1
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə,
Könüllərdə tutuşur, gözlərdə sönsə, belə.
Yuxarıdakı misraların müəllifini Azərbaycanda kifayət qədər tanınmırlar.
Ən məşhur misralarını isə Məhəmməd Əmin Rəsulzadənin səsindən eşidib əzbərləmişik, lakin çoxumuz yenə də müəllifindən xəbərsizik.
Sən bizimsən, bizimsən, durduqca məndə can
Yaşa, yaşa çox yaşa, ey şanlı Azərbaycan! –
əksəriyyət həmin bu misraları Rəsulzadəyə aid edir.
Halbuki onların müəllifi şeirlərini “Gültəkin” imzası ilə qələmə almış Əmin Abiddir.
2
Əslində Sovet hakimiyyəti illərində “Gültəkin” imzasının kimə məxsus olduğu ciddi mübahisə mövzularından biri idi.
Bu imzaya biz Məhəmməd Əmin Rəsulzadə tərəfindən İstanbulda nəşr edilən “Yeni Kafkasya” qəzetinin səhifələrində rast gəlirik. Həmin qəzetin ilk sayı 1923-cü ilin sentyabrın 26-da işıq üzü görmüşdü. Azərbaycan mühacirət mətbuatının ilk nümunəsi sayılan qəzet 15 gündə bir nəşr olunurdu.
İki il sonra – 1927-ci ildə onun çapı Türkiyə hökuməti tərəfindən dayandırıldı.
Həmin iki ildə “Yeni Kafkasya”da istiqlal ədəbiyyatımızın inciləri sayıla biləcək xeyli şeir işıq üzü görmüşdü.
Bu şeirlərin bir çoxunun altında məhz “Gültəkin” imzası vardı. Bəs müəllif kim idi və gerçək kimliyini niyə gizlədirdi?
Məsələ burasındadır ki, “Yeni Kafkasya” nəşrə başladıqdan bir müddət sonra Əhməd Cavadın şeirlərini dərc etmişdi.
Məsələdən hali olan Sovet hakimiyyəti Cavada qarşı təzyiqlərə başlayır, o, həbs olunur.
Bundan sonra “Yeni Kafkasya” Sovet Azərbaycanının qəzəbindən qorumaq üçün həm Cavadın, həım də digərlərinin şeirlərinin dərcinə ara verir.
Əmin Abidin bu qəzetə yolladığı şeirlərinin “Gültəkin” təxəllüsü ilə nəşr olunması da eyni məqsəddən doğmuşdu.
3
1898-ci ildə Bakıda anadan olan Əmin Abidin əsl adı Zeynalabdin olub. Atası daşyonan idi. Yazıb-oxumağı evdə anasından – Reyhan xanımdan öyrənib. Daha sonra Bakıdakı oğlanlar üçün III Aleksandr gimnaziyasında təhsil alıb.
Gimnaziya təhsilini bitirdikdən sonra qardaşı Əliabbas Müznibin nəşr etdirdiyi “Babayi-Əmir” və “Dirilik” jurnallarında çalışıb.
1919-cu ildə pedaqoji təhsil almaq üçün İstanbula gedib. 1921-ci ildə təhsilini başa vurub Bakıya qayıdan Əmin Abid çox keçmədən ikinci dəfə – təhsilini Darülfünunda (indiki İstanbul Universiteti) davam etdirmək məqsədilə İstanbula gedib.
İstanbul Darülfünunda oxuduğu illərdə Azərbaycan ədəbiyyatı tarixinə dair məqalələrlə bərabər, daha çox ictimai-siyasi motivli, antisovet ruhlu şeirlər yazıb. Məhz bu şeirlər “Gültəkin” imzası ilə, əsasən də “Yeni Kafkasya” jurnalında nəşr edilib.
4
Əmin Abid ədəbiyyat tarixi ilə bağlı araşdırmalar apararkən İstanbulla yanaşı, Qəzvin, Ərzurum və bir sira Avropada şəhərlərinin kitabxanalarına, arxivlərinə də baş vurub.
Bu axtarışların nəticəsi olan məqalələrini Bakıdakı ayrı-ayrı jurnallarda nəşr etdirməyə başlayıb, Azərbaycana qayıtdıqdan sonra Pedaqoji Texnikumda və Bakı Dövlət Universitetində (BDU) dərs deyib.
Bəlkə də aranızda çoxları onun “Kitabi-Dədə Qorqud” dastanının ilk tədqiqatçısı olduğundan belə xəbərsizdir. Məsələ burasındadır ki, “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsinin surətini vətənimizə ilk dəfə o gətirib, bu dastanı nəşr etdirə bilməsə də, onun haqqında ilk elmi fikirlərin müəllifi də məhz Əmin Abiddir.
Elə bu səbəbdəndir ki, bir çoxlarının qənaətincə Azərbaycan qorqudşünaslığının memarı da məhz Əmin Abid sayılmalıdır. Onun “Kitabi-Dədə Qorqud”la bağlı çalışmaları uzun illər hamıdan gizlədilib.
Elə sağlığında da həmin çalışmalar görməzdən gəlinib, məqalələrindən, çıxışlarından gen-bol faydalansa da adını çəkməyə lüzum görülməyib.
İş o yerə çatıb ki, Əmin Abid özünə qarşı bu cür münasibətə kəskin şəkildə etiraz etmək məcburiyyətində qalıb.
Yeri gəlmişkən: Yazımızın qəhrəmanı “Azərbaycan türklərinin ədəbiyyat tarixi”, “Türk ədəbiyyatında bayatı-mani növü”, “Bayatının türk xalqları ədəbiyyatında mövqeyi”, “Azərbaycan ədəbiyyatının qədim abidələrindən” kimi istər öz dövrü, istərsə də ümumiyyətlə, Azərbaycan ədəıbiyyatşünaslığı və folklorşünaslığı tarixi baxımdan qiymətli əsərlər müəllifidir.
Onun Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Mirzə Ələkbər Sabirlə bağlı günümüzdə də aktuuallığını, dəyərini qoruyub saxlayan elmi fikirlərini də qeyd etməyə dəyər.
5
Rəsulzadə Gültəkinin istiqlal motivli yaradıcılığını yüksək qiymətləndirirdi.
“Gültəkinin şeirlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini (nəğmə, təranə – E.A.) görürük” – deyə Cümhuriyyətimizin öndəri məqalələrindən birində onun haqqında yazırdı.
“Azərbaycan türkünün milliyət, hürriyyət və istiqlal uğrunda qızıl rus imperializminə qarşı qanlı savaşını şeir vadisində təmsil edən mücahidlərdən mühacirətdə yetişənlərin başında Gültəkin gəlir” – bu sətrirlər isə Müsavat Partiyasının ikinci başqanı, görkəmli publisist Mirzə Bala Məmmədzadəyə aiddir.
6
“Gültəkin” imzasının məhz Əmin Abidə məxsus olduğunu ilk dəfə ortaya çıxaranlardan biri tədqiqatçı Əli Şamildir.
Onun yazdığına görə, hələ Azərbaycan Dövlət Universitetində (indiki BDU ) oxuduğu illərdə (1968-73) Əmin Abidin həyatı və yaradıcılığı ilə maraqlanıb; lakin “onun ömür yoluna işıq saçacaq, ipucu olacaq bir sətirə” rast gəlməyib. Sitat: “Bu boşluğu doldurmaq üçün Əmin Abidi tanıyanlara müraciət etmək qərarına gəldim. Dərin biliyinə sayğım olan professor Abbas Zamanova üz tutduqda, “Mən Bakı Pedaqoji Texnikumunda oxuyanda (1927-29) Əmin Abid orada müəllim idi, ancaq bizim kursa dərs demirdi. Sonra oradan uzaqlaşdı. Çox savadlı, yüksək mədəniyyətli insan idi. “Gültəkin” imzası ilə şeirlər yazmışdı” – deyə məlumat verdi. Uzun illər Abbas Zamanovdan başqa bir kimsədən Əmin Abidin “Gültəkin” imzası ilə şeirlər yazdığını bir daha eşitmədim”.
Sonradan həm Ə.Şamil, həm də digər bir sıra araşdırıcılar Gültəkinin məhz Əmin Abid olduğunu sübut edən faktları ortaya qoyurlar.
7
Əmin Abidin Sovet Azərbaycanındakı günləri heç də xoş keçməyib.
Xüsusilə 1920-ci ilərin sonlarından etibarən Türkiyə ilə SSRİ-nin münasibətlərinin kəskinləşməsi onu çətin vəziyyətdə qoyub.
Anti-sovet ruhlu şeirləri azmış kimi (hər nə qədər həmin şeirlərin müəllifinin məhz Əmin Abid olduğu bilinməsə də!) türk qızı ilə evlənməsi (1923-cü ildə əslən Türkiyə arnautlarından (alban) olan Nafiə xanımla ailə qurmuşdu) görkəmli alim və şairi, şübhəsiz, daxilən narahat edirdi.
Bu narahatlıqlar ona qarşı təzyiqlərin başlaması və artması ilə xeyli güclənmişdi.
1930-cu illərin əvvəlindən etibarən “NKVD” (Xalq Daxili İşlər Komissarlığı) tərəfindən daim izlənirdi.
Haqqında həmin dövrün mətbuatında sərt tənqidlər dərc olunur, bəzən bu tənqidlər həqarət həddinəcən çatırdı. Məsələn, belə yazılardan birində o, “ədəbi aferist” kimi qələmə verilirdi.
İş yerlərini tez-tez dəyişməsi də basqı altında olmasının sonucu idi.
8
Nəhayət, 1938-ci il iyulun 14-də bu basqı və təqiblər məntiqi sonluğuna çatır: Əmin Abid absurd ittihamla –Sovet əleyhinə casusluqda günahlandırılaraq həbs olunur. Ona “Türkiyə agenti” damğası vurulur.
Bu zaman Əmin Abid İsmayıllı rayonunun Təzəkənd kəndində idi. Onun həmin vaxt orada olmasının səbəbi bəlli deyil.
Barəsindəki sənədlərdə sonuncu iş yeri kimi isə Kürdəmirin Qaraqoyunlu kəndində müəllim vəzifəsi göstərilib.
Əmin Abid həbsindən üç ay sonra – oktyabrın 21-də saat 21.30-da qətlə yetirilib.
Güllələnməsi barədə yaxınlarından heç kimə məlumat verilməyib.
Həmin vaxt istintaqa həyat yoldaşı da cəlb edilib. Deyilənə görə, o, “qırmızı terror”çuların mühakiməsindən qurtulmağı və Türkiyəyə dönməyi bacarıb.
Lakin Nafiə xanımın həyatının sonrakı dönəmi barədə heç bir məlumat olmadığından bu barədə konkret danışmaq mümkün deyil.
(Yeri gəlmişkən: Əli Şamil üç il öncə “525-ci qəzet”də elektron ünvanına gələn bir məktubu dərc etdirmişdi. Maraqlı olacağını nəzərə alıb yazıya əlavə etmək gərəyi hiss etdim: “”Benim adım Kutay Arslantürk (Anne soyadı). Ben Emin Abid Ahmedov’un en buyuk torunuyum. 1965’de Turkiye’de doğdum, 1978’de Almanya’ya taşındım, daha sonra 1982’de Amerika’da New York’a taşındım. Şimdi ise Orlando’dayım. Büyük babam hakkında çok az bilgim var, ama onun Azerbeycan edebiyatına büyük hizmetler yaptığını biliyor ve onunla gürur duyuyorum. Onun hakkında nerede, nasil bilgi bulurum? Azerbeycan’da herhangi bir akraba, ailem varmi? Lutfen bana bir cevap yazın.
Babamın adı: Altay Tanur, baba annem: Nafia Tanur”.)
(Yenə Ə.Şamilin yazdığına görə, Nafiənin istintaqa verdiyi izahatdan aydın olur ki, anası Zəhra 1930-cu ildə Bakıya gələndə Türkiyənin Bakıda konsulu Nuru bəyin xanımı Bədriyyə qohum olduqlarına görə onu qonaq çağırır. Əmin Abid tutulanda Nafiə başının üstünü qara buludlar aldığını hiss edir. Qəriblikdə, çətin durumda qaldığından vətənə dönməyə çalışır. Ümid yeri kimi Türkiyənin Batumdakı konsulluğuna üz tutur. Çünki anasının qohumu Bədriyyə orada yaşayırdı. Əri Nuri bəy də Türkiyənin Batumdakı konsulu idi. Çətinlikləri aşaraq Batuma gedir, viza almaq ümidilə konsulluğa daxil olur. Konsulluqdan çıxarkən onu həbs edirlər…)
9
Əmin Abid Azərbaycanda Sovet işğalının gec-tez sona çatacağına və Cümhuriyyətin bərqəararına dərin inam bəsləyənlərdən biri idi.
Onun rus-bolşevik hakimiyyətinə xitabən yazdığı:
Paçavra bayrağın bir gün solacaq,
Azərbaycan yenə mənim olacaq! –
misraları bu inamın əyani görsənişidir.
Zaman görkəmli alim və şairin öz inamında yanılmadığını sübut etdi.
Cümhuriyyətin bərpası isə həm də Əmin Abidi bizə qaytardı: uzun illər boyu unutdurulmağa çalışılan kimliyini yenidən gün işığına çıxardı.
Lakin gerçək qiymətini alması üçün onun haqqında hələ çox danışmaq, yazmaq, onu hələ çox öyrənmək lazımdır…