Bu yazı, mənim həm yeni ampulam, həm də yeni ampluamdır. Mən bu yazını hörmətli mütəfəkkir, təvazökarlıqdan öz gerçək ismini gizlədən və Tale Gileyli, bəzən də Küskün Səbəbsiz, yaxud da Sevgiyə Susamış kimi təxəllüslərdən istifadə edən, özü də bu həyatdan nə istədiyini bilməyən inkoqnitoya həsr edirəm.
Ələkbər Əliyev
Dekonstruksiya fəlsəfəsinin banisi fransız filosofu Jak Derrida sayılır. Derrida öz fəlsəfəsinə ad verməmişdi. Onu tənqidçiləri və hətta tərəfdarları belə adlandırmışdılar. Çünki Derrida öz yazılarında müəllimi hesab etdiyi Heideggerin destruksiya termininə sıx-sıx istinad edirdi, amma özünün destruksiya tərəfdarı olmadığını, ondan sadəcə bir metod kimi istifadə etdiyini deyirdi. Ona görə, Derridaya və onun fəlsəfəsinə dekonstruksiya deyilməyə başlandı və o qədər geniş yayıldı ki, ifadəni axırda Derrida da qəbul etdi.
Dekonstruksiya sözünün özü bir az təhrikedicidir, “dağıdıcılıq” anlamını verir. Ona görə də, Derrida bir az tərəddüd edirdi və dekonstruksiya ilə destruksiya arasındakı fərqi göstərməyə çalışırdı. Nə dərəcədə alındı, demək çətindir. Çünki fərq, bu günə qədər çoxları üçün aydın deyil. Konstruksiya, rekonstruksiya sözləri aydındır, hər ikisi nəyinsə yekununu ifadə edir. Rekonstruksiya yenidənqurmadır, amma dekonstruksiya heç bir yekuna işarə etmir. Yəni, tutaq ki, nəyisə sökürsən – sonda nə nəticə alınır? Söküb yerində nə quracaqsan, nə yaradacaqsan? Bu söz bu təsəvvürü oyatmır. Hətta destruksiya özü konkret bir sözdür. Çünki tam olanı dağıdırsan, bitir bu iş. Amma dekonstruksiya söz olaraq çətin qavranılır. Bir daha deyirəm, sökməyi ifadə edir, amma sökmənin nəticəsində nə yaranır və nəsə yarana bilirmi? Bu haqda təsəvvürlər oyatmır. Derridaya hər zaman bununla bağlı suallar verilirdi və o, anlatmağa çalışarkən deyirdi ki, dekonstruksiyanın nə əvvəli, nə sonu var, o, sonsuz prosesdir. Derrida, xüsusilə, dekonstruksiyanın qavranılmasında iki böyük yanlışdan çəkindirməyə çalışırdı. Dekonstruksiya – postmodern fəlsəfənin içində yaranmış fəlsəfədir. Postmodernizm isə bütövlükdə solçu təfəkkürün məhsuludur. Təbii ki, postmodern fəlsəfə olduğu üçün Derridanı solçuluqla əlaqələndirirdilər. Hərçənd, Derrida hər zaman deyirdi ki, mən solçu deyiləm, fəlsəfəm solçu fəlsəfə, dekonstruksiya da ideologiya deyil. Burası doğrudan da qəlizdir. Çünki dekonstruksiya ideologiya deyilsə, onun fəlsəfə kimi qavranılması çətindir. Fəlsəfə bəlli ideallar təklif etməlidir. Hansısa transsendental dəyərlər olmalıdır ki, ona əsasən, sənin bəlli dünyagörüşün formalaşsın. Derrida isə bunun ideologiya olmadığını söyləyirdi. “İdeologiya deyil” dediyin zaman qarşılığında və ya buna müvafiq çoxları dekonstruksiya fəlsəfəsini metodologiya zənn etdilər. Yaxşı, ideologiya deyil, olsun metodologiya. Çünki, həqiqətən, dekonstruksiya bir üsul, metod təsəvvürü yarada biləcək sözdür. Amma deyəndə ki metodologiya da deyil, o zaman çaşqınlıq bir az da artdı.
Dekonstruksiya əvvəli və sonu olmayan prosesdir. İçində dəyərləri və məqsədi yoxdur. Burada maraqlı bir məqama gəlib çıxırıq. İnsan şüuru bəlli strukturlardan ibarətdir. Söhbət beyində olan hansısa pərdələrdən getmir. Söhbət ondan gedir ki, hər birimizin təfəkkürü dilimizin konstruksiyaları ilə məhdudlaşır. Çox dil bilməyin faydası zatən bundadır. Çox dil bildikcə zehniniz zənginləşir. Hər dilin öz konstruksiyası içində ifadə olunmayan anlayışlar var ki, siz onları tərcümə edə bilmirsiniz. Amma bir neçə dil biləndə düşüncəniz çevikləşir. Bir dildən digərinə keçirsiniz və məsələni qavraya bilirsiniz. Yalnız bir dil bilən adam istisnasız məhdud olur. Çünki onun düşüncəsi bildiyi dilin ona təklif elədiyi konstruksiyanın içindən çıxmır. Bu məhdudiyyətlər isə istər-istəməz Derridanın əsas tənqid hədəfinə çevrilmişdi. Dekonstruksiyanın anlamı özünü burada daha çox büruzə verir. Yəni, xüsusilə, dilin bizim şüurumuza təlqin etdiyi bəzi konstruksiyaları var ki, Derridanın dekonstruksiya fəlsəfəsi bunların sökülməsi ilə məşğuldur. Sökməyin nə faydası var? Az öncə qeyd etdim ki, elə bir məqsədi yoxdur, içində dəyərləri də yoxdur. Sökmənin mənası onda ola bilər ki, konstruksiyanı sökərkən sökənin özünün yekun olaraq, gördüyü məqsəd nədirsə, həmin məqsədə uyğun da dekonstruksiya edir. Dekonstruksiyadan çox ideologiyalar və çox fəlsəfələr yararlanır, xüsusilə də, hüquqşünaslıq. Hər yerdə deyil, əlbəttə ki. Burası da çox qəribədir. Dekonstruksiyanı bir fəlsəfə kimi tanıdan elə hüquqşünaslıqdır. Əvvəl-əvvəl bu, ədəbiyyatşünaslıqda inkişaf etməyə başlayıb. Amma ədəbiyyatşünaslığın geniş ictimai çevrəsi olmur. Hüquqşünaslıq artıq siyasətə, iqtisadiyyata bağlanırdı və peşə çevrəsi vardı. Ona görə də, hər yerdə dekonstruksiya haqqında danışılmağa başlandı.
Amerika məhkəmələrində qərarlara dekonstruksiyanı tətbiq edən hakimlər var. Onlardan biri Richard Posnerdir. O, həm hakim, həm hüquq nəzəriyyəçisidir. Postmodernistdir, dekonstruksiyadan sıx-sıx istifadə edir öz məhkəmə icraatında. Beləliklə, Amerikada, dünyada dekonstruksiyanı tanıdan məhz hüquqşünaslıq peşəsi olub.
Derrida fransız filosofu olmasına baxmayaraq, Fransada zamanına görə böyük nüfuz qazana bilmədi. Çünki Derridanın kəskin tənqid elədiyi və Fransada artıq oturuşmuş fəlsəfələr vardı. Məsələn, strukturalizm o zamana görə oturuşmuş fəlsəfə idi. Derrida onu tənqid edirdi. Ona görə, Derridanı universitet çevrələrində xoşlamırdılar və o, özünə böyük akademik mövqe qazana bilmədi. Amerikaya köçdü və dekonstruksiya orada açıq fəlsəfi məktəb kimi inkişaf etməyə başladı. Yalnız sonradan onu Parisə dərs deməyə dəvət elədilər.
Dekonstruksiyanın əsas obyekti mətndir. Mətn bizim vərdiş etdiyimiz çap məhsuludur. Amma mətn, tekst sözünün daha geniş anlamı var. Zahiri görünən hər şey tekstdir. Məsələn, gözlə görüləcək hər şey tekstdir. Amma biz indi teksti dar mənada götürürük. Derrida onun özünü də iki yerə bölür: şifahi və yazılı mətn. Şifahi mətn dekonstruksiyanın əsas hədəfi deyil. Çünki dekonstruksiyaya görə, şifahi mətn təhlil üçün tam yararlı deyil. Şifahi mətn müəllifin diskursunun içində olan mətndir. Yəni müəllif özü sizin gözünüzün qarşısındadır. Şifahi mətn şifahi ünsiyyət tələb edir. Sözü deyən qarşınızda olur. Bu tip ünsiyyət fonosentrik adlanır. Yəni belə ünsiyyətdə siz mətnin mənasına deyil, danışana əhəmiyyət verəcəksiniz. Çünki danışan qarşınızdadır. Danışanı isə tanısanız da, tanımasanız da, onun jestləri, mimikası, zarafatı dediyi sözlərin mənasını açmağa yardımçı olur. Burada əsas məsələ emosional fondur. Ona görə, bu mətni təhlil etmək çətindir. Bu, artıq psixologiyanın işidir.
Amma yazılı mətn təhlilə yararlıdır və dekonstruksiya onunla məşğuldur. Yazını şifahidən fərqləndirən cəhətlərdən biri odur ki, şifahi mətn mütləq müəllif tələb edir. Yazılı mətnin də müəllifi var. Amma yazılı mətni təhlil edərkən müəllifi mötərizədən kənara çıxara bilərsiniz. Derrida da müəllifi unutmağı tövsiyə edir. Təbii ki, hərfi mənada yox. Yəni yazını oxuyarkən müəllifi düşünməyin.
Ədəbiyyat dərslərində əsəri izah etməzdən əvvəl müəllifin həyatını təsəvvür edirlər. Müəllifi təlqin edəndən sonra deyirlər ki, get, onun əsərini oxu. Ona görə də, müəllifin əsərini oxuyanda şəxsiyyəti haqqında aldığın bilgilər kod kimi həmişə sənin gözünün önündə olur. Mətni oxuyursan, müəllifi düşünürsən. Özün bunu dərk etməsən də. Müəllif haqqında bəzi şeyləri biləndə mətnə münasibətin dəyişə bilir və bu, çox pisdir. Dekonstruksiya da əsas bundan çəkindirməyə çalışır. Müəllifin xasiyyəti və keyfiyyəti onun yazdığı mətnə münasibəti formalaşdırmamalıdır. Dostoyevskinin qumarbaz olmağı onun əsərlərinin qavranılmasına təsir edəcəksə, deməli, siz oxuya bilmirsiniz. Puşkinin arvadbaz olmağı yaxşı keyfiyyət deyil, amma buna görə yazdığına münasibətiniz dəyişəcəksə, deməli, oxu mədəniyyətiniz yoxdur. Eyni zamanda müəllifin müsbət keyfiyyətləri də qabardılır və bu da həvəsi öldürür. Ona görə, metodoloji olaraq dekonstruksiyanın əsas məsləhətlərindən biri odur ki, müəllifi mötərizədən kənara atırsınız, qalır mətn.
Ancaq indiki texnologiyalar şifahi ünsiyyətə yazı ünsürlərini qata bilir. Məsələn, çatda texniki olaraq yazırsınız, amma kiminlə yazışdığınızı bilirsiniz. Ona görə də, çap formatında emosiyaları ifadə edən smayliklər qoyursunuz. Bu, elə şifahi ünsiyyətdir. Yazılı mətn isə mütləq metodoloji tənhalıq tələb edir. Siz mətnlə üzbəüz, təkbətək qalırsınız. Şifahi mətnin bir xüsusiyyəti də odur ki, danışan dinləyicini inandırmağa çalışır, yazan özünü. Yazı ona görə çətin başa gəlir. Siz danışarkən dinləyicini inandırmağa çalışırsınız. Bu, çox asandır, burada səmimi olmaya bilərsiniz. Yazanda isə özünüzü inandırmalısınız. Ona görə, yazıb-pozursan, çünki özünün inanmağın gəlmir. Məsuliyyətli yazar belə edir. Sən öz yazdığına inanmırsansa, bu, artıq mətn deyil. Bu xüsusiyyət yazını xüsusilə maraqlı edir.
Yazıçı ilə publisistin fərqi nədir? Yazıçı özünü yazır, publisist oxucu üçün. Odur ki, publisistika, Derridanın dediyinə görə, texniki baxımdan yazı olsa da, şifahi mətnə daha yaxındır. Çünki köşə yazarı, publisist oxucusunu düşünərək yazır. Solçu qəzet solçu, sağçı qəzet sağçı şeylər yazacaq.
Yazıçı isə eqoistdir, öz duyğularını ifadə edir. Oxucusunu düşünən yazıçı heç vaxt əsl yazıçı ola bilmir, publisist ola bilir. Yazının yazıçı üçün çətinliyi bundadır. Amma oxucu üçün də yazının çətinliyi var. Çünki şifahi ünsiyyətdə müəllifi görürsünüz, anlamadığınız şeyləri ondan dərhal soruşa bilirsiniz. Və sözün çatdırılmadığı mənanı jest çatdırır. Mətn isə sizə bu imkanları təklif eləmir. Siz özünüz məna çıxartmalı olursunuz. Dekonstruksiyanı çətin eləyən də budur. O deyir ki, mətnin hazır mənası yoxdur, mənanı siz verirsiniz, yəni oxucu. Yazıçı özü üçün yazıb, duyaraq yazıb. Oxucu yazıçının yaşadığını yaşamır, o, başqa çevrədən, başqa ölkədən, başqa zamandandır. Ancaq mətn obyekt olaraq qalır. Yüz illərlə yaşı olan mətnlər var. Siz o müəllifdən soruşa bilmirsiniz ki, burda nə yazmısan və yaxud nə demək istəmisən. Ona görə, dekonstruksiya hər zaman müəllifin adından mənanı oxucuya təlqin etməyə qarşı çıxıb. Bu, çox subyektivist bir yanaşmadır. Sözün yaxşı mənasında.
Yeri gəlmişkən, dekonstruksiya obyektivizmi inkar edir. Obyektivizm mümkün deyil. İnsan subyektdir. Ona görə də, qaçılmaz olaraq, subyektivdir. İnsanın bilikləri, duyğuları, təcrübəsi, çevrəsi, məlumatı məhduddur. İnsanın üzərində o qədər məhdudiyyətlər var ki, bilmədikləri bildiklərindən, duymadıqları duyduqlarından daha çoxdur. Ona görə, insan hər zaman qərəzlidir. Ona görə, bildikləri və duyduqları çərçivəsində reaksiya verir. İnsanın istəkləri, xoşladığı, xoşlamadığı, razılaşa biləcəyi və bilməyəcəyi şeylər var. Bu, hər birimizi qaçılmaz olaraq subyektiv edir. Obyektiv insan, obyektiv məna, obyektiv yanaşma mümkün deyil. Dekonstruksiya obyektivizmi, ən yaxşı halda, mümkünsüz sayır, ən pis halda qeyri-səmimi. Siz obyektivlik iddiası ilə başqalarına bəlli bir məna təlqin etməyə çalışırsınız. Ən yaxşı halda səmimi olaraq yanılırsınız, boş bir şeylə məşğulsunuz, imkansız bir işin arxasınca gedirsiniz. Burda da başqa bir çətinlik var. Əgər mətnə mənanı oxucu verirsə, onda irad tuturlar ki, hərə ağlına gələn mənanı çıxarır. Bəli, hərə ağlına gələn bir məna çıxaracaq. Ancaq bu, o demək deyil ki, nə qədər insan varsa, o qədər məna olacaq. Heç zaman mümkün olmayıb bu. Bəli, insanlar fərqlidirlər. Amma ortaq dəyərləri, ortaq duyğuları və təcrübələri də var. Bir çox insan dəfələrlə eyni vəziyyətə düşüb. Yəni bir-birilərini yaxşı tanıdıqları üçün kimin necə reaksiya verəcəyini təsəvvür edə bilirlər. Subyektiv olan hər kəsin ünsiyyəti yarana bilirsə, onun nəticəsində intersubyektivlik meydana çıxır – yəni subyektlərarası məna. Bu, obyektiv məna deyil. Obyektiv məna, o demək deyil ki, hamı onu qəbul edir. Burda da bir başqa yanlış var. Çoxlarının təsəvürünə görə, əgər hamı eyni şeylə razılaşırsa bu, obyektiv fikirdir. Obyektiv fikir mümkün deyil. Sadəcə əksəriyyət bununla razıdır. Əksərin bununla razılaşması razılaşılan şeyi obyektiv yox, intersubyektiv edir. İntersubyektivliyin açması budur: subyektlər arasında razılaşdırılmış məna.
Mahiyyətinə görə, dekonstruksiya demokratik fəlsəfədir. Qeyri-demokratik mühitdə ya qavranılmır, ya rədd edilir. Qəbul olunmur azad cəmiyyətdə. Ona görə də, Derrida şərti olaraq mədəniyyətləri də bölürdü: fonosentrik və loqosentrik mədəniyyətlər.
Loqosentrizm tarixən qədim Yunanıstanda başlayır. Ənənəvi olaraq Qərb mədəniyyətinin başlanğıcı ordan hesablanır.
Loqosentrik mədəniyyət – sözün mənasına dəyər verən mədəniyyətdir. Fonosentrik mədəniyyət sözün söylənildiyi şəraitə dəyər verən mədəniyyətdir. Şərait geniş anlamda işlənir, həm də sözü deyənin şəxsi keyfiyyətini ehtiva edir. Məsələn, Derrida’nın təsnifatına görə, biz xalis fonosentrik cəmiyyətik. Buna görə, bizdə şifahi ünsiyyət yazı ünsiyyətindən daha çoxdur. Buna görə, danışana daha çox əhəmiyyət verirlər, nəinki danışılana. Buna görə, bizdə sözlərin lüğəti mənasından daha vacibi onların yaratdığı fondur. Məsələn, çox xoşlamadığım, amma əksəriyyətin məişət səviyyəsində işlətdiyi, yalançı üzrxahlıqla ifadə etdiyi bəzi sözlər var. Bəziləri “türkün məsəli”ndən istifadə edir. Bəzən “üzr istəyirəm, filan şey” deyilir. Halbuki lüğətdə onun çox ədəbli mənası var. Bunu işlədərkən niyə üzr istənilir? Çünki hansısa şəraitdə, çevrədə bu söz söyüş mənasında işlənir. Bu da azad olmayan cəmiyyətlərə xasdır. Azad olan cəmiyyətlərdə söyüş də azaddır. Söyüş də ana dilin bir hissəsidir. Sadəcə normativ leksik olmadığına görə məktəbdə öyrətmirlər. Amma o da bütün qrammatik, leksik və digər qaydalara uyğun işlədilən sözlərdir və ana dilidir. Özü də uşağın tez öyrəndiyi dildir. Valideynin öyrətmədiyi, amma hardansa tapdığı dildir. Ədəb-ərkanlı insanlar belə, ən pis söyüşləri bilirlər.
Azad olan cəmiyyətlərdə söyüş daha rahat istifadə olunur. Bu, bir az qıcıq kimi səslənir, yəni belə çıxır ki, azad olan cəmiyyətlərdə tərbiyəsizlik hökm sürür. Bunu bizə elə təqdim edirlər ki, guya demokratiya pozğunluğa gətirib çıxardır. Söyüş rahat istifadə edilmədiyi üçün, mahiyyətcə söyüş olmayan sözü onun yerinə işlətməyə başlayırsan. Beləliklə, sənin söz ehtiyatın, lüğətin daralır, normal ünsiyyətdə istifadə edə biləcəyin sözlərin bir qismi söyüş diskursuna keçir. Başqa sözlər kimi “soxmaq” da lüğəti mənasına görə normal sözdür. Amma diskurs dəyişir və buna görə üzr istəməlisən. Çünki cəmiyyət azad deyil, söyüşü zamanında istifadə edə bilmirsən. Ona görə, onu əvəzləyirsən, bu, sublimasiya kimi bir şeydir.
Fonosentirk və azad olmayan cəmiyyətdə ünsiyyət ancaq bir çevrənin içində mümkündür, çevrələrarası ünsiyyət yoxdur. Əgər siz eyni çevrədəsinizsə, zənginləşmirsiniz. Çox sevdiyim bir deyim var: iki şey bizi keyfiyyətcə dəyişir – oxuduğumuz kitablar və görüşdüyümüz adamlar. Hər ikisi ünsiyyətdir. Əgər siz hər dəfə eyni insanlarla görüşürsünüzsə, onlar sizin şəxsi həyatınıza heç bir zənginlik gətirmirlər. Necə ki, eyni kitabı təkrar oxumursunuz. İnsanlar da kitabdır. Onları da oxuyursan. Çevrələrarası ünsiyyət yoxdursa, hər kəs özünə qapanır. Çevrənin öz içində qapanması onun üzvü olan insanın da özünü qapaması anlamına gəlir, o marjinallaşır. Dekonstruksiyanın əsas şüarımı deyim, çağırışımı deyim, intersubyektivlikdir – subyektlərarası razılaşdırılmış məna. Elə bir məna ki, onu ateist də, dindar da, sağçı da, solçu da qəbul edir.
Dekonstruksiyadan mənim özüm üçün çıxartdığım ibrət sizə anlatmağa çalışdığım bu şeylərdən ibarət idi.