Həyat o qədər əsrarəngizdir ki, bəzən reallıqla, illuziyanı ayıra bilməkdə çətinlik çəkirik. Şeksprin məşhur deyimini bir çoxları eşidib: Həyat teatr səhnəsidir, biz insanlar isə bu teatrın aktyorlarıyıq. “As you like it” (“Sizə necə xoşdursa”) komediya monoloqundan gətirilən bu sitatı son günlər tez-tez xatırlıyıram. Bu ifadə əhvalımda qarışıq dəyişiklik yaratmağa qabil olub.
Sonuncu dəfə həmin sitatı dostum Əlifin dilindən Skandinaviyanın göz oxşayan, cənnət assosiasiyası yaradan təbiətində birgə gəzişərkən eşitdim. İndi necəsə yadıma sala bilmirəm, o, hansı sözlərimin ardınca bunu deməyə ehtiyac duydu. Ancaq həmin an çox yaxşı əhvalda olduğumu, daxilimdə güclü harmoniya duyduğumu və dostumun sözlərindən sonra başqa əhvala kökləndiyimi yaxşı xatırlayıram. Yox, həmin cümləni eşidəndən sonra əhvalım təlx olmadı. Sadəcə həmin sitatın fikirlərimə birbaşa, radikal şəkildə, sanki iti bir bıçaq tək saplandığını duydum.
Ayaqlarımız altındakı torpaq, masmavi səma, eşitdiyim səslər, gördüyüm hər şey, hətta ciyərlərimə çəkdiyim hava da mənim üçün elə bil fərqli müstəviyə keçdi. Zehnim bu dəyişikliyi qavramağa çalışırdı. O anda ürək döyüntülərimin həmin ahəngin pozulmasına adekvat çırpıntı ilə cavab verdiyinin fərqinə vardım. Azca başım gicəlləndi. Emosiyalarımın qarışdığının fərqini aşkar hiss edirdim. Dostum danışığını davam etdirirdi. Ancaq artıq mən onu dinləmirdim. Ara-sıra ona nəzər salır, ağzının danışıq motorikasına, mənə baxan qətiyyətli baxışlarına və hərəkətdə olan bədəninə diqqət kəsilsəm də, onu duymurdum. Qulaqlarım beynimin səssiz hayqırtısını dinləməkdə idi. Orda müəyyənlik axtarışına çıxan bir ruh səyyahının səsi duyulurdu. Səs dərinlikdən gəlsə də, onu aydın eşidə bilirdim. Ruh iqlimimi yerindən tərpədən səs, mənə belə bir sual ünvanlamışdı:
Görəsən indi yaşadığım həyat realdır, yoxsa illüziya?!
Rejissor Peter Weirin 1998-ci ildə çəkdiyi möhtəşəm “The Truman Show”(Trumanın Şousu) filmi var. Filmin qəhrəmanı Truman Berbank gözəl, eyni zamanda sakit və sadə həyat yaşayır. Onun evi, işi, həyat yoldaşı və qayğısız yaşantısı var. Sadəcə, Truman, bilmir ki, ətrafı çoxlu sayda videokameralarla əhatəlidir və gördüyü hər kəs aktyordur. Bəli, Truman özü də bilmədiyi realiti-şounun qəhrəmanıdır. Hər kəs, hər şey illüziyadır. O, bu illüziyaların içində özünün yeganə həqiqət olduğunu ancaq 30 yaşında öyrənir. Onun həyatı, doğulandan bəri fasiləsiz olaraq 24 saat ərzində canlı olaraq televiziya vasitəsi ilə insanlara təqdim edilir.
Təsəvvür edin, bir gün sizə məlum olur ki, ətrafınızda gördüyünüz material şeylər, əşyalar dekorasiya, adamlar aktyordur və nə baş verirsə, bu sırf ssenaristin və rejissorun iradəsi və təsiri ilə təşkil olunur. Siz isə fərqinə varmadığınız tele-şounun baş qəhrəmanısınız.
Bunu belə quru, kəskin rasionallıqla qavramaq həm çətin, eyni zamanda ağırdır. “Trumanın Şousu” buna görə mənim üçün ağır filmlərdən sayılır. Filmi hər dəfə izləyəndə, eyni emosiyaları yaşayıram (bu şişirtmə deyil). Trumanın həqiqəti müəyyən etməsi aramla baş verir. Əlbəttə orda aktyorlardan biri onu dolayı yolla xəbərdar edir (Daha sonra həmin aktyor qaydaları pozduğu üçün realiti-şoudan uzaqlaşdırılır). Filmin gedişatından bundan artıq məlumat vermək istəmirəm. Əminəm ki, qeyri-adi süjetə malik bu dərin dramatik filmi izləməyə qərar verənlər olacaq. Onların həvəslərin qaçırmayacağam.
Filmin əsas motivlərindən biri insanın azadlıq uğrunda vuruşmasıdır. İzləyicilərin “Trumanın şousu” filmindən fərdi nəticələr çıxaracağı şübhəsizdir. Təbii şəkildə müxtəlif assosiasiyalar yaranacaq və öz həyatları ilə müəyyən paralellər aparacaq izləyicilər orda azadlıq eşqini də görə biləcəklər. Bu müdhiş ekran əsəri bizə çox şey öyrədir. Biz dərk edirik ki, qorxu bizi inkişafdan saxlayır.
Orda bu mesajların ətri var: hündürlük qorxunuz varsa, uçun, suda boğulmaq təhlükəsi fikirlərinizdən əl çəkmirsə, atılın suya, üzməyi öyrənin. Əgər sizi əngəllədiyini hiss edirsinizsə, cəmiyyətin mental fikirlərinə tüpürün, “camaat nə deyər” devizini zibilqabıya tullayın, onda “komfort zonası”dan çıxdığınızı görəcək və yeni üfüqlər kəşf edəcəksiniz. Öz həqiqətinizi tapmağa çalışın və sizin üçün vacib olan şeyi müəyyən edib, onun arxasınca gedin. Azadlığa gedən cığır, bu cür fikir və qərarlardan keçir.
Ölkəmizdə o qədər beynini icarəyə vermiş adam var ki. Onlar məhz idarəçi sistemin ssenarisi ilə hazırlanmış realiti-şouda iştirak edən qəhrəmanlardır. Fərqinə də varmırlar ki, ətraf mühit dekorasiya və aktyorlardan ibarətdir və onları ta uşaqlıqdan kölə kimi yetişdirirlər. Əslində insanlar hamısı azadlıq imtiyazı ilə doğulurlar. Ancaq mövcud sistem onların azadlığını məhdudlaşdırır. Sanki nəhəng bir xiyar tağı bağçada qızılgüllərin üzərinə çöküb onları boğur.
Əlbəttə Trumanın filmindəki kimi vicdanlı bir aktyor sistemə asi çıxıb, necəsə baş qəhrəmana çatdırır ki, sən illüziyanın, saxtakarlığın içindəsən, oyan, özünə gəl. Bundan sonra isə, vəziyyətdən nəticə çıxarmaq və azadlıq ilə köləliyə davam etmək arasındakı qərar şəxsin iradəsindən asılı olur.
Burdakı şərh və instintktlərin arxasında hansı şəxsi qənaətlərim dayanır?
Hə, həyat teatr tamaşasıdır. Ətraf dekorasiya və aktyorlardan ibarətdir. Bir şey var ki, baş qəhrəman olaraq mən, bu tamaşaya birbaşa müdaxilə edir, improvizələr nümayiş etdirir və azad iradəmlə səhnədə özümün və ətrafımın xeyirinə olan dəyişik ssenarilərə yol aça bilirəm. Bunu dərk etmək o qədər maraqlı və əyləncəlidir ki, çəkinmədən “həyat” adlı bu tamaşanın gözəlliyindən zövq aldığımı etiraf etməliyəm.
“Həyat” gözəldir!