2 Avqust Kino Günüdür. Artıq neçə illərdi ki, bu gün işıqçısından tutmuş rejissoruna qədər kino sahəsində çalışan insanlar geyinib-keçinib “Nizami” Kino Mərkəzinin böyük zalına toplaşırlar, biri-birilərini təbrik eləyirlər, məmurlar uydurma “uğur” rəqəmlərini sadalayırlar, islahat istəyənlər və gözləyənlər onları kinayəli təbəssümlə dinləyirlər.
Artıq neçə illərdi ki, Azərbaycan kinosu islahat gözləyir və tələb eləyir. Çünki onun, ardıcıl, məqsədyönlü şəkildə inkişaf eləmək, sözdə yox, əməldə uğur qazanmaq üçün ciddi islahatlara ehtiyacı var. Azərbaycan kinosunun Mədəniyyət nazirliyinin inhisarından çıxmağa, sovetdən qalma idarəetmə sistemindən qurtulmağa, təkcə bir qrupun yox, bütünlüklə kinematoqrafiyamızın maraqlarını təmin eləyən qanuni tənzimləmələrə, müsabiqələrdə şəffaflığa, nəhayət, özünüifadə azadlığına ehtiyacı var. Türklər demiş, var da var! Biz də çox vaxt müzakirələrimizi, boşluqda əks-səda verib özümüzə qayıdan etirazlarımızı “Əşşi, olmasın da, kinomuz da olmasın, guya hər şey yaxşıydı, qalmışdı bircə kino!” cümləsi ilə bitiririk. Halbuki bizim kinomuz olub və var. Rus kino tənqidçisi Mixail Trofimenkovun, rejissor Rasim Ocaqovun “İstintaq” filmi (ssenari: R.İbrahimbəyov) haqda aşağıda təqdim olunan resenziyası göstərir ki, biz bu işi bacarmışıq, bacarırıq və bu gün kinozalları dolduran bayağı komediyalara yox, yaxşı kinoya layiqik.
Bir az pafoslu alındı, amma onsuz da il boyu problemlərdən danışıb onları çək-çevir eləyirik. Bu gün bizim bayramımızdı, axı! Qeyri-təbii görünsə belə, azacıq pafosa icazə vermək olar. Sabah yenə problemlərimizə qayıdarıq. Onsuz da mövcud vəziyyətdə onların yaxın zamanda həll olunacağı imkansız görünür.
***
“İstintaq”
Korrupsiya haqqında triller
“Sizə məlumdur ki, son on il ərzində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini yoldaş Vəli Yusif oğlu Axundov yerinə yetirirdi. Yoldaş Axundov respublikanın iqtisadiyyatı və mədəniyyətinin inkişafı, partiyanın ideoloji və təşkilati işinin yaxşılaşdırılması uğrunda əlindən gələni edib, az zəhmət çəkməyib. Son vaxtlar yoldaş Axundovun səhhəti pisləşib və o özü də başa düşür ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsi kimi böyük və ağır işi həyata keçirmək ona çətindir. Buna görə də o, Sovet İttifaqı KP-nın Mərkəzi Komitəsinə müraciət edərək elmi fəaliyyətə keçirilməsini xahiş edib. Təbii ki, bu zaman yoldaş Axundovun Azərbaycan MK Kompartiyasının katibi və büro üzvü vəzifəsindən azad edilməsi məsələsi yaranır. Azərbaycan Kompartiyası MK-nin birinci katibi vəzifəsinə kifayət qədər çox namizəd nəzərdən keçirilib və bu, tamamilə başadüşülən və təbiidir. Çünki ölkədə yaxşı kadrlar çoxdur və əlbəttə ki, seçim böyükdür, əgər belə demək mümkünsə. Bu məsələni ciddi və hərtərəfli şəkildə araşdırandan və müzakirə edəndən sonra biz, hazırda sizin respublikanın Dövlət Təhlükəsizliyi Komitəsinin katibi işləyən yoldaş Heydər Əlirza oğlu Əliyevin namizədliyi üzərində dayandıq”.
(Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi İvan Kapitonovun 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumundakı çıxışı)
“On iki çamodan hədiyyə…”
“Gürcü yoldaşlara dəvətnamə göndərməyi unutmayın…”
“Kimi gözləyirik? Almazovu? Sakit…”
“Nədi, yaşamaqdan bezmisən? İşi məhkəməyə göndər!”
“Hamı çoxdan mayor, podpolkovnik olub, bəs sən kimsən?”
“Ruta Balodis! Ruta Balodis! Onun 16 yaşı vardı! O özünü doqquzuncu mərtəbədəki mənzilinin pəncərəsindən atıb!”
“Kim?! Kim?! Yanında kim vardı?!”
“Yoxsa yaşamaq istəmirsən?”
“Günü bu gün işi məhkəməyə göndərirsən!”
“Etiraf var, sənə başqa nə lazımdı?”
Bura Siciliya deyil. Bura Sovet Azərbaycanıdı. Nə olsun ki filmin başlanğıc titrlərində hadisələrin, MK-nın 1969-cu ilin avqustunda keçirilən və “neqativ halları” mühakimə edən tarixi plenumuna qədərki dövrdə baş verdiyi barədə xəbərdarlıq var? Olsun. Bu ağlasığmaz film hətta 1979-cu ildə də partlayan bomba effekti yaratmışdı. Müasir rus kinosu isə bu cür filmi onda ağlına gətirməyə belə qorxurdu.
1969-1972-ci illərdə SSRİ DTK-nın yeni katibi Yuri Andropov tərəfindən Azərbaycan və Gürcüstanda təşkil edilən hökumət çevrilişləri zahirən kifayət qədər ləyaqətli qurulmuşdu.
Kölgə oliqarxlarla əlbir olmuş respublika elitasının xaç ataları – Vəli Axundov və Vasili Mjavanadze öz kreslolarını sakitcə Azərbaycan DTK-nın katibi Heydər Əliyevə və Gürcüstanın Daxili İşlər Naziri Eduard Şevarnadzeyə təhvil vermişdilər. Onların hər ikisi – həm Əliyev, həm də Şevarnadze hədsiz dərəcədə həyasızlaşmış yüzlərlə korrupsioneri ya divara söykəmişdilər, ya da barmaqlıqların arxasına yollamışdılar. Deyilənə görə Vəli Axundovun dövründə “raykomun” birinci katibi vəzifəsinin qiyməti 200 min rubl, nazir vəzifəsinin qiyməti isə 120-250 min rubl idi. Lakin yeni katiblərin heç biri korrupsiyaya qalib gələ bilməmişdi: 1971-ci ildə Əliyev DTK-nın generalı Filipp Bobkova kədərlə demişdi: “yalnız bir şeyə zəmanət verə bilərəm: Azərbaycan Kompartiyasının Mərkəzi Komitəsində rüşvət almırlar”.
Həm Əliyev, həm də Şevarnadze şərqin hökmdar xeyriyyəçiliyi ənənəsinə uyğun olaraq iki gözəl və mühüm “antisovet” filminə qeyri-rəsmi şəkildə prodüserlik etmisdilər. Şevarnadze, Tenqiz Abuladzenin “Tövbə” filminin çəkilişlərini yönləndirirdi, Əliyev isə “İstintaq” filminin. Pafoslu “Tövbə”, hələ ekranlara çıxmamış estetik baxımdan həmişəlik köhnəlmişdi. Son dərəcə realist “İstintaq” isə hələ də amansız, qəzəbli enerjisi ilə cəzb eləyir.
Rasim Ocaqov anadangəlmə, fitri operator idi, rejissorluğa da operatorluqdan keçmişdi. Şəki rayonunda yaşayan 17 yaşlı oğlanı ÜDKİ-ə, həvəskar fotolarını topladığı albomuna baxıb götürmüşdülər.
Bir operator kimi onu neorealizmin təqlidində ittiham edirdilər. Ocaqov, “İstintaq” filmini çəkməklə öz “italyan” təbiətini təsdiqlədi, lakin bu artıq başqa “italyanlıq” idi: Bakı həyətlərinə neorealist tərzdə heyranlıq deyildi, Damiano Damiani sayağı siyasi qəzəb idi. O vaxtlar Damianinin mafiyanın, ya da gizli neofaşistlərin kölgə hakimiyyətinə qarşı mübarizə aparan tənha müstəntiqlər haqqında trillerləri (“Mən qorxuram”, “Həyat üçün riskli istintaq”) sovet prokatının hitlərindən sayılırdı.
İtaliyada qəhrəman müstəntiqləri maço Gian Mariya Volonte və Culiano Gemma oynayırdılar. Ocaqova da sanki tanrı özü əmr eləmişdi ki, baş rolu yaraşıqlı Həsən Məmmədova versin. Amma yox. “İstintaq” filmində Məmmədov həyatın ağaları tərəfindən günah keçisi roluna məhkum edilmiş dustağı – keçmiş idmançı, qanunsuz sexlərin rəisi Muradı oynayır. Gözəl, igid, öz arvadını ürəkdən sevən insanı. Onu həbsxana kamerasında görmək son dərəcə qeyri-təbiidi.
Həbs olunması və qaçınılmaz uzunillik cəza Muradı artıq əzib. Ədalət tutqunu olan müstəntiq isə onu məhv eləyir, 16 yaşlı qıza təcavüzü (cəzası güllələnməyə qədər çıxa bilər) onun boynuna qoyur, şantaj eləyir. Müstəntiq Muradı da, özünü də qurban verməyə hazırdır, təki ölkəni idarə edən yüksəkvəzifəli quldurların adları müttəhimin dilindən çıxsın. O adlar ki, adi insanlar dillərinə gətirməyə belə qorxurlar. Yeri gəlmişkən, kimdir onlar? Kimdir o yoldaş Səlimov, Almazov və şəxsən yoldaş Dadaşov? Şöbə müdirləri, Mərkəzi Komitənin katibləri, nazirlər? Onların vəzifələrini dilə gətirmək daha qorxuncdur, nəinki adlarını.
Müstəntiq Seyfi Qəniyev – filmin əsas sensasiyasıdır. Sovet kinosunda hələ heç vaxt qəhrəman bu qədər “antiqəhrəman”, bu qədər gülünc, bu qədər zavallı görünməmişdi.
Kapitan rütbəsində qaldığına görə, özünə gün ağlaya bilmədiyinə görə, ailəsini bapbalaca mənzildə yaşatdığına görə sevimli arvadı (dahi Şəfiqə Məmmədova) tərəfindən çərlədilən keçəl gombul…
Üç qız və çoxdan gözlənilən, o gəlməmiş yatmayan bir oğul atası…
Ağır portfeli, dirsəyiylə böyrünə sıxdığı qovluğu ilə Bakı küçələrini dolaşan tipik mühasib…
Çəkməçilərlə, qəzet satıcıları ilə zarafatlaşan… telefonda növbəti hədə-qorxu payını eşidəndən sonra “nömrəni səhv salıblar” deyərək arvadını sakitləşdirən… Yorğunluqdan huşunu itirə-itirə özünü güclə evdəki masaya çatdırsa da, üz-gözünü məzəli şəkildə büzüşdürüb arvadını güldürən təlxək.. Amma işi tələb eləyəndə yırtıcıya çevrilən təlxək… Elə bir yırtıcıya ki, öz yalqızlığını dərk etdiyi üçün daha da qəddarlaşır…
Seyfinin rəisi –təbii ki, kurs yoldaşı və dostu – düz deyir: istintaq üçün ayrılan müddət bitib, Muradın işini məhkəməyə göndərmək lazımdır, qaranlıq otaqda qara pişiyi axtarmaq yox. Xüsusilə də nəzərə alsaq ki, pişik orda yoxdur. Amma bunları deyəndə əlində “Malboro” qutusu oynadır – bahalı və deməli, qanunsuz, xəyanətkar, iyrənc həyatın əlamətini.
Kapitan Qəniyevi Aleksandr Kalyagin oynayıb – mənə qalsa, bu onun kinoda ən dahiyanə roludur.
“İstintaq”da ən möhtəşəm məqam odur ki, hətta ədalətin finaldakı təntənəsi də böyük bir sual altındadır. Düzdü, Səlimovu, Almazovu, hətta yoldaş Dadaşovun özünü də həyat bayramından qopardırlar. Ancaq dəstə, döyüşçülərini itirdiyini hiss eləmir. Çünki onlar yüzlərlədilər. Onlar yenə də öz qiymətli xələflərinə toy eləyirlər, rəqs edənlərin arasına girərək əl-qollarını əzəmətlə oynadırlar, razılıqla estrada ulduzlarına göz atırlar.
Kapitan Qəniyev isə yenə də ağır addımlarla gecənin qoynuna girir – və cinayət işinin bağlanıb-bağlanmadığı hələ məlum deyil.
Əgər “İstintaq” İtaliyada çəkilsəydi, axırıncı kadrda müstəntiqin boynunun ardından güllə dəyərdi. Məncə, belə final “İstintaq” filminin finalından daha nikbin olardı.
***
“İstintaq” filmindən sonra on il boyunca sovet kinosunun, korrupsiyanı “sexçilər”dən daha yuxarı səviyyədə ifşa eləməyə cəsarəti çatmayıb. Hətta rayon səviyyəsində komsomolçu rəhbərliyin deqradasiyası haqqında pamflet belə, yenidənqurmanın üçüncü ilində sensasiyaya çevrilib (“Rayon miqyasında fövqəladə hal” filmi; rej. Sergey Snejkin 1988).
Vadim Abdraşitov “Qulluqçu” (1988) və Viktor Buturlin indi unudulmuş “Göylərdə ləngimə” (1989; vilayət komitəsi katibinin əmri ilə ifşaçı televiziya işçilərini aparan təyyarə yerə endirilir) filmlərilə vilayət səviyyəsinə çıxmağı bacarıblar.
1992-ci ildən başlayaraq “partiyanın qızılları”ndan bəhs edən spekulyativ filmlər dalğası yaranıb. “Qara kvadrat” (Yuri Moroz, 1992), “Şərəfsizlik kodeksi” (Vsevolod Şilovski, 1993), “Yıxılma” (Lev Piskunov, 1993), “Partiyanın qızılı” (Aleksandr İvanov, 1993)
Yalnız 1997-ci ildə Viktor Sergeyev qəhrəmancasına, postsovet dövründə korrupsiyadan bəhs edən triller çəkməyə çalışıb (“Şizofreniya” filmi).
Mixail Trofimenkov