Keçən il, Azərbaycan musiqi mədəniyyəti tarixi üçün xüsusi il oldu. İlk Azərbaycan operası “Leyli və Məcnun”-un yaranışının 110 illiyi, dahi Qara Qarayevin 100 illik yubileyləri keçirildi.
Eyni zamanda keçən il Üzeyir Hacıbəyli məktəbinin yetirmələrindən biri, Azərbaycan musiqi mədəniyyəti tarixində öz yeri, dəst-xətti olan, musiqimizdə ilk Tar və simfonik orkestr üçün Konsertin müəllifi, bəstəkar, xalq artisti Hacı Xanməmmədovun (1918-2005) 100 illik yubileyi oldu.
Yaradıcılığı dövründə bir çox janrlarda parlaq əsərlər ərsəyə gətirən bəstəkar Tar və simfonik orkestr üçün beş Konsert, Arfa və orkestr üçün Konsert, ” Bir dəqiqə” musiqili komediyası, xalq çalğı alətləri orkestri üçün “Simfoniyetta”, “Azərbaycan eskizləri”, “Bayram”, “Azərbaycan” süitaları ilə musiqi xəzinəmizi zənginləşdirmişdir.
Hacı Dadaş oğlu Xanməmmədov 15 iyun 1918-ci ildə Dərbənd şəhərində anadan olmuş, 1933-cü ildə Dərbənd orta məktəbini bitirib Bakıya gəlmiş və burada orta ixtisas musiqi məktəbinin, tar ixtisası sinfinə qəbul edilmişdir. Dahi Üzeyir bəylə şəxsi tanışlıq onun professional musiqiçi kimi yetişməsində çox böyük rol oynayır. Üzeyir bəy Hacı Xanməmmədovu Azərbaycan radiosu nəzdində xalq çalğı alətləri orkestrinə işləməyə dəvət edir. Maraqlıdır ki, 1937-ci ildə Ü.Hacıbəyov “Koroğlu” operasını bitirdikdən sonra opera, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında tamaşaya qoyulduqda Hacı simfonik orkestrdə tar partiyasını çalardı. Gənc musiqiçi 1938-ci ildə Moskvada keçirilən birinci Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edir.
1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında “Xalq musiqisinin əsasları” şöbəsi açılır və Üzeyir bəy H.Xanməmmədovu işləmək üçün ora dəvət edir. Musiqi folklorunu dərindən mənimsəyən bəstəkar artıq ilk əsərlərindən xalq musiqisindən, muğam çalarlarından bacarıqla istifadə edir.
İkinci dünya müharibəsi dövründə gənc bəstəkar Süleyman Rəhimov, Mirzə İbrahimov və s. mədəniyyət xadimləri ilə bir yerdə, xüsusi missiya ilə Cənubi Azərbaycanın paytaxtı Təbriz şəhərinə göndərilir. Hacı Xanməmmədov orada Milli Filarmoniya yaradılması üçün ezam edilmişdir və bəstəkar burada öz öhdəliklərini vicdanla yerinə yetirir.
1947-ci ildə Hacı Xanməmmədov bəstəkarlıq üzrə təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olur və burada əvvəlcə Boris Zeydman, sonra isə Qara Qarayevdən dərs alır. Onun xalq musiqimizin dərindən bilməsini və mahir tar ifaçısı olduğunu nəzərə alan Qarayev gənc bəstəkara Tar və simfonik orkestr üçün Konsert yazmasını təklif edir. Beləcə Azərbaycan musiqi tarixində ilk Tar və simfonik orkestr üçün Konsert yaranır. Müəllif bu əsərdə tarın zəngin intonasiya xüsusiyyətlərindən, onun texniki məziyyətlərindən bacarıqla bəhrələnmişdi. Əsərin ilk ifaçısı görkəmli tarzən Əhsən Dadaşov olur.
Maraqlıdır ki, Azərbaycan musiqi tarixində Kamança ilə simfonik orkestr üçün ilk Konsert də Hacı Xanməmmədovun qələmindən çıxmışdır. Bəstəkar bu Konserti 1990-cı ildə, bir çox düşüncələr, tərəddüdlərdən sonra bəstələmiş, burada alətin tembr xüsusiyyətlərini və ifadə vasitələrini məharətlə ifadə etmişdi. Müəllifin muğamlarımızdan, təsnif və xalq mahnılarının intonasiyalarından bol-bol faydalandığı bu Konsertin musiqisi emosional məzmunu, təsirli melodiyaları və maraqlı musiqi forması ilə seçilir. Əsər dəfələrlə respublikanın görkəmli ifaçıları tərəfindən ifa edilmişdir.
Hacı Xanməmmədovun ismini Azərbaycan musiqi tarixinə yazmış bu gözəl əsərdən bir parçanı mahir kaman ifaçısı İmamyar Həsənovun ifasında diqqətinizə təqdim edirik.