Hər bir azərbaycanlı, yaxşı azərbaycanlıların çoxu, ölkə sərhədlərindən kənarda, başqa bir xalqın nümayəndəsi ilə söhbət əsnasında ölkəsinin sekulyar olmasını qeyd edir, bunu özünün fəxr mənbəyi bilir.
“Azərbaycan yeganə sekulyar müsəlman ölkəsidir” deyə bir mif mövcuddur. İlk növbədə onu qeyd edim ki, “sekulyar müsəlman ölkəsi” ifadəsinin özü çox paradoksal bir ifadədir. Çünki sekulyarizm özündə dini institutların cəmiyyətin, dövlətin fəaliyyətinə təsirinin və dinin sərhədlərinin məhdudlaşdırılmasını ehtiva edir.
Bəs bu proses Azərbaycanda gedirmi? Bizim topluma din və dini institutların təsir gücü nə qədərdir? Bu suallara cavab vermək üçün hansısa statistikaya əsaslana bilməyəcəm, amma gündəlik həyatda gördüklərim, regionlara etdiyim səfərlər müəyyən müqayisələr aparmağa imkan verir. Bircə onu deyə bilərəm ki, Azərbaycanda sekulyar ənənələrin yayılması, dinin təsirindən uzaqlaşma prosesi heç də uğurlu getmir.
Şəxsi müşahidələrim göstərir ki, “Aşura” zamanında Bakı kənd və qəsəbələrindəki məscidlərdə ucu-bucağı olmayan insan seli adi haldır. Bu kütlələrin içində isə gənclər, azyaşlılar böyük bir üstünlük təşkil edir (Qafqaz müsəlmanları idarəsinin azyaşlıların məscidlərə buraxılmaması barədə qadağasına baxmayaraq). İnsan hüquqları, ifadə azadlığı ilə bağlı hansısa kiçik tədbirə, seminara 5-10 nəfər gəldiyi halda, bu qədər böyük insan kütləsinin dini ritualda iştirak etməsi artıq narahatlıq doğurmalıdır. Bu hələ şəhərdə olan mənzərədir, regionlardakə vəziyyət isə daha acınacaqlıdır.
Bəs azərbaycanlılar arasında dini öz məişətinə, sosial həyatına qatmayan sekulyar kütlə varmı? Bəli, regionlarda da, şəhərlərdə də belə insanlar var. Lakin onlar üçün sekulyarizm tam olaraq nəyi ifadə edir? Zənnimcə, sekulyarlığın doğru dərkedilməsi ilə bağlı ciddi problemlərimiz var.
Bəziləri üçün sekulyarlıq araq içmək, radikal dindarların propaqandasına cavab verəcək ideoloji bazaya malik olmadan, dinin banal təhqiri ilə məşğul olmaq, din haqda dezinformasiyalar yaymaqdır, onlar islamofobiyalarını, irqçiliklərini “dünyəvilik” maskası altında gizlədirlər. Digərləri üçün isə sekulyarlıq (bunlara şərti olaraq “elita” deyək) hardasa bir fransız, ya almanla söhbət əsnasında lovğalanmaq səbəbidir – “biz müsəlman olsaq da, sekulyarıq”. Təkrarçılıq olmasın, sekulyarizm bizim toplumda doğru başa düşülmür əksinə, regionlarda və şəhərlərdə sekulyarlığın içi mövhumatla doldurulub.
Bunun sadə səbəbi var. Ölkədə sekulyarlığı, tolerantlığı, ifadə azadlığını təbliğ edə biləcək/etməli olan qurumlar islamofob bir sektor yetişdirib, dindar əhalini özündən iyrəndirib. Burada dövlətin də günahı böyükdür, məhz bizim dövlət bu sektoru daim iqnor edib, onu Qərbin qrantlarına peşkəş çəkib. Ayılandan sonra isə institutları ciddi nəzarətə götürmək və maliyyələrini kəsməkdən başqa yolu qalmamışdı. Yəni dövlət özü bu ənənəni təbliğ etməkdə maraqlı olmalıdır, biz isə bu sahədə ciddi boşluqların olduğunu görürük. Sekulyarlıq dava-dalaşla, radikal metodlarla təsis edilməməlidir. Bunun nəticəsi radikal dini təşkilatların yeraltına çəkilməsi, təşkilatlanma formasını dəyişməsi olacaq. Ən təsirli, sınanmış yol maarifləndirmə tədbirləri, total savadsızlığın aradan qaldırılmasıdır. Sekulyarlıq bağçadan təbliğ olunmalı, körpələrin şüuraltına yeridilməlidir (Mövhumatdan uzaq; uçan və sürünən fövqəl varlıqlara inanmayan müəllim və tərbiyəçilərimizin faizi nədir görəsən?).
Vaxtilə bu proseslər Türkiyədə də gedib. Laiklik, Nişantaşı burjuaziyası, “beyaz türkler” üçün quru qürur mənbəyindən başqa bir şey olmayıb. Həmin vaxt isə Anadolu insanı mövhumatın, massiv dini təbliğatın içində çapalayıb. AKP iqtidarı Türkiyədə “laiklik sorunu” çıxarmayıb, əskinə üç-beş burjua türkün qürur mənbəyindən başqa bir şey olmayan əndərəbadi sekulyarlıq AKP-ni və islamçı hərəkatı yaradıb.
Kosmogen şərtilik köməyimiz olsun!
Mirzə