Dövlətin bizə təqdim etdiyi rəsmi statistikaya inansaq, 2020-ci ildə işsiz əhalinin iqtisadi fəal əhaliyə nisbəti 7,2 faiz olmuşdur. Müvafiq ildə ölkədə iqtisadi fəal əhalinin təxminən beş milyon nəfər olduğunu nəzərə alsaq, ölkədə hər on nəfərə düşən işsiz sayı kobud hesabla bir nəfər edir.
Təbii ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin bizimlə bölüşdüyü rəsmi məlumatdır. Məsələnin qeyri-rəsmi tərəfi isə müzakirəyə açıqdır. Belə ki, çox da uzaq olmayan keçmişdə, ölkə ərazisində karantin rejiminin ən sərt dönəmində hökumət lütf edib 190 manat birdəfəlik yardım paketi ayıracağı ilə bağlı qərar qəbul etdi. Bəhsi keçən qərarın başağrıdan təfərrüatlarına girmədən bu qərarın, əslində, ölkədə tüğyan edən işsizlik göstəricisinin hansı həddə olduğunu aşkaranə ifadə etməsi cəmiyyətdə böyük ajiotaj yaratdı. Belə ki, birdəfəlik yardım paketini almalı olanlar həm də rəsmi olaraq işsiz statusuna malik olmalı idilər və türklərin sözü ilə desək, dananın quyruğu da elə burada qopdu. Məlum oldu ki, ölkədə nə az, nə çox təxminən iki milyon rəsmi iş yeri olmayan adam var imiş. Təbii ki, hökümət rəsmiləri onsuz da dilənçiyə sədəqə mahiyyəti daşıyan birdəfəlik yardım paketini bu qədər adama paylamağa cürət etməzdilər. Bu baxımdan onlar müxtəlif meyarlar tətbiq edərək bu sayı altı yüz minə qədər endirməyə nail oldular. İstənilən halda yarım milyondan bir qədər çox olan bu göstərici belə rəsmi işsizlərin heç də statistikada göstərilən və demək olar ki, hər il təkrarlanan o müqəddəs rəqəm qədər olmadığını isbat etdi.
Təbii ki, mən burada bəhs olunan iki milyon adamın heç də hamısının işsiz olduğunu, heç bir əlavə qazanclarının olmadığını-filan vurğulamaq istəmirəm. Məlum məsələdir ki, bu insanların, heç olmasa, yarısı hökümətin təbirincə desək, kölgə iqtisadiyyatının müxtəlif sferalarında çalışırlar. Əks halda indiyə qədər çoxdan sosial gərginlik partlayış həddinə çatmışdı.
Bütün bunlar öz yerində qalsın. Mənim bu problemin fonunda bəhs etmək istədiyim mövzu bir qədər fərqlidir. Aydın məsələdir ki, uzun müddətdir, ölkədə bütün mümkün sahələri əhatə edən böhran yaşanır. Orası da məlumdur ki, bu problemin təməlində yarıtmaz idarəetmə fəlsəfəsi durur. Ancaq bu heç də o demək deyil ki, biz hər şeyi zay sistemin üzərinə atıb məsuliyyətdən yayınmalıyıq. Bu mənada fərd olaraq bizim də öhdəmizə çox şey düşür. Həyat dinamikdir və bu dinamikliyə adaptasiya olmaq üçün daim çalışmaq lazımdır. İnsan daim mərhələ adlamaq barədə düşünməli, özünə sərmayə yatırmağa xəsislik etməməlidir. Bu banal ifadələr ürəyimizi sıxsa da, reallıq bundan ibarətdir.
Yer kürəsinin yaşını nəzərə alsaq, bizim quyruqlu əcdadlarımızdan təkamül edib indiki cismimizə bürünməyimizdən çox qısa zaman keçib. Bu baxımdan mədəni təkamülümüzü nəzərə almasaq, biz bitkilərdən ibarət cəngəlliklər əvəzinə betondan ibarət şəhərlərdə yaşayan vəhşilərik. Yəni hələ də və yaxın gələcəkdə ən ali instinktimiz olan yaşamaq uğurunda kəskin mübarizəyə davam edəcəyik. Bunları nəzərə alıb xüsusən də mövcud amansız rəqabət mühitində sağ qalmaq üçün mübarizə aparmağa hazır olmalıyıq və nəzərə almaq lazımdır ki, bu mübarizə kiçik yaşlarımızdan başlayır. Oyuncaqlarımız ilk metodik vəsaitlərimiz hesab olunur. Sonra bağca mərhələsi gəlir. Proses məktəb adlanan və həyatımızın uzun bir dönəmini əhatə edən təhsil ocağı ilə davam edir.
Daha sonra ali təhsil və onun pillələri. (Burada kiçik bir haşiyə çıxaraq təhsil aldığımız müddətdə tədris olunan vəsaitlərin, tədris metodologiyasının ənənəviliyini və artıq dəbdən düşdüyünü xatırlatmağı lazım bilirəm) Nəhayət iş gəlib çıxır karyera qurmaq mərhələsinə. Bu isə özlüyündə bizim ən yaralı yerlərimizdən biridir. Çünki bəzən insanlar təhsilimizi tamamladığımızda sanki dövlətin və özəl sektorun bizi həvəslə işə qəbul etmək üçün gözləmə mövqeyində dayandığı yanılğısına qapılır. Xeyr. Nə dövlətin, nə də özəl sektorun elə bir öhdəliyi var. Dövlət sadəcə bərabər imkanlar yaratmaqla hökü mlüdür.
Bəzən görürsən ki, insanlar dövlətin məşğulluq siyasətindən, onun yarıtmazlığından, təhsilli şəxslərin işsiz qalmasından ağız dolusu danışır və mühakiməni tək tərəfli yürüdürlər. Ancaq özlərinin elanı verilən iş üçün nə qədər uyğun olduqlarını sorğulamırlar. Adamlar unudur ki, universitetlər tərəfindən onlara verilən sənəd, yəni diplom sadəcə olaraq şəxsin həmin təshil ocağını müvəffəqiyyətlə bitirdiyinin yazılı sübutudur. Daha ya dövlətin ya da özəl sektorun qapılarını taybatay açan pult deyil.
Hər dövrdə olduğu kimi, müasir zamanda da işin, ələlxüsus da yaxşı işin öz tələbləri var. Əvvəla informasiya əsridir. Bu baxımdan komputer və onunla bağlı şeyləri, heç olmasa, orta səviyyədə bilmək, komputerin, elmin, təhsilin və bir çox sahənin ana dili olan ingilis dilini mənimsəmək, işəgötürənlərin səndən azı bir illik təcrübə istəyə biləcəklərini nəzərə alıb təhsil aldığın sahədə ödənişli yaxud ödənişsiz təcrübə proqramlarına qatılmaq, təlimlərdə iştirak etmək lazımdır. Təbii ki, əgər şansını artırmaq istəyirsənsə, sahənlə birbaşa və dolayı əlaqəsi olan kurslara pul xərcləmək də olar. Nəticədə özünə edəcəyin investisiya gələcəkdə elə özünə qayıdacaq, özü də artıqlaması ilə. Əksər iddialı şirkətlərin, müəssisələrin kadr mühitinin rusdilli olduğunu və bu mənada səndən rus dili biliyi istənilə biləcəyini də qeyd etmək yerinə düşər.
Haqlı olaraq sual oluna bilər ki, yaxşı bəs bütün bu tələbləri artıqlaması ilə ödədik, qeyd olunan həmin o iddialı iş yerini necə tapacağıq. Burada artıq məsuliyyət tamamilə fərdin öz üzərinə düşür. Ərinməyib internetdə bir qədər axtarış edilsə, yaxud “LinkedIn” sosial platformasındakı elanlara baxış keçirilsə, kifayətdir. Bu arada yaxşı bir CV forması düzəltməyi bacarmaq da lazım olacaq.
Xülasə, dövr rəqabət dövrüdür, daşdan pul çıxartmaq dövrüdür. Artıq ənənəvi və köhnəlmiş üsullarla iddialı vəzifəyə elçi düşmək keçmişdə qalıb. Odur ki, zamanın tələblərinə ayaq uydurmaq və reallıqla hesablaşmaq lazımdır. Yazını Rəşad Ramazanlı adlı sosial şəbəkələrdən tanıdığım şəxsin fikirləri ilə yekunlaşdırmaq istəyirəm:
“İş tapa bilmirəm yox, işə uyğun deyiləm deməyi öyrən ki, əskikliklərini tamamlayıb layiqli iş adamı ola biləsən. Hazırda sənin üçün iş, iş üçün də sən yoxsan. Həqiqətdə isə ikiniz də varsınız. Olmayan isə iş üçün lazım olan bilik və bacarıqlardır.”
Pərvin Hacıyev