İctimai TV-də Yasamal hadisəsi, onun səbəb və nəticələrinə dair bir saatlıq verilişi diqqətlə izlədim, sonda Erkin Qədirlinin səsləndirdiyi, mənim də başlığa çıxardığım cümləsi xoşuma gəldi. Son zamanlar baş verənləri olduğu kimi, çox səlis izah edən cümlədir. Mən də bu haqda yazmaq istədim və “girişi” möhkəmləndirməyə xidmət edən bir-iki tezisimi bölüşməklə başlayıram.
Fırından çıxan çörəyin xəmirini özümüz yoğurmuşuq. Niyə və nəyə təəccüblənirsiniz?!
Tibbi cəhətdən bu virus müxtəlif xəstəliyi olan adamlarda özünü necə ağır göstərir, xəstəliyi necə şiddətləndirirsə, sosial-ictimai nöqteyi-nəzərdən də eyni effekti verir. Yəni sosio-mədəni problemləri də çılpaqlığı ilə üzə çıxarır.
Camaatın içində yığılıb qalmış, qalaqlanmış etiraz var. Maraqlısı odur ki, ümumi etirazların əksəriyyəti də siyasi yox, sosial problemlərdən doğur. Sosial problemləri dilə gətirənlərin hansısa bir yolla “müxalifətçi” çıxarılmasını da uzun zaman müşahidə etdik. Bir var, ad qoyub əl çəkəsən, bir də var ümumiyyətlə sıradan çıxarmağa çalışasan. Onlar, belə edirdilər.
Özümüzü aldatmayaq, gündəlik həyatımızda rastlaşdığımız, ya da dost-tanışın başına gələn, qonum-qonşunun şahidi olduğu; WhatsApp qruplarda müzakirə edilən, audio-video səs və görüntüləri paylaşılan neçə-neçə haqsızlığın, məmur özbaşınalığının, süründürməçiliyin, bivecliyin heç birini “ucadan” danışmaq üçün ölkədə meydan yoxdur. Meydanın olmaması bir yana, güclünün həmişə qalib gəlməsi, bütün mübahisələrin güclünün lehinə həll olunması təzə-təzə cücərməyə başlayan ümidləri də öldürür. Cəmiyyəti silkələyən neqativ hadisələrin yaşanması nə qədər pisdirsə, təqsirkarların cəzasız qalması, “yüngül cəzalanması” da bir o qədər pisdir.
Uzun sözün qısası, son 1-2 ildə baş verən hadisələr insanların inamında ciddi sarsıntı yaradıb. Buna səbəb isə, kiçik bir sosial-mədəni etirazdan “fil düzəldən”, “xarici qara qüvvə” ifşa edən, sağa-sola “müxalifətçi” damğası yapışdıran səriştəsiz məmurlar yaradıb. Yəni, insanları qınamayın, onlar da gördüyünə inanır. Nə göstərilibsə, dinməz-söyləməz oturub izləyib, öz aləmində təhlil edib, hətta hansısa qənaətə də gəlib, amma bunu heç kimlə bölüşməyiblər. Yaxud bölüşməkdən qorxub, içində saxlayıblar. Odur ki, Yasamal hadisəsi fonunda cəmiyyətdə coşan ehtirasların səbəbi sırf «sübh çağı polis alayı» hadisəsinin özü deyil, səbəblər daha dərindədir. Ya da heç dərində deyil, yuxarıda yazdığım kimi lap üzdə, girişdədir?
Bunlar ayların, illərin qalaqladığı etirazdır, bir “dəlik” tapan kimi oradan çölə axır.
Qeyd edim ki, polisin, o cümlədən istənilən insanın başına zibil atılmasını qeyri-etik hərəkət, mədəniyyətsizlik hesab edirəm. Orada baş verənlər isə anlıq emosional qoşulma refleksi idi. Fikrimcə, politoloqlar, sosioloqlar əsl həqiqəti üzə çıxarmaq istəyirlərsə, günlərdir etdikləri kimi formanı müzakirə etməməli, hadisənin mahiyyətinə enməli, kökü dərinlərə gedən, insanların içində yığılıb qalmış qəzəbi analiz etməlidirlər.
Xalqa qarşı danlaq, “öyüd-nəsihət” tonunu yığışdırmaq lazımdır
Əhaliyə xidmət etməli olan məmur, heç bir halda üstünlük iddiasına, təkəbbürə qapılmamalıdır. Onun qazandığı hər şey xalqın sayəsindədir, aldığı əməkhaqqı belə millətin ödədiyi vergilərdən formalaşır. Lakin biz nə görürük? Bir balaca əlinə fürsət düşən başlayır mənimsəməyə, qanunu pozmağa, korrupsiyaya qurşanmağa, və bilərək, yaxud bilməyərək narazı kütlənin sayının həndəsi silsilə ilə artmasına şərait yaratmağa.
Gün ərzində yollarda qayda pozan AA seriyalı maşınlara çoxumuz şahid olmuşuq. Hamının gözünün önündə qırmızıdan keçən kim, qoşa xətti tapdalan kim, əks yola çıxıb üstünə gələn kim… Hələ bir səni borclu da çıxarır. Bu, təkcə dövlət maşınlarına yox məmurların ailə üzvlərinə aid maşınlara da tanınan imtiyazdır. Təbii ki, hamıya şamil etməyəcəm, vicdanla xidmət edən məmurlar da az deyil. Qısası, bütün bunlar camaatın gözü qarşısında baş verir, özü də hər gün. Məmurun ümumi obrazını düzəltmək, imicini yaxşılaşdırmaq adına xalqı necə inandıracaqsan ki, məmur vətəndaşa vicdanla xidmət edir, rüşvət almır, qanunları pozmur, millətin nümayəndələrinə də hörməti sonsuzdur? Hərə gördüyünə inanır, deyilənə yox.
Yaxşı ki, ASAN xidmət çıxdı, yoxsa ona qədər bütün dövlət idarələrində, ən kiçik laborantlar belə vətəndaşla əmr tonunda danışır, lüzumsuz yerə saatlarla gözlədir, get-gələ salırdılar. Məktəbdə pul yığ, dövlət xəstəxanalarında pul yığ, amma televizorda danış ki, təhsildə və səhiyyədə rüşvət yoxdur, hər şey ödənişsizdir? Çox da əziyyətli iş deyil, hər rayon üzrə 5-6 adam ayırırsan, buraxırsan çayxanaların, restoranların, hamamların canına. İşləri ancaq camaat arasında danışılanlara qulaq asmaq olsun. Bir həftə bəs edər ki, nəyin necə olduğu tam aydınlaşsın. 10 deyiləndən ən az 8-i düz çıxacaq. Özü də konkret adı, ünvanı ilə.
Danışılanla əməl arasında elə böyük məsafə yaranıb ki, insanlarda inam itib. Belə olanda da xalq deyilənin tərsini etməyə meylli olur. Deyirsən, otur evdə, çıxır çölə. Maska tax deyirsən taxmır. Şəhərdən kənara çıxmaq olmaz deyirsən, çıxır. Dərd orasıdır ki, durub “Ay camaat, Allaha şükür virus təhlükəsi sovuşdu” desələr, ona da inanmayacaqlar. Deyəcəklər “virus var, amma özləri gizlədir”. Çünki çox aldanıblar, suyu üfürərək içirlər.
Yəni, milləti qınamalı da deyil. Bu gün baxıram, insanlara “Evdə qal” deyən ÜST rəsmisi özü Qubada dincəlir; restoranlar işləməməlidir deyirlər, amma hansısa məmurun restoranında axşam vaxtı çal-çağır olur və s. Belə olan halda, sadə insanlar deyilənlərə necə inansın? Ona görə də inanmırlar, onların xeyrinə hansısa addımın prinsipcə atıla biləcəyinə inanmırlar. Məsələn, düşünür ki, kütləvi toplaşmaq təhlükəlidirsə, onda filan icra başçısının yaxını niyə özünə ad günü məclisi edir, bəyəm o, öz balasını məndən az istəyir? Deməli, virus-mirus boş söhbətdir.
Düz məntiq, başqa nə deyəsən?
Baxırsan ki, operativ qərargah rəsmisi danışır, adamı sakitləşdirməkdənsə daha da qıcıqlandırır. Elə tonda, elə üz ifadəsi ilə danışır ki, elə bil vurusu camaat atışıb hardansa alıb gətirib, bunlar da indi işini-gücünü atıb bizi xilas edirlər. Buradakı incə nüansa fikir verin – xilas etməməlidirlər prinsipcə, amma edirlər. Minnət tonu var yəni. Azdan-çoxdan 2-3 kitab oxumuş adam kimi deyirəm – o ifadə, o səs tonu, danışıq tərzi düz deyil. Səhv deyirəmsə, olsun səhv, amma mən belə düşünürəm.
Sosial mediada paylaşılanların hər zaman həqiqəti əks etdirməməsi haqqında sözügedən verilişdə də danışıldı, ümumən bu fikir tez-tez ifadə edilir ki, səhihlik problemi var, yalan doğruya qarışıb. Yaxşı, deyək ki, sosial mediada səhv danışırlar, şayiə yayırlar. Bəs, ənənəvi media hardadır? Verilişdə də səsləndirildi, qonaqlar da demək olar təsdiqlədilər ki, ənənəvi media ölüb ağlayanı yoxdur. Görün nə vəziyyətdir ki, qonaqlar İctimai TV-yə “bizi, fərqli düşüncədə olan insanları dəvət edib belə həssas mövzunu müzakirə etməyə şərait yaratdığınız üçün” təşəkkür edirlər. İnsanlar gündəlik həyatda baş verənləri televiziyalarda görməyəndə, ənənəvi mediadan uzaqlaşırlar. İllərdir həm televiziyalar, həm mətbuat xalq üçün yadlaşıb. Bunu qəbul etmək lazımdır. Bunu deyən hər kəs də müxalifətçi deyil, düşmən deyil. Tutaq ki, mən. Sadə bir vətəndaş kimi, heç bir siyasi iddiası olmayan bir adam kimi bunları görürəm, dilə gətirirəm. Sevindirici haldır ki, islahatların, xalq-dövlət yaxınlaşmasının zəruriliyini hökümət rəsmiləri də dilə gətirir. Məmurların xalqla arasındakı emosional məsafə o qədər açılıb ki, sosial məsafə saxlayın çağırışları qulaqardına vurulur.
Həmin o bir saatlıq verilişə vurulan damğa da elə “çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir” ifadəsi oldu. Girişi düz girməmişik, yola və yolda gördüklərimizə söyürük. Nə yolda, nə yoldakılarda problem var, problem girişdədir.
Çalışdım girişdəki problemlərə öz baxış bucağımdan izah verim.