Evinizin bir küncündə sanki sıx meşələrin dərinliklərindən qopub gəlmiş bir ağacın miniatürünü görmək istərdinizmi? Bəs o ağac canlı olsa, necə? Bu dəfə Bonsai sənətindən bəhs edəcəyik.
“Bon-sai” sözü bir yapon terminidir və hərfi mənada “qaba əkilmiş ağac” kimi tərcümə olunur. Bu sənət növünün bir hissəsi sonralar yapon zen buddizminin təsiri altında yenidən inkişaf etdirilən qədim Çin bağçılıq təcrübəsindən əldə edilib. Min ildən bəri tanınan bonsai sənətinin əsas məqsədi bir təbiət miniatürünü ağac şəklində dizayn etmək və təbiətin real təsvirini yaratmaqdır. Bonsai bitkisi genetik cəhətdən cırtdan deyil, istənilən ağac növünü tək bir növ kimi yetişdirmək üçün istifadə olunur.
Çinlilər miniatür mənzərələr yaratmağa, təxminən, 2000 il əvvəl başlayıblar. Kamakura dövründə yaponlar sənət formasını kopyalayıblar və o andan etibarən fərqli bir yapon tərzi ortaya çıxıb. Yaponlar bütün mənzərələr əvəzinə fərdi ağacların miniatürlərini becərməyə başlayıblar. Bu gün bu ağaclar bonsai olaraq tanıdığımız bağ sənətinin bir nümunəsidir.
Bonsai ağacları, ümumiyyətlə, qapalı bitkilərə nisbətən daha incə, həssas olur. Buna görə, daha çox diqqət tələb edir. Əgər bonsai bitkiniz varsa, onun baxımında suvarılmasına, gübrələnməsinə və ağacınız üçün uyğun yer seçməyə xüsusi diqqət yetirməlisiniz. Hər şeydən əvvəl bonsai bitkiniz üçün optimal yeri tapmalı, hansı növ ağac olduğunu, qapalı və ya açıq bitki olduğunu bilməlisiniz.
Ardıc, şam və ladin ağacları kimi ən çox yayılmış bonsai bitkiləri açıq hava bitkiləridir və daha böyük “qohumları” kimi fəsilləri görməlidir. Açıq bonsai (açıq havada böyüyən bonsai növləri) geniş yarpaqlı ağacları da əhatə edir, yəni yarpaqları fəsillərə görə dəyişir. Bunlara ağcaqayın, qarağac, gingko növləri daxildir. Bağlı bonsai ağacları (qapalı məkan bonsai növləri) tipik olaraq il ərzində sabit temperaturda yaşayan subtropik növlərdir. Bunlara Crassula ovata və ficus növləri daxildir.
Bonsai baxımında suvarma prosesinə başlayarkən ağaclarınızı bir-bir müşahidə etməlisiniz. Suvarma ilə əlaqədar olaraq bonsai üçün müəyyən bir rejimi izləmək, demək olar ki, mümkün deyil. Bitkinizin su tələbini başa düşməyin yolları isə sadədir. Əvvəlcə torpağı yoxlamalı, torpağın quruduğunu hiss etdikdə bütün kök sistemini yaxşıca islatmalısınız (bunun üçün iynə şprisindən istifadə edirəm). Qazanın altındakı drenaj deşiklərindən su axana qədər su verməlisiniz və bu əməliyyatı bir neçə dəqiqədən sonra yenidən təkrar etməlisiniz.
Torpağın axıb getməməsi üçün incə ağızlı bir suvarma qabı və ya bir sprey sistemindən istifadə etməlisiniz. Suvarma üçün ən yaxşı su yağış suyudur, çünki tərkibində əlavə kimyəvi maddələr yoxdur, ancaq çətin tapıldığı üçün normal kran suyunun istifadəsində də problem yoxdur. Bəzi mütəxəssislər düşünürlər ki, su torpağı soyutmalıdır, buna görə də suyun otaq temperaturunda istifadəsi tövsiyə olunur. Həmçinin qeyd etməliyik ki, Bonsai bitkisinin kök kütləsi tamamilə islanmalıdır.
Ən gözəl bonsai bitkiləri

Ən ahəngdar açıq bonsai ağaclarından biri olan Yapon ağcaqayını (Acer palmatum) payızda açılan və ecazkar rənglərə bürünən bir ağacdır. Bir çox bonsai bitkiləri kimi, işıq tələbatı da yüksəkdir, ancaq günortadan sonra həddindən artıq istidən qorumalısınız, belə hallarda kölgəyə qoya bilərsiniz. Yarpaqları sürətlə böyüyən bu növün yarpaqları iki ildən bir budanmalıdır. Bitkinin yetişdirmə dövründə suya tələbat yüksəkdir, buna görə də vegetasiya dövründə torpaq yaxşı suvarılmalıdır. Həftə ərzində az azotlu bonsai gübrələrindən istifadə etməlisiniz. Güclü küləklərdən və donmaqdan qorunmalıdır.

Bonsai sənətinə yeni başlayanlar üçün ən populyar qapalı məkan bitkisi Ficus cinsidir. Çünki bu bonsai bitkisinə qulluq etmək digər növlərdən daha asandır. Yaz aylarında havanın temperaturu 15°C-dən yuxarıdırsa, ficusu çöldə qoya bilərsiniz, lakin soyuq havaya davamlı olmayan bir növdür, diqqət edin. Tam günəş işığına ehtiyacı var. Yayda iki həftədə bir, qışda isə dörd həftədə bir gübrələməlisiniz. Ümumiyyətlə, ağacın o formada qalması üçün mütəmadi budama lazımdır.

Ardıc növləri iynəyarpaqlı ağaclardır və bonsai bitkisi kimi çox populyardır. Çünki bu növü bonsai olaraq saxlamaq da asandır. Bu növlərin ümumi baxımı bir-birinə çox bənzəyir. Bütün günü günəş işığı alan bir yerə yerləşdirməlisiniz, qışda hava -10 dərəcədən aşağı düşəndə ağacı soyuqdan qorumalısınız. Ardıc növləri torpağın nəmlənməsini sevmir, buna görə də su artıq həddindən artıq olmamalıdır.

Gözəl ətri, ağ çiçəkləri və narıncı, sarı, ya da yaşıl meyvələri ilə sitrus ailəsinin miniatürü olan sitrus bonsai, Aralıq dənizi iqlimində yaşayanlar üçün may ayından sentyabr ayına qədər çöldə qala bilər. Qışda 10 ° C-dən aşağı temperaturdan mütləq qorunmalıdır.

Aralıq dənizinin möhtəşəm və misilsiz növü, həyat ruhunu simvolizə edən zeytun, tam günəşli bir yerdə yetişdirilməlidir. Zeytun bonsai bitkisinin qış istiliyinə ehtiyacı var, uyğun rütubət vacibdir, buna görə, istixana şəraitində daha yaxşı inkişaf edə bilər.

Sehirli çəhrayı çiçəklərin bir bədəli va,r əlbəttə. Bougenvilla bonsai hər baxımdan son dərəcə həssas olduğu üçün qulluq etmək də çətindir. Məsələn, xlorsuz su ilə suvarılmalı və birbaşa günəş işığına məruz qalmamalıdır. Qorunması digər növlərə nisbətən daha çətin olsa da, bonsai bitkisi olaraq əla növdür.
Hər ağacın miniatürü edilə bilər, buna görə də bu siyahı davam edir. Bonsai – həqiqətən, çox səy, əzm və bilik tələb edən bir bağ sənətidir. Bundan əlavə, bu sənətə başlamaq istəyənlər internetdən faydalı məlumatları asanlıqla əldə edə bilərlər. Əlbəttə ki, hamısı bir-birindən gözəl bonsai ilə yaşamağın bir bədəli var. Ağacınıza olduqca həssas qulluq etməlisiniz. Mütəmadi olaraq qayğı göstərə və istəklərini yerinə yetirə bilsəniz, sizinlə yaşamağa davam edəcəkdir.
Bir bonsai satın alsanız, yaxud sizə hədiyyə etsələr, onun saxlanmasına heç vaxt laqeyd yanaşmayın. Bonsai bitkiləri yetişdirmək istəyənlər və ya maraqlananlar üçün bu, çox dərin və uzun bir yoldur, eyni zamanda cəhd etmək, sınamaq üçün əla bir macəradır. Bonsai sənəti – cənnət və təbiətin mükəmməl birləşməsidir.