Ali təhsil cəmiyyət həyatında necə rol oynayır? Bir universitet necə işləməlidir? Akademik mühit necə inkişaf edir? Avropanın ən qədim universitetləri də, müasir ali təhsil ocaqları da həmişə bu suallara cavab axtarıb və axtarır. Postnauka Orta əsrlərdən bugünümüzə, Boloniyadan Amerikaya qədər universitet modellərinin necə dəyişdiyini yazır.
Orta əsrlər Avropa universitetləri: plüralizm, korporativizm və avtonomiya
Universitetə bənzər ilk təhsil müəssisəsi V əsrin əvvəllərində Bizans imperatorunun əmri ilə, bütpərəst Afinanın “acığına” Konstatinopolda yaradılan xristian təhsil müəssisəsi olub.
Avropa universitetlərinin ilk örnəkləri isə XI əsrdə qriqorian islahatları, Papanın mövqeyinin güncləndirilməsi, şəhərlərin inkişafı və senyorluq münasibətlərinin möhkəmləndirilməsi fonunda meydana çıxıb. Əlbəttə, həmin dövrdə onlar müasir anlamında universitet yox, universitet öncəsi təhsil mərkəzləri, studiyalar idi. Orta əsrlərdə yaranan universitetlərin ən vacib cəhəti korporativ olması idi: universitet korporasiyalarının üzvləri dress-kodu, davranış qaydalarını, mühazirə və imtahanların ardıcıllığını öz aralarında razılaşdırırdılar. Nəticədə tezliklə universitet mədəniyyəti adlandırılan şey – universitet adamlarına xas olan xüsusi düşüncə şəkli, folklor, maneralar, diskursiv təcrübələr – formalaşdı. Məsələn, Orta əsrlər tələbələri üçün ekssentrik davranış, çılğınlıq səciyyəvi hal idi. Elm adamları mühitinə qədəm basan insan sanki əvvəlki mühiti ilə əlaqəni kəsir (hərçənd orta əsrlər cəmiyyəti üçün mənşə hər zaman vacib olub), yeni sosial status qazanırdı.
Universitet korporasiyaları yerli zadəgan hakimiyyətindən, kralın təmsilçilərindən və ən əsası, yerli dini hakimiyyətdən asılı deyildi.
Başlanğıcda təhsil prosesi yepiskop tərəfindən nəzarətdə saxlanılır, dərs demək üçün icazə (licentia docendi) onun tərəfindən verilirdi. Daha sonra yeni forma – licentia ubique docendi, yəni bütün xristian dünyasında dərs demək hüququ tətbiq olunmağa başlandı. Bu hüququ, öz aralarında bərabər olan şəxslərdən ibarət korporasiyaların keçirdiyi imtahanları uğurla verərək almaq mümkün idi. Məsələn, tədrisə icazəsi verən yepiskopun kansleri intellektualların qərarına etiraz edə bilməzdi. Lakin eyni zamanda universitetin, avtonom korporasiya kimi iqtidarın icazəsi olmadan fəaliyyət göstərməsi mümkün deyildi. İcazə üçün gərək olan xartiya Roma Papası, imperator və ya kral tərəfindən verilirdi.
Sonrakı dövrlərdə zadəgan hakimiyyəti universitetlərlərə daha çox nəzarət etməyə başladı, onların avtoriteti danılmaz idi və tez-tez kralın yanında müşavir funksiyasını yerinə yetirirdilər.
Humboldt Universiteti: araşdırma, təhsil və azadlıq
Bir çox səbəblərdən orta əsrlər universitet modeli Avropanı qane etmirdi. XIX əsrdə Avropa qlobal sənaye inkişafı yaşayırdı və peşəkar hazırlıq məsələsi son dərəcə aktuallaşmışdı. Sözügedən məsələ ilə bağlı ciddi təhsil islahatını Napoleon Bonapart həyata keçirdi: o, universitetlərin avtonom sistem kimi ləğv olunmasını təklif etdi. Yeni sxemə əsasən, tətbiqi fənlər ixtisaslaşmış ali təhsil məktəbləri çərçivəsində tədris olunmalı, araşdırmaları Akademiya həyata keçirməli idi. Universitetlərdən qalan digər funksiyalar isə hökumətin nəzarətinə keçir və məmurların, məktəb, gimnaziya müəllimlərinin yetişdirilməsi ilə məşğul olan institutlara çevrilirdi.
Lakin bu sahədə ən innovativ yanaşmanı Prussiya sərgiləyir. Klassik alman universitetinin yaradıcı filosof Vilhelm fon Humboldt (1767–1835) olur. O, Prussiyanın Daxili İşlər nazirliyində təhsil və mədəniyyət bölməsinin direktoru vəzifəsində çalışırdı. Humboldt hesab edirdi ki, universitetlərdə aparıcı fənn fəlsəfə olmalıdır. O, həm də ali təhsilin sosial bazasını genişləndirməyi və universitetlərə təkcə zadəgan mənşəli insanları yox, hər kəsi buraxmağı təklif edən Fixte ideyalarının tərəfdarı idi. Humboldt 1809-cu ildə yazdığı “Berlində təhsil müəssisələrinin daxili və xarici təşkili haqqında” adlı məşhur memorandumunda universitet təhsilinin əsas prinsiplərini göstərirdi.
Birinci prinsip – araşdırma və tədrisin vəhdəti: müəllim tələbələrinə öz tədqiqat fəaliyyəti kontekstində təhsil verir; bu ideya sayəsində müəllimi öz elmi maraqları kontekstində cəlb edən mənbələrin öyrənildiyi seminarlar meydana çıxıb.
İkinci prinsip – akademik azadlıq: professor mühazirə-seminar kursunun mövzusunu, məqsəd və hədəflərini özü müəyyənləşdirir.
Üçüncü prinsip – dövlət tərəfindən maliyyələşdirmə: hökumət strukturları universitetin fəaliyyətinə müdaxilə etməməlidir, lakin professorlar dövlət tərəfindən təyin olunmalıdır. Ki, korporasiya özünə qapanmasın və intellektual inkişafa can atsın.
Humboldt universitet modelinin təməlində araşdırma, təhsil və azad tədris ideyasının sintezi dayanırdı.
1810-cu ildə filosof, sözügedən ideyalar əsasında fəaliyyət göstərən Berlin Universitetini açır.
Akademik azadlıqla dövlət nəzarətinin bu şəkildə uzlaşdırılması bəzi ziddiyyətlərin yaranmasına və Humboldt universitetinin ünvanına tənqidlərin səslənməsinə səbəb olurdu. Amma bu onun, ali təhsil sisteminin formalaşdırılmasındakı rolunu azaltmır.
Britaniya universitetləri: avtonomiya siyasətə qarşı
Britaniya universitetlərini şərti olaraq, “daş” və “qırmızı kərpiclilər”ə bölmək olar. Oksford (1169) və Kembric (1209) kimi birinci nəsil universitetlər “daş” ləğəbini kobud hörgülü divarlarına görə alıb. Onlar, əsasən, yüksək dərəcəli avtonomiyaya malik kolleclərdən ibarət olan federativ və ya kollegial universitetlərə (collegiate universities) aiddir. XIX əsrin əvvəllərinə qədər İngiltərə başqa universitet olmayıb. Hərçənd Kembriclə Oksford kolleclərin hesabına genişlənirdi, amma onlar da dünyadan təcrid olunmuş monastırları xatırladırdı. Eyni dövrdə Şotlandiyanın ən çox məskunlaşmış şəhərlərində, sənaye mərkəzlərində daha dörd universitet təsis olunmuşdu, ancaq onlar həddindən artıq siyasiləşdirilmişdi.
Eyni vəziyyət İrlandiyada da müşahidə olunurdu. Belə ki, İrlandiya universitetlərində katoliklərin təhsil alması qadağan edilmişdi.
İkinci nəsil Britaniya universitetlərinin meydana çıxması sənaye inqilabı və peşəkar idarəçilərə tələbat yaranması ilə bağlıdır. Yeni universitetlər sənaye mərkəzlərində təsis olunurdu: 1836-cı ildə London və Daremdə, 1851-ci ildə Mançesterdə, 1900-cü ildə Birminhemdə, 1903-cü ildə Liverpulda, 1909-cu ildə Bristolda və 1926-cı ildə Redinqdə. Sadalanan universitetlər “qırmızı kərpiclilər” (redbricks) adı ilə tanınırdılar.
Amerika kollecləri: qədim dillər və paternalizm
Respublikanın ilk onilliyinə yaranan amerikan kollecləri britaniya təhsil təcrübəsini örnək götürmüşdü. Amerika təhsilinin pionerləri – Harvard kollecinin ilk prezidenti Henri Danster, “Uilyam və Meri” kollecinin 1693) yaradıcı Ceyms Bler və digərləri Oksford və Kembricin idarəetmə sistemi, təhsil proqramı və pedaqoqikasını tətbiq etməyə çalışırdılar. Ancaq britaniya modelini olduğu kimi təkrarlamaq mümkün deyildi: Amerikada tələbələrin sayı qat-qat az idi, professorluq və diplomdan sonrakı təhsil institutları, akademiyalar, ya da nəşriyyatlar yox idi. Kolleclər dar kollektivə malik və çox balaca olurdu – çox vaxt tyutorların konkret ixtisası olmurdu, çünki hər fənn üçün ayrıca müəllim götürmək çətin və əlverişsiz idi; odur ki müəllimlər, adətən, qonşu kolleclərin gənc məzunlarından seçilirdi və onların kitab və avadanlıq almağa pulları çatmırdı.
Kolleclərə siyasətçilər, xeyriyyəçilər, ictimai xadimlərdən ibarət qəyyumlar heyəti tərəfindən nəzarət olunurdu. Sonralar tədris proqramının, cədvəlin tərtibindən tutmuş əməkdaşların işə götürülməsi, çıxarılması və kitabxana üçün ədəbiyyat alınmasına qədər məhdudiyyətsiz səlahiyyətlərə və öhdəliklərə malik olan prezident vəzifəsi təsis edilmişdi.
Amerikan kolleclərinə kilsə və yerli icma da nəzarət edirdi və təhsil dinlə sıx bağlı idi: hesab olunurdu ki, kollec hər şeydən əvvəl mənəviyyatı tərbiyə etməlidir, fənlər üzə təməl hazırlıq isə ikinci dərəcəli işdir, kolleclərdə tədqiqat işləri isə ümumiyyətlə aparılmırdı.
XVIII əsrin ikinci yarısında, xüsusən də inqilabdan sonra Avropadakı maarifçilik ideyası amerikalılar tərəfindən də mənimsənilməyə başlandı. Lakin başlanğıcda kolleclərin vəzifəsi Tanrı və cəmiyyətin istədiyi fərdi harmoniya vəziyyətinə nail olmaqdan ötrü lazım olan potensial bacarıqların inkişafı idi. Tələbələrə fəlsəfə, qədim dillər və ədəbiyyat, həmçinin ritorika, qrammatika, tarix, biologiya, astronomiya, həndəsə və teologiya tədris olunurdu.
Kollec prezidenti mütləq avtoritetə sahib idi; sərt nizam-intizam tətbiq edilirdi. Buna nail olmaqdan ötrü tələbələr daim izlənirdilər; qrup halında toplaşmaq, kampusdan çıxmaq qadağan idi. Tələbələr intellektual həyatda da, məişətdə də sərbəst deyildilər – daima artıq əzbərlədiklərə materialı təkrarlamaqla məşğul olurdular.
Təbii ki, tələbələrin həyatına total nəzarət əks reaksiyalar doğururdu: onlar sevmədikləri müəllimlərin evlərini dağıdırdılar, yanğın, partlayış halları olurdu.
XIX əsrin 20-ci illərində sözügedən sistem tənqidlərə məruz qalmağa başladı. Sənaye istehsalatının sürətli inkişafı və Vətəndaş müharibəsindən sonra vüsət alan urbanizasiya, cəmiyyəti tətbiqi peşələrə maraq göstərməyə vadar etdi: yeni təhsil siyasətinin hədəflərindən biri də qədim dillərin dominant olduğu fənlərin klassik iyerarxiyasını dağıtmaq və ali təhsilə gedən yoldakı formal məhdudiyyətləri – latın və qədim yunan dili üzrə qəbul imtahanları, gender diskriminasiyası – aradan qaldırmaq idi. Beləliklə, Birləşmiş Ştatlar Humboldt universiteti modelini seçdi və 1865-1910-cu illər arasında Amerikanın akademik xəritəsi tanınmaz dərəcədə yeniləndi: əvvəllər cəmi 10-20 kiçik, lokal kolleclər olan bölgələrdə dünya birinciliyinə iddialı yeni universitet təhsil sistemi meydana çıxdı. 1868-ci ildə İtaka şəhərində (Nyu-York ştatı) Kornell universiteti, 1876-cı ildə Baltimor şəhərində (Merilend ştatı) Cons Hopkins Universiteti fəaliyyətə başladı. Sonuncu, amerika universitetləri arasında tədqiqat işi və aspirant hazırlamaq üçün yaradılmış ilk ali təhsil müəssisəsi idi. Tədqiqatçı universitetlərin nümayəndələri daha hazırlıqlı müəllimlər yetişdirməklə, tədris proqramını təkmilləşdirməklə köhnə kolleclərin iş prinsiplərini dəyişməyə başladılar.
Rusiya universitetləri: Qərb örnəkləri əsasında
Rusiya universitetlərin cəmi 300 illik tarixə malikdir. XVIII əsrin ortalarında Rusiya imperiyası elmi təbəqəni formalaşdıra biləcək ali təhsil ocaqlarının yaradılması barədə düşünməyə başlayır. Bu, Avropa ölkələri ilə əlaqələrin artması və xarici təhsil və elm modelləri ilə tanışlıq sayəsində baş vermişdi. Nəticədə I Pyotr Akademik universiteti təsis edir. Ora xaricdən müəllimlər dəvət etmək planlaşdırılırdı, ancaq əcnəbi professorlar Rusiyaya gəlmək istəmirdilər, elə yetərli tələbə də yığılmırdı: həmin dövrdə hərbi karyera akademik karyeradan daha sanballı sayılırdı və gənclərin əksəriyyəti təhsilini başa vurmamış universiteti tərk edirdilər. Amma universitetdə, sonralar İvan Şuvalov və Mixail Lomonosov tərəfindən Avropa universitetlərinin nümunəsi əsasında yaradılmış Moskva universitetinin professorları olacaq istedadlı tələbələr də vardı. Bununla belə, yenə də professorluğun əhəmiyyətli hissəsi əcnəbilərdən ibarət idi.
Sözügdən dövrdə Rusiya universitetində müəllimlər bir neçə predmet üzrə mühazirələr oxumalı olurdular, maaş çox az idi. Universitetə ən müxtəlif təbəqələrdən tələbələr, o cümlədən təhkimlilər də qəbul edilirdi. Bir şərtlə: əgər mülkədar onları azad etməyə və təhsil haqqını ödəməyə razılıq verirdisə.
1783-cü ildə Moskva universitetinə tibb və hüquq elmləri üzrə doktorluq dərəcəsi vermək hüququ bəxş edildi, lakin onlar cədvəl üzrə dərəcələr (I Pyotrun əmri ilə tərtib olunmuş hərbçilər, mülki şəxslər və əyanlar üçün rütbələrin siyahısından ibarət cədvəl) vermirdilər. Elmi dərəcələrə sahib insanların sözügedən cədvəl üzrə ad alması sistemi 1804-cü ildə tətbiq olunmağa başlamışdı.
XIX əsrin ortalarında Uvarovun islahatları sayəsində sistem bir qədər müasir dərəcələr sisteminə bənzədi: dərəcə almaq istəyənlər elmi iş yazmalı və müdafiə etməli idilər.
XIX əsrdə Rusiyada artıq yalnız dövlət təhsil müəssisələrindən ibarət – onlar dövlətin büdcəsində olsa da, ianələrdən çox asılı idi – universitet sistemi formalaşmışdı. Bəzi universitetlər xarici ali təhsil ocaqları ilə sıx əlaqə saxlayırdı və rus təhsil müəssisələrindən təcrid olunmuş vəziyyətdə idi. I Pavel gənclərə xaricdə təhsil almağı yasaqlamışdı və təhsil sahəsində bir çox başqa məhdudiyyətlər qoymuşdu. Ki, bu da universitet sisteminin inkişafını ləngidirdi.
Amma I Aleksandrın dövründə qaydalar yumşaldılmağa başladı, təhsillə bağlı ümumi islahatlarda universitetlərə fəxri yer ayrıldı, onlar Rusiya ərazisindəki təhsil vilayətlərinin mərkəzlərinə çevrildilər. Yeni hazırlanan universitet nizamnamələrinə əsasən, ali təhsil müəssisələri son dərəcə böyük avtonomiya və demokratiya aldı, alman universitetinin prinsipləri tətbiq olunmağa başlandı – hərçənd tədris və mühazirə sahəsində istənilən qədər azadlıq təmin etmək mümkün olmadı.
Ard-arda gələn və Rusiya universitetinin avtonomiyasına təsir edən islahat və əksislahat dalğaları bütün XIX əsr boyunca davam etmişdi.
XX əsrdə universitetlərin inkişafında 1905 və 1917-ci il inqilabları vacib mərhələ sayılır. Sözügedən illərdə universitetlər, demək olar ki, il yarım bağlı qalmış, tələbə qiyamları ucbatından işləməmişdi. İnqilaba qədər universitetlər Xalq Maarif Nazirliyinə və təhsil vilayətlərinin qəyyumlarına tabe idi, ancaq bu asılılıqdan qurtulmağa çalışırdı. Lakin Vətəndaş müharibəsi illərində universitet əsl avtonom müəssisəyə çevrilir. Müharibədən sonra universitetlər daha kütləvi olmağa, bir növ sosializasiya fabriklərinə çevrilməyə başlayır –fəhlə fakultələri yaradılır, təhsilin sosial əlçatarlığı maksimum genişlənir.
Bu, sovet universitetlərini tədqiqat yolunu seçən qərb universitetlərindən fərqləndirən başlıca fərqlərdən biri idi. XX əsrin 50-60-cı illərində əhalinin, təqribən, 10-15%-i universitetlərə daxil olurdu. İnqilabdan sonrakı dövrün daha bir vacib cəhəti də marksist ideologiyanın partiya tərəfindən məcburi aşılanması idi.