Əvvəli birinci yazıda
İslam Dövlətinin (İD) qısa bir zamanda bu qədər ərazini özünə tabe etməsinin səbəbi həm İraq, həm də Suriyada yerli əhalinin, əsasən, sünni ərəblərin dəstəyini qazanması idi. Bir terror təşkilatı kimi İraqda ortaya çıxan İD, orada özünü sələfi olan Əl-Qaidədən xeyli fərqli tanıtmağı bacardı. 2013-cü ildə Fəllucəni nəzarətə götürən İD, hər kəsin gözlədiyi terrorçu davranışların, soyğunların, xərac kəsmələrin əksinə, hakimiyyəti müəyyən şərtlər daxilində yerli aşirət rəhbərlərinə təslim etdi və hisbələr (bələdiyyə, asayiş funksiyalarını yerinə yetirən qurum) yaradaraq qoşunu şəhər kənarına çıxardı. Bu hisbələr, əsasən, yerli aşirət mənsublarından təşkil olunurdu. İD nəzarətində olan ərazilərdə yalnız İD atributları keçərli idi və zəkat, cizyə, sədəqə kimi vergi sistemi yaradılmışdı. Onlar maaşların verilməsini təmin edirdi. Bu da Fəllucəni İD-nin, yeni idarəetmə sistemini yaradan laboratoriyaya çevirdi.
İD timsalında Səddamdan sonra, demək olar ki, siyasi arenadan kənarda qalan sünni ərəblər üçün yeni bir şans yarandı. Buna görə də İD, qısa bir zaman ərzində İraqda genişlənməyi bacardı və İraqın ikinci böyük şəhəri olan Mosulu nəzarətə götürə bildi. İD “dövlət yaratma” prosesini nəzarətə götürdüyü bütün yaşayış yerlərində həyata keçirirdi. Nuri əl-Malikinin sünnilərin orduya alınması məsələsinə qərəzli münasibəti, bir zamanlar amerikalılarlın maaşa bağladığı sünni döyüşçülərin sadəcə 20%-ni orduya qəbul etməsi yerdə qalanlarını İD ordusuna çevirmişdi.
2014-cü ilin sonunda İraqda sünni ərəblərin yaşadığı ərazilərin 75%-i İD-nin nəzarətində idi. Mosul kimi böyük şəhərin İD nəzarətində olması İraqın 3-cü etnik çoxluğu olan kürdləri, İraq Kürdüstanını narahat etməyə bilməzdi. Bu zamana qədər səssiz qalan Peşmergənin, İD ilə bəzi ərazilərlə bağlı razılığa gəldiyi görüntüsü yaranırdı. Məsələn, İD Sincara hücum etdikdən, yezidilərə divan tutduqdan sonra bu ərazilərdə yerini Peşmergəyə verərək Təlaferə çəkildi, kürd qüvvələr isə bu ərazilərdə qalıcı yerləşməyə başladı. İD, Diyalaya maneəsiz keçid qarşılığında Kərkükdə İraq qoşununu məğlub etməli idi. Həqiqətən də peşmərgə kürdlərin israrla tələb etdiyi, qarışıq yaşayış məntəqələri olan Kərkükə gələndə İD sistemli şəkildə bu ərazilərdən geri çəkildi. İD-nin məqsədi qarışıq yerləşim məntəqəsi olan Diyalaya keçmək, burdan da Bağdada yaxınlaşmaq idi. Lakin İraq Kürdüstanının ikinci böyük partiyası olan Kürdüstan Vətənərvərlər Birliyinin rəhbəri C. Tələbaniyə tabe olan peşmergələr, İraq hökuməti ilə razılaşaraq İD-nin Diyalada möhkəmlənməsinə, etnik kürdlərin də yaşadığı ərazilərdə qalıcı olmasına imkan vermədilər.
Beləliklə, İraq Kürdüstanı ilə İD arasındakı anlaşma pozuldu və onun İraqda genişlənməsi ləngidildi. Buna baxmayaraq, İD-nin öz ərazilərini qoruya biləcək ordusu, resursu vardı. Ən azından, Əl-Qaidə kimi ianələr və qonşu dövlətlərin (Səudiyyə, Qətər, Küveyt və s.) siyasi gedişlərindən asılı deyildi. Sözsüz ki, İD bütün maliyyə resurslarını vergilər hesabına ödəmirdi, digər alternativ mənbələrdən də məharətlə istifadə edirdi.
İD-nin maliyyə mənbələri arasında birinci yeri qara bazarda neft ticarəti tuturdu. İraq və Suriya ərazisində İD-nin nəzarətinə keçən bölgələrdə çıxarılan neft xammal şəklində ətraf ölkələrə satılırdı. 2015-ci ildə İD, neft sənayesini pik həddə çatdıraraq, günə 80 -120 min barel neft istehsal edə bilirdi ki, bu da gündəlik 2-4 milyon ABŞ dolları dəyərində gəlir demək idi. Bu qeyri-qanuni ticarət İraq üçün yad deyildi, əvvəllər də qaçaqmalçılar Türkiyə və İrana qaçaq neft satırdılar. Uzun illər boyu qurulmuş bu qaçaqmalçılıq siyasəti, indi İD-nin əsas gəlir mənbəyinə çevrilmişdi.
Nə qədər qəribə səslənsə də, İD bəzən bəzi yataqları onlarla razılaşan şirkətlərlə müştərək istifadə edirdi. Məsələn, Raqqa ətrafında Şaer qaz yatağı uğrunda şiddətli döyüşlərin davam etdiyi müddətdə digər qaz yatağı olan Tuveynan öz fəaliyyətini davam etdirirdi. Bu yatağı Rusiyanın “Stroytransqaz” şirkəti istifadə edirdi. Yeri gəlmişkən, “Stroytransqaz” Kremllə yaxın əlaqələri ilə məşhurdur. Bu yatağın adıçəkilən şirkətə 2007-ci ildə Suriya hökuməti tərəfindən icarəyə verildiyi deyilir. 2014-cü ildə yataq İD-nin nəzarətinə keçsə də, öz fəaliyyətini dayandırmır, hətta rus mühəndislərə Hama şəhərinə keçib növbə dəyişmək üçün koridor və 50 min ABŞ dolları qarşılığında avadanlıqların təhlükəsizliyi təminatı verilir. Yataqdan hasil olan enerjidən həm İD, həm də rejim istifadə edirdi. İD təkcə neft-qaz deyil, nəzarətində olan digər mineral (duz, fosfor), tikinti materialları (əsasən, sement) yataqlarını, əkin sahələrini də sənayeyə cəlb etmişdi.
İD üçün digər gəlirli sahə antikvar ticarəti idi. UNESCO tərəfindən qorunan Ninova, Palmira, Nimrud kimi antik şəhərlər onun nəarətinə keçmişdi. Bəzi təbliğat videolarında bu antik şəhərlərdə olan abidələrin haram və küfr elan edilərək dağıdıldığı göstərilsə də, ordakı daşına bilən antik əşyaların, freskaların əksəriyyəti ölkədən çıxarılaraq Türkiyə, Livan ərazisində satılmışdı. 2015-ci ildə təkcə Suriya ərazisində yerləşən antik məbədlərin 25%-i yağmalanaraq oğurlanmışdı.
Ümumiyyətlə, İD-nin təkcə Suriya mədəni irsinə, turizm sənayesinə vurduğu zərər 6,5 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. Hətta dünya şöhrətli suriyalı arxeolog Xalid əl-Əsəd, Palmirada əntiq əşyaları İD-dən gizlətdiyi üçün başı kəsilərək edam edilmişdi.
İD-nin gəlir mənbələrindən biri də nəzarətində olan ərazilərdən toplanan zəkat, cizyə, sədəqə vergiləri idi. Bu tip vergi sistemi müasir dünyada keçərli olmasa da, yerli əhali üçün o qədər də yad deyildi. Bundan əlavə İD, Sincar ərazisində əsir aldığı yezidiləri də qul kimi sataraq XXI əsrdə quldarlığı da bərpa etmişdi. Hətta onlar bunun, “peyğəmbər dönəmindən qalan həsən (gözəl) adət” olduğunu da təbliğ edirdilər. Həmçinin döyüşlər zamanı ələ keçirdikləri əsirlərin də hamısını edam etmir, bəziləri fidyə qarşılığında azad edilirdi. Düzdür, şiələrə bu haqq tanınmasa da, kürdlər və digər sünni qruplar arasında bu mübadilə həyata keçirilirdi.
Digər önəmli gəlir mənbələrindən biri də, İD-nin qurmuş olduğu həvalə sistemi idi. Bu sistem müasir dünyadakı bank-transfer xidmətinin ən qədim formasıdır. Hazırda da, əsasən, Yaxın Şərq, Afrika, C.Asiya regionunda da aktiv fəaliyyət göstərən bu sistem miqrant, cinayətkar qruplaşmalar, terror təşkilatları arasında pul köçürmələri və gizli ticarətdə aktiv istifadə olunur. Bu tip hesablaşmalar dövlətlərin nəzarətindən kənar, “yeraltı” yollarla həyata keçirilir. FinCEN-in təxminlərinə görə, dünyanın müxtəlif yerlərində 5000-ə yaxın bu tip brokerlər fəaliyyət göstərir. İD də bu sistemdən istifadə edərək gəlir əldə edirdi.
Yerinə yetirilməyən vədlər
2014-cü ildə İD bir propaqanda videosu yayımladı. Videoda bir qrup mücahid, Yarubiyədə (Til-Koçer) İraq və Suriya sərhədini zəfər şüarları ilə keçir, bir-birlərini təbrik edib Sykes-Picot razılaşmasını tanımadıqlarını, razılaşmanın təyin etdiyi sərhədləri dağıtdıqlarını nümayiş etdirirlər. Sykes-Pikot – İngiltərə və Fransa arasında 1916-cı ildə bağlanmış gizli razılaşmadır və ərəblərin yaşadığı Levant (Bilad-i-Şam) ərazisininin Osmanlı hakimiyyətindən çıxmasını, Yaxın Şərqin bu iki dövlət arasında parçalanmasını nəzərdə tutur. Bu anlaşmanın sünni ərəblər üçün bir başqa anlamı onların aldadılması, onlara verilən sözlərin tutulmamasıdır. İD-nin səhnələşdirib mediaya təqdim etdiyi görüntülər tarixi yaddaşa xitab edərək, əsasən, yerli ərəblərin dəstəyini almaq cəhdi idi. Həqiqət isə başqa idi, yəni Yarubiyədən keçən İraq və Suriya sərhədinin Sykes-Picota heç bir dəxli yoxdur, bu sərhəd 1925-ci ildə müəyyənləşdirilib.
Açılan sərhədlər, Hələbdən Kərkükə qədər olan ərazidə müasir dövlət anlayışına zidd bir dövlətin yaranmasının elanı idi. Artıq Suriya və İraq ərazisində bir bayraq altında vahid quruluş fəaliyyət göstərirdi. Bu açılım həm hərbi, həm də bürokratik anlamda inteqrasiyanı sürətləndirdi. Bir iraqlı Raqqada yüksək vəzifəyə gətirildiyi kimi, bir suriyalıya da Mosulda vəzifə verilə bilirdi. Bu, bədəvi ərəblər üçün əhəmiyyətsiz olsa da, Suriyadakı sünni burjuaziya da buna isti münasibət bəsləmədi. Raqqada yüksək postlarda tunislilərin çoxluğu yerliləri narahat eləməyə bilməzdi.
Bundan başqa, ərəb yaşayış məntəqələrində onların dilini yaxşı bilməyən mavi gözlü, sarışın avropalılar, çəkik gözlü orta-asiyalılar, qafqazlılar daha çox nəzərə çarpmağa başlamışdılar. İdlibli Əbu Muhəmməd əl-Adnaninin İD-nin sözçüsü, Xəlifənin köməkçisi vəzifəsinə yüksəldilməsi bu narazılıqların parçalanmaya aparmasının qarşını almaq üçün atılan addımlardan idi. Bəzən mediada daxili iqtidar çəkişmələri bağlı şaiyələr də çıxsa da, kiçik qruplar xaric, böyük parçalanmalar olmadı. Əksinə, İD öz avtoritar sistemini ələ keçirdiyi ərazilərdə möhkəmləndirməyi bacardı. Şəriət məhkəmələrinin qərarları hətta öz döyüşçülərinə qarşı da amansız idi. Rüşvətdə və dövlət əmlakını mənimsəməkdə günahlandırılan Əbu Müntəzirin başı kəsilmiş, çarmıxa çəkilmişdi. Edam olunanlar arasında Rusiya kəşfiyyatına işləməkdə ittiham olunan çeçenlər (Rusiya təkzib etmişdi), İD-ə üsyan etmiş azərbaycanlılar da vardı. 2014-cü ilin sonunda İD, Əbuzər, Əbu Yaqub, Əbu Məryəm və Ömər ləqəbli 4 azərbaycanlının həbs olunduğunu göstərən video yayımlayır. Azərbaycan dilində danışan bu şəxslər, İD-ə üsyan edərək bir neçə nəfəri öldürüb, Türkiyə sərhədinə qaçdıqlarını etiraf edirdilər. Onlar İD polisi tərəfindən saxlanılanda digər döyüşçülərin əlinə keçməsin deyə öz zövcələrini (arvadlarını) öldürmüşdülər.
Zaman-zaman xristian soyqırımı törətdiyi deyilsə də, bu, İD-nin strategiyasına ziddir. Düzdür, Suriyada katolik və Kəldani kilsələri dağıdılmışdı, amma bu sırf Qərbin hisslərinə toxunmaq, onu müharibəyə çəkmək üçün ola bilərdi, ya da həddini aşmış vandallıq idi. Savaşlar zamanı ən çox zərər görmüş toplum yezidilər idi. İdeoloji olaraq, “Kitab Əhli” (xristian və yəhudilər), çoxtanrılı dinlərin nümayəndələri ilə bərabər tutulmur deyə, xristianlara cizyə verərək zimmi (şəriət dövlətində müsəlmanlarla eyni olmayan, lakin yaşamaq, ibadət hüququ verilən vətəndaş) statusunda İD ərazisində yaşamaq haqqı tanındı. Raqqada yaşayan xristian azlıq bunu qəbul edib yaşadığı halda, Mosuldakı bütün xristian icmalari yekdil qərarla buna razılaşmadılar və sürgün siyasətini seçərək İraq Kürdüstanına sığındılar. Yezidilərə isə bu haqq tanınmadı.
2014-cü ilin sonunda ABŞ, həm azlıqlara olan zülmü, həm də “Kobanidəki dirənişi” əsas gətirərək koalisiya yaradıb İD-ə qarşı “Sarsılmaz Qətiyyət” əməliyyatına start verdi. İD bu koalisiyanın qurulması üçün “əlindən gələni” etmişdi. Gah xristianların, gah qaçırılan jurnalistlərin edamlarını öz mediasında paylaşmaqdan əlavə, alman jurnalist Jürgen Totenhöferi də Mosula dəvət edərək 10 gün ərzində çəkiliş aparmasına şərait yaratmış, bu zaman öz amansız edam üsullarını gizlətməyə belə çalışmamışdılar.
İlk vaxtlar ABŞ, terrora qarşı mübarizəyə öz canlı qüvvələrini göndərmir, yerli aktyorlardan istifadə edirdi. MKİ-nin hesabatlarına görə, Suriya ərazisində dini-ideloji, etnik, siyasi və brokonyer əsaslarla yaradılmış 1500 fərqli qrup fəaliyyət göstərirdi. Yerli sələfi qrupların əksəriyyətini körfəz ölkələri, müxalif qrupların bir hissəsini Türkiyə himayə edirdi, ABŞ da müxalif qruplarla yanaşı, kürd birləşmələrinə də dəstək vermək qərarına gəlmişdi. Amerikanın kürdlərə MANPADS-lar (PZRK) verməsi məsələnin sadəcə İD olmadığını göstərirdi. İD-nin hava qüvvəsi bir neçə kiçik müşahidə dronundan ibarət idi. ABŞ, Türkiyənin etirazına cavab olaraq “silahları sonra yığacağını” bildirdi. Kürdlər də sonradan bu silahı uğurla, hökumət hava qüvvələrinə qarşı istifadə etdilər. Türkiyənin baş naziri Əhməd Davudoğlunun Diyarbəkirdəki çıxışında Kobanini dəstəkləməsi iqtidarda fikir ayrılığı yaratdı və Kobani məsələsində iqtidarın güzəştə getməsinə səbəb oldu. Türkiyə iqtidarı Kobaniyə silah yardımının öz ölkəsinin ərazisindən keçməsinə icazə verməyəcəyini bildirsə də, Davudoğlunun bəyanatları iqtidarın geri addım atması, Davudoğlunun siyasi karyerasının da sona çatması ilə nəticələndi.
2015
4 ay sürən döyüşlərdən sonra 2015-ci ilin yanvarında İD, Kobanidən çəkilmək məcburiyyətində qaldı. Bundan ruhlanan digər kürd qrupları da PYD ətrafında birləşməyə başladılar. May ayında İD, bir neçə gün ərzində İraqda aylarla döyüşlər gedən Ramadi, Suriyada Palmira, Liviyada isə Qəddafinin doğma şəhəri olan Sirtə şəhərlərini ələ keçirdi. Artıq İD-nin Liviyada da nəzarət etdiyi ərazi var idi, terror hücumlarının radiusu isə bütün Yaxın Şərqi, Aralıq dənizi hövzəsini və Avropanı əhatə edirdi. Suriyanın şimalında isə kürd silahlılar koalisiyanın hava dəstəyi ilə Tel-Abyad, Ayn-İssa kimi strateji məntəqələrdə irəliləyə bilmişdilər.
Artıq 2015-ci ilin sentyabrında Rusiya da İD-ə və Suriya ərazisində olan digər cihadçı qruplara qarşı hava hücumlarına start verdi. Qərb mətbuatı Rusiyanın hava zərbələri nəticəsində sivillərin həlak olduğunu söyləsə də, bu, Rusiyanı dayandırmadı. Həm də rus hərbçiləri Suriya hökumətinin rəsmi dəvəti ilə yardıma gəlmişdilər. Oktyabrın sonlarında İraq hökumət qüvvələri və Xalq Hərəkatı Birlikləri (şiə milislər) İraqın ən böyük neft yatağı olan Baijini İD-dən geri aldılar. ABŞ, İD-ə qarşı ilk itkilərinin sayını açıqladı, Belə ki, ABŞ xüsusi təyinatlıları Şimali İraqda əsirlərin xilas edilməsi əməliyyatında güclü müqavimətlə rastlaşaraq itki vermişdilər. Noyabrda kürdlər koalisiyanın hava dəstəyinin köməyi ilə Sincar şəhərini İD-dən geri aldılar. İD, hava hücumlarına qarşı, demək olar ki, müdafiəsiz idi. Düzdür, İordaniya, Rusiya hərbi təyyarələrini vurmağı bacarsalar da, bu, müdafiə üçün yetərli olmurdu. Görüntünü məhdudlaşdırmaq üçün strateji yerlərdə rezin avtomobil təkərləri yandırmaq da effektli deyildi.
Belə hava hücumlarının birində İD özünün maliyyə naziri Əbu Salehi və bir neçə yüksək rütbəli komandirini itirdi. 2016-cı ilin sonunda isə Ramadi şəhəri hökumət qüvvələri tərəfindən azad edildi. Həm İD-nin, Ənbar vilayətində böyük aşirətlərdən biri ilə aralarındakı mübahisələrdə sərt tədbirlər görməsi (Ənbar vilayətinin Hit qəsəbəsində hələ 2014-cü ilin sonunda İD-ə qarşı çıxan Əbu Nimr aşirətinin əlliyə yaxın nümayəndəsini güllələməklə toplu edam etmişdilər), həm də İD-dən geri alınan ərazilərdə hökumət qüvvələri ilə bərabər hərəkət edən şiə milislərin sünni yaşayış məntəqələrində əhalini qəddarlıqla köçə məcbur etməsi digər aşirətləri də hökumətlə gizli razılaşmalara yönləndirdi. 2003-cü ildə İraq müharibəsi zamanı şiələr sünniləri Bağdaddan köçməyə məcbur etmişdilər və tarix boyu ilk dəfə Bağdadda üstünlük qazanmışdılar. Onda qarışıq məhəllələrdə yaşayan sünnilər başqa əraziyə, əsasən, Diyalaya köçmək məcburiyyətində qalmışdılar. 2015-ci ilin son həftəsində hökumət qüvvələri Ramadi şəhərinə nəzarəti bərpa edə bildilər, bu dəfə şiə milislərlə yanaşı bəzi sünni aşirətlər də hökumət qüvvələrinə yardım etdi. Bu yardım İD-ni satmaqdan çox, yerli əhalini sürgündən qorumaq xarakteri daşıyırdı.
2016
2016-cı ildə İD-ə qarşı açılan cəbhələrdə eyni zamanda başlanan hücumlar ABŞ-ın hava dəstəyi ilə çox uğurlu həyata keçirilirdi. May ayında həm Fəllucədə İraq ordusu, həm də Raqqada SDF (əsasını YPG, kürd qüvvələri təşkil edən Suriya Demokratik Gücləri) İD-ə qarşı hücumlara başladı. Raqqada müqavimət güclü olsa da, İD, Fəllucənin kontrolunu iyunun sonlarında itirdi, şəhər İraq ordusunun nəzarətinə keçdi. İyul ayında isə Suriyanın Mənbic şəhərinin bir hissəsi ABŞ-ın dəstəklədiyi müxalif qruplar tərəfindən İD-dən alındı (ABŞ Suriyada həm kürdlərin, həm də bəzi müxalif qruların əməliyyatlarına hava dəstəyi verirdi).
Avqust ayında Liviya qüvvələri də Sirtə şəhərində İD-ə qarşı uğurlu əməliyyatlara başladılar. Hücumların qarşısını almaq və effektiv əks-hücumlar üçün İD, piyadaların qorxulu yuxusu olan, SVBIED (suicide vehicle-borne improvised explosive devices) hücumlarını artırdı. Kustar üsulla modifikasiya edilən, yüklü partlayıcı daşıyan bu tip əcaib maşınların durdurulması piyadalar üçün hardasa mümkünsüz idi. İD, həm hərbi, həm də psixoloji üstünlüyü olan bu “silahdan” uğurla istifadə edirdi. “Cənnətə tələsən mücahid” üçün bundan gözəl imkan ola bilməzdi.
Avqustun sonunda Əl-Bab yaxınlığında İD-nin sözçüsü əl-Adnanin hava zərbəsi nəticəsində məhv edildiyi xəbəri yayıldı. İyul ayında Mosulda vurulan Ömər Şişanidən (Tərxan Batiraşvili) sonra İD-nin ən yüksək rütbəli fiquru olan Adnaninin zərərsizləşdirilməsi daxildə cəsus ovlarını çoxaltdı. Əvvəl sorğusuz ordu sıralarına qatılan xarici döyüşçülər artıq sorğulanmağa başladı, whatsapp və telegram kimi mesencer sistemlərindən istifadə qadağan edildi. İD, bu şəbəkələrin ABŞ kəşfiyyatına geolokasiya məlumatlarını ötürdüyünü əsas gətirirdi.
Oktyabrda İraq ordusu Mosul kampaniyasının başlandığını elan etdi və qısa zamanda xristianların yaşadığı Qaraquşu geri almağı bacardı. Suriyada isə Türkiyə dəstəkli müxaliflər ideoloji əhəmiyyət daşıyan Dabıqı ələ keçirdilər. İraq rəsmilərinin məlumatına görə, artıq İD-nin nəzarətində heç bir neft yatağı qalmamışdı. Noyabrın əvvəlində Mosul dövlət televiziyası İD-dən geri alındı. Bu, kampaniya başlayandan bəri İraq ordusunun ilk böyük uğuru idi. Noyabrın 3-də Bağdadi bir səs yazısı paylaşaraq, özünü bütün müsəlmanların Xəlifəsi olduğunu dedi və müsəlmanları, əsasən, tunisli, əlcəzairli gəncləri əmirlik yaratmağa, ona beyyətə səslədi.
Dekabrda Liviyada hökumət qüvvələri, İD-nin tamamilə məğlub olduğunu və Sirtədən qovulduğunu bəyan etdi. 2016-cı ilin sonunda İD, Palmira şəhərində irəliləyən Suriya ordusunu yenidən qovmağı bacardı. Suriya Ərəb Ordusu 2016-cı ilin yayında Rusiya aviasiyasının köməyi ilə Palmiranı geri alsa da, dekabrda İD yeni hücumla şəhəri və ətraf yüksəklikləri nəzarətə götürdü. İD-nin strateji T-4 hava limanına iki hücumu da uğursuz oldu, Suriya Ərəb Ordusu hava limanını qorumağı bacardı. Dekabrın 29-u İraq ordusu Mosul əməliyatlarının 2-ci fazasına start verdi.
2017
2017-ci il İD-ə qarşı əməliyyatların ən kəskin dövrü idi. Artıq yalnız Suriya və İraq ərazisində deyil, Misir (Sinay yarımadası), Əfqanıstan, Filippinlərdə də anti-terror əməliyyatları həyata keçirilirdi. Hətta Əfqanıstanda ABŞ aviasiyası, “bütün bombaların anası” deyilən, ən güclü nüvə olmayan silahdan istifadə etmişdi. Bu silah ilk dəfə müharibə şəraitində, İD-ə qarşı istifadə olundu. ABŞ hökuməti Bağdadiyə beyyət etmiş Əbu Səyyaf qruplaşmasına qarşı Filippin hökumətinə texniki dəstək verirdi. Filippin hökuməti Maravi ərazisində fəaliyyət göstərən qruplaşmaya qarşı əməliyyatlar aparırdı. Mosulda aylarla davam edən döyüşlərdən sonra İraq qüvvələri Tikris çayının şərq sahilinə, şəhərin mərkəzinə doğru irəliləyirdi. Aprel ayında İD-nin görünməyən qəhrəmanlarından olan, “Təbliğat Naziri” Əhməd Əbusamra hava zərbəsi nəticəsində Suriyada məhv edildi. Parisdə doğulub Bostonda böyüyən, kompüter texnologiyaları üzrə təhsil alan Əhməd ingilis dilində yayımlanan “Rumiyya” jurnalının yaradıcılarından və İD-nin önəmli fiqurlarından hesab olunurdu. FTB, onunla bağlı istənilən məlumata görə 50 min dollar mükafat vəd etmişdi.
Suriyada da SDF, Raqqanın şimalında irəliləyirdi. Mosul və Raqqada gedən döyüşlər, İD-ə qarşı aparılan ən ağır döyüşlər idi. Bağdadinin məhv edildiyi (əsasən, Rusiya və İran tərəfindən) dəfələrlə deyilsə də, əsaslı bir sübut gətirilmirdi. Artıq iyun ayından Mosulun mərkəzində sıxışdırılan İD döyüşçüləri, iyulun 8-i sonuncu təslim olmaq çağırışına sona qədər döyüşmək andı ilə cavab verdilər. Bir gün sonra Heydər əl-Abadi Mosulun İD-dən azad olunduğunu rəsmən bəyan etsə də, şəhərin müxtəlif yerlərində kiçik qruplar hələ də döyüşü davam etdirirdilər. Artıq iyulun sonuna olan məlumata görə, İD, İraqda nəzarətində olan ərazinin 73%-ni, Suriyada isə 58%-ni itirmişdi. Avqustun sonunda İraq hökuməti, bir həftə davam edən döyüşlərdən sonra Təlafer şəhərinin 95%-nin İD-dən geri alındığını söylədi.
Təlaferdən sonra İraq ordusu İD-nin əlində olan son şəhərə – Havicəyə hücuma başladı. Burada elə də şiddətli döyüşlər olmadı, şəhərdə qalan döyüşçülər peşmərgələrə təslim olmaq şərti ilə şəhəri İraq ordusuna təslim etdilər. İraqla paralel Suriya ərazisində də SDF, hava hücumunun köməyilə Raqqada uğurla irəliləyirdi. Raqqanın qərbində isə Rusiya aviasiyasının dəstəyi ilə hökumət qüvvələri irəliləyiərək Raqqaya daha tez çatmağa can atırdılar. Şəhərdə möhkəmləmənin mümkünsüzlüyünü görən bir çox komandirlər öz ailələri ilə Raqqanı tərk edə bilmişdilər. Qalan döyüşçülər də hökumət qüvvələri ilə SDF arasındakı Raqqa rəqabətini uğurla istifadə etməyə çalışırdılar. SDF-in Fərat hövzəsindəki Konoka qaz yatağını İD-dən geri alması hökumət qüvvələri ilə İD-nin gizli razılaşmasına səbəb oldu. Belə ki, Heyyət Təhtit əl-Şamdan (HTŞ-köhnə Nusra) Həma ərazisindəki 12 kəndi alaraq Suriya ordusuna təslim etdi, əvəzində isə döyüşçülərinin bir hissəsinin ailələri ilə bərabər İdlibə keçməsi üçün dəhliz ldı. Oktyabr ayında Raqqanın 80%-i SDF-nin nəzarətinə keçmişdi. Raqqadan son döyüşçülər (əsasən kürdlər və ərəblər) 14-15 oktyabrda ayrıldı. Bir qrup döyüşçü isə Raqqadan çıxmadı, çünki özbək və qafqazlılardan ibarət bu qrupun “cənnətdən başqa” gedəcək yeri yox idi.
SDF 4 ay sürən ağır döyüşlərdən sonra – oktyabrın 20-də Raqqanın azad olunduğunu bəyan etdi. İD, Suriyada Abu Kamala, İraqda isə Rəva şəhərinə doğru sıxışdırıldı. Suriya Ordusunun nəzdindəki İran dəstəkli şiə milislər, SDF, İraq ordusu İD-ə qarşı son döyüşə qoşuldular, hətta İraq aviasiyası Suriya ərazisində İD-ə hava zərbələri də endirdi. Hələ əvvəlcədən kürd və ərəb aşirətləri yerli İD döyüşçülərini xilas edə bilmişdilər. İddialara görə, İraq aviasiyasına məxsus helikopterlər İraqa keçən aşirət mənsublarını havadan müşayiət etmişdi. Əbu Kamal şəhəri noyabr ayında iki dəfə əl dəyişdirdi, İD, şiə milislərin azad etdiyi şəhəri noyabrın 8-də – 4 gün sonra geri ala bildi. Noyabrın sonlarında əvvəlcə İran prezidenti H. Ruhani, sonra isə İraq hökumətinin başçısı H. Əl-Abadi İD-nin məğlub olduğunu bəyan etdi. Buna baxmayaraq, İD, Deyr-əl Zor səhralıq bölgəsində və İraq-Suriya sərhədindəki kiçik bir ərazidə öz mövcudluğunu davam etdirirdi. Buna səbəb SDF və Əsəd qüvvələrinin öz aralarındakı sərhədi müəyyən etməməsi idi. Fərat çayı sərhəd olaraq qəbul edilsə də, Əsədlə SDF (oxu: Rusiya-ABŞ) razılaşmaq fikrində deyildilər, ona görə, İD bəhanəsi ilə bəzən bir-birləri ilə savaşırdılar.
2018-ci ilin əvvəllərində ABŞ hökuməti, İraq və Suriyada hələ də 10 min İD mənsubunun olduğunu səbəb gətirərək öz qoşununu Suriyadan çıxarmağa tələsmirdi. Başqa bir bəyanatda isə rəsmilər, Bağdadinin 2017-ci ildə Raqqa ətrafında yaralandığını deyirdilər. Artıq İD asimmetrik hücumlara keçmişdi, bu hücumları da əsasən, Deyr əl-Zor səhralarındakı qruplar həyata keçirirdi. Mühasirədə qalan İD döyüşçülərini İraq və ABŞ aviasiyası bombalayırdı. Avqustun sonunda Əbu-Bəkir əl-Bağdadiyə aid olduğu deyilən səs yazısı yayıldı. Səs yazısında Bağdadi, mücahidləri itirilən ərazilərdə aktivliyə səsləyirdi. Səsin Bağdadiyə aid olduğu təsdiqlənmədi. Dekabr ayında SDF, Fəratın şərqində İD nəzarətindəki Hajin şəhərini ələ keçirdi. SDF komandiri Məzlum Kobaninin sözlərinə görə, İD döyüşçüləri şəhərin altında inşa etdikləri tunellər sayəsində müqavimət göstərə bilmişdi. Dekabrın sonunda D. Trump Suriyadan 2000 ABŞ əsgərinin çıxarılacağını xəbər verən tvit atdı, B. Əsəd isə İraq aviasiyasının Suriya ərazisində əməliyyatlar keçirməsinə rəsmən icazə verərək iki ölkə arasındakı gərginliyi azaltdı.
2019-cu ilin fevralında SDF, İD-in son məntəqəsi olan və “çadırlar şəhəri” adlanan (qəsəbəyə sığınan İD döyüşçüləri və ailələri çadırlar quraraq burda yaşayırdılar) Bağuza hücuma başladı. Bir ay davam edən döyüşlərdən sonra çadırlar şəhəri məğlub oldu. Qalan döyüşçüləri SDF həbs etdi. Beləliklə 23 mart 2019-cu il tarixindən etibarən, İD əlində tutduğu bütün əraziləri itirərək de-fakto dövlət kimi mövcudiyyətini sonlandırdı. Aprel ayında cihadçı səhifələrdə Bağdadinin video-görüntüləri yayıldı. O, Şri-Lankada 250 nəfərin ölümü ilə nəticələnən terror hücumlarının itirilən ərazilərin qisası olduğunu deyirdi. Bağdadi, Suriyada ərazi itirməyə başlayandan bəri 8 ölkədə baş vermiş 92 hücumun məsuliyyətini öz üzərinə götürürdü. Bağdadi, sentyabrda yaydığı səsli mesajında öz tərəfdarlarını Suriya və İraq ərazisində həbs edilən mücahidləri qaçırmağa səsləyirdi. Oktyabrın 26-da D. Trump, ABŞ ordusunun İdlibdə keçirdiyi xüsusi əməliyyat nəticəsində Bağdadinin məhv edildiyini, əməliyyat zamanı 3 uşağı ilə bərabər özünü partlatdığını deyir. 4 gün sonra İD, İbrahim əl-Haşimi ə-Qureyşinin ( Əbu Bəkir əl-Bağdadinin) ölümünü təsdiqləyir.
İD-in mövcudluğu bitəndən sonra mücahidlərin ailələri Bağuzdan şimala, Hasəkədə ƏL-Hul qaçqın düşərgəsinə üz tutdular. Düşərgədə 74 min (2019) qaçqın olduğu deyilir ki, bunların da 40 mini Bağuzdan bura gələn İD mənsubu qadın və uşaqlardır. Koalisiya quvvələrinin generalı A. Grinkeviç (ABŞ), düşərgənin təhlükə mənbəyi olduğu və Xilafət ideologiyasının burdakı uşaqlara daha dərin aşılandığı fikrindədir. Onun sözlərinə görə, düşərgədə 20 min radikal düşüncəyə sahib qadın və 50 min yetkinlik yaşına çatmayan uşaq var. Bundan başqa həbsxanada 11 min döyüşçü saxlanılır. Düşərgədəki iraqlı qadın Ummu Suheyb “France Press”ə verdiyi müsahibədə mühacir qadınların dəfələrlə nəzarətçilərə bıçaqlı hücum etdiyini bildirir, özünün də ən böyük istəyi, “Xilafətin qayıtması”dır. Hətta bura Bağdadinin göstərişi ilə gəldiklərini deyir. Yerli Rojava bölgəsinin nümayəndəsi Əhməd Şeyxmus da düşərgənin kontrol edilməsinin çətin olduğunu söyləyir. Analitik Ç. Lesterin fikrincə, bütün bunları 5 il öncə düşünmək lazım idi. İraq, Qazaxıstan, Tunis, İtaliya, Rusiya və s. kimi bəzi ölkələr öz vətəndaşlarını təhvil alsalar da, digər ölkələr buna tələsmirlər.
XXI əsrdə quldarlığı tətbiq edən, öz valyutasını buraxmağa çalışan, bu günkü dünyada dövlətlərarası sərhədlərin kövrəkliyindən istifadə edib qısa zamanda dövlət qurmağı bacaran İD ideologiyasının tam məhv edilmədiyi və istənilən an dirçələcəyi hələ də dünyanı narahat edir.
İstifadə olunan mənbələr:
Neo el-Kaide: İrak ve Şam İslam Devleti(İŞİD) – Can Acun
KOBANİ(AYN EL ARAP) KUŞATMASI BAĞLAMINDA ULUSLARARASI İLİŞKİLERE BİR BAKIŞ/Avrasya Sosyal ve Eekonomi Araştırmaları Dergisi(ASEAD) – Nuri Yazıcı.
İŞİD Tuzağı- Pierre Jean Luizard.
CASH TO CHAOS:DİSMANTLİNG İSİS’ FINANCIAL INFRASTRUCTURE/HOMELAND SECURITY COMITTE.
Middle East Security Reort. Al-Qaeda in Iraq Resurgent – Jesica D.Lewis
How Raqqa Become the Caital of ISIS/New America – N.Rosenblatt,D.Kilcullen
The Believer: How an Introvert with a Passion for Religion and Soccer Became Abu Bakr Al-Baghdadi Leader of the Islamic State – W. McCants.
Unraveling Zarqawi’s al-Qaeda Connection/Terorism Monitor by G. Corera.