Herbert Wells. “Tarix Qeydləri” kitabından
X İbtidai düşüncə
4. Ulduzlar və fəsillər
Yuxarıdakılar və bənzər ideyalar bir-birinə qarışaraq insan həyatının ilk dinəbənzər elementlərini yaratmağa başladı. Nitq inkişaf etdikcə tabu, məhdudiyyət və mərasimlərin sayı da artırdı. Elə bu günün özündə də oxşar ənənələrin torunda çabalamayan vəhşi qəbiləyə rast gəlmək mümkün deyil.
İbtidai maldarlığın meydana gəlməsi ilə bu cür təlimlər əhəmiyyətli dərəcədə yayıldı. Əvvəllər önəmli olmayan bir çox şey artıq insanların məişətində önəm qazanmağa başlamışdı. Neolit dövrünün köçəriliyi mahiyyət etibarı ilə özündən əvvəlki – daim qida arxasınca hərəkət edən ibtidai icma ovçuluğundan fərqli idi. O, artıq fikri-zikri əldə etdiyi ərazilərdə istiqamətləri müəyyənləşdirmək olan, gecə-gündüz sürüsünü güdən çobana çevrilmişdi. Gündüzlər günəş, çox keçmədən gecələr də ulduzlar köç zamanı ona bələdçilik edirdi; bir müddət sonra isə ulduzların günəşə nisbətən daha sabit bələdçi olması da ona aydın oldu. O, yavaş-yavaş ayrı-ayrı ulduzları və ulduz qruplarını bir-birindən fərqləndirməyə başladı; ibtidai insan üçün isə nəyinsə başqasından fərqlənməsi eyni zamanda ona canlılara xas xüsusiyyətlər vermək mənasına gəlirdi. O, ayrı-ayrı ulduzları canlı varlıqlar – ziyalı, ləyaqətli və etibarlı şəxslərin gecələr onun üstündə olan parlaq gözləri kimi təsəvvür etməyə başladı. Tayfa Tanrısı kimi, ulduzlar da ona işlərində kömək edirdi.
Torpağın becərilməsinə başlamaq isə onun fəsil duyğusunu möhkəmləndirdi. Əkin-biçin zamanı müəyyən ulduzlar onun səmasını idarə etməyə başlayırdı. Hansısa ulduz gecəbəgecə müəyyən yüksəkliyə, məsələn dağın kəlləsinə doğru qalxır, sonra orda bir müddət sabit dayandıqdan sonra bu dəfə gecəbəgecə aşağı enirdi. Bu, şübhəsiz ki, doğru yolu göstərən sakit və heyrətamiz bir işarə idi. Bu arada onu da unutmayaq ki, əkinçiliyin yaranması subtropik, hətta bir az da ekvatora tərəf ərazidə baş vermişdi. Orada isə birinci dərəcəli ulduzlar digər iqlimlərə nisbətən daha parlaq şəkildə müşahidə olunur. Oralarda fəsillərin əvəzlənməsi şimaldakı kimi qar və çovğunla müşaiyət olunmur. Əlbəttə, yağış və selin gəlməsini əvvəldən müəyyən etmək çətin ola bilərdi. Amma ümumiyyətlə ulduzların kəraməti mübahisə doğurmurdu.
Neolit insanı tədricən saymağı öyrənir və bunun sehrinə düşürdü. İndinin özündə bəzi vəhşi qəbilələrdə beşdən yuxarı rəqəm bildirən söz mövcud deyil, bəzilərində isə bu kəlmələr heç ikidən yuxarı qalxmır. Amma Asiya və Afrikadakı Neolit insanı özünün get-gedə çoxalan varidatını rahatlıqla sayırdı. O, hesablamaq üçün cızıqlar çəkməyə, bu zaman üçün üçbucağa, dördün kvadrata çevrilməsinə, on iki kimi rəqəmlərin müxtəlif cür bölünə bilməsi, on üçün isə bölünə bilməməsinə heyrətlənməyə başlayırdı. Beləliklə, onun üçün on iki alicənab və sevimli, on üç isə əksinə avara və nəhs rəqəmə çevrilirdi.
İnsan, böyük ehtimalla zamanı təzə ay və bədirlənmiş ay vasitəsi ilə hesablamağa başlayıb. Eyni zamanda Ayın işığı heyvanları artıq çoxdandır təkcə öldürən deyil, həm də qorumağa başlayan çobana yardım edirdi. Ay işığının həm də ona eşq saatlarında köməyi dəyirdi; necə ki, ondan əvvəl ibtidai insana və daha qədimdəki meymunabənzər əcdadına dəymişdi.
Əkinçilik inkişaf etdikcə insan fəsil dəyişmələrinə qarşı daha diqqətli olmağa başladı. İbtidai insan çox güman ki, soyuqlar düşdükcə sadəcə yerini dəyişirdi; Neolit insanı isə qışın nə zaman gələcəyini əvvəlcədən dəqiq müəyyən edir, heyvanlar üçün yem, özü üçün isə buğda tədarükü görürdü. O, səpin zamanlarını da dəqiq müəyyənləşdirməliydi, yoxsa qıtlıqdan canını qurtarmaq çətin olardı.
Əlimizdə olan ən qədim zaman hesablanması Ayın və insan nəsillərinin növbələşməsi ilə bağlıdır. Əkinçiliklə eyni zamanda ay və günəş ilini bir-biriylə uzlaşdırmaq vəzifəsi də qarşıda durdu; bunun izini bü gün istifadə olunan təqvimlərdə də görmək olur. Pasxa günləri təqvimdə daim yerini dəyişir; səbəbi isə bunun qədim zamanlarda ay təqviminə görə müəyyən olunmasıdır.
Müəyyən məqsədlə mal-qarası və var-dövləti ilə bir yerdən başqasına köçdükcə, insanlar olmadıqları yerlərin necə ola biləcəyi barədə xəyallar qurmağa başladı. Onlar hansısa vadidə uzun zaman qaldıqda buralara necə gəlib çıxdıqlarını xatırlamağa çalışır, həmçinin görünən dağların arxasında, ya da günəşin batdığı yerlərdə, yaxud buludlardan yuxarıda nəyin mövcud ola biləcəyilə bağlı mülahizələr yürüdürdü.
5. Nağılçılıq və əfsanələrin yaranması
Söz ehtiyatıyla birgə bu mövzular da çoxalırdı. Paleolit insanının sadə fərdi qarabasmaları, sistemsiz fetiş fəndləri və fundamental tabuları nəsildən-nəslə ötürülərək qətiyyətli sistematiklik halı aldı. İnsanlar özləri, tayfaları, tabuları və onların məramı, həmçinin dünya və onun məqsədi barədə hekayələr yaratmağa başladı. Beləliklə, tayfa təfəkkürü meydana gələrək ənənələrdən birinə çevrildi.
Paleolit insanı Neolit insanıyla müqayisədə daha vəhşi olsa da, eyni zamanda daha fərdiyyətçi, daha yaradıcı idi. Neolit insanı isə artıq reseptlərlə böyüyür, nəyi etmək və nəyi etməməklə bağlı əvvəlcədən təlimatlandırılırdı. Onun nə isə barədə müstəqil fikir formalaşdıracaq azadlığı yox idi. Ona fikirlər hazır şəkildə verilirdi; o, yeni gücün – nəsihətin təsiri altında idi.
Çoxlu söz ehtiyatına malik olmaq, ya da sözlərə qarşı diqqətli olmaq yalnız ağlın gücünü artırmırdı; sözlərin özləri də gücə və təhlükəyə çevrilmişdi. Paleolit insanının işlətdiyi kəlmələr güman ki, əsasən əşya adlarından ibarət idi və başqa bir mənaya da gəlmirdi. Neolit insanı isə bu sözlərin özü, onların bir-biri ilə yaratdığı qarmaqarışıq əlaqə barədə düşünür və qəribə nəticələrə gəlirdi. O, nitq vasitəsilə öz həmcinslərini yalnız bir yerə yığmır, eyni zamanda əl-qolunu bağlayırdı. İnsan özünü yeni, geniş və effektiv kombinasiyalarla şəkilləndirirdi; amma bunun bədəli də vardı.
Neolit insanının ən mühüm xüsusiyyətlərindən biri, onda Son Paleolit insanına xas azad sənətkar meyllərinin total itirilməsidir. Biz onda daha çox çalışqanlığa, vərdişlərə, cilalanmış alətlərə, ümumişlək naxışlara, müxtəlif işlərlə bağlı əməkdaşlığa rastlayırıq, nəinki fərdi yaradıcılığa. Beləcə, bəşəriyyətin özünüməhdudlaşdırması prosesi başlayır. İnsan ümumi xeyir naminə şəxsi niyyətini də qurban verdiyi, indiyədək addımlamaqda olduğu uzun, çətin və dolanbaclı həyat yoluna daxil olur.
İnsanlığın mifologiyasında bunun müxtəlif izlərinə rast gəlmək mümkündür. İlan, Neolit insanını həddən artıq təsirləndirir, günəş isə diqqətini əvvəlki dövrə nisbətdə daha artıq cəlb etməyə başlayırdı. Günəş və ilan Neolit mədəniyyətinin yayıldığı demək olar hər yerdə ya dekorasiya, ya da büt şəklində qarşımıza çıxır. Primitiv ilan bütü hətta gündəlik həyatda ilanın ciddi əhəmiyyəti olmadığı yerlərə qədər yayılmışdı. Əgər bir gün nəhayət, Neolit həyat tərzinin başlanğıc nöqtəsi tapılsa, şübhəsiz ki, ora ilan və günəş işığının başlıca əhəmiyyət daşıdığı ərazi olacaq.
6. Dinin mürəkkəb mənşəyi
Əkinçiliyin başlaması ilə insanların düşüncəsində yeni qavram dəstləri yarandı. Biz insan düşüncəsi ilə əkin-biçinin və qurbanlıq adətinin arasındakı dərin əlaqə barədə yuxarıda qeyd etmişdik. Səpin – iqtisadi fəaliyyətlərin ən mühümü sayılırdı: bu fəaliyyəti mövcud fəaliyyətlərdən ən təsirlisi -insan öldürməklə əlaqələndirmək çox təbii idi. Ser J. G. Frazer bu əlaqənin inkişafını, səpin zamanı müəyyən qurbanlıq şəxslərin öldürülməsi, bu qətlin xüsusi seçilmiş insanlar – kahinlər sinfi tərəfindən törədilməsi və bu aktın, hamıya mümkün xeyri gəlsin deyə qurbanın bölünmüş hissələrinin paylaşılaraq tayfa üzvləri tərəfindən yeyildiyi bayram mərasiminə çevrilməsi konsepsiyaları ilə əlaqəli halda araşdırmışdır.
Bu nöqtədən başlayaraq dinlərdə indiyədək mövcud olan mövsümi qurbanlıq ənənəsinin əsası qoyulur. Bütün bu faktorlardan; Tayfa başçısı ənənəsi, qadınlarla bağlı kişiləri, kişilərlə bağlı qadınları bürüyən emosiyalar, infeksiya və natəmizlikdən qaçma arzusu, ovsun və cadu vasitəsilə güc və uğur əldə etmək istəkləri, səpin mövsümündəki qurban ənənəsi və digər bu cür inanclar, mental eksperimentlər və xürafat konsepsiyalarından insanların həyatında onları mental və emosional olaraq birləşdirən, onları ümumi maraqlara və fəaliyyətə sövq edən mürəkkəb bir anlayış meydana gəldi. Bu anlayışı din adlandıra bilərik. Din təktəbiətli və ya məntiqi bir anlayış deyil; o, özündə müxtəlif xəyali varlıqların və ruhların idarə olunmasını, tanrıları, hər cür “olar” və “olmaz”ları ehtiva edən mürəkkəb bir qavramdır. İnsanı cəlb edən digər sahələr kimi, din də özünün inkişafı prosesinə başladı. Aydındır ki, nə ibtidai insanın əcdadı olan meymunabənzərlərin, nə də onların əcdadı Mezozoy məməlilərinin Tanrı və din barədə heç bir anlayışı ola bilməzdi; insanın beyni və qavrama gücü yalnız tədricən belə geniş konsepsiyalar üçün uyğun hala gəldi. Din – insanların kollektiv iştirakı və vasitəsi ilə yaranmış və inkişaf etmişdir. Tanrı ideyası insanlar tərəfindən kəşf edilib və bu proses hələ də davam edir.
Bu kitab ilahiyyat kitabı olmadığından dini diskussiyalara girmək niyyətimiz yoxdur; amma dini ideyaların təkamülü və insan fəaliyyətinə təsiri bəşər tarixinin ilkin çağlarının və inkişafının təsvirində mühüm və mərkəzi bir hissədir. Sadaladığımız bütün faktorlar bu inkişafa təsirini göstərmiş və müxtəlif elm adamları onlardan bu və ya digərini qabartmışlar. Sir J. G. Frazer qədim qurbanlıq mərasimlərinin kökləri mövzusunun əsas araşdırmaçısı olmuşdur. Grant Allen, Herbert Spencer`in ardınca özünün “Tanrı ideyasının təkamülü” əsərində Tayfa başçısına ölümündən sonra da ibadət olunması məsələsinə vurğu vurmuşdur. Sir E.B.Tylor “İbtidai mədəniyyət” əsərində ibtidai insanın istənilən – canlı, ya cansız obyektə canlı kimi baxması meylinə, Mr. A.E. Crawley isə öz “Həyat ağacı” əsərində dərin təəssüratların mənbəyi olan impuls və emosiyaların digər mərkəzlərinə – xüsusilə də seksə diqqət yetirmişlər.
Biz nəzərə almalıyıq ki, Neolit insanı əqli cəhətdən tam formalaşmamışdı, o, bir şeyləri qarışdıra bilərdi və müasir təhsilli şəxslə tərəziyə qoysaq müqayisəyəgəlməz dərəcədə məntiqsiz idi. Bir-birinə əks və zidd ideyalar onun beynində bir-birilə münaqişə yaratmadan yerləşə bilərdi; gah bu, gah digər şey onun düşüncələrini intensiv idarə edirdi; onun qorxuları, fəaliyyəti – bütün bunlar uşaqlarda olduğu kimi bir-birilə əlaqəsiz idi.
Ehtiyacların verdiyi stimul və kollektiv həyatdakı əməkdaşlıq şəraiti Neolit insanını çaşdırır, onu təlimat və bilik axtarışlarına çıxarırdı. İnsan, arxasında onu himayə edəcək, yol göstərəcək, xəstəliklərdən qoruyacaq qüvvə axtarışındaydı. Bu çaşqınlıqlara və ehtiyaclara cavab olaraq cəsur, ağıllı, bacarıqlı, hiyləgər adamlar ortaya çıxaraq başçılara, kahinlərə, ovsunçulara və krallara çevrilirdi. Amma onları fırıldaqçı və hakimiyyət qəsbkarı, yerdə qalanları isə onların qurbanı hesab etmək düzgün olmaz. O insanların bunun üçün müxtəlif səbəbləri vardı; yüzlərlə səbəb insanları bir-birinə hakim olmaq üçün hərəkətə gətirirdi və bu səbəblərdən heç də hamısını rəzil və pis saya bilmərik. Ovsunçular öz tilsimləri, kahinlər öz mərasimləri, başçılar isə öz haqqları ilə bağlı əmin idi. O zamandan bəri bəşər tarixi həm də bütün insanların xoşbəxt yaşaya biləcəyi ilə bağlı ortaq məqsəd güdülməsi və bu məqsədlərə xidmət, həmçinin bu yolu aydınlatması üçün ümumi bilik rəfinin yaradılması və inkişaf etdirilməsi uğrunda az və ya çox dərəcədə kortəbii cəhdlərin tarixinə çevrilir.
Son Paleolit və Neolit dövrü bütün dünyada bu başçıların, kahinlərin və ovsunçuların ən müxtəlif formalarda rəhbərliyi altında keçdi. Hər tərəfdə insanlar biliyin, ustalığın və ovsunun var ola biləcəyi yerlər axtarışına çıxır, icmadakı qarışıqlığı həll etmək üçün dürüstcə, ya da nadürüstcə idarə etmək, yol göstərmək və ya ovsundan istifadə etmək həvəsinə düşürdü.
Son Paleolit və Neolit dövründə ortaya çıxan qəribə adətlərdən biri də insanların bədənlərinə etdiyi müdaxilələr idi. İnsanlar arasında burunlarına, qulaqlarına, barmaqlarına, dişlərinə və digər orqanlarına müdaxilə etmək və bu hərəkətlərini müxtəlif xürafat ideyaları ilə bağlamaq meylləri yaranır. Bu günkü uşaqlar da öz əqli inkişaflarında müvafiq mərhələdən keçir. Kiçik qız uşaqlarının həyatında saçlarını kəsməmələri üçün otaqda qayçı ilə tək buraxılmadıqları dövr olur. Heç bir heyvanda belə meyllər müşahidə edilməyib. Bu meyllərin izlərini İudaizm və İslam kimi dinlərdəki sünnət ənənəsində görmək mümkündür.
Son Paleolit mağara rəssamı öz sadəliyi, birbaşalığı, fərdiyyətçiliyi səbəbindən müasir yetkin insanın daha çox simpatiyasını qazana bilər, nəinki qəlbi artıq Tayfa Tanrısına çevrilmiş qədim başçıdan qorxu ilə dolmuş, beyni qurbanların, müqəddəs qətllərin və özünü şikəst eləməyin qəbul olunub-olunmayacağı suallarıyla dolu Neolit insanı. Şübhəsiz ki, qədim şimal maralı ovçusu daha zalım, daha döyüşkən və daha çılğın idi, amma onun törətdiyi qətllər bizim indi də anlayışla qarşılayacağımız səbəblərə görə idi; Neolit insanı isə kiminsə moizəsindən bihuş olması və düşüncə prosesinin çaşqınlığı səbəbindən, nəzəriyyəyə əsasən öldürürdü. O, xəyali varlıqlara və indi bizə qəribə gələ biləcək ideyalara görə, başqalarının göstərişi və qorxutmaları ilə öz sevdiklərini belə öldürə bilirdi. Bu Neolit insanları öz həmcinslərini yalnız səpin zamanı öldürmürdü; öz rəhbərlərinin dəfnində rəhbərin arvadlarını və qaravaşları öldürmələri, yaxud bəla gətirəcəklərini, ya da Tanrılarının qana susadığını düşündükləri üçün kişiləri, qadınları, həmçinin uşaqları qətl etmələrini güman etməyimiz üçün xeyli səbəb var. Bütün bunlar Bürünc dövrünə də ötürüldü. O zamanlardan başlayaraq insanlıq tarixinin ictimai şüuru sanki yuxuya gedir və oyanana qədər yalnız kabuslar görür.
Tarixin şəfəqlərindən 3000-4000 il əvvəl, Wiltshire yüksəkliklərdə yay səhərinin alatoranını təsəvvür edin. Hava işıqlandıqca, məşəllər bir-bir sönür. Daşların arası ilə üst-başlarına dəri, buynuz, qorxulu maskalar kimi əcaib şeylər keçirmiş kahinlər (onlar heç də müasir rəssamların druidləri təsvir etdikləri kimi kapüşon-plaşlı rahiblər deyildi), əllərində balta-nizə, əyinləri vəhşi heyvan və digər canlıların dişlərindən düzülmüş boyunbağılarla bəzənmiş dəri paltarlı tayfa başçıları – onlar iri başlarındakı gur və uzun saçlarını sümüklərlə yığırdı – dəri, ya da kətan xələtlər geyinmiş qadınlar, pırpızbaş kişilərin izdihamı və lüt uşaqlar irəliləyirdi. Onlar müxtəlif yörələrdən gəlib, bu daş parçaları və Silbury təpəsi arasında düşərgə qurmuşdular. Ətrafda müəyyən bayram ab-havası hakimdir.
Təyin olunmuş insan qurbanları da müti, köməksiz halda gözlərini bir azdan məhsulun bol, tayfanın güclü olması naminə qətl ediləcəkləri, artıq yavaş-yavaş tüstülənən qarşıdakı qurbangaha zilləyərək izdihamın ortasında addımlayır.
3000-4000 il əvvəl həyat özünün yarandığı qabarma-çəkilməli sahillərdən gəlib bu nöqtəyə çıxmışdı.
İngiliscədən tərcümə: Firudin Allahverdi