Söhbət gürcü dilində gedirdi, ona görə heç nə anlamırdım, amma mimika və jestlərdən xariqüladə bir hadisənin baş verdiyini təxmin etmişdim.
Yazıçılar evinin ikinci mərtəbəsində qaşlar təəccübdən yuxarı dartılır, gözlər bərəlir, dodaqların kənarları sardonik gülüşdən əyilir, çözülməz məchulluğu göstərmək üçün çiyinlər çəkilir və əllər ovucları yuxarı baxmaqla havadan asılıb qalırdı.
Həmsöhbətlər bütün bədən və üz əzələlərini məşq etdirib qurtarandan sonra nəhayət məni də məsələdən hali etməyi lazım bildilər.
Bu yaxınlarda gürcü yazıçısı Laşa Buğadzenin “Kiçik ölkə” əsəri görkəmli Gürcüstan-Azərbaycan şairi İmir Məmmədlinin tərcüməsində Bakıda çapdan çıxıb. Gürcüstanın Yazıçılar evi bir neçə nüsxəni nümayiş üçün Frankfurt kitab yarmarkasına aparıb.
Həmin xariqüladə hadisə də məhz burada vaqe olub.
Frankfurt yarmarkasında gürcülərin kitab stendindən Laşa Buğadzenin azərbaycanca nəşrinin bir nüsxəsini oğurlayıblar. Günün günorta çağı, hamının gözünün qarşısında!
Xəbəri eşidən kimi sanki beynimdə kiçik bir lampa yandı. Başımdakı xəyali maral ovçusu papağına əlimi atıb dərhal dedim:
– Mən bilirəm o kitabı kim oğurlayıb!
* * *
Oteldə tək qonaq mən idim, qəbul masası da olmadığı üçün telefonda menecerlə danışıb otelin açarını özüm ilə götürüb piyada Amirani kinoteatrına getdim. Şimali İrlandiyada çaxnaşmalar haqqında çəkilmiş bir ingilis filminə baxacaqdım. Seansın başlamasına düz 15 dəqiqə qalırdı. Yenidən bayıra çıxıb siqaret çəkmək istəyirdim ki, xoş olmayan sürprizlə qarşılaşmalı oldum.
Qara-qura geyimli bir dəstə adam sanki havadan peyda olub kinoteatrın qapısını kəsdirmişdi. Əllərində LGBT yazılmış və üstündən çəpəki qara xətlər çəkilmiş plakat tutaraq Tbilisi XX Beynəlxalq Film Festivalına etiraz edirdilər. Kinoteatra yeni gələnlər də böyük diskomfort yaşayırdı, içəridə gözləyənlər də. Bayıra çıxıb siqaret çəkmək isə tamam mümkünsüz iş idi. Allah göstərməsin, birdən foto və video kameralar səni də çəkər, axşam xəbərlərində bütün kanallarda göstərərlər, elə bilərlər ki, sən də bu kultura düşmənlərindən birisən. Hətta asayişi qorumaq üçün hadisə yerinə gələn polis naryadı da bu etirazçılara ikrahla baxırdı.
Nəhayət seans başladı. Amma nə Şimali İrlandiya? Nə qanlı bazar günü? Nə Troubles? Film biseksual bir rəssam oğlanın gənc qadın və yaşlı kişi ilə iztirablı məhəbbət üçbucağından bəhs edirdi. Bayırdakı etirazçılar həm də bu filmə görə etiraz edirdilər.
Başımı çevirib ürkək-ürkək kinozalın qapısına baxdım. Etirazçılar hər an bu qapını qırıb içəri girəcək və qalmaqal salacaqdı. İndi yeganə ümid gürcü hüquq-mühafizə orqanlarının peşəkarlığına idi.
* * *
Seymur Baycan qeyzli gözləri ilə mənə baxıb başını buladı. Əlində ənənəvi Saracişvili brendisi yerinə bu dəfə amaretto var idi.
Tbilisi XX Beynəlxalq Film Festivalı haqqında təəssüratlarımı bölüşürdüm. Festivalın, filmlərin və qonaqların səviyyəsi, peşəkar təşkilatçılıq, yüksək tamaşaçı marağı – yeddi gün ərzində göstərilən 100 filmdən cəmi üç seansa bilet tapa bilmişdim, müasir gürcü filmlərinə isə ümumiyyətlə yaxın düşmək mümkün deyildi – bütün bunları sadalayandan sonra sadəcə bir əqli nəticə çıxarmaq qalırdı: yenə də gürcülərə paxıllığım tutmuşdu.
Kimsə gürcülərə paxıllıq etdiyini deyəndə Seymur həmişə əsəbiləşir.
İndi ədəbi fəndgirlik tələb edir ki, burada Seymurun guya “sən də, Brut!” dediyini yazım, amma söhbət gerçəkdə heç də bu şəkildə davam etmədi.
Seymur bir qurtum amaretto içib bir azca sükuta daldı. Sonra da…
“Yaxın otur, gərək sənin üçün lap əvvəldən danışmağa başlayım.”
* * *
Yazıçılar evində Gürcüstan PEN Mərkəzinin “Yazıçılar nifrət nitqinə qarşı” təşəbbüsü çərçivəsində keçirilən konfrans çox maraqlı məqamları aşkara çıxardı.
Post-sovet ölkələrindən gələn nümayəndələrin çıxışları və yekun müzakirələr nəticəsində bir məsələ hər kəs üçün gün kimi aydın oldu – istər Azərbaycan, Ermənistan, Gürcüstan və Ukrayna kimi münaqişə tərəfləri olan ölkələrdə, istərsə də Belarus kimi dinc ölkələrdə nifrət nitqinin qırmızı xətlə keçən bir bariz və oxşar xüsusiyyəti var.
Bütün bu ölkələrdə nifrət alverçiləri cəmiyyətdə mütləq azlıq təşkil edirlər, sadəcə səsləri çox gur çıxır. Bu davakar azlıq öz həyasız hay-küyü ilə, bir az da laqeyd çoxluğun tənbəlliyi ucbatından ictimai gündəliyi zəbt edir, özlərini xalqların maraqlarının həqiqi təmsilçisi kimi qələmə verir, öz nifrət nitqlərini də guya xalqların fikirləri kimi ölkəyə və dünyaya təqdim edirlər.
Konfransdan iki gün sonra Amirani kinoteatrının qapısını kəsdirən bir dəstə qara-qura geyimli etirazçını görəndə bu qənaətim bir daha öz təsdiqini tapdı.
Bəli, laqeyd çoxluq susduqca, bu davakar azlıqlar da bax beləcə bizim kiçik ölkələrimizi günün-günorta çağı, gözümüzün qarşısında oğurlayırlar.
* * *
Mən Tbilisidə ilk dəfə 2010-cu ildə olmuşam, Seymur isə hələ keçən əsrin 90-cı illərinin sonlarında tez-tez bura səfər edərdi. Seymurun sözlərinə görə o dövrdə əcnəbilərin qaldığı bəzi mehmanxanalarda qapılara dəmir barmaqlıqlar vurardılar. Qaranlıq düşən kimi bu barmaqlıqlar dərhal bağlanır və qıfıllanırdı. Lap bəzi zombi filmlərində olduğu kimi.
Keçmişin qalığı olan bu pas atmış barmaqlıqları mən özüm də görmüşəm – Tbilisinin mərkəzdən kənarda yerləşən metrostansiyalarında. Bakıda da 90-cı illər təlatümlü keçib, amma bizdə metro çıxışlarına dəmir barmaqlıqlar vurub gecələr qıfıllamağa zərurət yaranmayıb.
Buna görə də Seymurun mövqeyi çox aydın və sadədir.
Gürcülərin ən azı kultura sahəsində bütün bu nailiyyətləri onlara heç də göydən üç alma kimi havayı düşməyib. Adamlar dişləri ilə, dırnaqları ilə çarpışıb vuruşublar.
“Bir özün fikirləş, gürcülər bu festivalı ilk dəfə keçirəndə ölkədə vəziyyət gör nə gündə idi?” – Seymur deyir, – “Ümumiyyətlə, Gürcüstanın bir ölkə kimi mövcudluğunun özü sual altında idi.”
Bizdə müharibə haradasa orada – Qarabağda gedirdi. Əgər özün qaçqın deyildinsə, onda müharibənin dəhşətləri sənə uzaq bir nəsnə kimi gəlirdi. Gürcüstanda isə tanklar, toplar, qaubitsalar Tbilisinin mərkəzi Rustaveli prospektinin yarısını dağıdıb xaraba qoymuşdu.
Sovet İttifaqının ən imtiyazlı xalqı günlərin birində xarabalıqlar içərisində yuxudan oyanırsa, bu xalqın yenidən dirçəlməsi ancaq müstəsna əzm və iradə tələb edə bilərdi.
“Bilmirəm, fikrimi izah edə bilirəmmi?” – Seymur soruşur və sonra amarettosundan bir qurtum içir.
* * *
Günel Mövlud bütün planlarımı pozmuşdu.
Ələkbərlə də danışmışdım, Günel haqqında yazı yazmaq istəyirdim. Günel də “Yazıçılar nifrət nitqinə qarşı” təşəbbüsündə iştirak edirdi, Tbilisidəki yekun konfransda olmalı idi. Onunla bir-iki saat söhbət edib material toplayacaqdım, bir də özüm Günellə bağlı bəzi əhvalatların şahidi olmuşdum, icazə alıb onları yazıda istifadə etmək istəyirdim. Araq rumkasının yerə çırpılıb çilik-çilik olması haqda açılış səhnəsini artıq yazmışdım da.
Yazının strukturu aşağı-yuxarı hazır idi. Günelin birinci qaçqınçılığı (Qarabağdan Bakıya), ikinci qaçqınçılığı (Bakıdan Tbilisiyə) və üçüncü qaçqınçılığı (Tbilisidən uzaq Norveçə) və bu qaçqınçılıqların fonunda Günelin dəyiş(mə)məsi. Yazının adı da “Norveç yazıçısı”.
Günel müəyyən səbəblərdən Tbilisiyə gəlməmişdi. Bakıdan onun üçün apardığım bizim bir şüşə yerli çaxır başqa adama qismət oldu. Yazı ideyası da getdi işinin dalınca.
Ona görə də Laşa Buğadzenin “Kiçik ölkə”sinin oğurlanması xəbərini Yazıçılar evində öyrənəndə başımdakı xəyali maral ovçusu papağına əlimi atıb dərhal dedim:
– Mən bilirəm o kitabı kim oğurlayıb! Frankfurt yarmarkasına bizdən təkcə Günel Mövlud getmişdi axı! Kitabı da ancaq o oğurlaya bilərdi – Güneldə kitab oğurlamaq potensialı var, özü də necə!