İnsan xarakteri digər bütün canlıların xarakterindən fərqlənir. Digər canlıların xarakteri (əgər bu söz ümumiyyətlə onlar üçün uyğundursa) sabitdir, konkretdir. İnsan xarakteri isə dəyişkəndir, uyğunlaşandır, adaptasiya olandır, tərəqqi və tənəzzül edəndir.
Səbəb? – təbii ki, şüurlu məxluq olmağımız. İnsanın astral, mental və ruhi səviyyəsi şüurun təsiri ilə tənzimlənə biləndir. Tək bir insanın xarakteri dəyişməzdir, sabitdir ama populyasiya halında isə entropiyaya uğrayır. Hər bir insanın xarakteri onun mental planında yüklü vəziyyətdə olur və mental plan fiziki plandan fərqli olaraq kəskin sərhəddi olmadığından ətrafa yayıla bilir. Buna görə də populyasiya halında qarışmış, ümumiləşmış mental plan yaranır – mentalitet. Yəni bir insan yüksək intellekt koiffisentinə, böyük ruhi və mental potensiala malikdirsə və yanında olan 100 insan da tamamilə yuxarıda sadalananların əksidirsə, o zaman mental qarışmanın təsirindən həmin o bir insanın potensialı itkiyə məruz qalacaq, aşağı konsentrasiyalı olacaq.
Məsələn mülki həyatda normal intellektli biri özü kimi mütaliəli, informasiyalı, arada bir yüksək materiyadan söhbət edən mədəni əhatənin arasından çıxıb əsgərliyə, hərbi xidmətə getdikdə orada bütün həyat anlamı intim əlaqə və masturbasiya olan xayabeyinli, spermatoksikozlu (bunları məsum, simpatik konnotasiyada işlədirəm) əsgər yoldaşları ilə məcburi həmsöhbət olduqca bir ildən sonra ixtiyarsız olaraq “yaxşı oğlan”, ”beş oğlandan biri”, ”prav-neprav”, ”quş-ceyran” söhbətləri etməyə başlayır, qısacası özünü tanımaz hala gəlir. Həmin o bir insan ya potensiya itkisinə dözərək günlərin bir günü digər 100 nəfərin halına düşəcək ya da onlardan uzaqlaşıb öz mental potensiyasına uyğun insanların yanına gedəcək. Bu qaçılmazdır, çünki kainat qanunudur.
Bəs bizim xarakterimiz, mental halımız necədir? Bu barədə mən yalnız öz müşahidələrimdən ibarət bir statistik məlumat, yaxud klişelər toplusu yaratmışam. Qeyd edim ki, bu məlumatlarda ümumilik nəzərdə tutulub. Yəni yuxarıda qeyd etdiyim o 100 nəfərlərin xarakteri. Bəlkə də təklikdə başqayıq. Ola bilər.
Beləliklə azərbaycanlılar:
- Baxmağı xoşlayır– yaxından və uzaqdan onunla heç bir əlaqəsi olmayan, hər hansı bir hadisədə kömək etmədən, işini-gücünü atıb durub baxacaq. Baxan zaman da beynində tormozlanma prosesi başlayacaq və bu səbəbdən də müşahidə, analiz, sintez etməyə imkanı olmayacaq. Sadəcə baxır. Niyə baxır, çox vaxt özü də bilmir. Xüsusən də kimsə mübahisə edəndə, biri yıxılıb və yaxud maşını qəzaya uğrayıb imdad dilədikdə durub baxmağı xoşlayırlar. O cümlədən şəkilə, videoya, TV-yə baxanda elə bil vitamin qəbul edir. Kitabın da şəkillisini xoşlayır. Qərəz, azərbaycanlı harasa, nə üçünsə baxır. Prosto baxır. Baxır.
- Danışmağı xoşlayır– gün ərzində gördüklərini ətraflı, maraqla, bir az da öz xeyrinə danışmağı xoşlayır. Danışmaq üçün bütün günü məlumat toplayır, əgər tapmırsa özündən bir nağıl uydurur ki, təki danışmağa mövzusu olsun. İş görmək, yemək, dərs hazırlamaq kimi prosesləri də danışıqla edir.
- Qeybəti xoşlayır – demək olar ki, ömrünün 90%-ni qeybətlə keçirir. Ən çox yaxınlarının, qohumlarının, dostunun hətta ana-atasının da qeybətini edir. Qeybət etdikcə də sanki rahatlaşır. Ac qalmağa, kasıb olmağa razı olar, fəqət qeybətsiz yaşamağa əsla yox. Həmqeybətlisini tapmasa ürəyi partlayar. Əksər hallarda özünü qeybətdən kənar bir adam kimi qələmə verir və (bəziləri) bu işin islamda günah olduğunu da vurğulayaraq arxasıyca yavaş-yavaş qeybətə başlayır. Xülasə qeybət azərbaycanlının həyat tərzidir.
- Güclünü sevir– əgər tanımadığı, bilmədiyi bir yad adam ona gücünü (dil, əzələ, vəzifə və pul) göstərərsə qeyd-şərtsiz ona qul olur. Güclü insana valeh olur, onu idealı seçir, ona pərəstiş edir, özünü ona oxşadır, ondan sitatlar gətirir, hətta onu öz valideynindən və qohumlarından da çox sevir. Hər zaman onun yanında olub ona tabe olmağı, onun yalıyla yallanmağı özünə şərəf bilir. Əgər həmin güclü onun və ya onun əzizlərinin şərəf və ləyaqətini alçaltsa güclüyə qarşı hörməti azalmır, ondan dönmür, əksinə paradoksal olaraq məhəbbəti bir az da artır. Ümumiyyətlə ölənə kimi güclüyə təzim edir, xidmət edir, ona yaltaqlanır, ona kömək edir, ona xoş gəlsin deyə az qala anasının belə ürəyini çıxarıb ona verir.
- Gücsüzü əzir– həmişə məqam axtarır ki, əlinə ya zəif keçsin ya da zəifləmiş güclü. Səbəbini bilmədən, günahından xəbəri olmadan, həmin adamı tanımadan harda döyülən bir fəqiri görsə həyatının şansı kimi yüksək həvəslə həmin fəqirin daha da çox əzilməsi üçün səy göstərəcək. Əgər qohumu zəifdirsə ondan zəhləsi gedəcək. Bilsə ki, hansısa fağırın əlinə çoxlu pul düşüb ancaq pulu onun əlindən alma üsulları barədə düşünəcək. Bəzən dini kitablar oxuyaraq özünü mələk kimi göstərər, Məhəmməd peyğəmbərin kəlamlarını oxuyaraq mənalı-mənalı başını yelləyər və aramla səsləndirər ki, “Qul haqqı yemək olmaz, fəqirə zəkat, sədəqə verilməlidir, köməksizə kömək etmək və zalıma baş əyməmək lazımdır, yetimin qarnını doydurmaq, kasıba əl tutmaq savabdır…”. Bu qədər. Dedi və unutdu, çünki mülahizələrində də mənasızlığın kosmosudur azərbaycanlı.
- Qorxaqdır– heç vaxt arxalı, geniş təsir imkanlı adama nə ilişər, nə də onunla vuruşar. Qorxaqlığı boynuna almaz, amma çətinə düşəndə ən əzizini də qurban verər. Heç vaxt qorxaq libasında görünməz. İki cür təzahür edər: imkanı olanda zalım olacaq, yox əgər heç kimi yoxdusa yazıq və yaltaq olacaq. Arxasında böyük və güclü qüvvə durarsa avtoritetlik iddiasına düşüb lotuluq edər. Heç vaxt davaya tək getməz, mütləq 5-6 nəfər tapmalıdır.
- Öyrənməyi sevməz– bizim millət həmişə qısa müddətdə effekt verən işləri xoşlayır. Oxuyub ali məktəbə girib, yaxşı iş tapmaq prosesini beynini işlətmədən etmək istəyir. Əgər biliyi, savadı hesabına həyatda hansısa bir yüksək məqama çatıbsa, işini səhmana salıbsa kitablara birdəfəlik əlvida deyib vəzifəsinin dadını çıxardar. Əgər gündəlik işində informasiyalı olmağa ehtiyac varsa o zaman vaxtilə oxuduğu köhnə kitablardan istifadə edəcək, yeni kitab almaz. Heç vaxt özünü yorub yeni elmi kəşfləri oxumaz, o xəbərləri ya televizordan alar ya da kimdənsə eşidər. Beynində yaranmış suala cavab tapmaq üçün kitaba yox yoldaşlarına müraciət edər.
- Eqoistdir ama şovinist deyil– hər işdə birbaşa öz xeyirini düşünər. Xeyiri, mənfəəti, marağı olmadan dua belə etməz. Ailə qurduqda da ancaq mənfəət (harada işləyir, nə qədər pul qazanır, neçə evi var və harada yerləşir, atası harada işləyir…) barədə düşünür. İndi deyəcəksiniz ki, xeyrini bəyəm düşünməyən insan var? Bəli yoxdur. Hətta nəinki insan, heç canlı da yoxdur. Bütün insanlar istər ki, ən uğurlu, ən qabaqcıl olsun və bunun üçün mübarizə aparar ama bizimkilər isə birinci olmaq üçün digərlərinin sadəcə məhv olmasını istəyər. Əgər onunla eyni yolda başqa biri gedirsə özünə əziyyət verib daha da sürətli qaçıb onu keçməyəcək, sadəcə ona badalaq vermək yollarını axtaracaq. Ona edilən yaxşılığı adi bir şey kimi qəbul edib yaddan çıxarar ama öz etdiyini savab iş hesab edər və hesab kitabına qeyd edər. Namaz qılıb dua edəndə belə Allahdan özünə ruzi-bərəkət, xoşbəxt-firavan həyat, onu istəməyənlərə isə zəlili-rüsvay olmağı, məhv olmağı arzu edər.
- Paxıldır, şan-şöhrət həvəskarıdır– bu barədə bir lətifə var. Hansı ki, bütün azərbaycanlıların paxıllıq hissini tərənnüm edir:
Bir gün ingilis dənizdə balıq tutur və tilovuna qızıl balıq düşür.
– Balıq: ”Məni burax istədiyin hər şeyi edərəm, amma bir şərtlə ki, qonşuna iki qatını edəcəm”.
– İngilis: ”Mənə bank ver, qonşuma da özün bilərsən, mənimçün fərqi yoxdur”. O biri gün həmin yerdə yəhudi balıq tutur və eyni hadisə onun da başına gəlir. Sonda yəhudi balıqdan zərgərlik dükanı istəyir və məsələ həll olunur. Başqa bir gün bir azərbaycanlı həmin yerə gəlir və eyni hadisə təkrarlanır. Balığın çox qəliz olan təklifi azərbaycanlını dərin fikrə qərq etdirir və sonda azəri balası qərara gəlir ki, gözünün birini kor etsin.
Yəni kim olursa olsun əgər bəxti gətirirsə, işləri uğurlu olursa başqasının ona hər zaman paxıllığı tutur. Xüsusən də yaxınlarına qarşı. Elə buna görə də bizimkilərdən nə ticarətdə etibarlı şərik çıxır, nə də idmanın komanda növlərində uğurlu idmançı.
- Komplekslidir– Bir dəfə İtaliyadan gələn bir qonaqla söhbət edəndə, o, mənə Bakıya işiylə əlaqədar olaraq tez-tez gəldiyi və bizim insanlarla çox ünsiyyətdə olduğu barədə söhbət elədi. Mən ona sual verəndə ki, bizimkilərin hansı xüsusiyyəti onun diqqətini cəlb edib, cavabında bizim çox kompleksli, rigid olmağımızı söylədi. Onun sözündə həqiqət vardı. Uşaq yaşlarından düşdüyümüz aura, ortam, aldığımız tərbiyə demək olar ki, hamımızı kompleksli edir. Kompleks hərəkətimizin, söhbətimizin yalnış anlaşılmağınadır. Özümüz hər kəsi müzakirəyə qoyduğumuza görə özümüzün də müzakirə və mühakimə obyekti olmağımızdan çəkindiyimiz üçün bizdə yüksək psevdociddilik, özünü sıxma, rigidlik yaranır. Hər halda az və ya çox dərəcədə əksərriyətimizdə bu var. Bəlkə də ürəyimizdən deyib gülmək, rəqs etmək, yüksək səslə qışqırmaq keçir amma fikirləşirik ki, belə etsək bizə ya dəli, ya da bambılı kimi baxacaqlar. Söhbət edərkən ürəyimizdən keçəni tam səmimiyyətlə açıb tökmək istəyirik amma düşünürük ki, belə etsək ağzımızdan çıxan informasiyalar müzakirələr silsiləsinə qoşularaq hətta tanımadığımız yad məhlələrə də gedib çatacaq və “oşibka”, ”quşdadı” kimi diaqnozla geri qayıdacaq. Ona görə məcburuq ki, ictimai yerlərdə türk filmi qəhrəmanı usta-montyor Polad Ələmdar kimi az danışıb, az gülüb ciddi olaq.
Burada yazılanlar şəxsi müşahidələrim olduğundan subyektiv səslənə bilər. Bəlkə də mənim fikrimlə razı olmayacaqsınız. Ola bilsin siz belə məqaləni daha ətraflı və obyektiv yaza bilərdiniz. Buyurun.
Dr. Azər Kərimov