Əgər ağlayan uşaq görəndə ürəyiniz sıxılırsa, bunun səbəbi empatiyadır. Bu fenomen psixoloqların, neyrofizioloqların və təkamülçü bioloqların aktiv şəkildə araşdırdıqları mövzulardan biridir: 2006-cı ildə “Web of Science”in məlumat bazasında empatiya haqqında məqalələrin sayı 200-ü keçmirdisə, 2019-cu ildə 3277-ə çatıb. Başqalarının dərdinə şəriklik duyğusunun təkamül prosesinə necə təsir etdiyi, niyə şəxsiyyətin inkişafı üçün zəruri şərt sayıldığı haqqında danışırıq.
***
Hələ 5-7 il əvvəl “empatiya” sözü rus dilində sırf elmi anlayışı ifadə edirdi. Bədii ədəbiyyatda, publisistikada, söhbətlərdə ona, demək olar ki, rast gəlmirdik. Amma indi vəziyyət kəskin dəyişib və empatiya sözü ümumişlək olmağa başlayır. Elmdə də empatiya istiqamətində qəti dönüş baş verib. Araşdırmaların sayına görə müqayisə aparsaq, Amerika Psixoloji Assosiasiyasının məlumatlarına əsasən, 1990-cı ildə bu və ya digər şəkildə empatiya ilə əlaqəli olan materialların sayı ondan çox olmurdu. Lakin 2013-cü ildə belə materialların sayı artıq bir neçə minə çatmışdı.
Bunun səbəbi nədir? Birincisi, bizim empatiyanın vacibliyi, onun ünsiyyətdə, şəxsiyyətin inkişafında oynadığı rol, empatiya çatışmazlığının qəddarlığa, aqressiyaya, narsist fenomenlərin inkişafına nə qədər təsir etdiyi barədə bilgilərimiz artıb.
Digər tərəfdən, araşdırmaların sayındakı artışın əsas hissəsi neyroelm tərəfindən təmin olunur. Neyroelmin bu marağını keçən əsrin 90-cı illərinə təsadüf edən güzgü neyronların kəşfi ilə əlaqələndirə bilərik. Doğrudur, indi insani empatiyadan söz açarkən motor və hərəkətverici neyronlar qismində güzgü neyronların adı çəkilmir, ancaq güzgü neyron şəbəkələrindən, beynin güzgü işi prinsipindən, perception-action – qavrama və fəaliyyət – hipotezindən danışılır. Bu hipotezə əsasən, biz başqa insanın hansısa hərəkətini, ya da vəziyyətini müşahidə edəndə beynimizdə digər hallarla yanaşı, özümüz həmin hərəkəti etsəydik, ya da həmin vəziyyətdə olsaydıq, hansı bölmələr oyanardısa, onlar oyanırlar.
Başqa sözlərlə, bizdə beyin səviyyəsində başqa insanın hərəkət və ya vəziyyət modeli formalaşır. Belə fərz olunur ki, təkamül prosesində bu mexanizm, həmnövü daha tez, demək olar ki, dərhal anlamaqdan ötrü meydana çıxıb. Biz həmnövümüzü (hərdən, imitasiya, simulyasiya sözlərindən istifadə olunur. Mən “həmdərdlik” sözünə üstünlük verirəm) müəyyən bir səviyyədə içimizdə onun hiss etdiklərini hiss edərək başa düşürük. Bu, hansısa məntiqi nəticələrdən, fikir yürütməkdən və hipotezləri yoxlamaqdan fərqlənir. Bu, başqalarının nə yaşadıqlarını anlamaqdan ötrü daha uzun sürən bir prosesdir.
Empatiya – yaxınınla həmdərd olmaq və başqalarının duyğularını bölüşmək bacarığıdır. Neyroelmi və təkamül araşdırmaları nöqteyi-nəzərindən, empatiya insanın, başqasının yaşadıqlarını intuitiv səviyyədə anlamağına yardım edir. Empatiya təkamül prosesində insana əhəmiyyətli üstünlük – başqalarının necə davranacağını öncədən görmək və sosial situasiyaya tez uyğunlaşmaq bacarığı qazandırıb: məsələn, aqressordan qaçmaq, ya da ruh düşkünlüyü yaşayan insana kömək etmək kimi. Bundan əlavə, empatiya həm də cəmiyyətlərin təşkili üçün də zəruri idi: yaxınını başa düşmək insanların birlikdə yaşamasına və bir-birinə yardım etməsinə imkan verir.
XX əsrin əvvəllərində alimlər empatiyanın funksiyalarını daha detallı, psixologiyaya, əsasən, postfreydist analizə istinadən öyrənməyə başlamışdılar. Psixoloq və psixoterapevt Karl Rocers və psixoanalitik Hayns Koxut, empatiyanı kimlik inkişafının şərti hesab edirdilər. Əgər uşaq empatiyanı öz üzərində sınamırsa, yəni öz duyğularına qarşı diqqətli və anlayışlı münasibət görmürsə, onda özünü anlamaq prosesi formalaşmır. Duyğuları onun özü üçün hürküdücü və qarışıq olaraq qalır.
Körpələrin müşahidəsi alimlərə empatiyanı anlamaqdan ötrü xeyli material verir. Psixoloq Edvard Tronik ana ilə körpəsinin qarşılıqlı əlaqəsini öyrənmək məqsədilə bir təcrübə aparıb: onlar normal şərtlərdə oyun oynayırlar, ana uşağın hər hərəkətinə reaksiya verir, onun mimikasını və jestlərini təkrarlayır. Valideyn uşaq üçün, onun hissləri və hərəkətlərini əks etdirən güzgü rolunu oynayır. Daha sonra Tronik qadından bir neçə dəqiqə uşağa reaksiya verməməsini xahiş edir – körpə narahatlıq hiss edir və ağlamağa başlayır. Tronikin bu təcrübəsi təsdiq edir ki, empatiya – sosiallaşmanın ayrılmaz elementidir və körpənin inkişafına son dərəcə ciddi təsir göstərir.
İstənilən insan empatiya hissinə sahibdir.
Tez-tez autist spektrli pozuntulara malik insanlarda empatiyanın olmadığını eşitmək mümkündür, lakin bu, o qədər də doğru deyil. Bu tip mental özəlliklərə malik insanlar qeyri-verbal davranışı tanımaqda çətinlik çəkirlər, amma bu onların həmdərdlik bacarığına qətiyyən təsir etmir.
Bununla belə, bəzi insanlarda empatiya yaxşı inkişaf etməyib. Belə insanlar ev heyvanlarının ölümünə də, dostlarından hansınınsa irəli çəkilməsinə də zəif reaksiya verirlər. Onlar üçün ünsiyyət qurmaq, başqalarının davranışlarını öncədən müəyyənləşdirmək çətindir. Adətən, personajla həmdərdlik, özünüeyniləşdirmə vasitəsilə qavranılan kino və ədəbi əsərlər onlar üçün maraqlı olmur.
Empatiya problemləri və pozulması narsistik şəxsiyyət pozuntusunun, psixopatiyanın (ya da tez-tez deyildiyi kimi, antisosiallığın) və autizmlə bağlı pozuntuların diaqnostik əlamətidir. Təbii ki, yalnız yuxarıda sadalananlar zamanı yox, başqa xəstəliklər, pozuntularda da müəyyən əlamətlər, empatiyanın dəyişməsi müşahidə olunur. Lakin, məhz, adıçəkilən üç halda empatiyanın pozulması o qədər mühüm əlamət sayılır ki, diaqnostik əlamətlər siyahısına daxil edilib.
Narsissizmdən başlayaq. Empatiyanın, niyə, məhz, Karl Rocers və psixoanalitik Hayns Koxutun psixoterapevtik sistemlərində mərkəzi element olduğu ilə bağlı bir hipotez mövcuddur. Hayns Koxut da, Karl Rocers də 1950-ci illərdə Çikaqo Universitetində işləyiblər, amma bir-birini tanımayıblar, çünki psixoanalitiklər qeyri-klinik metodlara meylli psixoloqları qəbul etmirdilər. Bu, çox qəribədir, amma onların, təxminən, eyni dövrdə eyni yerdə işləmələri, tanış olmamaları, ancaq tamamilə fərqli mövqelərdən də olsa, təqribən, eyni qənaətləri çıxarmaları faktdır.
Məhz, onların sistemlərində empatiya əsas psixoterapevtik proses və şəxsiyyətin normal inkişafı üçün vacib şərt sayılır.
Amerikalı məşhur psixoanalitik Nensi Mak-Vilyams bunu belə izah edir: Çikaqo universitetinin tələbələri təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən klinikada işləyirdilər. Çikaqo universiteti sanballı, bahalı müəssisədir və tələbələrinin arasında müəyyən qədər narsist xarakterə sahib, hətta şəxsiyyət pozuntuları olan insanlar çox idi. Narsissizm problemləri empatiya ilə çox sıx bağlı olduğuna görə, empatiyanın əhəmiyyəti K.Rocersin də, H.Koxutun da diqqətini çəkmişdi. N. Mak-Vilyamsın fikrincə, onlar empatiyanı, məhz, narsistik pozuntunun müalicə üsulu kimi əsaslandırırdılar.
Hazırda narsistik pozuntuların epidemiyası, həqiqətən, geniş müzakirə olunur. Yaşadığımız həyat bizi get-gedə daxili yox, daha çox zahiri tələbatlara uyğunlaşmağa çağırır, görüntü yaratmaq daha asandır, nəinki olduğun kimi görünmək. İmic, zahiri təəssürat nəsnələrin mahiyyətindən daha vacibdir. Biz daima özümüzə qiymət qoyuruq: reytinqlər, rəqabət, müqayisə – bütün bular uşaqlıqdan həyatımıza hopur.
Gələcəkdə narsist şəxslərə çevrilən uşaqlar, onlara daima qiymət qoyan ailələrdə yaşayırlar: onları tənqid edir, ya da tərifləyirlər (adətən, hər ikisi də həddi aşır) və onların yaşantılarına empatik reaksiya vermirlər. Mən empatiyanın rolunu vurğulamaqdan ötrü mənzərəni xeyli sadələşdirirəm, amma onun rolu burda həqiqətən görünür.
Böyüklər uşağın yaşantılarına empatik münasibət göstərəndə nə baş verir? O öz duyğularının, normal şeylər yaşadığının və yaşantılarının qəbul olunduğunun təsdiqini alır. Əgər mən narahat oluramsa, hiss edirəmsə, deməli, mövcudam. Yəni uşaq öz mövcudluğunun təsdiqini görür.
Uşaq bütün bunları almayanda, ona, valideynlərin tələbləri, arzuları və idealları nöqteyi-nəzərindən baxıb daima qiymət qoyulanda onun yaşantılarının mühüm strukturları formalaşmır.
Daha doğrusu, ümumiyyətlə, duyğuları formalaşmır.
Rocers şərti qəbuldan danışırdı – yəni uşaq, yalnız hansısa tələblərə uyğun gələndə qəbul olunur. Və bütün bunlar narsistik pozuntunun əsas simptomunun empatiya çatışmazlığı olduğu qənaətini yaradır.
Belə pasientlər özlərinin mükəmməl olmadıqlarını etiraf etməyə güc tapanda, əsasən, böyük, hər şeyi udan boşluqdan, özlərinin yoxluğundan şikayətlənirlər. Bəs psixoterapevtlər nə edirlər? Bu, narsistik pozuntuların müalicəsində olan paradiqmalardan biridir. Onlar öz empatiyaları ilə boşluqları doldururlar, pasientin uşaqlıqda ala bilmədiklərini ona verirlər. Onlar empatik çatışmazlıqları bərpa edirlər.
Psixopatiyada isə empatiyanın rolu belə izah olunur: psixopatiyalı insanlarda qurbanla həmdərdlik duyğusu yaranmır və onların aqressiyası, qəddarlığı, hüquqa zidd hərəkətləri azalmır. Belə pasientlərdə beyin səviyyəsində də emosiyalar və empatiya ilə bağlı olan bölmələrin işində mühüm dəyişikliklər müşahidə olunur.
Son araşdırmalardan biri göstərir ki, psixopatiya zamanı, əsasən, qeyri-iradi empatiya zədələnir. Araşdırma çərçivəsində aparılan təcrübədə insanlar kiməsə zərər vurulduğunu göstərən video izləyirlər. İlk təlimatda sadəcə baş verənləri diqqətlə izləmək, sonra isə ətraflı təsvir etmək tapşırılır. Bu situasiyada psixopatiyalı insanlarla şərti sağlamlar arasında aşkar fərqlər müşahidə olunur. Psixopatiyalı insanlarda beynin empatik bölmələri oyanmır. Amma “personaja, ekranda baş verənlərə ürəyiniz yansın” təlimatı veriləndə bu fərq itir. Beynin empatik bölmələri aktivləşir. Psixopatiyalı insanlarda isə təxəyyülə cavabdeh olan bölmələr də oyanır. Bu, qeyri-iradi empatik reaksiya defisitini kompensasiya etmək üsuludur.
Söhbət anadangəlmə pozuntudan gedəndə, empatiyaya meyllilik uşaqlıqdan formalaşmır, buna görə də, belə pozuntuları mümkün qədər tez üzə çıxartmaq və uşaqları xüsusi proqramlara daxil etmək vacibdir.
Autizmlə bağlı mənzərə bu qədər aydın deyil. Bu sahədə aparılan araşdırmalar, demək olar ki, hər gün mənzərəyə yeni cizgilər əlavə edir. Lakin hazırda bu sahədə empatiyanın defisiti yox, həddindən çox olması hipotezi daha inandırıcı görünür. Yəni autizmli insanlarda beynin empatik bölmələrinin hiperoyanışı, son dərəcə güclü xaotik reaksiya yaranır. Onlar başqasının emosiyalarına yoluxur və bunun öhdəsindən gələ bilmirlər. Bu, həddindən artıq mürəkkəb, dözülməz vəziyyətdir.
Apardığımız araşdırmalardan birində uşaqlıqda “Asperqer sindromu” diaqnozu qoyulmuş böyük insanlar (onlar yaxşı sosiallaşmış, yüksək intellekti adamlardır) danışırlar: “Mən hər şeyi anlayıram, nə baş verdiyini bilirəm, neynəməli oduğumu bilirəm, amma heç nə eləyə bilmirəm”.
Söhbət yaxın adamlardan gedəndə belə insanlar probemin öhdəsindən gəlməyin bir yolunu tapırlar. Amma çox sayda naməlum insanlarla bacarmaq onlar üçün çox çətin, demək olar ki, dözülməzdir. Onlar emosional yoluxma və şəxsi distressin öhdəsindən gələ bilmirlər. (Distress – psixofizioloji funksiyaların işini pisləşdirən dağıdıcı prosesdir. Distressi tez-tez həm “səthi”, həm də “dərin” adaptasiya rezervlərinin mobilizasiyası və sərfi ilə müşahidə olunan uzunmüddətli stressə aid edirlər. Belə stress psixi xəstəliklərə (nevroz, psixoz) keçə bilər).
Ümumiyyətlə, empatiyanın tənzimlənməsi problemi son zamanlar araşdırmaların mərkəzində yer tutur. Araşdırmalar göstərir ki, şəxsi distress səviyyəsi yüksək olan insanlar kiməsə kömək edəndə belə, bunu həmin adamın xətrinə yox, ondan tezliklə qurtulmaq üçün edirlər. Güman ki, bir çox hallarda onlar kömək etməyəcəklər, xüsusən də, əgər vəziyyətdən asanlıqla çıxmaq ehtimalı varsa, heç kim onları tanımırsa və mühakimə edən olmayacaqsa. Bu, bir tərəfdən empatiyanın tənzimlənməməsi fenomenidir, amma digər tərəfdən əxlaqi, mənəvi nəticələrə gətirib-çıxarır.
Empatiyası inkişaf etməmiş insanın həyatı bəsitləşir. Həmçinin empatiya bizə bir-birimizlə harmonik münasibətlərin formalaşması və uğurlu əməkdaşlıq üçün də lazımdır. O, yardımlaşmaq və fədakarlıq üçün bizim daxili motivasiyamıza böyük töhfə verir.
Tatyana Karyagina
Psixologiya elmləri namizədi, Rusiya Təhsil Akademiyasında Psixologiya institutunun konsultativ psixologiya və psixoterapiya laboratoriyasının baş elmi işçisi, individual və qrup psixoterapiyası fakultəsinin dosenti
Postnauka.ru