Feminizm – tarix boyu bioloji cinsindən, həmçinin gender normaları ilə bağlı dominant bir fikrin mövcudluğundan asılı olaraq insanlara fərqli şəkildə yanaşılmasının etirafıdır. Cəmiyyət bu faktlara əsaslanaraq, kişilərə və qadınlara qeyri-bərabər hüquqlar təqdim edirdi. Cinslər və genderlə bağlı baxışlar məvaciblərin qeyri-bərabərliyini, işdə və məktəbdə diskriminativ münasibəti, resurslara və siyasi hakimiyyətə qeyri-bərabər girişi gücləndirir. Üstəlik, əksər cəmiyyətlər sözügedən cinsi və gender normalarını möhkəmləndirmək üçün mütəşəkkil və fərdi zorakılıqdan istifafə edir.
Qadınlara və qadın kimi qəbul edilən, ya da özlərini qadın kimi identifikasiya edən insanlara, məsələn, transseksuallara qarşı zoraki münasibət bu yaxınlara qədər bir çox cəmiyyətlərdə adi hal sayılırdı.
Qadınlar bütün dövrlərdə və dünyanın hər yerində kişilər tərəfindən zorakılığa məruz qalıblar. Qadınlara qarşı zorakılıq müxtəlif formalarda təzahür edib: rəsmi və mütəşəkkil forma – müharibə zamanı qadınların ordular tərəfindən sistemli təcavüzə uğraması. Bu hal ev və ailə kontekstində də aktualdır; məişət zorakılığı, seksual partnyor tərəfindən zorakılıq. O cümlədən bəzi formalar qeyri-bərabər sosial hökmranlıq şərtlərində də özünə yer tapıb – məsələn, universitet kampuslarında seksual hücumlar. Və feminizm – bütün bu faktorların qadınların həyatına təsir etdiyinin etirafı və bu ədalətsizliyi həll etmək, daha bərabərhüquqlu cəmiyyət yaratmaq məqsədilə təşkilatlanmaq qərarıdır.
FEMİNİZMİN BAŞLANĞICI
Ümumi bir feminizm mövcud deyil. Feminizmin çoxlu müxtəlif cərəyanları var. Buna görə də, feminizmin tarixinə baxmalı olsaq, qadın hərəkatlarının fərqli növlərini və onların müttəfiqlərini nəzərə almaq lazımdır.
Feminizm cərəyanları tez-tez bir-biri ilə kəsişib. Elə hərəkatlar vardı ki, ağdərili və qaradərili qadınları, kasıbları və varlıları, gəncləri və yaşlıları birləşdirir və hamısı fərqli məsələləri diqqət mərkəzinə çəkirdi. Bunlardan əlavə, fəhlə, vətəndaş hüquqları uğrunda hərəkatlar, homoseksualların hərəkatlarının arasında da feminist hərəkatları mövcud idi. Hətta ətraf mühiti qoruyan feministlər, rasist feministlər hərəkatları – ku-kluks-klan qadınları və skinhed-qadınlar da vardı.
Feminizmin hər cərəyanı fərqli tarixə malikdir. Məsələn, Birləşmiş Ştatlarda feminizm, təxminən, 1830-cu illərdə- sosial özbaşnalıqlar və utopik ideyaların yayıldığı dövrdə meydana çıxıb. Amerikan feminizmi bərabərlik uğrunda mübarizə aparan bir neçə hərəkatın bəhrəsiydi. Onlardan biri Massaçusetsdə və Yeni İngiltərənin başqa şəhərlərində işləyən kişi və qadınların yaşayış minimumunun artırılması uğrunda mübarizə aparan fəhlələlərin hüquqları naminə hərəkat idi.
1837-ci ildə, həmçinin 1840 və 1850-ci illərdə yeni İngiltərədə fabriklərin işçiləri Bostondakı qanunverici orqanların binasına yürüşlər təşkil edir, maaşların artırılması, iş gününün qısaldılması və təhlükəsiz əmək şərtləri uğrunda mübarizə aparırdılar.
Başqa bir hərəkat isə quldarlığa qarşı çıxış edirdi və hərəkatda iştirak edən bəzi qadınlara deyilirdi ki, onlar səhnədə çıxış edə, bəyanatlar verə bilməzlər, çünki qadındılar və bunlar qadına yaraşan işlər deyil. Həmin hərəkatlatın liderləri – məsələn, Anqelina və Sara Qrimkelər buna qarşı mübarizə aparır və bildirirdilər ki, qadınların da kişilər qədər özünüifadə azadlığı var. Həmçinin köləlikdən azad olunmuş Socorner Trut kimi qadınlar cəngavərlik ideyasından danışır, qadınların, kişilərin himayəsi altında olduğunu söyləyirdilər. S.Trut 1850-ci illərdəki bir sıra çıxışlarında bu fikrin qul qadınlar üçün heç vaxt real olmadığını bildirirdi: onlar tarlalarda işləməli idilər, onları döyürdülər, uşaqlarını satırdılar və onlar qadın olaraq qalırdılar. Trut belə qadınlara səsvermə, təhlükəsizlikdə yaşamaq və övladlarının qayğısına qalmaq imkanının verilməməsini ədalətsizlik adlandırırdı.
FEMİNİZMİN TARİXİ
Feminizm ABŞ-da 1830-cu illərdə ictimai hərəkatlar dalğasında yaranmışdı və qadınların səsvermə hüququ uğrunda mübarizəsi qismində davam etmişdi. Hərəkatın bir çox istinad anları olmasına baxmayaraq, yaranma tarixi kimi 1948-ci ildə Nyu-Yorkda, Seneka-Follzda baş tutan konvensiya əsas götürülür. Sözügedən tədbirdə nümayəndələr indi tez-tez “Qadın hüquqları haqqında bəyannamə” adlandırılan “Hisslər bəyannaməsi”ni tərtib və qəbul etmişdilər. 1776-cı ildə tərtib edilən “Müstəqillik bəyannaməsi” və 1789-cu ildə tərtib edilən “İnsan və vətəndaş hüquqları bəyannaməsi”, kişilərin və qadınların allah qarşısında bərabər olduqlarını və deməli, qadınların da təhsil almaq, mülkiyyət sahibi olmaq, boşanmaq, uşaqlarını tərbiyə etmək, ərləri tərəfindən zorakılıqdan qorunmaq, nəhayət, səsvermə haqqına sahib olmaq hüquqları olduqlarını təsdiqləyirdi. Lakin ABŞ-da qadınlar bu bəyannamədən 72 il sonra səsvermə hüququ almışdılar.
Amerikada feminizm Vətəndaş müharibəsi zamanında, qadınların cəbhədə tibb bacıları və könüllülər qismində iştirak etdikləri illərdə də mövcud idi. Müharibədən evə qayıdan qadınlar təhsil almaq, müxtəlif peşələrə yiyələnmək istəyirdilər. Buna görə də, öz mülkiyyətlərini idarə etmək hüququ uğrunda mübarizəyə başladılar, çünki qanuna görə onlar öz gəlirlərinə və heablarına nəzarət edə bilməzdilər. 1884-cü ildə qəbul edilən evli qadınların mülkiyyəti haqqında qanun qadınlara ərlərindən böyük maliyyə azadlığı verdi. Qanunverici iclasda kişilər qərarla razılaşdılar, çünki bu halda kerditorlar əsgərlərin evlərinə gəlib onların həyat yoldaşlarının müharibə zamanı qazandıqları əmlakı müsadirə edə bilməzdilər.
Feminizm, 1910-cu illərdə, ABŞ-da mühacir fəhlələrin böyük hərəkatı vüsət alanda da var idi. Bu hərəkatda yüz minlərlə qadın iştirak edirdi. I Dünya Müharibəsindən sonra qlobal fəhlə və sülh hərəkatları meydana çıxanda qadınlar, onlarla əlaqəsi olmayan bir müharibəyə qoşulduqlarını anlamağa başladılar. Beləcə, feministlərin daha geniş bir hərəkatı yarandı. Sülh və azadlıq uğrunda beynəlxalq qadın liqası, Fəhlə qadınların beynəlxalq federsiyası, 1910-cu ildən etibarən və iki müharibə arasındakı dövrdə mütəmadi görüşən başqa transmilli qadın federasiyaları peyda oldu.
II Dünya Müharibəsindən sonra Eleonora Ruzvelt və müxtəlif ölkələrin qadın nümayəndələri BMT-nin bütün dünya qadınlarının hüquqları üzrə konvensiyasını təşkil etdilər. Nəticədə 1979-cu ildə BMT qadınlara qarşı diskriminasiyanın bütün formalarının ləğvi ilə bağlı konvensiyanı qəbul etdi. Həmin gündən etibarən bütün dünyada qadınlar öz hüquqlarının təminatçısı qismində bu konvensiyaya müraciət edirlər.
1977-ci ildə Hyustonda, 1979-cu ildə Mexikoda, 1995-ci ildə Pekində Beynəlxalq qadın toplantıları keçirildi.
XXI əsrdə bütün dünyada yoxsul əhalinin və azmaaşlı fəhlələrin, fermerlərin qlobal etirazları baş verir. Etirazçıların əksəriyyəti qadınlardan ibarət olur. Xüsusilə də afrikalı, asiyalı qadınlar etirazlarda fəal iştirak edirlər. Onlar, 1995-ci ildən bu yana bütün dünyada baş verən neoliberalizm siyasəti, ekoloji qarət, torpaqların ələ keçirilməsi, kütləvi köçürülmələr əleyhinə qlobal kampaniyalar keçirirlər. Onların qaldırdıqları problemlər arasında əsas yeri, məhz, qadınlarla bağlı məsələlər – seksual təcavüz, hamilə qadınların diskriminasiyası, qadınların gender diskriminasiyasına əsaslanan əmək haqqının qeyri-bərabər ödənilməsi problemləri tutur.
Fəhlələrin protestləri kimi ümumdünya qadın yürüşləri də Monrealdan, Mozambikə, Türkiyədən Tamoaya qədər on minlərlə qadını birləşdirir. Onlar torpaqların müsadirəsinə, kənd təsərrüfatı sahələrinin özəlləşdirilməsinə, spekulyativ müharibələr əleyhinə və qadınlar üçün normal yaşayış minimumunun, küçələrdə təhlükəsizliyin və həmkarlar ittifaqı hüquqlarının təmin edilməsi uğrunda mübarizə aparırlar.
Nəhayət, son bir neçə illərdə tələbə qadınların universitet şəhərçiklərində seksual təcavüzə qarşı hərəkatı təşkil olunub. Bütün bunlar XXI əsr feminiziminin simasıdır.
AMERİKAN FEMİNİZMİNİN SİMALARI
Erkən amerikan feminizminin ən məşhur simalarından biri keçmiş kölə, 1850, 1860 və 1870-ci illərdə qadınların hüquqları uğrunda mübarizə aparmış Soconer Trut olub. O, qadınların zəif və köməksiz olduqları barədə təsəvvürlərin doğru olmadığını anlamaq baxımından önəmlidir. Bu yanlış təsəvvürlər işləyən və ya köləlikdə olan, qaradərili qadınlarla bağlı stereotiplərin bir hissəsi idi. S.Trutun stereotiplərin dağıdılması lehinə gətirdiyi arqumentlərə əsasən, qadınlar və kişilər fərqli sferalarda yaşayırlar: kişilər işləyirlər, qadınlarsa uşaqları tərbiyə edirlər.
Digər önəmli afroamerikalı fəal jurnalist, linçləmə əleyhinə kampaniyaların iştirakçısı İda Uells-Barnett idi. O, bütün dünyanı gəzir və seksual təcavüzün Amerikanın cənubundakı seqreqasiya və rasizmlə bağlı olduğunu deyirdi. Həmçinin o iddia edirdi ki, ağdərili kişilərin həm köləlikdə olan, həm də azad edilmiş qaradərili qadınların bədənlərinə asanlıqla sahib olmaları bu sistemi dəstəkləyir. Ağdərililər həyata keçirdikləri linçləməyə bəraət olaraq, qaradərili kişilər ağ qadınları zorlamasını səbəb göstərirdilər, Ancaq Uells-Barnett yazırdı ki, bu, qaradərili kişilərlə ağdərili qadınlar arasında konsensuslu münasibətlərin reallığıdır.
Jurnalist o qədər radikal fikirlər söyləyirdi ki, işlədiyi qəzetin ofisi hücuma məruz qalmışdı və Uells-Barnett cənubdan qaçmış, dünya səyahətindən qayıdandan sonra isə Çikaqoda məskən salmış və fəhlələrin, sufrajistlərin hərəkatlarında iştirak etməyə başlamışdı.
XIX əsrdə amerikan ağ feminizminin daha iki tanınmış fiqurları vardı: Elizabet Kedi Stenton və Syüzen Entoni. Onlar uzun illər boyu qadınların səsvermə hüquqları uğrunda mübarizə aparmışdılar. Onların buraxdıqları «The Revolution» qəzeti yazırdı ki, Vətəndaş müharibəsindən sonra qadınlar diqqətlərini cinsi diskriminasiya probleminə yönəltməlidilər. Stenton və Entoni vətəndaş itaətsizliyi kampaniyaları təşkil edir və kampaniyalarda iştirak edən qadınlarla birlikdə seçkilər zamanı qeyri-qanuni səs verirdilər. Bu iki qadın 1860-1870-ci illərdə qanunların dəyişdirilməsində son dərəcə ciddi rol oynamışdılar.
XX əsrin əvvəllərindən isə britaniyalı sufrajistlər Emmelin, Silviya və Kristabel Pankherstin adlarını çəkmək olar. Onlar, qadınlara səsvermə hüququnun verilməsinə nail olmaqdan ötrü həqiqətən vətəndaş itaətsizliyi yaratmışdılar və kral ailələrinin, parlament üzvlərinin faytonlarının önünə uzanırdılar.
Sözügedən dövrdə Avropada da radikal aktivistlər – Rusiyada Aleksandra Kollontay, Almaniyada Roza Lüksemburq fəaliyyət göstərirdilər. Bu qadınlar cinsi diskriminasiyanın fəhlə sinfinin sıxışdırılması ilə necə bağlı olduğunu anlamağa çalışırdılar və marksist feminizmin formalaşmasında vacib rol oynayıblar.
XX əsrin başlanğıcında feminizmin mühüm simalarından biri də ABŞ-da yaşayan rus-yəhudi mühaciri Emma Qoldman idi. I Dünya Müharibəsindən sonra “qırmızı təhlükə”nin nəticəsi olaraq o, ABŞ-dan Rusiyaya deportasiya edilmiş, 1930-cu illərdə İspaniyada anarxist inqilabın ortasında qalmışdı. Milli elita mütəmadi olaraq onu gah bir, gah da digər ölkədən sürgün edirdi, çünki o, qadınların tam azad olması, doğuma nəzarət, homoseksuallığın qəbulu və qanunililəşdirilməsi uğrunda mübarizə aparırdı. Emma Qoldman deyirdi ki, gəncləri orduda xidmətə məcbur etmək – onların hüquqlarını pozmaq deməkdir. Həmçinin Qoldman müxtəlif ölkələrdə feminizmi əlaqələndirən vacib şəxslərdən biri idi.
1960-1970-ci illərdə fəaliyyət göstərmiş məşhur feministlərdən Nyu-Yorkda böyük təsir gücünə malik bir qrupun, «Sexual Politics» kitabını yazmış Keyt Milletin, jurnalist Betti Fridanın adlarını çəkmək olar.
Fridanın 1963-cü ildə nəşr etdirdiyi «The Feminine Mystique» kitabı orta təbəqəyə məxsus qadınların, niyə ana və həyat yoldaşı olanda özlərini tələyə düşmüş kimi hiss etdiklərini izah edən əhəmiyyətli bir kitabdır.
B.Fridan irqi və cinsi bərabərlik uğrunda mübarizə aparan vəkil Poli Mürreylə birlikdə işləyirdi. Onlar 1966-cı ildə Qadınlar üçün Milli Təşkilatı təsis edən qrupun üzvləri idilər. Mürrey həm də qadınları diskriminasiya edən qanunlar sistemi ilə bağlı istifadə olunan «Jane Crow» termininin müəllifidir. Sonralar “Vətəndaş hüquqları uğrunda hərəkatın bibliyası” adını almış Cim Krou qanunlarının analizinin müəllifi olmasına baxmayaraq, P.Mürrey hesab edirdi ki, Cim Krou – qaradərililərin seqreqasiyasında nə qədər təsirlidirsə, «Jane Crow» da qadın hüquqlarının məhdudlaşdırılmasında o qədər güclüdür.
ABŞ Ali Məhkəməsinin üzvü Rut Beyder Qinzburq da 1970-ci illərin əhəmiyyətli fiqurlarından biridir. Qanunların dəyişdirilməsi və onların qadınlar üçün daha ədalətli edilməsi prosesində iştirak edən Rut Ginzburq, “Qadın hüquqları” adlı Amerika Vətəndaş Hüquqları üzrə İttifaqın yaradıcısıdır və ABŞ-da qadınların hüquqlarının genişləndirilməsində son dərəcə əhəmiyyətli rol oynayıb. Ginzburq Ali Məhkəmənin icraatlarında iştirak edirdi və hazırda qadınların sahib olduqları hüquqların əksəriyyəti onun sayəsində təmin olunub.
Xatırlamalı olduğumuz daha bir ad yaşlı lezbiyan, 2008-ci ildə partnyorunun ölümündən sonra evindən qovulmuş Emma Vindzordur. Vindzor nihaga girməklə bağlı bərabər hüquqların təmini, qadınların evlərindən getməyə məcbur qalmaması, yüksək əmlak vergiləri ödəməməsi uğrunda hərəkat başlatmışdı. O deyirdi ki, əgər partnyoru ilə evli olsaydı, yad qadın qismində yox, həyat yoldaşı qismində vergi ödəyərdi. Onun məhkəmə işinə 2013-cü ildə baxılmış və nəticədə geylər və lesbiyanlar ABŞ-da nigaha girmək hüququ almışdılar.
Təbii ki, feminizm haqqında qlobal rakursdan düşünməli olsaq, çoxlu başqa məşhur aktivistləri də xatırlamaq mümkündür. Lakin feminist hərəkatları üçün vacib olan, digərləri arasında xüsusilə seçilən üç fuqur var. Birinci, keniyalı fəal, “Yaşıl kəmər” hərəkatının yaradıcı Vanqariya Maatai. Onun başlatdığı hərəkatda hazırda 50 mindən çox qadın iştirak edir. Onlar Saharadan cənubda yerləşən Afrika torpaqlarında ağac əkməklə məşğul olurlar (sözügedən ərazilərdə ağaclar müstəmləkəçilər tərəfindən kəsilmişdi). Vanqari, qadınların həm özlərini, həm də ailələrini saxlamağa imkan verən mühit yaratmağa kömək edirdi.
Evləri əcnəbi korporasiyalara icarəyə verilmiş yerli xalqların topraq hüquqları uğrunda mübarizəsinə görə qətlə yetirilmiş honduraslı Berta Kaseresi də unutmaq olmaz. Və nəhayət, Banqladeşdəki toxucular hərəkatının lideri Kalpone Akter… Onun, istehlakçıların, tələblərin və zəhmətkeşlərin qlobal koalisiyasını yaratmaq uğrunda apardığı təbliğat işləri hazırda 200-dən çox korporasiyanın imzaladığı razılaşmasının qəbul edilməsinə təkan vermişdi.
FEMİNİST HƏRƏKATLARI
Feminizmin tarixində vacib rol oynayan bir çox hərəkatlar olub. Məsələn, 1830, 1910-cu illərdə ABŞ-da başlamış və indi bütün dünyada vacib sayılan qadın işçilərin hərəkatı kimi. Feminizm hərəkatlarının vüsət almasında dünyanın müxtəlif bölgələrində başlayan azmaaşlı muzdlu işçi qadınların hərəkatlarının da böyük rolu var. Onların yaşayış minimumunun artırılması uğrunda apardıqları mübarizə son dərəcə vacib sayılır.
Daha sonra bərabər siyasi hüquqlar, qadınların seçki hüquqları, ABŞ-da, Fransada, İngiltərədə, həmçinin Afrika və Yaxın Şərqin müxtəlif yerlərində baş verən sufrajist hərəkatları da feminizmin inkişafında həlledici rol oynayıb.
Lesbiyan feminizmi də 1940-ci illərdən bu günə qədər həddindən artıq əhəmiyyətli hərəkatlardan biri sayılır. Lesbiyanlar və onların övladlarının həyatlarının təhlükəsizliyi uğrunda mübarizə aparan lesbiyan feministlər başqa hərəkatlarda da- vətəndaş hüquqları uğrunda, sülh uğrunda hərəkatlar və s.- iştirak edirdilər. Öz sıralarında QİÇS-ə yoluxma səviyyəsi həddindən artıq aşağı olmasına baxmayaraq, onlar QİÇS xəstələrinin hüquqlarının qorunması məqsədilə təşkil olunan kampaniyaların da fəal iştirakçıları idilər.
Hazırda əhəmiyyətli sayılan qollardan biri də xırda fermerlerin feminist hərəkatı “Via Campesina”dır. Bu gün bütün dünyada xırda fermerlərin əksəriyyəti öz ailələrini dolandıran və dəstəkləyən qadınlardır. Onların apardıqları “ərzaq suvereniteti” uğrunda kampaniya ərzaq istehsal edən şirkətlərə qarşı böyük güc sayılır. Kampaniyanın lideri, zimbabveli Elizabet Mpfou deyir ki, 70 milyonluq fermer qadınlar bütün dünyanı yedizdirə, qlobal aclığa Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondunun bütün yalançı layihələrindən daha tez son qoya bilərlər. Bu qadınlar özlərini “motherist campaign” adlandırırlar və xırda fermerlərin torpaqlarının, ətraf mühitin qorunması, bənd tikintilərinin qarşısının alınması uğrunda mübarizə aparırlar.
FEMİNİZMİN ÜZLƏŞDİYİ ÇƏTİNLİKLƏR
Feminizm hər zaman bütün dünyada çətinliklərlə, əngəllərlə üzləşib. Feminist hərəkatlarının ən böyük problemləri siyasi qeyri-bərabərliklə bağlı olub: bir çox ölkələrdə qadınlar XX əsrin ortalarına qədər səsvermə hüququndan məhrum edilmişdilər. Birinci, səsvermə hüququ olmadan onların səslərini dinləyən dövlət xadimlərini seçmək çətin idi. İkinci, qadınlara həmişə kişilərdən daha az məvacib ödənilirdi və bu fakt indi də dəyişməz qalır. İqtisadi çatışmazlıqlar ucbatından qadınlar öz mübarizələrində qalib gələ bilməzdilər və müttəfiqlərə ehtiyacları vardı. Üçüncü problem isə qadınlara qarşı zorakılıqdır. Cinsi zorakılıq həmişə qadını susdurmanın bir üsulu kimi istifadə olunub. Polis və ordunun qadınlara heç vaxt əl qaldırmadığı barədə fikirlər doğru deyil. Afroamerikalı fəal Fanni Lu Zamrini dərisi göyərənə qədər döymüşdülər. Dördüncü vacib faktor isə odur ki, feminizm ABŞ-da da, dünyanın başqa yerlərində də hələ də kinayə obyektidir. Feministləri cilovda saxlamağa çalışır, onlara təhqiramiz ləğəblər verilir, kişiyə bənzədikləri deyilir və frigidlikdə ittiham olunurlar.
Vacib məsələlərdən biri də – feminist hərəkatlarının bölünməsidir. Feministlərin liderləri tez-tez qadınlar arasında fikirayrılığına səbəb olan səhvlərə yol verirlər. Məsələn, orta təbəqədən olan ağdərili qadınlar hesab edirdilər ki, onlar qara, sarıdərili, lesbiyan, yoxsul qadınlardan tamamilə fərqlənsələr də, nədənsə onlarla eyni problemləri yaşayırlar. Qadınlar səsvermə hüququ alandan sonra Qadınların Milli Partiyasının yaradıcı Elis Pol, cənubda səsvermə hüququ ala bilməyən qaradərili qadınların hücumlarına məruz qalmışdı. Qaradərili olduqlarına görə, 1920-ci ildə onların bu hüququ təmin olunmamış, qadınların milli partiyası isə onlara yardım göstərməkdən imtina etmiş, bunu qadın yox, irqi problem hesab adlandırmışdı.
On illiklər sonra Betti Fridan Qadınlar Üçün Milli Təşkilatını (NOW — National Organization for Women) lesbiyanların hüquqları uğrunda mübarizədən çəkindirməyə çalışmış, onları “lavanda təhlükəsi” adlandıraraq qadınları, üzləşdikləri vacib problemlərdən yayındırmaqda, feminizmə qarşı mənfi münasibətlərin səbəbkarı olmaqda günahlandırmışdı. Lakin Del Martin, Fillis Layon və Ritu Mey Braun kimi lesbiyan fəallar təşkilatı sıralarında islahat aparmağa vadar etmişdilər. Və 1971-ci ildə Qadınlar Üçün Milli Təşkilat qadınların seksual oriyentasiya da daxil olmaqla tam özünüifadə hüquqlarını təsdiqləyən qətmanə qəbul etmişdi.
Bu gün feminizmin ən böyük problemi – qadınların artıq istədikləri bərabərliyi əldə etdiklərinə inanan milleniallar nəslidir.
Doğrudur, bütün fəalların zəhməti nəticəsində böyük uğurlar əldə olunub. Qadınlar ipoteka kreditləri ala, biznesi inkişaf etdirmək üçün kredit götürə bilirlər. Ancaq kütləvi mədəniyyətin növlərində – populyar mahnılarda, kliplərdə qadına qarşı zorakılığın adiləşməsi müşahidə olunur, bütün dünyada ən az məvacibli və ən çox istismar olunan işçilər arasında qadınlar üstünlük təşkil edir, siyasi hakimiyyətdə qadınların sayı azdır. Odur ki, feministlərin növbəti nəslinin üzərinə hələ xeyli iş düşür.
Anneliz Orlek
Tarix professoru (Dartmouth College)
Serious Science