Və ya Mirzə Fətəlinin övladı özünü niyə öldürmüşdü?
1911-ci ildə Tiflisdə çıxan “Zakavkazye” qəzetində Həmzət bəy Şirvanski imzası ilə dərc olunan məqalədə deyilirdi: “Yüz il bundan əvvəl öz parlaq istedadının gürzü ilə müsəlman fanatizminin zindanına, cəhalətə, utanılası geriliyə və görünməmiş ətalətə ilk və həm də güclü zərbələr endirən birisi dünyaya gəldi”.
Söhbət Mirzə Fətəli Axundovdan gedir.
Bu məqalənin dərcindən iki il öncə isə “müsəlman fanatizminin zindanına, cəhalətə, utanılası geriliyə və görünməmiş ətalətə ilk və həm də güclü zərbələr endirən” böyük mütəfəkkirin oğlu həyatda üzləşdiyi məhrumiyyətlər qarşısında zəiflik göstərmiş, özünü öldürmüşdü…
***
Əslində Mirzə Fətəli onun gələcəyinə böyük ümid bəsləyirdi. Bu səbəbdən də yaxşı təhsil almasını çox istəyir və bunun üçün əlindən gələni əsirgəmirdi, bütün maddi imkanlarını səfərbər edirdi.
Elə o da eyni istəkdə idi: yol mühəndisi olmaq arzusundaydı. 1874-cü ildə Avropaya, Brüsselə də həmin arzu ilə yollanmışdı.
Lakin bu barədə bir qədər sonra.
Azərbaycanda mədəni fikrin babası sayılan Axundov iki dəfə evlənib. İkinci evliliyindən 13 övladı dünyaya gəlib və onlardan yalnız ikisi – oğlu Rəşid bəylə qızı Nisə xanım Mirzə Fətəlinin ölümündən sonra dünyalarını dəyişiblər.
Digər övladlarının ölümünə şahidlik edən Axundov bu itkilərin hər birini böyük ürək ağrısı ilə yaşayıb. Sarsılsa da, sınmayıb. Yəqin buna görə də həyatından faciələr əksilmədiyi halda beş komediya yazıb. O ayrı məsələdir ki, bu komediyaların hər birində bütöv xalqın faciəsi əks olunmuşdu. Necə deyərlər, göz yaşı içində gülüş…
***
Övladları bir-birinin ardınca vaxtsız dünyasını dəyişincə ruhanilər bunu “bütün dinləri puç və əfsanə hesab edən” Axundova “allahın verdiyi cəza” kimi qiymətləndirirdilər. Cəhalətin dizboyu olduğu bir çağda buna inananlar az deyildi.
Böyük mütəfəkkirin özü isə 1858-ci il noyabrında rəsmi dairələrə ünvanladığı ərizədə bir müddətdir yaşadığı Tiflisdə havaların isti keçməsindən, bu səbəbdən də altı uşağının xəstəliyə tutulub tələf olmasından şikayətlənir. Salamat qalan iki uşağının xəstəlikdən qorunması üçün həkimlərin məsləhəti ilə onları yaylağa aparmağın zəruriliyini yazır. Odur ki, Tiflis yaxınlığındakı Qocor yaylağında ev tikdirmək məqsədi ilə torpaq ayrılmasını xahiş edir.
Bu xahiş nəzərə alınır.
***
Mirzə Fətəlinin ömürlüyündəki maraqlı məqamlardan biri qızı Seyrəbəyimin ölümündən sonra digər qızı Nisəni onun dul qalmış əri ilə evləndirməsidir.
Seyrəbəyim Qacar sülaləsindən olan Xanbaba ilə ailə həyatı qurduqdan altı il sonra dünyasını dəyişmiş və iki övladı anasız qalmışdı.
Qızının ölümündən bərk mütəəssir olan Axundovu həm də nəvələrinin sonrakı taleyi narahat edirdi. Odur ki, onlara analıq etməsi üçün bu dəfə Nisəni Xanbabaya ərə verir…
***
İndi isə gələk Mirzə Fətəlinin sağ qalan digər övladının – Rəşidin taleyinə…
Axundov ölümündən az əvvəl qələmə aldığı vəsiyyətnaməsində öz əməyilə əldə etdiyi iki daşınmaz əmlakının olduğunu yazır: “…biri filigelləri, dükanları və bütün başqa ləvazimatları olan iki-üçmərtəbəli evdir ki, Tiflisdə kupça kağızı ilə aldığım Vorontsov küçəsindəki torpaqda yerləşir; ikincisi Qocorda kiçik yaylaq evindən ibarətdir ki, mən onu da bəzi taxta tikililərlə birlikdə kupça kağızı ilə almışam…”
Mirzə Fətəli vəsiyyətnaməsində hər iki mülkü oğlu Rəşidə verdiyini bildirir və əlavə edir: “… istəyirəm ki, o, mənim ölümümdən sonra həmin mülklərə tamhüquqlu və şəriksiz sahib kimi yiyələnsin…”
1878-ci ildə Axundov dünyasını dəyişir.
Həmin vaxt 24 yaşlı Rəşid hələ Brüsseldə idi. Atasının ölüm xəbərini eşidincə bərk kədərlənir, hədsiz iztirablar keçirir və sonda təhsilini başa vurmadan Tiflisə qayıdır.
1854-cü ildə bu şəhərdə dünyaya gələn Rəşid 9 yaşında Tiflis klassik gimnaziyasına daxil olmuş, oranı 9 il sonra bitirmişdir. İki il sonra isə əvvəldə də yazdığımız kimi mühəndis olmaq arzusu ilə Brüsselə yollanmış və burada Belçika (Azad Liberal) Universitetinə qəbul olunmuşdu…
***
Brüsseldən sonra Rəşid bir daha təhsil almağa cəhd edib və bu dəfə Peterburqa üz tutub. Lakin getdikcə güclənən melanxolik meylləri həmin cəhdin də nəticəsiz qalmasına gətirib çıxarır.
***
Tiflisə qayıtması ilə Rəşidin həyatında uğursuzluqlar dalğası başlamışdı. O, şəxsi həyatı təbəddülatlarla keçsə də, daim güclü görünən atasından fərqli olaraq zəif xarakterli idi; müxtəlif qaynaqlarda Rəşid sakit, qaradinməz, adamayovuşmaz biri kimi qələmə verilir. Özünə hədsiz qapalı olması intiharını sürətləndirən başlıca səbəb idi. Hər halda Rəşidin qarşılaşdığı uğursuzluqlar Mirzə Fətəlinin yaşadığı itkilərdən, üzləşdiyi ailə faciələrindən və ictimai basqılardan daha ağır, dözülməz deyildi.
Nə idi Rəşidin üzləşdiyi uğursuzluqlar? Bir müddət iş tapa bilməməsi, bu səbəblə maddi imkansızlıqla, pulsuzluqla üzləşməsi. Ardınca Avropa sosialistləri ilə əlaqədə günahlandırılıb çar hökumətinin təqibləri ilə üzləşməsi və polis nəzarətinə alınması. Bundan başqa, ailə həyatı da alınmamışdı: Şuşa bəylərindən birinin bacısı ilə evlənmiş, lakin bu nikahın ömrü uzun olmamışdı. Baxmayaraq ki, həmin evlilikdən atasının adını verdiyi oğlu dünyaya gəlmişdi.
Gəl gör ki, Fətəlinin də ömrü uzun olmayıb: deyilənlərə görə, o, 1938-ci ildə bir zamanlar “Molla Nəsrəddin” jurnalının nəşrində yaxından iştirak etmiş İsmayıl Həqqi ilə birgə Gürcüstanda “silahlı üsyan”da suçlanaraq repressiya qurbanına çevrilmiş, güllələnmişdi.
***
Rəşidin özü isə oğlunun qətlindən xeyli əvvəl – 1909-cu ildə canına qıymışdı.
Həyatındakı uğursuzluqlardan yorulan, təkcə ailə-məişət çətinliklərindən deyil, ideoloji baxışları səbəbilə çar polisinin təqiblərindən bezən, yəni həm də ictimai burulğanlardan cana yığılan Rəşid tapança ilə canına qıymışdı.
Bəzi mənbələrdə onun melanxoliyadan (əzablı ovqat, yavaş hərəkət etmə, çətin düşünmə ilə səciyyələnən xəstəhallıq) əziyyət çəkdiyi açıq şəkildə yazılıb. Məsələn, 1909-cu il yanvarın 30-da Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbov (1830-1917) Bakıda həkim işləyən oğluna Rəşid bəyin məhz melanxoliyaya məğlub olaraq özünü öldürdüyünü qeyd edirdi.
***
Yazının başlığı bir çoxlarına yersiz görünə bilər. Hər halda intiharın mənəvi, psixoloji zəiflik kimi qiymətləndirilməsi ilə razılaşmayanlar az deyil. Belələrinin fikrincə, canına qıymaq nəinki gücsüzlükdür, hətta cəsarət aktıdır. Hər bir halda, intiharı çarəsizliklərə qarşı protest kimi dəyərləndirənləri anlayıram, ancaq razılaşmıram.
Mirzə Fətəlinin həyatını yaxşı öyrənənlər onun ömrünün sonunadək şəxsi və ictimai mənada nə qədər böyük məhrumiyyətlərdən keçdiyini, hansı təhlükələrlə, təhdidlərlə üz-üzə qaldığını yaxşı bilirlər. Elə yuxarıda da bunları vurğulamışıq.
Lakin hər şeyə rəğmən, Axundov sonadək mübarizə əzmini qorudu.
Bu qədər güclü bir atanın övladının həyatdakı acı gerçəkliklər qarşısında erkən təslim olması qəribə, elə bir o qədər də üzücüdür…