Fevral seçki kampaniyasının nəticələrindən biri də Milli Məclisin fəaliyyətinə marağın oyanmasıdır. Birdən birə insanları parlamentin sessiyalarının tarixi, onların aparılma qaydası və s. maraqlandırmağa başladı. Misal üçün, keçmiş parlamentin iclasları bəzən o qədər maraqsız idi ki, heç KİV-lər bu barədə (yəni 20-dən çox qanun və ya dəyişikliyin qəbul edilməsini) yalnız qısa qeydlər yazırdılar. İndi isə hətta komitə iclasları barədə xəbərlər yayılır (Milli Məclisin məlumat yayımı siyasətində heç bir dəyişikliyin olmamasına baxmayaraq) və artıq KİV-lər iclas gündəliyi barədə məlumatı ictimaiyyətə vaxtında təqdim edirlər. Düzdür, parlamentin fəaliyyətində ciddi dəyişiklik baş verməyib: qanunlar prezident administrasiyasından gəlir, ictimai müzakirələr keçirilmir, ictimaiyyətə əsaslandırmalar təqdim olunmur və s.
Bu proseslərin məntiqi nəticəsi aprelin 24-ü Milli Məclisin 82 parlamentlərarası işçi qrupunun mövcudluğu barədə geniş ictimaiyyətin öyrənməsi oldu. Azərbaycan-Ekvador və ya Azərbaycan-Uruqvay parlamentlərarası işçi qruplarının hansı fəaliyyətlə məşğul olacağını heç kim bilmir (ola bilər işçi qrupun özü də bilmir). Amma ən azı bir işçi qrupu sosial şəbəkələri maraqlandırdı. Belə ki, Milli Məclisin qərarına görə Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qədirli Erkin Toğrul oğlu seçildi. Erkin Qədirli seçilməyini belə izah etdi:
“İclasın sonunda parlamentlərarası qrupların rəhbərləri təyin olundu. Mən Azərbaycan – İrlandiya qrupunun rəhbəri oldum. Niyə mənə məhz İrlandiyanı təklif etdiklərini soruşmadım. Soruşmadan da razılaşdım, çünki orada olmuşam, qısa müddət orada qalmışam, ölkə və onun insanları xoşuma gəldi, orada əlaqələrim var. Bəlkə elə bunları bildiklərinə görə mənə oranı təklif ediblər. Ölkələrimiz arasında yaxşı münasibətlərin qurulmasında bacardığımı etməyə çalışacağam.”
Ən azı Milli Məclisdə qərarvermə prosesinin necə olması barədə müəyyən təsəvvür yarada bildi Erkin Qədirli. Düzdür, REAL partiya sədri bu seçimi bir az başqa səbəblər ilə bağladı: “İrlandiya ilə parlament dostluğu qrupunun sədri kim olmalı idi? Əlbəttə irlandlar kimi bir deputat – qırmızısaç, respublikaçı (dincindən) və tünd içkilərə davamlı”. Milli Məclisin son aylar qeyri-effektiv fəaliyyətini nəzərə alsaq hər iki səbəbin müəyyən qədər reallığı əks etdirdiyini düşünə bilərik. Təəssüflər olsun ki, Azərbaycan şəraitində digər qərarvermə mexanizmini təsəvvür etmək çətindir.
Yaxşı, bəs Azərbaycan və İrlandiyanın hər hansı əlaqələri varmı? Dünyada İrlandiya ofşor mərkəz kimi tanınır. Belə ki, bu ilin aprelində dərc olunmuş tədqiqata görə əgər İrlandiyaya formal olaraq yatırılmış sərmayələr həqiqi sahibi olan ölkələrə qaytarılsa, o zaman real investisiyaların həcmi 2 dəfə (ən azı 155 milyard dollar) azalacaq. Müqayisə üçün, 2019-cu ildə Azərbaycanda əsas kapitala cəmi 10 milyard dollar yatırılıb. Digər tədqiqata görə İrlandiyada formalaşan mənfəət əməkhaqqından 2,5 dəfə çoxdur. Yəni hər bir halda ölkədə süni maliyyə bazarının yaradılması müşahidə olunur. Bunu da adətən yerli vergi sistemi ilə bağlayırlar.
Maraqlıdır ki, Azərbaycana yatırılan sərmayələrdə İrlandiya yoxdur. Yəni bizim şirkətlər və ya Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər iqtisadiyyata sərmayələr üçün İrlandiyadan istifadə etmirlər. Bizdə əsas ofşorlar kimi Böyük Britaniyaya məxsus olan ərazilər çıxış edir.
Siyasi əlaqələr cəhətindən nəsə demək çətindir, amma müəyyən iqtisadi əlaqələr mövcuddur. Bu əlaqələr xarici ticarət və turizmi əhatə edir. İlk əvvəl turizmi qeyd edək. Azərbaycandan İrlandiyaya gedən turistlər barədə ətraflı məlumat yoxdur, amma onların sayının çox olmamasını qeyd edə bilərik. Ümumiyyətlə İrlandiyada 11-50 nəfər Azərbaycanlı yaşayır. Amma İrlandiyadan Azərbaycana gələnlər barədə məlumatımız var. Belə ki, 2017-ci ildə ölkəmizə 1507 İrlandiya vətəndaşı gəlmişdisə, 2018-ci ildə bu rəqəm 1511, 2019-cu ildə 2010 təşkil edib. 2019-cu ildə qeydə alınmış 33%-lik artımın səbəbini müəyyən etmək çətindir. Rəsmi olaraq Azərbaycanda İrlandiya vətəndaşı olan işçilərin sayı azdır. Ona görə təxmin edə bilərik ki, gələnlərin hamısı turistdir.
Bunun müqabilində biz İrlandiyadan 225 növ məhsul idxal etmişik. İlk beşlik tamamilə əczaçılıq və tibbi avadanlıqdan ibarətdir. Ümumiyyətlə İrlandiya ixracatının 1/3-i əczaçılıq məhsulları təşkil edir. Müvafiq olaraq Azərbaycana ixracatda müxtəlif əczaçılıq, kimya sənayesi məhsulları əsas yer tutur. Vacib yeri həmçinin tibbi avadanlıq da tutur. Misal üçün, 2019-cu ildə Azərbaycana gələn ortopedik və eşitmə aparatlar üçün hissələrin 33%-i məhz İrlandiyadan gəlib. Hətta biz İrlandiyadan kontakt linzaların da idxalında asılıyıq. Belə ki, keçən il Azərbaycan 335 644 kontakt linza idxal edib, onun da 105 747-si İrlandiyanın payına (Türkiyə və Çin müvafiq olaraq 2 və 3-cü yerləri bölüşürlər) düşüb. İrlandiya stabil olaraq Azərbaycana kontakt linzaların ixracına görə birinci yeri tutur.
Əgər yuxarıda qeyd olunan sahələri hesablamasaq ilk onluqda hesablayıcı maşınların yaddaş qurğuları (maraqlıdır ki, biz 147-sini oradan idxal etmişik, amma 16 ədədini İrlandiyaya satmışıq. Bu necə olur? Bəlli deyil) və viski var. Tünd alkoqollu içkilərə aid olan viskinin idxalı 2019-cu ildə bir neçə dəfə artmışdı. Ümumiyyətlə son 2 ildə Azərbaycan viski idxalını artırıb, amma məhz İrlandiya viskisinin idxalı iki ilə 4 dəfə artıb və 16,8 min litr təşkil edib. Daha bir məşhur, rənginə görə tünd, amma təsnifata görə yüngül alkoqollu içkilərə aid olan pivənin də idxalı artıb. Belə ki, 2019-cu ilin ilk iki ayında İrlandiyadan Azərbaycana 13 litr pivə idxal olunmuşdu. 2020-ci ilin ilk iki ayında müvafiq göstərici 4200 litr təşkil edib.
Beləliklə, Azərbaycanın İrlandiya ilə münasibətləri əsasən tibbi sahə ilə xarakterizə olunur (kontakt linzalardan başlamış ortopedik avadanlığa kimi), amma son zamanlar alkoqollu içkilərin payı da artmağa başlayıb. Düzdür onların payı təsiredici səviyyədə deyil və ümumiyyətlə İrlandiyanın Azərbaycanın xarici ticarətində payı 0,05% ətrafındadır. Və əslində parlamentlərarası işçi qrupun əsas məqsədi heç də ticarət münasibətləri deyil. Amma əgər iki ölkə arasında hər hansı siyasi münasibətlər və eyni zamanda beynəlxalq razılaşmalar formalaşsa, o zaman bu ticarət münasibətlərinə də təsir edə bilər. Xüsusən də tibbi sahənin cari vəziyyətdə vacibliyini nəzərə alsaq.