O, Azərbaycanın ilk opera müğənnilərindən və aktyorlarından biri idi.
Səhnə sənətini seçməsi öz dövrü üçün böyük cəsarət və fədakarlıq tələb edirdi: bu o vaxtlar idi ki, teatr “şeytan əməli” hesab olunur, aktyorlar kütlə tərəfindən ələ salınır, mollaların qəzəbi ilə qarşılanırdı.
Söhbət Hüseynqulu Sarabskidən (1879 – 1945) gedir.
Bu yaxınlarda onun memuarlar silsiləsinə daxil olan “Bir aktyorun xatirələri”ni yenidən oxudum.
Sarabskinin yaşadığı dövrün Bakısı və o çağların başqa bir görkəmli mədəniyyət fədaisi Hüseynqulu Ərəblinski haqqında da ayrıca xatirə mətnləri var.
Hər biri günümüz və gələcəyimiz üçün əvəzsiz dəyər daşıyır.
“Bir aktyorun xatirələri”ni oxuduqca gah insanın qəlbini dərin kədər, gah da böyük fəxr hissi bürüyür.
Kədərlənirsən ona görə ki: dünya mədəniyyətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu çağlarda bizdə sənət, sənətkarlıq necə top-tüfənglə qarşılanıb, kütləvi savadsızlıq və aşırı mühafizəkarlıq xalqımızı modern dünyanın o qədər gerisinə atıb ki, həmin məsafəni qapatmaq hələ uzun illər mümkünsüz görünür.
Fəxr edirsən ona görə ki: bütün bu qaranlığın içində xalqın şüurunu mədəniyyət işığı ilə aydınlatmağa özündə cəsarət tapan, hər cür həqarətlərə, aşağılamalara, zorbalıqlara baxmayaraq, qorxmadan, fədakarcasına çalışan insanlarımız da olub və onların sayəsində indi Azərbaycan digər müsəlman topluluqlarından müsbət mənada xeyli fərqli yerdədir.
***
Bu yazıda Sarabskinin xatirələrindən bir epizodu sizinlə paylaşmaq istəyirəm.
Həmin epizod onun səhnədəki ilk çıxışından doğan hədsiz sevincinin necə burnundan gətirildiyi haqdadır.
Hüseynqulu bəyin ailəsi də, mütləq çoxluq kimi, mütərəqqi dünyagörüşdən uzaq və kəskin şəkildə teatra qarşı idi.
Bəlkə də bunu xüsusi vurğulamaq artıqdır; çünki haqqında danışdığımız epizoddan onsuz da hər şey gün kimi aydındır, əks təqdirdə indi nəql edəcəyim hadisə də baş verməzdi…
***
Hüseynqulu Sarabski ilk dəfə 1902-ci ildə, yoxsul tələbələrə kömək məqsədilə, Nəriman Nərimanovun eyniadlı pyesi əsasında hazırlanan “Dilin bəlası” tamaşasında Rəsul rolunda səhnəyə çıxıb.
Həmin tamaşadakı qadın rolları üçün paltarlar tapmaq lazım idi.
“Qadın paltarı nə tatrda var idi, nə də bir yerdən tapmaq olurdu. Çünki arvad platarlarını səhnəyə verənlər dindən çıxmış hesab olunurdular” – yazır Sarabski.
Sonra da əlavə edir: “Kişi paltarlarını birtəhər əldə edə bildim. Arvad paltarlarından ötrü heç kəsə müraciət etmək olmazdı. Çox fikirdən sonra ümidim hər yerdən kəsildi. Odur ki, gedib evdən nənəmin və xalalarımın gizli surətdə oğurlayıb aparmaq fikrinə düşdüm. Gecə onların paltarlarını oğurlayıb başımın altında gizlətdim və sabahı teatra apardım…”
***
“Dilin bəlası” səhnədə uğurla oynanılır.
Tamaşa bitir. Ancaq Sarabskinin işi btməyib: indi o, nənəsinin və xalasının oğurladığı paltarları aparıb evə qoymalıdır, ən əsası, bunu elə etməlidir ki, onlar duyuq düşməsinlər.
Ancaq…
Yaxşısı budur, hər şeyi yenə Sarabskinin öz qələmindən oxuyaq: “Demə, onlar məsələni biliblərmiş. Odur ki, qapını açar açmaz üstümə hücum elədilər: “Elə bu qalmışdı ki, bizim paltarlarımızı oyunbazxanalara aparıb xalqın qabağında göstərəsən? Bərakallah sənə! Tfu sənin üzünə! Utanmaz, həyasız, yolsuz, dinsiz!”
23 yaşlı Sarabski baxır ki, işi şuluqdur, başlayır yalvarmağa.
“Teatrın müvəffəqiyyətlə keçməsi və birinci dəfə səhnəyə çıxmağım məni çox sevindirirdi. Amma evdə abrımı almaları ovqatıma soğan doğradı. Nə isə yatdım. Səhər məni çağırdılar. Dayım oğlanları, atalığım və xalalarım bir yerdə məni danlamağa başladılar” – yazır Hüseynqulu bəy.
***
Danlaq da necə danlaq! Tənənin, töhmətin, hədə-qorxunun biri bir qəpik!
“Atam, qardaşım bu bir yol deyil ki, sən gedirsən”, – deyə dayısı oğlu Nemət qətiyyətlə bəyan edir: “Ana-bacının paltarını aparıb xalqa göstərmək bir kişilik deyil. Sabah xalq eşidib bizə nə deyər?… Əgər sitəyirsəın özünə bir gün qazanasan, camaat arasında hörmətin olsun, ev-eşik sahibi olasan, gərək məscidə gedəsən, qiraət öyrənəsən, şəriətə və allah buyruğuna əməl edəsən, düz yola qayıdıb teatrdan əl çəkəsən. Axırıncı sözümüzdür, sənə deyirik: əgər bunlara əməl etməsən, bizim Hüseynqulu adlı qohumumuz yoxdur!”
***
Sarabski bu tənələrdən, töhmətlərdən, hədə-qorxulardan sonra fikrə gedir. Yazdıqlarından hiss olunur ki, tərəddüd içindədir: teatra davam etsin, etməsin?
İki gün fikirli halda gəzib-dolaşır.
Bir gün küçədə qəfildən Nəriman Nərimanovla qarşılaşır. Məsələni açıb ona danışır.
Yenə Sarabskinin özünü eşidək.
“Nəriman nəsihətə başladı:
– Hüseynqulu, sən əgər istəyirsən camaat arasında adın olsun, mətbuatdan xəbərdar olub cümaatına qulluq eyləyəsən, gərək ziyalılardan əl çəkməyib heç bir boş sözə qulaq asmayasan. Avam camaatın və qohumların zərbəsinə davam gətirib səhnədə çalışmalıısan. Bizim teatrımız belə qalmayacaq, bizim səhnəmiz yüksələcəkdir. Bir gün gələcək, səni vurub, döyüb-söyən camaaat səni alqışlayacaq. Buna inan və məsləkində möhkəm dur“.
***
Sarabskini yenidən fikir götürür. O, indi iki xeyirxahla üz-üzə idi. Hesab edirdi ki, dayısı oğlu, əlbəttə, onun pisliyini istəmir, elə ona görə teatrdan uzaqlaşdırmağa çalışır, fikirləşir aktyorluqdan bir şey çıxan deyil.
Digər yanda isə Hüseynqulu bəyin “müəllimim” adlandırdığı Nərimanov vardı: o da həmçinin Sarabskinin pisliyini istəməzdi.
Elə isə bu iki xeyirxahından hansı haqlı idi?
Cavab tapmağa çətinlik çəkən gənc aktyor qərara gəlir ki, onların hər birinin məsləhətinə əməl etsin. Sonda hansı yaxşı olsa o yolla getsin.
Beləliklə, Sarabski öncə məscidə üz tutur. Nə görür? “Qiraət (Quran qiraəti nəzərdə tutulur – E.A) öyrənənlər… axund otağından çıxdıqdan sonra nahaq qana fətva verirlər. Yetimlərin, malını yeyib, ananı balasız, balanı anasız qoyurlar. Bir dəqiqədə dini imanı yandırıb məhkəmələr qarşısında yalandan şahidlik edirlər. Amma ziyalılar bu kimi hərəkətləri tamaşaşəklinə salıb camaata göstərirlər. Camaat isə səhnədə zalımın zülmünü, məzlumun əzilməsini görüb yavaş-yavaş öz hüququnu düşünür… Ziyalılar xam, təcrübəsiz adama bilmədiyini öyrədirlər…“
Bununla da Hüseynqulu Sarabski seçimini müəyyənləşdirir: sənətin yolunu tutur!
Zaman isə onu haqsız çıxarmır.
***
Bu ibrətamiz epizoddan hər kəsin dərs çıxaracağı, görk ala biləcəyi çox şey var.
Ancaq ən önəmlisi budur, məncə: çağdaşlıq və aydınlıq eşqi ilə yanıb qovrulanlar bəzən ümidsizliyə, ruh düşkünlüyünə qapılırlar, nələrinsə yaxşılığa doğru dəyişəcəyindən əllərini üzürlər; lakin bir zamanlar eyni eşqlı yanıb qovrulanların hansı fədakarlıqlardan keçdiyini, hansı məşəqqətlərdən adladıqlarını, kiprikləri ilə necə od götürdüklərini unutmamalıdırlar.
Yadda saxlamalıdırlar ki, çağdaşlıq və aydınlıq adına görülən heç bir iş nəticəsiz qalmır, onun faydası illər sonra olsa da, ortaya çıxır.
Ən əsası isə: cəhalətə qarşı bilginin, avamlığa qarşı mədəniyyətin, şərə qarşı xeyirin, zülmətə qarşı işığın, yalana qarşı həqiqətin qələbəsi qaçılmazdır, yetər ki, sən düzgün seçim etməyi bacarasan!