Artıq neçə onillikdir ki, cəmiyyətimizi “bayağı mahnılar” problemi narahat edir. Bu barədə müzakirələr şəxsi söhbətlər səviyyəsindən tutmuş mətbuatın bütün növlərinə – qəzetlər, televiziyalar, radiolar və nəhayət sosial şəbəkələrə qədər geniş bir müstəvidə davam etməkdədir. Doğrudanmı bu, deyildiyi qədər böyük problemdir? Ya da, ümumiyyətlə, problemdirmi? Problemdirsə, həlli varmı? Varsa, nədir?
Əvvəlcə, yaxşı olar ki, bu problemi ifadə edən sözdən – “bayağı” sözündən başlayaq. XX əsrdə yaranmış əsas fəlsəfi cərəyanlardan biri – linqvistik fəlsəfə iddia edir ki, (bir az kobud şəkildə desək) problemlərin həlli onu ifadə edən sözlərdə gizlənir. Bu baxımdan “bayağı” sözünün kökünə getsək məlum etmiş olarıq ki, türk əsilli bu sözün qeydə alınmış ən qədim nümunəsi qədim uyğur mətnlərində – “bayakı” şəklindədir, mənası isə bizim çox yaxın tanıdığımız “bayaqkı”dır. Beləliklə, “bayağı” sözünün kökündəki məna “artıq tanış olduğumuz”, “haqqında məlumatımız olan”dır. Yəni biz “bayağı” deyəndə bizi təəccübləndirməyən, diqqətimizi cəlb etməyən, öyrəşdiyimiz bir şeyi nəzərdə tuturuq.
Qeyd etmək gərəkdir ki, Türkiyə türkcəsində bu söz ikinci – oxşar məna da qazanmış, “çoxluq” anlamını ifadə etməyə başlamışdır. Sadəcə onların orfeopiyasında “ğ” hərfi demək olar səsləndirilmədiyindən, əvəzində öncəki sait uzandığından onlar “bayağı” kimi yazdıqları sözü “bayaaı”, “bayaa” şəklində tələffüz edir. Beləliklə, “bayağı mahnıları” bayağı edən, onların bir-birinə bənzəməsi, eyni zamanda çox olmasıdır.
Bir qayda olaraq bəsit musiqi fikirlərinə (melodiyalarına, intonasiyalarına və s.) malik olan və çox az-az istisnaları və müəyyən xüsusi niyyətləri çıxsaq qeyri-professionallar tərəfindən yazılan bayağı mahnıların bir-birinə bənzəməsi və çox olmasının mexanizmi belədir: qeyri-professional “bəstəkarların” musiqi savadı, musiqi bilikləri az olduğundan, özlərinin quraşdırdığı ən bəsit musiqi ideyasını gözəl və uğurlu hesab edir və bunu hamı ilə paylaşmaq ehtiyacları yaranır. Bu bəsit mahnıları yazanlar adətən özləri də bir qayda olaraq bəsit mahnılara qulaq asdığından musiqi bilikləri bu cür saysız-hesabsız bəsit mahnılar dənizində üzür və “kəşf etdikləri” istənilən mikroskopik “yenilik” özləri üçün oxşar mahnılarla müqayisədə orijinal görünür. Eyni zamanda istənilən cəmiyyətin də üzvlərinin əksəriyyətinin musiqi barədə anlayışının az olduğunu nəzərə alsaq, bu mahnıların niyə bu qədər böyük auditoriya qazanmasının sirrini çözmüş olarıq.

Professional musiqiçilərin isə musiqi biliyi qeyri-professionallarla müqayisədə çox olduğundan və tarixən keçilmiş musiqi yolunu bildiklərindən, onlar tamamilə normal olaraq daha orijinal musiqi fikri yaratmağa və başqalarına bənzəməməyə çalışır. Amma bu zaman onların yaratdığı musiqi fikri nə qədər orijinal alınırsa, auditoriyaları da faktiki olaraq o qədər kiçilir. Çünki musiqinin detalları barədə anlayışı olan insanların sayı, bu detalların sayı çoxaldıqca və biliklər dərinləşdikcə azalan istiqamətdə gedir. Eyni zamanda musiqini qiymətləndirən şəxsin musiqi biliyi nə qədər dərindisə, onu təəccübləndirmək də bir o qədər çətinləşir.
Bayağı mahnılar cəmiyyət və onun mədəniyyəti üçün problemdirmi? Bir o qədər də yox. Hətta opera və simfonik musiqinin ən çox yazıldığı XVIII-XIX əsr Avropasında belə bu janrlar şəhər və kəndlərdə səslənən bayağı musiqilə müqayisədə azlıqda qalırdı. Ciddi musiqiyə elitar kəsim, bayağı musiqiyə isə sadə zəhmətkeşlər qulaq asırdı. Bu arada, qonşu Ermənistanda bayağı musiqiyə verilən ad – rabis (rusca рабочее искусство – “fəhlə incəsənəti” sözünün qısaldılmış şəkli) də diqqətəlayiqdir. Beləliklə, əgər dünya klassik musiqisində əksər şedevrlərin yazıldığı zamanda onlara paralel saysız-hesabsız bayağı musiqi nümunələri o şedevrlərin yazılmasına mane olmurdusa, demək bayağı mahnıların yazılması və dinlənilməsi ümummədəni kontekstdə zərərli əhəmiyyət daşımır.
Bəs musiqini ruhun qidası sayırıqsa, bayağı mahnılar insan ruhuna zərər verirmi? Sözsüz ki, yalnız bayağı musiqi dinləyən bir şəxsi ruhən kamil insan saymaq çətin olar. Amma minillərin təcrübəsi göstərir ki, insanların total maarifləndirilməsi, total kamilləşdirilməsi utopik ideyadır, bunu reallaşdırmaq mümkün deyil. Ümumiyyətlə, insanları total dəyişdirmək cəhdləri elə adına uyğun – totalitar cəmiyyət yaratmaqla yekunlaşıb ki, bu, əvəzində daha böyük zərərlərə, o cümlədən daha böyük mənəvi aşınmalara gətirib çıxarıb.

Eyni zamanda, musiqilə məşğul olmaq kimi məsum bir iş görən insanı da – yazdığı musiqinin bəsitliyindən asılı olmayaraq – bu işdən çəkindirmək, onu necə deyərlər pisikdirmək də, doğru iş olmaz. Razılaşaq ki, istənilən cəmiyyətdə bəsit musiqi yazmaqdan qat-qat ziyanlı işlər görən insanlar mövcud olur və cəmiyyətin xeyri naminə kimisə zərərli işlərdən çəkindirmək niyyətimiz varsa, bayağı mahnı yazanlar yəqin ki, ən sonuncu yerlərdə qərar tutur.
Bayağı mahnılardan gileylənmək əvəzinə qiymətli saydığımız, başqalarının musiqi zövqünə müsbət təsir göstərə biləcək nümunələri təbliğ etmək yəqin ki, daha doğru yol olardı. Əsrlərin, bəlkə minilliklərin təcrübəsi göstərir ki, bayağı musiqini yazan da, dinləyən də həmişə mövcud olub; gileylənməyin isə buna heç bir təsiri olmayıb. Zatən – şəxsi müşahidələrimə görə deyim ki, – bu məsələdən giley-güzar edənlər əsasən uzun müddət bayağı musiqi dinləyən və musiqi zövqləri hələ ki, tam incələşməyən; amma bunu arzu edən və bunun üçün çalışanlar olur. Artıq tam sabitləşmiş, incə musiqi zövqünə malik olanlar bayağı musiqiyə çox qıcıqlanmır, bu musiqini ifa edənləri də, dinləyənləri də anlayır. Özləri isə təbii ki, necə deyərlər zövqlü musiqi dinləyir. Xüsusilə də indiki, dünya musiqi xəzinəsinə bir düyməni basmaqla yaxın olduğumuz dövrdə bu o qədər də çətin deyil.