Ermənistanın işğaldan çıxan çörəyini öz başına bəlaya çevirə bilərik
Azərbaycanın işğal altında olan ərazilərini geri qaytardıqdan sonra gündəmə gətirilən əsas məsələlərdən biri Ermənistanın ölkəmizə vurduğu zərərə görə təzminat davasının açılmasıdır. 90-cı illərdə Azərbaycanın yaşayış olan böyük ərazilərini ələ keçirən Ermənistan ötən müddət ərzində bu ərazilərdən böyük mənfəət əldə edib. Bu prosesi böyük soyğun adlandırmaqla bir neçə mərhələsini qeyd etmək olar. Belə ki, ilkin olaraq azərbaycanlı əhalinin qaçaraq qoyub çıxdığı evlər, dövlət obyektlərinin içi talan edilir – ev əşyalarından tutmuş, başlı-başına qalan heyvanlara qədər Ermənistana və Qarabağdakı ermənilərə daşınır. Bu zaman talan edilən əmlakları sataraq milyonerə çevrilənlər az olmadı. Növbəti mərhələdə evlərin, binaların dam örtükləri, qapı-pəncərələri, taxta materiallı nə varsa onları daşıyırlar. Üçüncü mərhələdə isə sökülməsi mümkün olan mişar daşları sökülərək daşınır.
Lakin aydın məsələdir ki, Ermənistanın işğaldan qazandıqları yalnız bu deyil: düşmən ölkə ərazilərimizin təbii sərvətlərini talan etməklə yanaşı, əkinəyararlı torpaqlarımızın böyük bir hissəsini əkib-becərməklə də külli miqdarda qazanc əldə edib.
Bir neçə gün öncə Ermənistanda “Vətənin xilası naminə” adlı hərəkatın baş nazirliyə vahid namizədi Vazgen Manukyan tələbə gənclər qarşısında çıxış edərkən növbəti ilin ölkə üçün iqtisadi baxımdan çox ağır, fəlakətli olacağını deyib. Daha sonra o, Ermənistanın 100 min hektar əkinə yararlı torpaq sahəsi, 315 min hektar meşə massivi, 100 meqavatt enerji istehsal edən 17 elektrik stansiyası itirdiyini bildirib. Nəzərə aldıqda ki, 44 günlük müharibə zamanı Ermənistanın 1 metr də ərazisi Azərbaycan Ordusu tərəfindən tutulmayıb, aydın olur ki, işğalın davam etdiyi 30 ilə yaxın müddətdə bu dövlət Azərbaycanın torpaqlarını, təbii sərvətlərini talan edib.
Gəlin, görək bu talanı Ermənistanın rəsmi açıqladığı hansı iqtisadi göstəricilər üzrə görmək mümkündür. Dekabrın 1-də Azərbaycan xalqına müraciətində Prezident İlham Əliyev Ermənistanın işğal altında olan torpaqları istismar etdiyini deyib:
“Vəhşilər kimi gedib hər tərəfi söküb, yandırıb, talayıb, meşələri yandırıb, kəsib. Özlərini burada, necə deyərlər, əsrlərboyu yaşamış xalq kimi təqdim edirdilər. Əsrlərboyu orada yaşamış xalq heç vaxt bunu etməz, bu vəhşiliyi etməz. Onlar orada azərbaycanlıların evlərində yaşayıblar. Özləri üçün bir şey tikməyiblər, daşı daş üstündə qoymayıblar, ancaq istismar ediblər. Bizim torpaqlarımızı istismar ediblər. Mənə verilən məlumata görə, orada on minlərlə hektarda taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında. Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır. Buna cavab verəcək, dəymiş ziyanı ödəyəcək. İndi onlar bundan məhrum oldular. İndi öz ərzaq təhlükəsizliyini necə təmin edəcəklər? Orada böyük üzüm bağları mövcud idi. Mən Ağdam, Füzuli, Cəbrayıl rayonlarına gedərkən yolboyu görmüşdüm ki, bir çox üzüm bağlarımız dağıdılıb, orada köhnə şpalerlər qalıb. Amma bir çox yerlərdə üzüm bağları saxlanılıb. Ondan istifadə edirdi, bizim suyumuzdan istifadə edirdi, elektrik enerjisi istehsal edirdi”.
Prezidentin də toxunduğu taxıl istehsalı məsələsinə diqqət yetirək.
Ermənistan Milli Statistika Xidmətinin məlumatından aydın olur ki, 2017-ci ildə ölkədə taxıl və dənli bitkilərin məhsulu cəmi 300 min ton təşkil edib. Halbuki 2015-2016-cı illərdə bu göstərici 600 min tondan yuxarı olub.
Qonşumuzun 1992-ci ildən bəri buğda istehsalına dair statistik məlumatlarına nəzər yetirsək, həmin il cəmi 141 min 483 ton məhsul istehsal olunduğunu görürük. Ondan sonra bir neçə istisna olmaqla, illik istehsalda artım qeydə alınıb. Ən yüksək məhsul yığımı isə 2014-2015-ci illərdə baş verib – 338 min 158 ton və 362,7 min ton. 2016-cı ildə cüzi azalma qeydə alınıb 50,4 min ton. Və qəfildən 2017-ci ildə bu rəqəm ikiqat azalaraq 176,4 min tona düşüb.
Rəsmi statistik göstəriciləri izlədikdə düşmən qonşumuzda buğda istehsalında kəskin azalmaların əvvəllər də olduğunu görmək mümkündür. Məsələn, 2007-ci ildə buğda istehsalı əvvəlki illə müqayisədə 40 faizə yaxın azalıb. Lakin bu azalmalar davamlı olmayıb, sonrakı illərdə artımla əvəzlənib. 2016-cı ildən etibarən isə istehsal ilk ildə ikiqat azalmadan sonra illik 40 faiz civarında kiçilib. Belə ki, 2018-ci ildə buğda istehsalı 157,6 min tona, 2019-cu ildə isə 112,6 min tona qədər azalıb.
Bəs nə baş verib ki, Ermənistanda buğda-taxıl istehsalı bu qədər azalıb? Ölkədə ciddi iqlim problemləri yaşanmayıb, hansısa ciddi iqtisadi böhran olmayıb. Hesab etmək olar ki, burada 2016-cı ilin aprel döyüşləri rol oynayıb. Belə ki, məhz bu döyüşlər baş verdikdən sonra Ermənistan rəhbərliyi Azərbaycanın öz ərazilərini işğalı ilə barışmayacağını qətiləşdirdi və intensiv şəkildə Dağlıq Qarabağdakı qondarma qurumun müstəqil dövlət kimi təbliğatına başlanıldı. Əlbəttə, bu proses əvvəl də aparılırdı, lakin məhz aprel döyüşlərindən sonra Ermənistan məsələni özü üçün prioritetə çevirdi. Elə 2017-ci ildən sonra qondarma qurumun iqtisadi göstəriciləri barədə məlumatlar yayılmağa başladı: o cümlədən Ermənistan Qarabağda istehsal olunan buğda və taxılı öz statistikasından ayırdı.
Açıqlanan rəqəmlərə diqqət yetirdikdə görünür ki, Ermənistan üzrə istehsalın kəskin azaldığı dövrdə Dağlıq Qarabağda əksinə proses baş verib. 2016-cı ildə burada 145 min ton, 2017-ci ildə 148 min ton taxıl yığılıb. Əkin sahələri 2018-ci ildə 20 min hektar artırılaraq 75 min tona çatdırılıb, bu zaman 39 min hektarda buğda əkilib. Nəticədə istehsal 152 min ton olub. Qondarma qurumun özünün illik taxıl istehlakı 30 min ton təşkil edib. Aydın olur ki, qalan 110-120 min ton taxıl Ermənistana verilib. Verilib yazıram, ona görə ki, Ermənistanın taxıl aldığı mənbələr sırasında Dağlıq Qarabağın adı heç vaxt çəkiməyib.
Məsələn, ölkənin rəsmi statistikasına görə, 2019-cu ildə Ermənistan buğda idxalını 23,2 faiz azaldıb – cəmi 250,3 min ton məhsul alıb. Bu zaman idxalın 88,6 faizi Rusiyadan, 6,9 faizi Ukraynadan, 4,5 faizi isə Gürcüstandan olub. Eyni zamanda buğda ununun idxalı 53,6 faiz azalıb – 22,5 min ton. Un idxalının 99,2 faizi Rusiyadan, qalanı Qazaxıstan, İtaliya, Polşa, Fransa, Belarus, Birşləşmiş Krallıq, Almaniya və Hindistandan reallaşdırılıb.
Bu göstəricilər qarşılığında istər-istəməz sual yaranır: yerli istehsalın ikiqat azaldığı bir dövrdə Ermənistan hansı səbəbdən buğda idxalını azaldıb? Ölkədə buğdaya tələbatın birdən-birə bu qədər azalmasını şərtləndirən amillər qeydə alınmayıb axı? Ölkədə əhalinin sayı rəsmi statistikaya əsasən çox cüzi azalıb. Düzdür, müstəqil erməni ekspertləri əhalinin sayına dair rəsmi statistikada miqrasiyanı gizlətmək üçün şişirdilməyə yol verildiyini bildirirlər. Lakin ortada alternativ hesablama olmadığı üçün biz Ermənistanın rəsmi statistikasına əsaslanmağa məcburuq. Bu statistika isə 2018-ci ilin 1 yanvarına ölkədə 2 milyon 972 min, 2019-cu ilin 1 yanvarına 2 milyon 965 min, 2020-ci ilin 1 yanvarına isə 2 milyon 990 min nəfərin yaşadığını deyir. Yəni əhalinin sayında buğda və taxıl məhsullarına olan tələbatın ikiqat düşməsinə gətirəcək azalma qeydə alınmayıb. Elə taxıl məhsullarının istehlakında payı yüksək olan heyvandarlıqda da ciddi azalma olmayıb – iribuynuzlu mal-qaranın sayı 2017-2018-ci illərdə 12,3 faiz azalsa da, 2019-cu ildə yenidən artım baş verib.
Beləliklə, aydın görünür ki, yuxarıda qeyd etdiyimiz sualın bircə cavabı ola bilər: istehsaldakı ikiqat azalma ilə eyni vaxtda xaricdən buğda alışının da azaldılması məhz ondan xəbər verir ki, Dağlıq Qarabağda artan istehsal bu ölkənin təminatına yönəldilib. Hətta özü xaricdən buğda alan Ermənistan xaricə buğda və buğda unu da satıb. Rəsmi rəqəmlərə əsasən ötən il Ermənistandan xaricə 50 faiz artımla 15,3 ton buğda(ABŞ, Fransa və Belçikaya), 10 min ton buğda unu(hamısı ABŞ-a) ixrac edilib.
Yeri gəlmişkən, Ermənistanın buğda və un bazarının 42 faizdən yuxarısı erməni oliqarx, parlament üzvü olmuş Samvel Aleksanyana məxsus “Aleks-Qriq” şirkətinin, 36 faizdən yuxarısı “Manana Qreyn” şirkətinin əlindədir. Sonuncu həm də Ermənistana taxıl idxalının 34 faizdən çoxunu həyata keçirir.
Nə qədər qəribə də olsa, Ermənistan rəsmiləri də Qarabağda, işğal etdikləri torpaqlarda yetişdirilən məhsulu öz dədəmalı hesab etdiklərini gizlətməyiblər. Məsələn, 2020-ci ilin iyulunda Ermənistan iqtisadiyyat nazirinin müavini Arman Xocayan mətbuata açıqlamasında ölkədə 56 min hektar payızlıq, 3 min hektar yazlıq buğda əkildiyini bəyan edib. Bununla yanaşı, nazir müavini Qarabağda daha 40 min hektarda buğda əkildiyini və ümumilikdə 200 min ton məhsul əldə olunacağını da əlavə edib.
Sonda bir məqamı da qeyd edək ki, Vazgen Manukyanın Ermənistanın 44 günlük müharibədə itirdikləri barədə dediklərini əks etdirən materiallar Ermənistan mətbuatından silinib. Böyük ehtimalla, işğal və soyğunçuluq faktının etirafı sayılan fikirlərin yanlış olduğunu, Ermənistana böyük zərər vura biləcəyini “təcrübəli” siyasətçi sonradan anlayıb…