Qonşuluqda bir türk yaşayır, 65 yaşı olar, ya olmaz. İsveçrəyə mən doğulduğum il gəlib – 1978-də. Bir insanın iradəsi və əsəblərinin imkan verə bildiyi qədər inteqrasiya olunub, demək olar ki, əsl isveçrəlidi. «Die Schweiz ist moderne Kommunismus Land – İsveçrə müasir kommunizm ölkəsidi» deyə təkrarlamaqdan yorulmur.
Mühacirətdən əvvəl, Türkiyədə olanda sol ideyaları təbliğ eləyirmiş. İndi də kommunist mütəfəkkirlərin fikirlərinə istinadla İsveçrənin sosial-siyasi quruluşa malik olduğu ilə bağlı qeyri-populyar ideyasının doğruluğunu arqumentlərlə əsaslandırır.
Bütün isveçrəlilər bu idillik hüzur ölkəsinin vətəndaşı olmaları ilə həddindən artıq qürur duyurlar. Əksəriyyəti heç ölkə prezidentinin adını belə bilmir. Prezidentlər hər il dekabrda dəyişir. Hamısını tanımaq mümkün deyil.
Axırıncı sorğular göstərir ki, əhalinin çoxalması ehtimalı isveçrəliləri son dərəcə narahat eləyir. Bax, bu, problemdi, bəli. Onlar hüzurlarını itirməkdən qorxurlar. Pelevinin sözləriylə desək, İsveçrə insanlar üçün dünyanın ən «rahat axurudu», onun korlanmasına imkan vermək olmaz.
Ölkəsinə məxsus hər ləçəyin, hər qarışqanın üzərində əsən doqquz milyon narahat optimist. Və onların 77%-i – onlara heç bir Avropa İttifaqının lazım olmadığını, ölkələrinin çiçəklənməyə davam edəcəyini düşünənlər isə öz vətənlərinin keşiyini çəkirlər. Heç bir tərəddüd keçirmədən, qəhrəmancasına çəkirlər və istənilən təcavüzkarla ölümünə vuruşmağa hazırdılar. Mən bunu optimizmin zəfəri adlandırıram (İsveçrədəki militarizmdən hələ danışacağıq).
Bu ölkədə referendumlar adi haldı. Bütün İsveçrə ilin hər rübündə bır yığın məsələlər üzrə səs verir. Hökumət xalqın razılığı olmadan heç bir qərar qəbul eləmir. Bəs onda hökumət nəyə lazımdı? Referendumların təşkili ilə məşğul olmaqdan ötrü. Bu isə artıq demokratiyanın zirvəsidi, onlar bunu “birbaşa demokratiya” (Direkte Demokratie) adlandırırlar.
Ancaq bu birbaşa demokratiya nəyin bahasına əldə olunub? Radikal sağçı siyasətçi, nüfuzlu kimyaçı oliqarx, əczaçılıq holdinqinin rəhbəri Kristof Bloxer, həyatını İsveçrənin Avropa İttifaqı ilə yaxınlaşması əleyhinə mübarizəyə həsr eləyib. Bu məqsədlə o, İsveçrə ilə Avropa İttifaqının yaxınlaşmasının gərəksizliyini, təhlükəli olduğunu isbatlamağı hədəfləyən layihələrə on milyonlarla frank ayırıb. Bloxer tək deyil, isveçrəlilərin çoxu onunla eyni fikirdədi. İsveçrəlilər öz valyutaları, ölkələri, həyat səviyyələri ilə fəxr eləyirlər və başqa heç nəyi məqbul saymırlar. Avrovalyuta ilə Avropa İttifaqını isə, ümumiyyətlə, qəbul eləmirlər.
Kənardan elə görünə bilər ki, Avropa ölkələrinin bir-biri ilə münasibətləri hamar və problemsizdi, lakin belə deyil. Avropa ölkələri arasında çoxlu ziddiyyətlər var, ancaq onlar sivil şəkildə, emosional hərəkətlərə yol verilmədən həll olunur. İsveçrəlilərin nəsə xoşlarına gəlməyəndə onlar rasizm əlamətləri göstərmirlər, faşist şüarlar qışqırmırlar. Onlar nəzakətli və dözümlüdülər, daima gülümsəyirlər. İş ondadı ki, isveçrəlilər öz məsələlərini səsvermələrdə həll eləməyə alışıblar, onların ümumi əhval-ruhiyyəsi öz ifadəsini burda tapır. Elə həmin isveçrəlilər, Avropa İttifaqına daxil olmayan ölkələr bir yana qalsın, bir neçə il əvvəl Avropa İttifaqından olan qonşularına işçi vizalarının verilməsinin dayandırılması lehinə səs vermişdilər. Problemlər kökündən, bir anda, bir bazar günü, günəşli bir səhərdə evdən çıxmadan, əllərində bir fincan qəhvə, poçt vasitəsilə səsverməylə həll olunur.
Bu badalağa cavab olaraq Avropa İttifaqı, isveçrəli oğlan və qızların, İttifaqın vətəndaşları ilə eyni haqlar və güzəştlər qarşılığında yararlandığı maarifləndirici proqramları bağlamışdı. İndi isveçrəli tələbələr pakistanlı tələbələrlə eyni səviyyədə qəbul olunur. İttifaq İsveçrəni belə cəzalandırmışdı. Elə bilirsiniz, bu, isveçrəliləri çox məyus elədi? Yəni, ola bilsin, bir az. Hər halda bu yaxşı sistemin tamhüquqlu parçası olmaq şansı itirilmişdi. Ancaq yuxarıda tanış olduğumuz Bloxer yenidən üfüqdə peyda olur və siyasətin qurbanı olan tələbələrə, təhsillərini davam etdirə bilmələri üçün maddi yardım təklif eləyir. Avropa İttifaqı və Erasmus proqramının acığına, ya da Telli Borçalının intonasiyası ilə – «elə sənin ajığınya».
İsveçrənin özündə də narazı olanlar vardı. Fransız kantonları səsvermənin nəticələrinə kəskin etiraz etdilər və nəticədə “yanlış isveçrəlilər” damğası qazandılar. Məşhur Bazel teatrı da fransız kantonlarından örnək götürdü – qanunu kəskin tənqid elədi. Teatrın itirəcək çox şeyi vardı – əməkdaşlarının əksəriyyəti isveçrəlilər deyillər və burda işləmək hüququndan məhrum edilə bilərlər. Hələ də bilmirəm ki, bu problemi necə həll elədilər.
İsveçrədə çoxlu deyingənlərə, siyasətçilərdən narazı olan təqaüdçülər, fəhlələr, tələbələrə rast gəlmək mümkündü. Siyasətçiləri, sadəcə siyasətçi olduqlarına görə tənqid etmək adətdi. O ki qaldı siyasi sistemin özünə, ölkənin bir çox sakinləri mövcud üsuli-idarənin qorunmasının tərəfdarı, əsaslı dəyişikliklərin əleyhdarlarıdı. İsveçrəlilər düşünürlər ki, xırda problemləri kəskin islahatlar olmadan da həll etmək mümkündü. Məsələn, belə xırda problemlərdən birini prezidentin səlahiyyət müddətini dörd ilə qədər uzatmaqla həll eləmək istəmişdilər. Hər ilin dekabrında dəyişən prezidentlər isveçrəliləri bezdiriblər.
***
Tamamilə təsadüfən gördüyüm bir xəbər mənim üçün əsl şok oldu. Qəzet vaqonda, qonşu oturacağın üzərindəydi, başlıq “Balaca qız tamponlar ucbatından öldü” deyə bağırırdı. Gerisini oxumağa başladım: “On beş yaşlı qız gigiyenik tampondan düzgün istifadə eləmədiyinə görə ölüb. Məktəblər, valideynlər hara baxır? Niyə heç kim yeniyetmələrə toksik təhlükə barədə məlumat vermir?”
Təbii ki, yeniyetmənin ölümü çox pis hadisədi. Bu onun valideynləri, yaxınları, ümumiyyətlə, bütün cəmiyyət üçün (sağlam cəmiyyət nəzərdə tutulur) dözülməz bir itkidi. Ancaq çətin ki, bizdə belə “xırda” bir şeyə görə səs-küy salıb qalmaqal yaradardılar. Analoji hadisə, Azərbaycanda yeniyetmələrin kütləvi şəkildə maarifləndirilməsi, tamponların müzakirəsi, apteklərdə alıcılara tövsiyələr verilməsi prosesinə təkan verməzdi. Yoxsa yanılıram? «Əxlaq» hər şeydən ucadadı və təsadüfən ölmüş yeniyetmələr, tabuları pozmağa, “ayıb” şeylər haqqında açıq danışmağa dəyməzlər.
İsveçrəlilər əksini düşünürlər.
Ümumiyyətlə, bura, banal konservatizmin, mükəmməl liberalizmin və iddiasız sosializmin harmonik şəkildə uzlaşdığı heyrətamiz bir ölkədi. Hətta mən onu ziddiyyətlər ölkəsi adlandırardım. Hüdudsuz azadlıq var, amma eyni vaxtda total nəzarət hissi insanı rahat buraxmır. Ancaq hər küncdə, hər küçədə müşahidə kameraları yoxdu. İsveçrəlilər kamerasız nəzarət eləməyi bacarırlar – nəzarət diqqət çəkmədən həyata keçirilməlidi, narahat etməməlidi, bununla belə sən, onların ovcundasanmış kimi olacaqsan.
Haqqındakı məlumatlar mümkün olan hər yerdə qeydə alınıb, sən ölkənin bütün kompüterlərində varsan. Bircə o qalıb ki, əlinə, ya da buduna mikroçip yerləşdirsinlər.
Doğrudu, qanunu tapdalamaq, ictimai asayişi pozmaq istəyənlər üçün bu dəhşətli nəzarət maşını qorxulu deyil. Əvəzində namuslu vətəndaşlar özlərini tamamilə güvəndə hiss eləyirlər, gecə-gündüz istənilən saatda ölkə ərazisində hərəkət eləyirlər, sataşmaq, qarət, xətər yetirmək bir yana, ümumiyyətlə, onlara heç kimin baxmayacağından əmindirlər. Hətta kimsə cəhd eləsə belə, polis və təhlükəsizlik xidmətinin yaxınlıqda peyda olması cəmi bir an çəkir. Bütün hallarda birinci kim hücum eləyibsə, günahkar odu. Qanun belədi! Buna görə də, hər kəs təmkinli davranır və öz ixtilaflarını yalnız və yalnız verbal yolla həll eləyir. Dava salmaq olmaz – İsveçrədə buna ciddi tabu qoyulub.
Belə çıxır ki, total nəzarət olmasaydı, məşhur İsveçrə hüzuru da olmazdı. Hüzur isə bu ölkənin sosial-siyasi quruluşunun iki əsas sütunundan biridi. İkinci sütun isə puldu, ona hələ qayıdacağıq. Hələlik isə bu hüzuru təmin eləyən bəzi tədbirləri nəzərdən keçirək. Çünki açar söz sadəcə nəzarət deyil.
İctimai şüurun manipuliyasiyası… Lakin insan hüquqlarının kobud pozuntusu olmadan və sırf cəmiyyətin maraqları çərçivəsində. Yenə də manipuliyasiyaya məruz qaldığını bilmək xoş deyil. Amma bu barədə düşünməyə ehtiyac yoxdu, necə ki gecə-gündüz defekasiya aktı barədə düşünmürük. Hərçənd mərhum jazz tənqidçisi Rövşən Sənanoğlunun sözləriylə desək, başdan-ayağa nəcisdən ibarətik.
Mən bu manipuliyasiyalardan təsadüfən xəbər tutdum. St.Moritsin sıldırım, qarlı aşırımlarında sükandan möhkəm-möhkəm yapışmış halda bu ağır, gözlənilməzliklərlə dolu aşırımda baş verən bədbəxt hadisələrin statistikası barədə fikirləşirdim.
Qəzalar İsveçrədə də baş verir. Ancaq cəmiyyətə onların hamısı barədə məlumat verilmir. Məsələn, uçuruma yuvarlanan on maşından ictimaiyyətə yalnız 3-4-ü haqqında xəbər verilir. İnsanların qorxu hiss eləmələrinə, bu aşırımın onlarda ölüm vadisi ilə assosiasiya olunmasına imkan vermək olmaz. Bütün mətbuat nəzarət altındadı, sistemin dikaturası mövcuddu, amma bu diktaturanı həyata keçirənlər, bunu şəxsi mənfəətləri naminə eləmirlər. Burda əbədi siyasətçilər yoxdu, hər kəs xalqın müvəqqəti xidmətçisidi, gəlirləri barədə məlumatlar da şəffafdı. Hər hansı pozuntu üzə çıxsa, onları parça-parça eləyərlər. Hər kəs qəza eləyə bilər, əhalini stressə salmaq nəyə lazımdı? Yəni hüzuru pozmaq olmaz. Bu, sırf isveçrəsayağı, kalvinist hüzurdu və sadəcə nəzarət, manipuliyasiya ilə yox, həm də silahla təmin edilir. Kimin ağlına gələrdi ki, İsveçrə dünyanın ən militarist ölkəsidi?
İsveçrə yazıçısı Peter Biksel, isveçrəlilərin mentalitetini çox dəqiq və aydın təsvir eləyib. Biksel, oxuduğun zaman “Düz hədəfə vurub!” deyə qışqırdığın yazıçılardandı. Onun “Demokratiyanın qüsurları haqqında qeydlər” əsərindən bir fraqmenti oxucularla paylaşmaq istəyirəm. Bu cür dəqiq diaqnoz alqışa layiqdi.
“Biz, İsveçrənin səciyyəvi ölkə olduğuna özümüz də inanırıq. Sadəcə İsveçrə haqqında təsəvvürlərimizə onun barəsində deyilən bütün müsbət şeyləri də əlavə eləyirik. İsveçrəyə əcnəbi turistlərin gözü ilə baxmağa alışmışıq. Ortastatistik ingilis İsveçrəni necə görürsə, ortastatistik isveçrəli də elə görür. Bizim öz ölkəmiz haqqında təsəvvürlərimiz – idxal olunan məhsuldu. Biz, haqqımızda yaradılmış əfasənədə yaşayırıq. Bütün tariximiz – xarici aləmə reaksiyadı.”
Və o, tamamilə haqlıdı. Məgər isveçrəlilər militarist obraza sahibdilər? Yox, hərçənd ölkə dişinə qədər silahlanıb, bunkerlərlə qazıq-qazıq edilib. Buna görə də, elə isveçrəlilər də öz ölkələrini həddindən artıq hərbiləşdirilmiş ölkə saymırlar. Onlar İsveçrəyə əcnəbilərin gözü ilə, onların stereotiplərindən baxırlar. İsveçrə bizdə hansı assosiasiyalar doğurur? Pendir, şokolad, saat, bıçaq, təbiət və banklar? Ölkə, isveçrəlilərdə də eyni assosiasiyalar doğurur. Təhtəl-şüurlarında isə onların hər biri öz orduları ilə fəxr eləyir və ona bütünlüklə güvənir.
Davamı mütləq olacaq…