İnsanlar heç zaman mifsiz, dinsiz, ya da başqa mistik düşüncəsiz yaşaya bilməyiblər, bilməyəcəklər də. Bu cür dünyagörüşü həmişə olacaq. Hər şey bir yana, dinlər və başqa oxşar dünyagörüşlərlə mübarizə ən azından buna görə həç zaman fayda verməyəcək. Tam əksinə, zorakılıqla və başqa ədalətsiz təcrübələrlə nəticələnəcək.
İnsanların nədən belə şeylərə inandığına dair çox yazılıb. Mən yalnız bir izahın üzərində durmağı seçirəm – biz, düşünə biləcəyimiz qədər ağıllı deyilik. Ağılla qavraya bilmədiyimiz nəsnələr çoxdur. Üstəlik, ağlımız artdıqca, ya da bizə elə gəldikcə, ağılla qavraya bilmədiyimiz nəsnələr də artır. Bəlkə, ağlımız elə buna çatır? Yəni, “ağıllı adam” çox öyrəndikcə bilmədiklərinin sayının artdığını anlayana deyilir?
“Bir onu bilirəm ki, heç nəyi bilmirəm” (Sokrat)
“Şübhəsiz yalnız bir şey var – düşünə bilməyim “(Dekart)
“Çox öyrəndikcə, çox bilirəm. Çox bildikcə, çox unuduram. Çox unutduqca, az bilirəm. Onda niyə öyrənirəm?” (Erasmus)
Kant israr edirdi ki, nəyinsə nəzəriyyədə doğru olduğunu, amma təcrübədə işləmədiyini iddia edənlər, nəzəriyyənin nə olduğunu anlamırlar. Kant burada başqa mənaları vurğulasa da, düşüncələrin sonrakı inkişafı göstərdi ki, “fakt” özü bir anlayışdır və nəzəri baxışlardan, o cümlədən ideoloji yanaşmalardan asılıdır. Məsələn, fizikada Helium qazının nüvəsi (atomu) molekula sayılır (qazların kinetik nəzəriyyəsinə görə), amma kimyada sayılmır (molekulyar spektr nəzəriyyəsinə görə). Niyə? Çünki, bu iki elmin yanaşması fərqlidir. Dəqiq hesablamalar və təcrübələr üzərində qurulmuş fundamental təbiət elmlərində belə olanda, indi görün əsasən gumanlar üzərində qurulmuş sosial elmlərdə və fəlsəfədə vəziyyət necədir. Dinlərin də vəziyyətini özünüz təsəvvür edin.
Söhbət bir tək cismani vücudu olan nəsnələrdən getmir. Əslində, bu mövzuda bizi maraqlandırması gərəkən ideal nəsnələrdir. Bu nəsnələrin də təbiətinə baxışlar fərqli olur. Birilərinə görə, belə nəsnələr ancaq bizim düşüncələrimizin məhsuludur. Başqalarına görə, onların sərbəst (düşüncələrimizdən asılı olmayan) varlığı olur. Elələri də var ki, belə nəsnələrin varlığını ümumiyyətlə inkar edir. “izm”lərlə sizi yormaq istəmirəm. Sözümün canı başqadır.
“Filankəs pis adamdır” cümləsi kiməsə doğru, kiməsə yanlış görünə bilər (yanaşmadan asılıdır). Önəmli olan bu deyil. “Filankəs pis adamdır” cümləsi konkret adamı nəzərdə tutur. Bu nəticəyə induktiv yolla varmaq olar. Yəni, mən bir adama pislik etsəm, sonra başqa adama pislik etsəm, daha sonra bir başqasına pislik etsəm, sonra bu adamlar öz aralarında məni müzakirə etsələr, rahatlıqla mənim pis adam olduğumla bağlı ortaq məxrəcə gələ bilərlər. Amma induktiv yanaşmanın bir önəmli qüsuru var – müşahidə olunan nəyinsə adı (anlayışı), onun özündən öncə gəlməlidir. Söhbət yaranışdan, ya da xronoloji düzəndən getmir. Məsələ düşüncə tərzindədir. Filankəsin pis adam olduğunu demək üçün, gərək öncə pislik haqqında hamının razılaşdığı anlayış ola. Bu anlayış haradan gəlir? “Pislik”, bir ideal nəsnə kimi, varmı? Var olması mümkündürmü? Varsa, o necə bir varlıqdır? Gündəlik həyatda belə suallarla özümüzü, bir qayda olaraq, yormuruq. Çünki, qısa düşünürük. Çox vaxt buna məcbur oluruq – həyat ritmi getdikcə sürətləndiyinə görə. Amma belə sualların təsiri altından heç zaman çıxa bilməyəcəyik.
Götürək hüquqşünaslığı. Burada “azadlıq”, “ədalət”, “haqq”, “mənafe” və s. kimi anlayışların məzmunu və sərhədləri zamana və məkana görə dəyişir. Misal, siqaretçəkmə. Bir zamanlar ictimai yerlərdə siqaret çəkmək, bunu etmək istəyənlərin mütləq azadlığı olub. Sonradan, ictimai yerlərdə siqaret çəkmək üçün, yanındakı adamların razılığını almaq tələbi qoyuldu. Yəni, azadlıq mütləq deyil, şərti oldu. Bu gün isə, bir sıra ölkələrdə, ictimai yerlərdə siqaret çəkməyi tamamilə qadağan ediblər. Yəni, nə oldu? Bir hərəkət, mütləq azadlıqdan mütləq qadağaya qədər inkişaf yolu keçdi. Tərs istiqamətdə (qadağandan azadlığa) inkişafa dair də misal vermək olar, amma vaxtınızı almaq istəmirəm.
İnsanların düşüncəsi refleksiv və retrospektivdir. Yəni, biz özümüzə keçmiş zamanda baxıb düşünürük. Məsələn, ölkəmizdəki iqtidarı tənqid edən çevrələrdə, xalqımızı (seçiciləri) passivlikdə, haqsızlıqlara dözməkdə qınamaq kimi bir yanaşma var (qorxaqlıqda suçlayanlar da olur). Bunu demək üçün əsasların var olduğunu düşünə bilsək də, yanaşmanın özü yanlışdır – praktik deyil. Passivlikdə qınanılan insanlar, əslində, praktik baxımdan düz düşünürlər. Onlar özlərini Avropayla, ya da Amerikayla deyil, özlərinin, deyək ki, on il bundan öncəki durumlarıyla müqayisə edirlər (refleksiv və retrospektiv yanaşma). On il öncə, siyasi baxımdan fəallaşması arzulanan insanların (seçicilərin) smartfonu, inteneti, maşını, evi və s. olmayıb. Həmin insanların çoxu iqtidardan narazı olsa da, bu gün onların itirə biləcəkləri var (bunu da öz keçmişlərilə müqayisədə anlayırlar). İtiriləbilənləri əldən verməmək istiqamətində düşünmək – çox praktik yanaşmadır.
Praktik ağıl (ağıllı seçim) bir çox işlərdə bizə yardımçı ola bilmir. Məsələn, əllərimizi yumaqla bağlı tibb elminin bizə verdiyi biliklərə arxalanıb, əllərimizi yumağı seçirik. Amma əllərimizi yumağı seçəndən sonra, iş hansı sabunla yumağa gələndə, ağıllı seçim mümkün olmur. Burada yaranan boşluğu reklam doldurur. Ağıllı seçim mümkün olsaydı, reklama ehtiyac qalmazdı. Siyasi və dini təbliğatla da durum oxşardır. Ağıllı seçim mümkün olsaydı, təbliğata gərək olmazdı. İstər dünyəvi, istərsə də dini təbliğatlarda populizm, radikalizm, opportunizm və s. – bunların hamısı praktik ağlın vara bilmədiyi yerlərdə yaranan boşluqlardan qaynaqlanır. Deməli, əsas məsələ – praktik ağlın tətbiq dairəsini genişləndirməyə fürsət açan siyasi sistemin qurulmasıdır. Belə bir sistemin ancaq dünyəvi dövlət çərçivəsində mümkün ola biləcəyini iddia edirəm. Dünyəvilik yeganə şərt deyil, təbii ki. Amma bu mövzuda bizi ancaq dünyəvilik maraqlandırır.
Bəs vicdan?
İnsan, hər şeydən öncə, – bioloji varlıqdır. Təbiətin qanunlarını və onlardan doğan zəruri nəticələri öz iradəmizlə ləğv edə bilmərik.
Bütün bioloji varlıqların canında yaşamaq uğrunda mübarizə kodu var. Sosial (hüquq, əxlaq və s.) sistemlər bunun ən keçilməz cəhətlərini nəzərə almağa məcburdur. Məsələn, özünü fiziki təcavüzdən müdafiə edən şəxs, zəruri müdafiə həddini aşmadığı hallarda, ona hücum edəni öldürə bilər və buna görə məsuliyyət daşımayacaq. Sosial (geniş mənada) sistem insanın yaşamaq arzusunu (haqqını) müdafiə etməsə, nizam-intizam və ondan doğan fürsətlər mümkün olmayacaq.
Sosial sistemlərin xəyali gücü nə qədər çox olursa olsun, təbiətin gücündən çox olası deyil. Texnoloji inkişaf və onunla bağlı üstünlüklər təbiətin qanunları haqqında düşünməmək rahatlığını gətirib həyatımıza. Yalnız təbii fəlakətlər, kəskin su və ya qida çatışmazlığı, epidemiya və ya epizotiyalar kimi hallarda özümüzü təbiətin bir hissəsi, bioloji varlıq kimi hiss etməyə başlayırıq. Belə hallarda əsasən və ya yalnız sağ qalmaq haqqında düşünürük, vəziyyətdən sağ çıxmaq uğrunda mübarizəyə girişirik.
Bəzən, insan özü özünü ölüm-dirim vəziyyətinə salır, iradəvi olaraq. Yox, müharibələri demirəm. Dağadırmaşanları nəzərdə tuturam. Everest dağının başına bir neçə dəfə dırmaşa bilmiş bir nəfərin müsahibəsini oxumuşdum bir gün. Adam demişdi ki, 8000 metrəlik yüksəklikdə nə hüquq var, nə din, nə əxlaq – ancaq sən və ehtiyatsızlığını bağışlamayacaq amansız təbiət. Bu sözləri, dağadırmaşanların arasında yardımlaşma ehtimalının çox az olduğunu vurğulamaq üçün demişdi. 8000 metrlik yüksəklikdə hər kəs ancaq öz canını güdür və başqasının yardımına gəlməyə imkanı olmur.
Dağın başından enək. Aşağıda təbiət o dərəcədə amansız olmadığı üçün, cəmiyyət qanunları həyatımızın əsas hissəsini nizamlaya bilir. Burada yüksəkliklər də, alçaqlıqlar da – məcazdır. Məcaz olsa da, çox təsirlidir. Sosial gerçəkliyimiz belə məcazlarla doludur. Onların arasında “vicdan” və “düzgünlük” çox diqqət cəlb edib həmişə.
İnsan öz xeyrini güdür. Burası aydındır (bəsit həqiqətdir). Lakin, çoxları bunu eqoizmlə əlaqələndirməyə çalışır, insanların təbiətində zəruri pislikləri axtarır, bununla bağlı zəngin ədəbiyyata istinad edir, mentalitetlə əlaqələndirir və s. Belə cəhdlərin və iddiaların böyük əksəriyyəti ya aşağılayıcı, ya da həvəsdənsalıcı ruhda olur. “Bizdən adam olmaz”, “biz həmişə belə olmuşuq”, “biz pulgirik” və s. kimi təqdimatlarla nəticələnir hamısı. İnsanların əksəriyyəti sistemin tələblərinə uyğunlaşır (sağ qalmaq strategiyası). Uyğunlaşmayanlar marqinallaşır.
Özünəhörmət – çox az adamın daxili tələbatı ola bilir. Əksəriyyəti başqaları tərəfindən hörmətə qoyulmaq qayğılandırır. Belə hörmətin qiyməti olur. Vicdanlı və düzgün olmağın sosial qiyməti var. Belə qiymət çox yüksək olanda, insanların özlərinə verdiyi qiymət azalır. Doğrunu söyləmək çox bahaya başa gəlir.
Yaşar Mirzəyev