıq/təşəbbüskarlığı nəzərdə tutur.
Bu qeyri-maddi əmək özünü bilavasitə kollektiv formalarda ifadə edərək, demək olar ki, müstəsna olaraq şəbəkələr və axın formasında mövcuddur. Qeyri-maddi əməyin istehsalat dövriliyinin təşkil edilməsi (stereotiplərdən azad olsaq görərik ki, söhbət doğrudan da istehsalatdan gedir və bu məqamda «zavod» tipli müəssisə təsəvvür etmək yersizdir) bilavasitə aşkar təbiətə malik deyil, çünki fabrikanın dörd divarı içində həbs olunmayıb. O, cəmiyyətin gözündən iraq fəzalarda vaqe olan hadisədir, «qeyri-maddi əmək hövzəsi» adlandıra biləcəyimiz bir fəzada. Kiçik, bəzən xırda «istehsalat vahidləri» (doğrudan da, yeri gələndə bircə nəfər) xüsusi olaraq müəyyən layihələrin icrası üzrə təşkilatlana və iş qurtarandan dərhal sonra, yoxa çıxa bilərlər. İstehsalat dövriliyi kapitalistə lazım olduqda işə düşür; iş qurtarandan sonra isə dövrilik onun istehsalat potensialını mümkün edən və onu zənginləşdirən şəbəkəyə və axına qayıdır.
Qeyr-sabitlik, hiperistismar, mobillik və hiyerarxiya metropoliyadakı qeyri-maddi əməyi olduqca parlaq xarakterizə edir. Müstəqil freelancer statusunun arxasında, əslində zehni əmək proletarı gizlənir və onu bu statusda, onu istismar edən iş sahibləri görürlər. Mütləq qeyd olunmalıdır ki, bu cür əmək eqzistensiyası modusunda iş və asudə vaxtın differensasiyasını təyin etmək də getdikcə çətinləşir. Hansısa mənada həyat işin tərkib hissəsinə çevrilir. Bu əmək forması, həmçinin, idarəetmənin real funksiyaları ilə səciyyələndirilir: 1) ictimai əlaqələri idarə etmək üçün müəyyən qabiliyyət və 2) qeyri-maddi əməyin hövzəsinin strukturlarından sosial əməkdaşlığın çıxarılması.
Bu cür işçi qüvvəsinin keyfiyyəti, yalnız (bir məhsulun mədəni və informativ məzmununun qurulmasına imkan verən) peşəkarlıq qabiliyyəti ilə deyil, eyni zamanda öz fəaliyyətinin «idarə edilməsi» və başqalarının qeyri-maddi əməyinin (istehsal və idarəetmə dövrünün) koordinatoru rolunda çıxış etməsi ilə ölçülür. Belə qeyri-maddi iş, əsl «canlı əmək» mutasiyasidir və burada çox az şey təşkilatlanmanın Taylor modelinə uyğun gəlir.
Qeyri-maddi əmək bir qovşaq, ya da daha çox istehsal və istehlak arasındakı yeni münasibətlərin interfeysi kimi təzahür edir. Müştəri ilə həm məhsuldar əməkdaşlıq, həm də sosial əlaqələrin stimullaşdırılması içəridən və kommunikasiya prosesi vasitəsilə həyata keçirilir. Qeyri-maddi əməyin vəzifəsi (iş və istehlak sferalarında) kommunikasiya formaları və şərtlərinin innovativ davamlılığını təmin etməkdir. Müştərinin ehtiyac, arzu və zövqünün forma alması və materiallaşması məhsullar vasitəsilə həyata keçirilir. Məhsul isə öz növbəsində, ehtiyacların, obrazların və zövqün nəhəng fabrikinə çevrilir. Qeyri-maddi əməklə hazırlanan məhsul (onun istehlakçı qiymətini informasiya və mədəni məzmun kontentinin dəyəri müəyyən edir) istehlak prosesində məhv olmur, əksinə, güc qazanır, dəyişir və «ideoloji»-mədəni istehlakçı çevrəsi formalaşdırır. Bu məhsul işçi qüvvəsinin fiziki imkanlarını yaratmır – bunun əvəzində istifadəçiləri transfromasiya edir. Qeyri-maddi əmək, hər şeydən əvvəl, «sosial əlaqələr» (innovasiya, istehsal və istehlak münasibətləri) istehsal edir. Yalnız bu istehsal problemlərinin uğurlu həlli, onun iqtisadi dəyərini təmin edir. Qeyri-maddi əmək maddi istehsalın nələri gizlətdiyini, daha dəqiq olsaq əməyin yalnız mal deyil, ilk növbədə, kapital münasibətlərini istehsal etdiyini bilavasitə görməyə imkan verir.
Qeyri-maddi əməyin məhsuldar qarşılıqlı fəaliyyət baxımından avtonomiyası
İşçi hipotezimi aşağıdakı şəkildə tərtib etmək olar: qeyri-maddi istehsal dövriliyinin başlanğıc nöqtəsi müstəqil – həm öz işini, həm də kommersiya təşkilatları ilə münasibətləri təşkil edə bilən sosial işçi qüvvəsidir. Sektor bu yeni işçi qüvvəsini yaratmır, sadəcə həzm və adaptasiya edir. Bu yeni işçi qüvvəsi üzərində sənaye nəzarəti təşkilatın müstəqilliyinə və işgücünün «azad sahibkarlıq fəaliyyətinə» əsaslanır. Bu istiqamətdə irəliləyərək, Fordist dövrü sonrası əməyin təşkilinin təbiəti ilə əlaqədar mübahisələrə də gələcəyik.
İqtisadçıların bu problemə dair dominant mövqeyini bir cümlə ilə təsvir etmək olar: qeyri-maddi əmək mərkəzləşdirilmiş sənayenin icazə verdiyi təşkilati formalarda fəaliyyət göstərir. İki fərqli düşüncə məktəbi bu ümumi qəbul olunmuş tezisdən yola çıxaraq: biri neoklassik təhlilləri davam etdirir, digəri isə sistemin təhlili ilə məşğul olur. Birincisi, bazar məsələlərinin yenidən təyin edilməsi yolu ilə problemin həllinə çalışır. Ehtimal edilir ki, kommunikasiya və yeni təşkilatlanma ölçüsü fenomenlərini izah etmək, yalnız əməkdaşlıq və əmək intensivliyi konsepsiyalarını deyil, digər analitik dəyişənləri (antropoloji dəyişənlər, qeyri-maddi dəyişənlər) də tətbiq etmək və bunun əsasında digər optimallaşdırma hədəflərini təyin etmək olar. Əslində, neo-klassik model böyük səylər göstərərək ümumi tarazlıq nəzəriyyəsi ilə məhdudlaşdırılan daxili ardıcıllığa nail olmağa çalışır. Əvəzsiz maddi əmək və sənaye iqtisadiyyatına inanan ümumi nəzəriyyə əməyin yeni fenomenologiyasını, təşkilatın yeni ölçülərini, spontan enerjinin kommunikasiya və potensialını, iştirak edən subyektlərin muxtarlığını və şəbəkələrin müstəqilliyini öngörə bilmədi. Bugünkü məlumatlar göstərir ki, mikroiqtisadiyyat makroiqtisadiyaya qarşı üsyan edir və klassik model qarşısıalınmaz antropoloji reallığın təzyiqinə dözmür.
Maurizio Lazzarato
Tərcümə: Ələkbər Əliyev