“İnsanları, heç bir şey birgə qida qəbulu qədər birləşdirməyə qadir deyil. Bu da ehtiyat tələb eləyən vəziyyətlərdə onu gizli silaha çevirir – həm valideynlər üçün, həm də dövlət başçıları üçün” – alman nəşri “Die Zeit” yazır.
2017-ci ilin iyulunda dünyanın ən nüfuzlu adamları – Angela Merkel və Donald Tramp, Vladimir Putin, Sindzo Abe, Si Tsinpin – Hamburqda Elba filarmoniyasının kiçik zalında toplaşanda “küçələrdən tüstü sütunları qalxır, (…) şuluqçular şüşələri sındırıb supermarketləri dağıdırdılar. G-20 sammiti və onun əleyhdarları şəhəri çalxalayırdılar”, jurnalistlər Harro Albrext, Ştefani Kara və Katerina Lobenştayn yazırlar.
“Elba filarmoniyasında da əhval-ruhiyyə gərgin idi. Yaxın Şərq və Şimali Koreyadakı münaqişələr, qlobal ticarət müharibəsi və iqlim böhranı ilə bağlı danışıqlar həddindən artıq sönük gedirdi. Hər şeydən əvvəl, prezident Tramp, barışmaz mövqe sərgiləyirdi. (…) Vəziyyəti yalnız bir şey xilas eləyə bilərdi: şam yeməyi”, – məqalədə deyilir.
Almaniya XİN-nin protokol xidmətinin rəhbəri Konrad fon Artsın sözlərinə görə, sözügedən çarəsiz situasiyada Angela Merkel klassik işgüzar şam yeməyini nəfis yeməklərin bəzədiyi mehriban bir axşama çevirib.
“Masaya, gündəm mövzuları və sənədlər əvəzinə dana yanaqları və mal əti filesi gətirildi. Sinxron tərcüməçilərin yerində ofisiantlar hazır dayanmışdılar. Plan işə yaradı. “Gərginlik yatdı”, – fon Arts deyir. – Qonaqlar yeməkləri bəyənmişdilər, hətta bəziləri əlavə də istədilər. Artıq Donald Tramp da digər hökumət və dövlət başçıları ilə rahat danışırdı, axırda o, hətta mətbəxə də baş çəkdi”.
“Birgə qida qəbulu insanların, müdafiəyə və qidalanmaya olan qədim ehtiyacı ilə bağlıdır. Bu, güvən atmosferi yaratmaq üçün əsas təbdirlərdən biridir”, – fon Arts izah eləyir.
“Qədim dövrlərdə kelt tayfalarının başçıları öz təbəələrinin rəğbətini qazanmaq məqsədilə məclis qurur, ət və şərab paylayırdılar. İntibah dövrünün hökmdarları vərəsəlik qaydalarını dəbdəbəli toy ziyafətlərində müəyyənləşdirirdilər. Reyxskansler Otto fon Bismark öz siyasi rəqiblərini təkcə arqumetlərlə yox, həm də nəfis yeməklərlə – dəniz dili filesi və yerdombalanından hazırlanan raqu, həmçinin kefləndirən içkilərlə yola gətirirdi. Deyilən görə, bir dəfə Bismark, ən yaxşı səfirinin alman şərabı olduğunu söyləyib”, – qəzet yazır.
Elmi araşdırmaların nəticələri, birgə qida qəbulu mədəniyyətinin nə qədər vacib olduğunu sübut eləyir. Belə ki, Atlantada yerləşən Emori Universitetinin əməkdaşı, psixologiya üzrə professor Marşall Dyukun rəhbərlik etdiyi tədqiqatçılardan ibarət komanda diktofonların köməyilə birgə şam yeməyi zamanı 40 ailənin hansı mövzularda söhbət elədiyini öyrənib. Araşdırmaların bir hissəsi 2001-cil il sentyabrın 11-də baş vermiş terror aktından sonra aparılıb. Alimlər belə nəticəyə gəliblər ki, “birgə qida qəbulu böyük sarsıntıların və xırda gündəlik problemlərin öhdəsindən gəlməyə yardımçı olur, çünki onlar barədə danışmağa imkan verir”.
“Birgə qida qəbulu adi mövzulardan hansısa daha ciddi, hətta dəhşətli mövzulara keçməyə – və əksinə – şərait yaradır. “Maraqlıdır ki, insanlar mənfi şeylərdən son dərəcə çox danışırlar, – Dyuk vurğulayır. – Və bu, psixoloji dözümlülüyün inkişafı üçün xüsusilə vacibdir”.
Digər araşdırmaların nəticələri də göstərir ki, “şam yeməyi tərbiyə məsələlərinin həllinə də kömək edə bilər: tez-tez birlikdə yemək yeyən ailələrdə uşaqlar psixoloji problemlərlə daha az üzləşirlər, onlar məktəbdən nadir hallarda yayınırlar, daha rəngarəng söz ehtiyatına malikdirlər və daha yaxşı nəticələr əldə edirlər. Onlar mobbinqə daha az məruz qalır, nadirən narkotik qəbul edir, spirtli içkiləri az içir, az siqaret çəkirlər. Belə ailələrdə valideynlər nigahda daha xoşbəxt olurlar”, – qəzet bildirir.
ABŞ-da gündəlik birgə şam yeməkləri ailələrin yarısından da az hissəsində təşkil olunur. Buna görə də, Harvard Universitetinin psixologiya üzrə professoru Enn Fişel “Family Dinner Project” layihəsini yaradıb. Bu layihə sayəsində, valideynlər yemək hazırlamaq məsələsi, o cümlədən süfrə arxasında hansı mövzuların müzakirə edilib-edilməyəcəyi ilə bağlı məsələhət ala bilirlər.
Qəzet yazır ki, son illərdə kollektiv qida qəbulu get-gedə daha çox populyarlaşmağa başlayıb. Restoranlar müştərilərinə, ailə tərzində naharlar, yaxud ortaq boşqablar təklif edir. Məsələn, Berlindəki restoranlardan birində masa arxasındakı hər kəs əlini uzada bilsin deyə yeməyi böyük boşqablarda və dərin kasalarda gətirirlər. Həmçinin Almaniyada birgə şam yeməyi adlandırılan klubların populyarlığı artır: Bir-birini tanımayan insanlar, xüsusi tətbiqlər və saytlar vasitəsilə yarıailəsayağı mühitdə birlikdə şam eləmək barədə razılığa gəlirlər.
“Burda söhbət təkcə qida qəbulundan getmir. Birgə şam yeməyi və ya nahar zamanı biz yan-yana yaşamağın qaydalarını mənimsəyirik, – qəzet vurğulayır. Uşaqlara sadəcə kulinariya zövqü yox, həm də ənənələr və normalar – sosial zövq aşılanır. “Biz yeməyin köməyilə dəyərlərimizin qarşılıqlı anlaşmasına, həmrəyliyinə nail oluruq”, – Hannover Universitetinin əməkdaşı, sosioloq Yeva Barlezius deyir. (…) Burda, ədalətlilik (digərinə nə qədər saxlamaq lazımdır, başqasının boşqabından yemək götürmək olarmı), iyerarxiya (birinci kim götürür, söhbəti kim idarə eləyir) və hörmət (başqasının öz fikrini deməsinə imkan vermək, onu dinləmək və anlamaq) nəzərdə tutulur.
“Bu, sadəcə ev şəraitində yeməklərə yox, hakimiyyətdə olanların verdikləri ziyafətlərə də aiddir. 2018-ci ildə AFR-in prezidenti Frank-Valter Ştaynmayer ziyafətdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul eləyəndə Almaniya ilə Türkiyə arasındakı münasibətlər həddindən artıq gərgin idi. Hər şeydən əvvəl, müxalif yönümlü jurnalistlərin həbsinə görə. Məhz, buna görə də, Belvyu sarayında təşkil edilən ziyafətə siyasətçilər və iqtisadiyyat təmçilçiləri ilə yanaşı çox sayda jurnalistlər də dəvət olunmuşdu”, – məqalədə deyilir.
Məhz, yemək sayəsində elə bir abı-hava yaranır ki, orda qıcıqlandırıcı mövzuları da “həzm eləmək”daha asan olur, – məqalənin davamında bildirilir.
Bu, qismən orqanizmdə gedən proseslərlə əlaqəlidir: biz oreksin neyropeptidi sayəsində aclıq hiss edirik. Oreksin hasilinin azalması rahatlanmağımıza və sülhpərvər əhval-ruhiyyənin yaranmasına səbəb olur, ideal vəziyyətlərdə isə ləzzətli yemək hətta xoşbəxtlik duyğusu da yarada bilər.
“Sevimli xörəklər sistemə mükafatlandırma impulsları göndərir və əhval-ruhiyyəni yüksəldir. Buna görə də, XİN-nin protokol xidmətinin əməkdaşları hər bir rəsmi ziyarət qabağı xaricə zəng vuraraq qonağın nələri sevdiyini öyrənirlər. Məsələn, Helmut Kolun aşpazı rəsmi qonaqların zövqünü xüsusilə məmnun edənlərdən biriydi. Boris Yeltsin onun, içalat və qanla hazırladığı kolbasalı ştrudelini o qədər bəyənmişdi ki, hətta sonra yeməyin reseptini də istəmişdi”, – məqalə müəllifləri qeyd edirlər.
Lakin birgə qida qəbulunun astar üzü də var və siyasətçilər, təbii ki, bunu bilməlidirlər. “1955-ci ildə kansler Konrad Adenauer müharibədən sonra ilk dəfə Sovet İttifaqına rəsmi səfər eləmişdi. Danışıqların mövzusu müharibədən on il keçməsinə baxmayaraq, hələ də SSRİ-də qalan, demək olar ki, onminlərlə alman hərbi əsirləri və məhdudiyyətlərə məruz qalmış yerli almanlar idi. Onların anaları, həyat yoldaşları ağlaya-ağlaya Adenauerdən, kişiləri evə qaytarmağı xahiş eləyirdilər. Ancaq almanlarla Sovet İttifaqı arasında gedən danışıqlar dalana dirənmişdi. Yalnız uzun müddət çəkən, hər kəsin çox yeyib ondan da çox içdiyi şam yeməyi zamanı danışıqlar yoluna düşdü və nəticədə hərbi əsirləri azad etdilər. Bəlkə də, burda sonralar tarixə “zeytun yağı diplomatiyası” adıyla düşən fəndin də rolu vardı: deyilənə görə, şam yeməyindən əvvəl Adenauerlə komandası, arağın təsirindən qorunmaqdan ötrü qaşıq-qaşıq zeytun yağı içiblərmiş”.
“Ailə daxilində şam yeməyi zamanı nəsə yanlış bir şey baş verəndə, bu, ən pis halda, mübahisə ilə nəticələnə bilər. Rəsmi ziyafətlərdə isə belə vəziyyət dövlət səviyyəsində böhran yaranmasına, ya da müttəfiqlərdən birinin getməsinə səbəb ola bilər. 1989-cu ilin oktyabr ayında Berlindəki Respublika Sarayında ADR-in 40 illiyi qeyd olunanda masa arxasında Mixail Qorbaçov oturmuşdu. Ofisiantlar süfrəyə qarğıdalı püresində hazırlanmış bildirçinin döş ətini gətirir, küçədə isə qəzəbli etirazçılar yürüş edirdilər. ADR öz sonuna yaxınlaşırdı. Batan gəmini mümkün qədər tez tərk eləməyə çalışan Qorbaçov, desert gəlməmiş süfrədən qalxdı və hava limanına yollandı – ki, bu, tamamilə afront, uğursuzluq idi. Konrad fon Arts deyir ki, diplomatiya dilində bu, “Dostlar, sizinlə işimiz bitdi” anlamına gəlir. Bir ay sonra Berlin divarı çökdü”.
Birgə qida qəbuluna nə qədər çox tələbat olduğunu bu gün Cənubi Koreyanın timsalında görmək mümkündür. “Orda Yutub bloqerləri veb-kameranın qarşısında oturub ağızlarını marçıldada-marçıldada yeməkdən həzz alırlar və hər gün minlərlə, hərdən onminlərlə insan onlayn rejimdə onları izləyir. Bu fenomen “mok-benq” adlanır. (…) hətta bəzi bloqerlər bundan pul da qazanırlar – tamaşaçıların çoxu onları yemək yeyəndə izləməkdən ötrü pul ödəyir. (…)
“Cənubi Koreyada birgə qida qəbulu yüksək dəyərləndirilir”, – kulturoloq Günter Xirşfelder izah eləyir. Məsələn, birlikdə kimçxi yemək mühüm bir ayin sayılır. Amma araşdırmaçı sözügedən ölkəyə səfəri zamanı koreyalıların əksəriyyətinin tək yaşadığını, təkbaşına yemək yeməyə məcbur qaldığını görüb. Xüsusən də Seulda. “Mok-benq” fenomeninin yaranma səbəbini bununla izah eləmək mümkündür. “Twitch” portalı “mok-benq” modelini Qərbdə tətbiq etməyə çalışıb, lakin burda o, uğursuzluqla üzləşib, – “Die Zeit” yazır.